I mövzu: Etnoqrafiya elminin predmeti və vəzifələri



Yüklə 92 Kb.
tarix05.01.2022
ölçüsü92 Kb.
#111040

I Mövzu: Etnoqrafiya elminin predmeti və vəzifələri
P L A N :
1.Etnoqrafiya elminin predmeti.

2.Etnoqrafiyanın mənbələri.

3.Etnoqrafiyanın tədqiqat üsulları.

3.Etnoqrafiyanın qarşısında duran vəzifələr.


Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözü olan”etnos”və “qrafo”sözlərindən əmələ gəlməklə”xalqın təsviri”

mənasını verir. Bu elmi bəzən etnologiya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünə məxsus məişət forması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədəniyyətini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır:maddi mədəniyyət və mənəvi mədəniyyət. Maddi mədəniyyət anlayışına insan əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məsələn, yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər;Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir: ədəbiyyat, incəsənət, elm, din fəlsəfə, əxlaq, musiqi,adət və ənənələr və i.a.

Təbiidir ki, dünyanın hər bir xalqının özünə məxsus mədəniyyəti vardır. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf səviyyəsi eyni deyildir; həm də hər bir xalqn mədəniyyətində keyfiyyət özünəməxsusluğu vardır. Bu keyfiyyət özünəməxsusluğu hər bir xalqın etnik və ya milli ənənəsini təşkil edir. Lakin etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə kifayətlənmir. O,eyni zamanda xalqların məişət və mədəniyyətində nəzərə çarpan oxşar cəhətləri də öyrənir. Maddi və mənəvi mədəniyyətdə, ictimai və ailə məişətində mövcud olan ümumi qanunauyğunluqları müəyyən etməyə kömək göstərən həmin oxşar və fərqli xüsusiyyətlər bəşəriyyətin inkişaf dialektikasını dərk etməyə imkan yaradır.

Tarixi inkişafın müxtəlif mərhələlərində bəşər mədəniyyəti müxtəlif olmuş

dur.Belə ki, ibtidai icma dövründə insanların ilk sosial birliyi olan qəbilənin az-çox dərəcə də yekcins mədəniyyəti vardı. İndiyədək ibtidai icma quruluşu şəraitində yaşayan bütün qəbilələrdə də bu cür vəziyyət müşahidə olunur. Lakin sinfi cəmiyyətdə hakim siniflərin məişət və mədəniyyəti, istismar olunan siniflərin məişət və mədəniyyətindən fərqlənir.

Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi-tarixi etnoqrafiya məşğul olur.

Rus alimlərindən S.P.Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y.V.Bromley və S.A.Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar:”Etnoqrafiya-əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir”.

1968-ci ildə nəşr olunan”Etnoqrafiyanın əsasları” adlanan kitabında S.Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır:”Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir”. Bromley isə 1873-cü ildə nəşr edilən”Etnos və etnqrafiya”əsərində, habelə 1981-ci ildə çap olunan

“Etnoqrafiyanın müasir problemləri”adlanan kitabında etnoqrafiyanı”etnik birliklər haqqında elm”adlandırır. S.Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağıdakı kimi tərif verir:”Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir”.Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədiqat obyekti, bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir.

Qədim yunan termini olan etnos etimoloji cəhətdən”xalq”,”qəbilə”,”insan qrupu”anlayışlarına uyğun gəlir. Y.Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirməkdən ötrü , qeyri-yunanları”etnos”adlandırıl

mışdır. Bununla da qeyri-yunanların yunanlardan fərqli olan real mədəni-məişət fərqlərini aşkara çıxarırdılar. Beləliklə, etnosun əsas ekvivalenti bizim dildə xalq anlayışına uyğun gəlir. Bununla belə, XX əsrin 60-70-ci illərində etnoqrafiyanın əsas tədqiqat obyekti olan etnos mətbuat səhifələrində diskussiya mənbəyinə çevrilmişdi.Bromley etnosun mənşə birliyi məsələsini adətən tarixi-sosial planda verirdi.

Digər sovet alimi L.Qumilyov etnosa bioloji cəhətdən yanaşaraq onu fərqləndirirdi. Lakin L.Qumilyov 1990-cı ildə nəşr edilmiş”Etnosun coğrafiyası”

kitabında etnosa mücərrəd anlayış baxımından yanaşmır, ona bir tərəfdən tarixi prosesin təmsilçisi kimi baxır, digər tərəfdəndə onu(etnosu)tarixi inkişafın təkan vericisi, onun hərəkətverici qüvvəsi kimi qəbul edirdi.

L.Qumilyova görə etnos bu və ya başqa dərəcədə sosial pərdəyə bürünmüş biofiziki varlıq olduğundan, hansının birinci və əsas olması barədə aparılan diskussiya mənasız bir şeydir. Çünki bunlar bir-birini o dərəcədə şərtləndirir ki, bunlardan biri olmadan, o biri mümkün deyildir. Bu diskussiya yumurta-cücə əhvalatını xatırladır.

Mütərəqqi elm xadimlərinin böyük əksəriyyəti etnosa sosial-tarixi mahiyyət verərək, onun alçaq mənşəli etnosdan yüksək formalı etnosa qədər dialektik inkişaf yolunu göstərmişlər.

Hər bir etnik birliyin beş əlaməti vardır ki, bunlardan bəziləri əsas, başlıca əlamətdir, digərləri isə ikinci dərəcəli əlamətlərdir. Beləki hər bir etnik birliyin vahid dili, vahid etnik ərazisi, məişət və mədəniyyət ümumiliyi, mənşə birliyi mövcuddur;bununla belə hər bir etnik birliyin öz-özünü dərk etmək, öz-özünü anlamaq xüsusiyyəti vardır.Hər bir xalqın müxtəlif tarixi inkişaf dövründə onun etnoqrafik xarakteristikasında, göstərilən əlamətlərdən biri və ya bir neçəsi ön plana çıxa bilər.



Dil. Yer kürəsində yaşayan xalqların əksəriyyəti öz milli dillərində danışır. Lakin çox vaxt müxtəlif xalqlar eyni bir dildə danışırlar. Məsələn, bütün Latın Amerikası ölkələrində-ispan dilində, Avstriya, Almaniya, İsveçrə və b. Ölkələrdə alman dilində danışırlar. Eyni zamanda biz, bir xalq arasında iki və ya daha artıq dillərin yayılmasını da müşahidə edirik. Məsələn, irlandiyalılar həm irland, həm də ingilis dilində, hindistanlılar həm hindli, həm də ingilis dilində,Rusiya xalqları həm rus, həm də öz milli ana dillərində danışırlar. Buradan belə nəticə çıxır ki, dil bir xalqı başqalarından fərqləndirən yeganə əlamət hesab edilə bilməz.

Etnik ərazi. Etnik ərazi, yəni müəyyən xalqın yerləşdiyi vilayət onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. Hər bir xalq adətən müəyyən bir ərazidə formalaşır. Lakin, bəzən tarixi inkişaf prosesində bir xalq başqa bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə bir vəziyyətdə parçalanmış etnik ərazi yaranmış olur:çünki xalqın müxtəlif hissələri arasındakı əlaqələr sarsımış vəziyyətdə olur. Buna misal olaraq Rusiyada yaşayan başqırdları, azərbaycanlıları, tatarları, karelləri, buryatları və s.göstərmək olar. Belə bir şəraitdə xalqın daxili birləşmə qüvvəsi zəifləyir, hətta azlıqda qalan kiçik hissələri böyük xalqlarla qaynayıb qarışır. Lakin elmə belə bir hal da məlumdur ki, xalq öz ərazi birliyinin pozulmasına baxmayaraq, vahid bir birlik kimi öz inkişafını davam etdirir.



Məişət və mədəniyyət ümumiliyi. Oxşar təbii şəraitdə, bir-birilə ünsiyyətdə yaşayan insanlar bir qayda olaraq maddi və mənəvi mədəniyyət sahəsində oxşar mədəni ünsürlər yaradırlar. Məsələn, çox vaxt yaşayış məskənləri , evlər, geyim tipləri ayrı-ayrı nəqliyyat növləri bir-birinə bənzəyir. Bütün bu ünsürlər etnik əlamətlər sayıla bilər. Lakin bunlar ikinci dərəcəli əlamətlərdir; çünki mədəniyyətin oxşar əlamətlərinin yayılma sahəsi çox vaxt etnik əlamətlərlə uyğun gəlmir. Məsələn, karellər və vepslər maddi mədəniyyətin bütün xüsusiyyətinə görə şimali ruslara çox yaxındırlar; moldavanların maddi mədəniyyəti isə ukraynalılarınkı ilə, latışlarınkı isə estonlarla çox uyğunluq təşkil edir.

Mənşə birliyi. Bu cəhət yalnız nadir hallarda bir xalqı başqalarından ayırmaq üçün fərqləndirici əlamət sayıla bilər. Lakin xalqları ölkələrdə yaşayan qaraçılar, yəhudilər, zəncilər və s.mənşə etibarilə ayrıca qrup təşkil edirlər.

Etnik öz-özünü anlama. Etnik birlik əlamətlərindən birini də etnik öz-özünü anlama təşkil edir. Bəzi alimlər bu əlaməti hətta əsas, həlledici əlamət kimi qəbul edirlər. Qarışıq mənşəli insanlar adətən özlərini istədiyi etnosa aid edə bilərlər.

Etnoqrafiyanın mənbələri və tədqiqat üsulları. Etnoqrafiya elminin əsas mənbəsini tədiqatçının çöl müşahidələri təşkil edir. Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır:

1) Bilavasitə müşahidə;

2)Etnoqrafın yerli əhalinin işində fəal iştirakı;

3)İnformatorlarla müsahibə.

Bu üsullarla toplanılan materiallar etnoqraf tərəfindən çöl gündəliyinə daxil edilir.

Eyni zamanda tədqiqatçı müxtəlif rəsmlər çəkir, məlumatçıların söhbətlərini maqnitofon lentinə yazır. İmkan olduqda o, həm də maddi mədəniyyət əşyaları toplayır və bu yolla muzey fondlarını zənginləşdirir. Bir qayda olaraq çöl işlərinin aparılmasının iki başlıca metodu vardır:



  1. Ekspedisiya üsulu ;

  2. Stasionar üsul.

Birinci üsula görə etnoqraf tək və ya bir neçə nəfər mütəxəssislə birlikdə onu maraqlandıran obyektə gedir. Orada yaşayan əhalinin məişət və mədəniyyətini müşahidə edir. Bir qayda olaraq ekspedisiya qısa müddət üçün(10 gündən 3 aya qədər)nəzərdə tutulur.Bu müddət qısa olsa da geniş ərazidə etnoqrafik material toplanılır. Stasionar iş üsuluna görə etnoqraf uzun müddət müəyyən bir kəndin və ya şəhərin əhalisi içərisində qalır, onun sakinlərinin məişət və mədəniyyətini öyrənir. Hər iki iş üsulunun həm müsbət, həm də mənfi cəhətləri vardır. Məsələn, Ekspedisiya zamanı etnoqraf eyni zamanda bir çoz kəndləri öyrənir və burada topladığı materiallar əsasında müqayisələr və ümumiləşdirmələr etmək imkanına malik olur. Digər tərəfdən müşahidəçisi həmin kəndlərin hər birində qısa müddət ərzində qaldığından o, həmin kənd sakinlərini hərtərəfli və bütünlüklə öyrənə bilmir, onları yalnız səthi tədqiq edir. Stasionar iş üsulu zamanı etnoqraf müəyyən bir kəndin, rayonun və ya zonanın əhalisini dərindən və hərtərəfli öyrənsə də, o, müqayisələr və ümumiləşdirmələr edə bilmir. Buna görə də etnoqrafik çöl tədqiqatları ilə məşğul olarkən hər iki iş üsulunbu əlaqələndirmək lazımdır.

Təbii-tarixi, coğrafi, sosioloji, muzey və təsviri materiallara, habelə antropologiya, linqvistika, arxeologiya, folklor və digər elm sahələrinə əsaslanan və bunlardan bir mənbə kimi istifadə edən etnoqrafiya elminin xüsusi tədqiqat metodları da vardır.

Ən geniş yayılmış və ən əhəmiyyətli üsullardan biri təkamül məktəbi banilərinin işləyib hazırladığı tarixi-müqayisə metodudur. Bu mütodun mahiyyəti ondan ibarətdir ki. köhnə tarixi dövrü bərpa etmək üçün müasir dövrdəki köhnəliyin qalıqlarından istifadə olunur. İbtidai icma cəmiyyətinin tarixini, mədəniyyət və dilin tarixini öyrənmək üçün tarixi müqayisə metodunun çox böyük rolu olmuşdur. Müasir tədqiqatlarda tarixi-müqayisə metodunu zənginləşdirmək üçün xalqların mədəni inkişafına təsir göstərən müxtəlif təbii-tarixi amillər də nəzərə alınır.

XIX əsrin axırlarından etibarən Rusiyada etnoqrafik araşdırmalar zamanı konpleks yanaşma üsulundan geniş istifadə olunmağa başlanmışdı. D.N. Anuçinin fikrincə yalnız bir elm sahəsinin köməyi ilə bəşər mədəniyyətinin bütün mürəkkəb tarixini aşkara çıxarmaq mümkün deyil; bu mənada bütün elmlərin məlumatlarına komplekscəsinə yanaşmaq tələb olunur. Müasir dövrdə təşkil olunan kompleks ekspedisiyalar məhz bu metoda əsaslanır.

Bundan əlavə bu və ya digər mədəni amilin öyrənilməsində kartoqrafiya metodu, anketləşdirmə metodu, formaltipoloji təhlil metodu, struktur-sistem metodu və bu kimi tədqiqat üsullarından da istifadə olunur.

Etnoqrafiya bir elm kimi digər humanitar və təbiət elmləri ilə sıxı surətdə əlaqədardır. Onun antropologiya, arxeologiya, linqvistika, folkloristika və coğrafi

ya ilə sıx əlaqəsi mövcuddur. Antropologiyanın irqlərin yaranmasına dair olan bölməsi, insan irqlərinin ərazi cəhətcə yayılması, tarixi-sosial əlaqələr zəminində insanın fiziki simasının dəyişməsini öyrənən sahələri etnik antropologiya adlanır. Arxeoloji materiallar üzrə mədəni-məişət xüsusiyyətlərinin müəyyənləşdirilməsi qədim etnik qrupları bir-birindən ayrımağa imkan verir. Arxeologiyada son vaxtlarda meydana çıxan bu xətt paleoetnoqrafiya adlanır. Etnik antropologiyanın və paleoetnoqrafiyanın veridiyi materiallar xalqın etnik tarixinin ilk mərhələlərini öyrənməyə imkan verir.

Yuxarıda dediyimiz kimi etnoqrafiyanın dilşünaslıqla, ədəbiyyatşünaslıq və folklorşünaslıqla da tematik və problem yaxınlığı vardır ki, bunlar xalqların mənəvi mədəniyyətlərinin spesifik cəhətlərini anlamağa imkan yaradır. Hər bir dilin daxili inkişaf qanunauyğunluğu mövcuddur ki, bu bilavasitə həmin dilin daşıyıcıları ilə sıxı surətdə əlaqədardır. Odur ki, dilşünaslıqda xüsusi bir bölmə-etnolinqvistika bölməsi vardır. Elmin bu sahəsi dilin mənşəyini, onun başqa dillərdə qohumluğunu və yaxınlığını öyrənməklə məşğul olur. Elmlərin etnososiologiya və etnopsixologiya sahələrinə də bu mövqedən yanaşmaq lazımdır. Etnoqrafiyanı öz ağuşunda böyüdən coğrafiya əhalini, onun yerləşməsini, ətraf mühitə insanların təsirini öyrənməklə yanaşı bu elmlə də öz sıxı əlaqəsini saxlayır. Etnoqrafiya ilə əlaqəsi olan coğrafiyanın həmin sahələri demoqrafiya, statistika, etnocoğrafiya, etnokartoqrafiya , etnostatistika və sairədir. Etnobotanika və etnozo

logiya elmləri də etnik birliklərin qədim inkişaf tarixini izləməyə imkan verir.

Elmin müstəqil bir sahəsi kimi etnoqrafiya XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamışdır. XIX əsrin 60-70-ci illərində müxtəlif ölkələrdə etnoqrafik təşkilatlar vcə cəmiyyətlər meydana çıxmışdır. Lakin “Etnoqrafiya”sözünü bundan əvvəlki tarixi dövrlərdə də işlətmişdilər. Ancaq o vaxtlar bu söz elmi məna daşımırdı. Hələ 1607-ci ildə yazıçı İohan Zommer Maqdeburq şəhərində “ Etnoqrafik məcmuə”nəşr etməyə başlamışdı. 1791-ci ildə isə Nyurenberq şəhərində “ Etnoqrafik albom”dərc edilmişdir. 1820-ci ildə macar xalq geyim kompleksini əks etdirən albom dərc olundu ki, bu albomun üstünə “ Etnoqrafiya”sözü yazılmışdı. 1826-cı ildə İtaliya coğrafı Adriano Balbi”Etnoqrafik atlas”çap etdirmişdi.

Etnoqrafiya ilə yanaşı elmin bu yeni sahəsinə”Etnologiya”da deyirdilər. Bu anlayışı fransız naturalist fiziki Jan-Jak Amper təklif etmişdir. Belə ki, o, 1830-cu ildə antropoloji elmlərin ümumi təsnifatını verərkən onların içərisində”etnolo

giyanın”yerini xüsusi olaraq göstərmişdi. Təsadüfi deyil ki. 1839-cu ildə Parisdə “Etnologiya cəmiyyəti”adlanan elmi cəmiyyət fəaliyyətə başladığı vaxtdan etnologiya anlayışı da elmi ədəbiyyata daxil edilmişdir. “ Etnologiya”da qədim yunan sözü olub”xalqşünaslıq”mənasını verir.

“Etnologiya”da qədim yunan sözü olub”xalqşünaslıq”mənasını verir. 1842-ci ildə Nyu-Yorkda “ Amerika etnologiya cəmiyyəti”fəaliyyətə başlamışdı. 1843-cü ildə İngiltərədə “ Etnologiya cəmiyyəti”təşəkkül tapdı. 1869-cu ildə Almaniya

da, 1871-ci ildə İtaliyada “Antropologiya və etnologiya”cəmiyyəti meydana çıxdı. Rusiyada isə “etnoqrafiya”sözünə XIXəsrin əvvəlindən təsadüf edilirdi.

1845-ci ildə yaradılan “ Rus coğrafi cəmiyyəti”nəzdindək i”Etnoqrafiya”

bölməsi çox keçmədi ki, cəmiyyətdə fəxri yer tutmağa başladı. Bu bölməyə akademik Ber başçılıq edirdi. 1848-ci ildə Berin özünün etiraf etdiyi kimi, o, rus dilini yaxşı bilmədiyinə görə öz vəzifəsini Nadejdinə vermişdi.

XIX əsrin ortalarına qədər alimlər bu yeni elmə ikili münasibət bəsləyirdi

lər.Onlardan bəziləri etnoqrafiyanı hətta elmi sistem kimi tanımaq istəmir və universitetlərdə bu fənnin öyrənilməsini inkiar edirdilər. Etnoqrafiya elminə qarşı bu ikili münasibət hətta XIX əsrin sonlarına qədər qalırdı. Keçən əsrin son onilliklərində həmin elm ətrafında mübahisələr gedirdi. Bu mübahisələr başlıca olaraq aşağıdakı suallar ətrafında gedirdi:

1) Etnoqrafiya elminin əhəmiyyəti nədir və onun qarşısında hansı vəzifələr durur?

2)Bu elm necə adlandırılmalıdır?

3)Etnoqrafiya elmi hansı elmlərə: təbii-tarixi və ya ictimai elmlərə aid edilməlidir?

XIX əsrin ikinci yarısında arxeologiya və etnoqrafiya özlərinin çiçəklənmə dövrünü keçirirdi. Bu elmlər nisbətən qısa bir dövrdə insan və bəşəriyyət haqqında çoxlu və maraqlı material toplamışdılar. Bu elmlərin əldə etdiyi müvəffəqiyyətlərin təsiri altında bəşəriyyəti hərtərəfli əhatə edən vahid bir elmin yaranması haqqında yeni ideyalar irəli sürülürdü.

Alimlərin böyük bir qrupu bu elmi Antropologiya adlandırmağı təklif edirdi. Lakin bizə məlumdur ki, insanı iki cəhətdən-həm fiziki, həm də mənəvi cəhətdən öyrənmək olar. Məhz buna görə də həmin alimlər antropologiyanı iki sahəyə ayırırdılar. Bu sahələrdən biri fiziki və ya somatik antropologiya adlandırılırdı, bu da öz növbəsində insanın fiziki aləmini öyrənməli idi.

İkinci sahə isə psixi antropologiya və ya Etnologiya adlandırılırdı. Bu da insanın mənəvi aləmini öyrənməli idi. Bu mənada Etnologiya insan haqqında ümumi elmin yalnız bir hissəsini təşkil edirdi. Bununla belə alimlərin digər bir hissəsini başqa bir fikir maraqlandırırdı. Onlar belə hesab edirdilər ki, insanı və ya bəşəriyyəti tam əhatə edən elmi etnologiya adlandırmaq lazımdır. Bu cərəyanın görkəmli nümayəndələrindən biri alman alimi Bastian olmuşdur. Onun fikrincə etnologiya bütün başqa elmlərin sintezidir. Bastianın məsləkdaşlarından biri olan Kayndal etnologiya elminə həddindən artıq geniş məna verərək onu gələcəyin fəlsəfəsi adlandırırdı.

Alman alimi Şultsun fikrincə xalqşünaslıq elmi iki sahəyə ayrılır: etnologiya və etnoqrafiya. Həm də etnoqrafiya təsbiri xalqşünaslıq, yəni praktiki xalqşünaslıqdır. Etnologiya ilə müqayisəvi, yəni nəzəri xalqşünaslıqdır. Daha sonra o, qeyd edirdi ki, etnoqraflar yalnız praktiki işlərlə məşğul olmalı, yəni xalqları müşahidə və təsvir etməlidirlər. Lakin heç bir ümumiləşdirmələr aparmamalı və elmi nəticələr çıxarmamalıdırlar. Şultsa görə etnoloqlar, əksinə, heç bir əməli-praktiki işlə məşğul olmayaraq yalnız etnoqrafların onlara təqdim etdiyi materialları ümumiləşdirməli və müqayisəli nəticələr çıxarmalıdırlar.

İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmağı təklif edirdi. İngilis sözü olan”folklor”iki hissədən:folk-xalq, lor- bilik deməkdir. Başqa sözlə folklor anlayışı şifahi xalq yaradıcılığından ibarət olan müyyən bir etnosun mənəvi biliklərinin məcmusunu ifadə edir.

Hazırda müasir etnoqrafiyanın qarşısında çox mühüm vəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa ayırmaq mümkündür:

1)Ayr-ayrı ölkələrin, həmçinin, bütün dünya əhalisinin etnik tərkibinin öyrənilməsi;

2)Xalqların etnik tarixi və etnogenezi problemi;

3)Nəsli qəbilə quruluşunun, yəni sinifsiz cəmiyyətin öyrənilməsi.

4)Tarixən formalaşan milli-mədəni ənənələrini öyrənilməsi.

5)Müasir məişətin öyrənilməsi.

6)Müasir etnik proseslərin öyrənilməsi.

İlk baxışda birinci problemin araşdırılması adama çox asan görünür. Məsələn, biz deyirik ki. İtaliyada italyanlar, Koreyada koreyalılar yaşayırlar. Əslində isə bu məsələ göründüyündən qat-qat çətindir. Çünki hər bir ölkədə əsas millətdən başqa, bir çox digər zalqlarn nümayəndələri də, yəni azlıqda qalan qeyri-əsas xalqlar da yaşayır. Çox vaxt bu milli azlıqların sayını müəyyən etmək qədər də asan olmur. Çünki, belə bir sual meydana çıxır ki, biz əhalinin hansı qrupunu müstəqil xalq, hansını isə əsas millətin tərkib hissəsi kimi qiymətləndirməliyik?

Məhz, buna görə də etnoqraflar adətən etnik və etnoqrafik qrupları həmçinin milli azlıqları həm əsas xalqdan, həm də bir-birindən fərqləndirməyə çalışırlar. Etniq qruplar öz mənşəyi, dili və bir sıra başqa əlamətlərinə görə ölkənin əsas xalqından fərqlənir. Lakin uzun müddət əsas xalqla qonşuluqda və ya onunla qarışıq yaşadığına görə , etnik qrupların məişət və mədəniyyətində əsas xalqla eyni olan və ya ona oxşar olan bir çox mədəni məişət xüsusiyyətləri yaranır. Belə etnik qruplara milli azlıqlar deyilir. Bəzi hallarda etnik qruplar əsas xalqa o qədər yaxınlaşır ki, hətta onunla tamamilə qaynayıb qarışır. Bu proses assimilyasiya adlanır.

Etnoqrafik qruplar(subetnoslar)isə əsas millətin tərkib hissəsi olmaqla, yalnız özünün bir sıra mədəni-məişət xüsusiyyətlərinə görə əsas xalqdan ayrılır. Ölkə ərazisində yaşayan etnik qrupların düzgün müyyən edilməsi məsələsi, xüsusilə iki ölkə arasında qarışıq etnik tərkibə malik olan vilayətlərdə daha da mürəkkəbləşir. Burada məsələ yalnız elmi əhəmiyyət kəsb etməyib, həm də siyasi əhəmiyyətə malik olur. Avropada bu cəhətdən mübahisəli vilayətlərdən Elzas və Lotaringiyanı, Şlezviqi, Yuxarı Sileziyanı, Cənubi Tirolu və s. göstərmək olar. Çox millətli ölkələrin ərazisində bu məsələnin böyük praktiki əhəmiyyəti vardır. Belə ki. düzgün milli siyasətin yeridilməsi və bununla əlaqədar olaraq milli qurumların sərhədlərinin düzgün müəyyən edilməsi və s. məsələlər ayrı-ayrı ərazilərdə yaşayan əhalinin milli tərkibinin dəqiq müəyyənləşdirilməsini tələb edir.

Xalqların etnik tarixi və etnogenezi problemi, hər bir xalqın sistematik tədqiqinə başlanılan zaman, tədqiqatçının qarşıya qoyduğu əvvəlinci məsələlərdən biridir. Bu məsələ eyni dərəcədə həm tarixçini, həm arxeoloqu, həm antropoloqu, həm də dilşünası maraqlandırır. Bu problemin həll edilməsi üçün bütün adları çəkilən elmlərin məlumatından istifadə olunmalıdır. Başqa sözlə desək, hər hansı bir xalq arasında üstünlük təşkil edən irqi tiplər haqqındakı məlumatları(anntopologiya); onun dili haqqındakı məlumatı(dilşünaslıq);öyrənilən xalqın əcdadlarının qədim maddi izləri haqqındakı məlumatları(arxeologiya); habelə yazılı mənbələrin bə xalqın özünün folklor materiallarını mütləq nəzərə almaq lazımdır.

Məlum olduğu kimi xalqın mənşəyi uzun sürən, mürəkkəb tarixi-etnik prosesdir. Xalqın etnik tarixi, onun həm ictimai-iqtisadi, həm siyasi , həm də mədəni tarixi ilə əlaqədardır. Bu tarixi inkişaf gedişində, bəzən xalqın dili də dəyişikliyə məruz qalır. Məsələn;müasir fransızların əcdadları vaxtilə kelt dilində danışırdılar. Lakin sonralar, romalıların hakimiyyəti dövründə romanlaşdıqlarına görə, Fransa əhalisinin müasir dili romal dilidir. Siyasi-tarixi inkişaf prosesində xalqın dili kimi onun adı da dəyişə bilər. Məsələn, fransızlar öz adlarını vaxtilə onların ölkəsini işğal etmiş alman-frank tayfalarının adından götürmüşlər. Bolqarların əcdadları isə, türk dilli bulqar tayfaları tərəfindən işğal olunduqdan sonra özlərini bolqar adlandırmışlar.

Etnik inkişaf prosesində müəyyən vaxt ərzində insanların sosial birliklərinin tipləri də dəyişilik. Qəbilələrdən qəbilə ittifaqları yaranır ki, bunlar da sonralar xalqlara, axırıncılar isə öz növbəsində, kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, etnik birliyin yeni tipi olan millətlərə çevrilirlər.

Nəsli qəbilə quruluşunu, yəni sinifsiz cəmiyyəti qismən arxeoloji məlumatlar əsasında öyrənmək mümkündür. Lakin məlum olduğu kimi arxeoloji materiallar cansız, dilsiz materiallardır. Onların əsasında biz yalnız ibtidai insanların əmək alətlərini, incəsənəti, qismən təsərrüfat formalarını və maddi mədəniyyətin digər sahələrini öyrənə bilərik. İbtidai insanların ictimai quruluşunun bir çox cəhətləri indiyədək arxaik qaydaların nisbətən hökm sürdüyü Avstraliya, Amerika və Afrikanın yerli əhalisinin öyrənilməsi prosesində mümkün olmuşdur. Bu problemə, müasir xalqların məişət və mədəniyyətində indiyədək qorunub saxlanılmş əvvəlki tarixi dövrlərin qalıqlarının öyrənilməsi məsələsi də daxildir. Bu məsələ hazırda əməli əhəmiyyət kəsb edir. Çünki dünya xalqlarının məişətində həmin qalıqlarından bir çoxu indiyədək özünü mühafizə edib saxlayır. Bir sıra hallarda köhnəlik qalıqlarının mənfi rolu aydın nəzərə çarpır. Məsələn, qan intiqamı, patriarxal qaydalar, istismarın feodal-patriarxal formaları və s. adətlər bu qəbildəndir. Şübhəsiz ki, bu cür mənfi və zərərli adən və qaydalara qarşı ciddi mübarizə aparmaq lazımdır. Başqa hallarda keçmişin qalıqları mütərəqqi rol oynayır. Məsələn, əməyə kollektiv münasibət, torpaq üzərində icma mülkiyyəti və s. kimi qaydalar söz yox ki, iqtisadiyyatın yenidən qurulmasında, fermer təsərrüfatının təşkilində müsbət rol oynayır. Qədim ictimai məişət və mədəniyyətin formaları konkret tarixi şəraitdən asılı olaraq öyrənilməli və bunlardan düzgün əməli nəticələr çıxarılmalıdır.

Tarixən formalaşmış milli mədəni ənənələrin öyrənilməsi də mühüm problemlərdəndir. Mütərəqqi alimlər göstərirlər ki, hər bir xalq öz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dünya mədəniyyəti xəzinəsinə müəyyən əvəzedilməz incilər bəxş edir. Beynəlmiləl mədəniyyətin yaranmasında hər bir xalqın nailiyyətinin səviyyəsini bilmək lazımdır. Burada söhbət maddi mədəniyyət abidələrindən, tikintinin tipləri və formalarından, sənətkarlıq texnikasından, bədii sənətkarlıqdan, xalq musiqisindən, xalq təbabətindən və sairədən gedir. Milli mədəniyyətlərin öyrənilməsi, onlarda olan müsbət və mənfi cəhətlərin hərtəfəli müəyyən edilməsi ona görə vacibdir ki. bu beynəlmiləl tərbiyəyə və bizə pis adətlərdən xilas olmaqda kömək edir. Eyni zamanda əməyə, hər bir xalqın yaradıcılığına hörmətlə yanaşmağı öyrədir.

Müasir məişətin öyrənilməsi problemi yalnız söz zamanlarda qarşıya qoyulmuşdur. Buna görə də hələlik o, zəif öyrənilən sahələrdən sayılır. Etnoqrafilar çoxdan öyrənilmiş məişət və mədəniyyət formalarını tədqiq etməyə adət etdiklərindən yeniliyi müşahidə etməkdə çətinlik çəkirlər. Müasir məişətimizi öyrənmək üçün daha çox müşahidə aparmaq, tədqiq etmək, mədəni-məişət formalarının dəyişilməsi prosesini, yeni etnik ənənələrin formalaşmasını izləmək lazımdır.

Yeni məişət formaları heç də həmişə qüsursuz yaranmır. Yeni ilə köhnəlik arasında daima mübarizə gedir. Həyat etnoqrafın iştirakını zəruri edən ciddi məsələlər ortalığa atır. Bu cür məsələlərə hər şeydən əvvəl ailə məişəti, nigah və cinslərin qarşılıqlı münasibəti, uşaqların tərbiyəsi, əxlaq formalarının təkmilləşməsi və sairələri azad etmək olar. Yeni maddi mədəniyyət formalarının yaradılmasında müəyyən dərəcədə etnoqrafın da iştirakı vacibdir. Bu işdə tarixən formalaşmış xalq adətlərindən istifadə olunmasında qayğı ilə yanaşılması tələb olunur. Son illərdə Şərqi Avropa ölkələrinin etnoqrafları müasir fəhlə məişətinin öyrənilməsinə də xüsusi diqqət yetirirlər.

Müasir etnik proseslərin öyrənilməsi problemi dünya etnoqrafiyası qarşısında duran ən mühüm problemlərdən biridir. Müasir dünyada baş verən böyük ictimai-iqtisadi və siyasi dəyişiklər öz təsirini xalqların etnik inkişafında da göstərir. Millətlərin qovuşması, etnik birliklərin böyüməsi və yeni millətlərin formalaşması prosesi müasir dövrün əsas proseslərindəndir. Bu hər şeydən əvvəl o ölkələrdə daha çox nəzərə çarpır ki, orada etnik rəngarənglik daha çoxdur. Məsələn, Qafqazda, Tacikistanda, Hindistanda, İndoneziyada və bir sıra Afrika ölkələrində vəziyyət belədir. Hazırda etnik inkişaf prosesində pərakəndəlik aradan qalxır, əhali daha iri etnik qruplarda birləşirlər. Bəzi ölkələrdə bu proses həyat səviyyəsinin iqtisadi və mədəni cəhətdən yüksəlməsi ilə, keçmiş müstəmləkələrdə və asılı ölkələrdə isə azadlıq hərəkatı ilə bağlıdır.Məsələn onlarca iri və xırda xalqın yaşadığı İndoneziyada vahid İndoneziya millətinin formalaşması prosesi gedir. Milli İndoneziya dili bütün ölkəyə yayılır. Hindistanda müxtəlif etnik qrupları və tayfaları özündə birləşdirən bir neçə böyük millət formalaşır. Lakin onların hansı millətlərə çevriləcəyini və necə olacaqlarını indidən demək çətindir.

Etnoqrafiyanın bir elm kimi formalaşmasında dünya xalqlarının həyat tərzi, onların məişəti və mədəniyyətinə dair qədim və orta əsrlər dövründə toplanılan ilkin etnoqrafik məlumatların çox böyük rolu olmuşdur. “ Xalq”, “ mədəniyyət”,

“məişət”anlayışları insanların təfəkküründə birdən-birə formalaşmamış, bunlar tərdricən, uzun əsrlər boyunca, müşahidələr yolu ilə, yazılı və ikonoqrafik materiallar əsasında ümumiləşdirilmişdir.

Qədim Şərq mədəniyyəti abidələrində müxtəlif xalqlar haqqında , hər şeydən əvvəl onların adları, geyimləri, xarici görünüşləri barədə məlumatlara rast gəlirik. Babil, Assuriya və İran şahlarının salnamələrində işğal edilmiş ölkələrdə yaşayan müxtəlif xalqların dili, adət-ənənələri, geyimləri barədə etnoqrafik müşahidələr əks etdirilmişdir.

Antik dünyanın yazılı abidələrində Homer dövründən başlayaraq əvvəlcə yunanların, sonra romalıların, habelə daha uzaq ərazilərdə yaşayan xalqların etnoqrafiyası barədə xeyli materiallar toplanmışdır.Antik dövrün filosofları, yazıçı və alimləri dünya xalqlarının ümumi, oxşar və fərqli cəhətlərini təsvir edərkən bunları ya coğrafi mühitin onlara təsiri ilə , ya qarşılıqlı mədəni təsirlə , ya da ki, xalqların müxtəlif mədəni inkişaf pillələrində durmaları ilə izah edirdilər.

Daha çox etnoqrafik məlumatlar böyük coğrafi kəşflər zamanı toplanmışdır. XV əsrdən başlayaraq XIX əsrin əvvəllərinədək davam edən bu coğrafi kəşflər zamanı avropalılar çoxlu yeni tayfalara rast gəlmişdilər ki. onların da əksəriyyəti öz ictimai-iqtisadi inkişaf səviyyələrinə görə avropalılara nisbətən aşağı pillədə dururdular. Odur ki, həmin xalqlar barədə avropalıların verdiyi məlumatlar qiymətli etnoqrafik mənbələrdir.

Ə D Ə B İ Y Y A T :
1.Бромлей Ю.В. Этнос и этнография. М.,1973

2.Бромлей Ю.В. Современные проблемы этнографии. М.,1981

3.Итс Р.Ф.Введение в этнографию. Л.,1974

4.Токарев С.А. История зарубежной этнографии. М., 1978



5.Həvilov H.A. , Sadıxov A.İ. Etnoqrafiya əsasları. Bakı, 1974






Yüklə 92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin