4. Fəaliyyət haqqında anlayış Plan: 1. Fəaliyyətin ümumi səciyyəsi
2. Fəaliyyətin tərkib hissələri
3. Oyun fəaliyyəti
4. Təlim fəaliyyəti
5. Əmək fəaliyyəti
Fəaliyyət-insanla təbiət arasında məqsədə yönəldilmiş qarşılıqlı təsir prosesidir. Həmin prosesdə insan təbiəti dəyişir, onu özünə tabe edir, qanunları aşkara çıxarıb onlardan istifadə edir. Fəaliyyət əvvəlcə praktik fəaliyyət kimi formalaşmışdır və onun əsasında tədricən nəzəri fəaliyyət təşəkkül etmişdir. Fəaliyyət olmadan insan həyatı da mümkün deyil. Fəaliyyət insanın özünü, onun iradəsini, xarakterini, qabiliyyətini dəyişdirir. İnsan fəaliyyəti bəzən kifayət qədər mürəkkəb olsa belə heyvanların davranışından fərqlənir. Bu fərq aşağıdakılardan ibarətdir.
1.İnsan fəaliyyəti şüurludur. İnsan niyə, nəyin naminə fəallıq göstərdiyini bilir, qarşıya məqsəd qoyur, onun həyata keçirilməsi yollarını təhlil edir, nəticəni əvvəlcədən görür.
2.İnsan fəaliyyəti məhsul hazırlanması, ondan istifadə olunması və əmək alətlərinin qorunub saxlanması ilə bağlıdır.
3.İnsan fəaliyyəti ictimai xarakter daşıyır. Fəaliyyət prosesində insan digər insanlarla mürəkkəb münasibətlər sisteminə qoşulur.
Fəaliyyət ictimai-tarixi şəraitə uyğun müəyyənləşdirilir. İnsan heç vaxt öz fəaliyyətini onu əhatə edən mühitin, cəmiyyətin tələblərinin ziddinə qura bilməz. Onun fəaliyyəti cəmiyyətin tələblərinə uyğun olaraq müxtəlif xarakter daşıyır. Nümunə kimi insanın əmək fəaliyyətini göstərə bilərik. İnsan bütün dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuş, məhsul istehsal etməklə özünün və cəmiyyətin tələblərini ödəmişdir. İctimai mühit dəyişdikcə əməyin məzmunu və mahiyyəti dəyişmiş, cəmiyyətin tələblərinə uyğunlaşdırılmışdır.
Fəaliyyət insan davranışını elə idarə etmək qabiliyyətinə malik olmalıdır ki, həmin məsədəyönəlmiş hərəkətləri həyata keçirə bilsin. Buradan görünür ki, fəaliyyət idrakla və iradə ilə ayrılmaz surətdə bağlıdır. Deməli, fəaliyyət insanın dərk olunmuş məqsədilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır.
Fəaliyyətin mühüm xüsusiyyətlərindən biri də onun səbəbinin olmasıdır. Bu səbəb də fəaliyyətin motivini törədir. İnsan beynində əks olunub, onu fəaliyyətə təhrik edən amillərə fəaliyyətin motivi deyilir. Belə ki, insanda müəyyən bir motiv əmələ gəlir. Onu təmin etmək üçün insan öz qarşısına məqsəd qoyur və məqsədəmüvafiq olaraq müəyyən işlər görməyə başlayır. İnsanın istənilən fəaliyyəti qarşıya qoyulan məqsəd və vəzifələrlə müəyyənləşir. Əgər məqsəd yoxdursa, fəaliyyət də yoxdur. Deməli, məqsəd beyində fəaliyyətin gələcək nəticəsinin dinamik modeli kimi özünü göstərir. İnsanda məqsədəuyğun hərəkətlərin icra və tənzim olunmasının avtomatlaşması vərdiş adlanır. Eyni bir məqsədin müxtəlif motivlərlə bağlı olması da mümkündür.
Fəaliyyət hərəkətlərdən təşkil olunur. Hərəkətlər qarşıda məqsədin olub-olmamasına görə iki növdə olur.