2. İSTIXARƏ ÜÇÜN DƏLIL Digər zəruri nöqtə istixarə üçün dəlilə malik olmaqdır. Yə’ni
insan hansı dəlillə istixarə yolunu seçə bilər? Tərəddüddən
qurtulmaq üçün istixarə edərkən xüsusi bir dəlilə ehtiyac
yoxdur. Əql özü tərəddüdü insan üçün zərərli bildiyindən bu
vəziyyətdən çıxış yolu tapılmasını zəruri sayır. Belə bir
vəziyyətə düşmüş insan istənilən halal yolla vəziyyətdən
çıxmalıdır. Belə bir məqamda istixarə özü məsləhətli sayılır.
İstixarə duanın bir növüdür. İnsan istixarə vasitəsi ilə sanki
deyir: “Pərvərdigara, qərarsızam, Sən isə hər şeydən agah,
rəhimlisən. Xeyirli olan yolu mənə göstər.” Başqa sözlə,
istixarə edən şəxs bir Qur’an ayəsini vasitə seçir ki, bu yolla
nəyin Allah nəzərində xeyirli olduğunu öyrənsin. Allaha
e’timadlı olan, Onu alim və qadir bilən şəxs ərz edir:
“Pərvərdigara mən dua edirəm, duamı qəbul et, xeyir yolu
mənə göstər.” Allaha e’timad göstərib, Ondan yol göstərməsini
istəyən şəxs əmindir ki, Allah onu doğru yola yönəldəcəkdir.
Beləcə, istixarə etmək üçün şər’i dəlilimiz olmasa da, bu iş dinə
zidd deyil. Çünki istixarədə sadəcə əlamət qəbul edərək
deyirik: “Pərvərdigara, bu əlamət vasitəsi ilə mənə xeyir və şəri
göstər.” Bu mövzuda daha artıq mə’lumat əldə etmək üçün
“Biharul-ənvar” kitabına müraciət edə bilərsiniz.