Maddə 49. Gəminin idarə olunması və gəmi kapitanının digər vəzifələri
Gəmi kapitanına gəmini idarə etmək, o cümlədən gəminin səfərə çıxmasını və səfərdə təhlükəsizliyini təmin etmək, dəniz mühitini mühafizə etmək, gəmidə nizam-intizamı saxlamaq, habelə gəmiyə, gəmidə olan insanlara və yükə vurula biləcək zərərin qarşısının alınmasını təmin etmək üçün tədbirlərin görülməsi həvalə olunur.
Maddə 50. Gəmi kapitanının dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərmək vəzifəsi
50.1. Gəmi kapitanı öz gəmisinə və onda olan şəxslər üçün ciddi təhlükə yaratmamaq şərti ilə dənizdə fəlakətə uğrayan hər hansı bir şəxsə yardım göstərməyə borcludur.
50.2. Bu Məcəllənin 50.1-ci maddəsində göstərilən vəzifəsinin pozulmasına görə gəmi kapitanı Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
Maddə 51. Gəmilərin toqquşmasından sonra gəmi kapitanının yardım göstərmək vəzifəsi
51.1. Gəmilər toqquşduqda, toqquşan gəmilərin kapitanlarının hər biri, əgər bu onun sərnişinlərinə, gəmi heyəti üzvlərinə və gəmisinə ciddi təhlükə yaratmırsa, toqquşmadan dərhal sonra digər gəmiyə, onun sərnişinlərinə və gəmi heyəti üzvlərinə yardım göstərməyə borcludur.
51.2. Gəmi kapitanları, əgər bu mümkündürsə, öz gəmilərinin adlarını, qeydiyyata alındıqları limanların, habelə səfərə çıxdıqları və təyinat limanlarının və ya daxil olacaqları yaxın limanların adını bir birlərinə xəbər verməyə borcludurlar.
51.3. Gəmi kapitanı tərəfindən bu Məcəllənin 51.1. və 51.2-ci maddələrində göstərilən vəzifələrin pozulmasına görə gəmi sahibi məsuliyyət daşımır.
Dostları ilə paylaş: |