Ümumi psixologiya 1. Psixologiyanın mövzusu və vəzifələri Plan: 1. İlk psixoloji anlayışlar
2. Psixi proseslər
3. Psixi hallar
4. Psixi xassələr
5. Psixologiyanın inkişaf mərhələləri
Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri də psixologiya elmidir. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə e. ə. IV əsrdə Aristotel tərəfindən “Ruh haqqında” adı ilə yaranmışdır. Uzun müddət (XVIII əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunmuşdur. XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya ensiklopedist alim Xristyan Volfun 1732-ci ildə “Empirik psixologiya” və 1734-cü ildə “Rassional psixologiya kitabları nəşr olunandan sonra məlum olmuşdur. XVIII əsrin sonu-XIX əsrin əvvəllərindən başlayaraq psixologiya termini Amerika, Avropa və rus ədəbiyyatında vətəndaşlıq hüququ qazanmış və böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanda psixologiya termini XIX əsrin sonu-XX əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənilməyə başlamışdır.
Psixologiya termini iki yunan sözündən-“psyuxe”-ruh, ruhi aləm, ”loqos”-bilik, elm, öyrənmək sözlərindən əmələ gəlmiş, ruhi aləm haqqında elm deməkdir. (psixika haqqında elmdir). Psixologiyanın predmetini başa düşmək üçün əvvəlcə psixika anlayışı ilə tanış olmaq lazımdır. Psixika obyektiv aləmin subyektiv inikasıdır, yəni gerçəkliyin insan beynində əksidir. Psixikanı və ya psixi hadisələri şərti olaraq üç böyük qrupa ayırmaq olar.
1.Psixi proseslər 2.Psixi hallar 3.Psixi xassələr Psixi proseslər psixi faktın dinamikasını ifadə edir. Psixi proseslərə idrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül), emosional proseslər (sevinc, kədər, qəm, nifrət, məhəbbət) və iradi proseslər (çətinliklərin aradan qaldırılması, motivlər mübarizəsi, davranışın tənzimlənməsi, qərar qəbul edilməsi və s.) aiddir.
Psixi hallar psixi faktın nisbi davamlığını ifadə edir. Psixi hallar insanın psixi vəziyyəti ilə bağlıdır. Psixi hallara şən əhval, dalğınlıq, affekt, ehtiras, stress, inamsızlıq, şübhə və s. misal ola bilər.
Psixi xassələr psixi faktın sabitliyini ifadə edir. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın əqli keyfiyyətlərini və emosional xassələrini də psixi xassələrə aid edirlər. Bunlar isə öz əksini fəaliyyət və ünsiyyətdə tapır.
Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. Psixi hadisələr heyvanlarda da təzahür edir. Buna görə də psixologiya baxmayaraq ki, insanı öyrənir, eyni zamanda heyvanların da psixikasını, onun təzahürünü, dəyişməsini, təkamülünü, insan psixikası ilə heyvan psixikasının fərqini tədqiq edir. Psixoloqların tədqiqatları əsaslı surətdə göstərir ki, psixika fəaliyyət və ünsiyyət prosesində formalaşır. Deməli, psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Beləliklə, psixologiyaya tərif versək belə deyə bilərik.