8. Təlim psixologiyasının ümumi əsasları Plan: 1. Təlimin nəzəri və tətbiqi problemləri
2. Təlimin müvəffəqiyyətini müəyyən edən amillər
3. Təlimin əsas vəzifələri
Təlim psixologiyası pedaqoji psixologiyanın ən mühüm sahələrindən birini təşkil edir. Təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində olan problemdir. Həmin problemin günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın əsas vəzifələrindən hesab olunur. Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını, qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivləri, məqsədləri və vəzifələrinin dəqiqləşdirilməsi pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab edilir. Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamətdə inkişaf etdirmişlər. Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim nəzəriyyələri diqqəti cəlb edir.
1.İzahlı illüstrativ təlim (ənənəvi)
2.Proqramlaşdırılmış təlim
3.Fikri əməliyyatların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi
4.Problemli təlim
5.Təlim nəzəri təfəkkürün inkişafı kimi
6.Tərbiyəedici təlim
Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqları təctübəyə tətbiq olunmazsa, onun əhəmiyyətindən danışmağa dəyməz. Məhz buna görə də təlim və onun keyfiyyətini idarə etmək mühüm tətbiqi problem kimi pedaqoji psixologiyanın qarşısında durur. Müasir dərsə verilən psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Təlim insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə çevrilir. Onun köməyi ilə şagirdlər müəyyən məlumatları, hərəkətləri və davranış formalarını mənimsəyirlər. Təlim prosesində aşağıdakı məqsədlərə nail olmaq mümkündür.