İnsan dəyərinin ölçü meyarı
Yaxşı baxsaq görərik ki, vücudumuzun dəyəri sevdiyimiz şeyin dəyəri həddindədir. Məsələn, gözəl bir avtomobil almaq fikrinə düşmüş insan daim hansı yolla pul əldə etmək fikrinə düşür. Belə bir insanın qəlbi növbənöv maşınların girib çıxdığı qaraj kimidir. Maşın olmayan qədim vaxtlarda daim yaxşı at haqqında düşünən insanın qəlbini tövlə adlandırırdılar!
Bəli, dünya cazibələrinə bağlanan, dünyəvi xülyalar qəlbini bürümüş insan axirəti yada salmır, Allahın öz bəndəsi üçün nəzərdə tutduğu uca məqamdan qəflətdə qalır. Belələri yalnız ot və su haqqında düşünən canlıya bənzəyir. Amma ilahi tövfiqlə zehnini puç maddi düşüncələrdən təmizləyən şəxs ali insanlıq məqamına can atır və bu yolda səy və təlaşını əsirgəmir. Belə bir insanın varlığı çox dəyərli olur. Hədisdə buyurulur ki, möminin qəlbi Rəhmanın ərşidir.1 Görəsən belə bir istedad əta olunmuş və qəlbi Allahın ərşi ola biləsi insanın heyvan səviyyəsinə enməsi ona layiqdirmi?!
Aydın oldu ki, insanın dəyəri onun qəlbən bağlandığı şeylər dəyərindədir. Düşüncəyə uyğun şəxsiyyətlər adi insanlara gizli qalsa da, həqiqətlərin mahiyyətinə varmış Allah övliyaları qarşı tərəfin şəxsiyyətini olduğu kimi dərk edir, onların düşüncəsini oxuyur. Mərhum molla Fəthəli Sultanabadi mərhum Mirza Şirazinin dövründə onun nümayəndəsi olaraq Samirrada imam təyin olunmuşdu. O təfsir və əxlaq dərsləri də tədris edirdi. Böyük alimlərdən biri nəql edir ki, bir gün mərhum Sultanabadinin camaat namazında iştirak edərkən yanımda bir kəniz dayanmışdı. Bu şəxs namazın ortasında iqtidadan çəkinib tənha namaz qılmağa başladı. Namazı başa çatdırdıqdan sonra yavaşca dedi: “Bu axund da şirə ardınca getdi!” Namazdan sonra mərhum Sultanabadinin yanına gedib əhvalatı danışdım. Mərhum Sultanabadi göstəriş verdi ki, həmin adamı tapıb gətirim. Amma nə qədər axtardımsa da onu tapa bilmədim. Yenidən mərhum Sultanabadinin yanına qayıtdım. O dizinə vurub ağlayaraq dedi: “Həmin adam doğru deyib. Mən cümə axşamları qonaq qəbul edirəm. Bu gecə də qonağım olmalıdır. Evdə qonaq üçün kətə hazırlayacaqdılar. Düşündüm ki, xuruşsuz kətə yaxşı olmaz, gərək bir qədər şirə alım. Namazın ortasında bu barədə düşünürdüm. Həmin müsafir zehnimdən ötəni oxuyub!”
Maddiyyata diqqət insanın dəyərini azaldır. İlk addımda Allah zikrinə məşğul olmaq lazımdır. İkinci addımda bu zikri dərinləşdirmək zəruridir. Uyğun hal zəif dalğa kimi ötüb keçməməlidir. İnsan qəlbən Allahla rabitəyə girdikdə onun qəlbi Allahın ərşinə çevrilir. Belə bir hal əldə edən insan onu qorumağa çalışmalıdır. Müxtəlif təxəyyüllər və vəsvəsələr qəlbə yol tapdıqda Həmin sərmayəni puça çıxarır. İnsan bilməlidir ki, nail olduğu zikr məqamı onun əbədi səadəti üçün əsas şərtdir. Bu hal problemlər qarşısında qəlbin aramlığını qoruyur.
Bəli, Allah zikri insana şəxsiyyət bəxş edir. Belə bir insan təhlükələrlə üzləşdikdə narahatçılıq keçirmir. Çünki o özünü sonsuz qüdrət sahibi olan Allahın himayəsində görür. Anasını itirmiş körpə onu tapan kimi ağuşuna sığınıb rahatlaşır. Problemlər dəryasında özünü itirmiş insan da Allaha sığınıb həqiqi zikrə məşğul olduqda itkisini tapdığını hiss edib misilsiz aramlıq duyur. Əmirəl-möminin (ə) bu barədə buyurur: “Özünü itirib bu itkini gəzməyən, amma itki sorağında olan kəsə təəccüb edirəm!”1
Dostları ilə paylaş: |