Psixologiya psixikanın faktlarını, qanunauyğunluqlarını və mexanizmlərini öyrənir. (Nəyi öyrənir?). Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Yəni psixologiya psixika haqqında elmdir. (Nə haqda elmdir?).
Müasir psixologiya bir sıra elmlərin hüdudunda yerləşir. Psixologiya bir tərəfdən fəlsəfi elmlərin, digər tərəfdən təbiət elmlərin, üçüncü tərəfdən sosial elmlərin içərisində aralıq mövqe tutur. Onun bu elmlərə yaxınlığı, hətta onlardan bəziləri ilə birlikdə işlənən sahələrə malik olması onu müstəqillikdən məhrum etmir. Psixologiya özünün bütün sahələrində öz tədqiqat predmetini, öyrənmə yollarını qoruyub saxlayır. Psixoloji biliklərin bütün gələcək inkişafı psixologiyanın müstəqil tədqiqat predmetinin saxlanılması şərtilə onun digər elmlərlə əlaqəsinin genişləndirilməsindən asılıdır.
Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir.
1.Elməqədərki mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda öz əksini tapmışdır.
2.İlkin elmi təsəvvürlər mərhələsi. Bu dövr e. ə. VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Bəziləri onun XVIII əsrin sonları, bəziləri isə XIX əsrin ortaları başa çatdığını qəbul edir.
3.Psixologiya elminin inkişafının III mərhələsi Almaniyada V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır. Eksperimental psixologiya laboratoriyası yarandıqdan sonra psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtun qurduğu psixoloji model insanın ruhi aləmi, emosional haləti, şəxsiyyətin strukturu ilə bağlı yeni faktlar verə bilmədi. Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni metodlar axtarmağa sövq etdi. Bu dövrü psixoloqlar metodoloji böhran dövrü adlandırırlar. Vahid məqsədə gələ bilməmələri nəticəsində XX əsrin əvvəllərində psixologiyada bir neçə istiqamət meydana çıxdı. Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, geştalt psixologiya, marksist psixologiya istiqamətləri və məktəbləri yarandı.