Усулиддиндян дярсляр



Yüklə 8,08 Mb.
səhifə3/33
tarix21.10.2017
ölçüsü8,08 Mb.
#8818
1   2   3   4   5   6   7   8   9   ...   33

Kitab Sünnəyə istinad

Bu cəhətdən bəhslərin ümumi müzakirəsində Allahın kitabından və Peyğəmbər(s) sünnəsindən istifadə etdim. Müzakirə olunmuş məsələlərin sənədini mümkün qədər hidayət və vilayət nuru ilə dolu olan bu iki mənbədən toplayaraq onu Kitab və Sünnə dəlilləri ilə sənədləşdirdim. Kainatın həqiqətlərini olduğu kimi bilən, sirli insanı onun özündən yaxşı tanıyan, dərdini, dərmanını dəqiq surətdə söyləyən, fitri dil ilə onunla danışan Allah və Onun əziz övliyalarının kəlamlarından yaxşı bir bəyan varmı? Buna görə də bu kitabda bizim söylədiklərimizin əsası «Quran» ayələri və təsir gücünə malik hədislərdir. Bəzən şərh və izah etmək məqsədilə fəqih, alim, filosof və təfsirçi, tarixçilərin kəlamlarından da istifadə etmişik ki, bunun da özünəməxsus faydası vardır.

Bu əsərdə əvvəl işin keyfiyyətinə və onun necə başlanılmasına işarə edib, sonra isə lazımi məsələləri qeyd etmişik. Allaha tərəf seyrə çıxan yolçunun riayət etməsi lazım olan incəlikləri xatırladıb, mündəricatı barədə məlumat vermişik. İnşaallah, onların təfsilatını gələn bəhslərdə mütaliə edəcəksiz. Bəhsə başlamazdan əvvəl bu yolda bizə kömək etməsini, xətaya, çaşqınlığa düşməməyimizi Allahdan diləyirəm. Amin.

17 Rəbbiüləvvəl 1412-ci il h.q.

Məhəmməd Rza Məhdəvi Kəni

Giriş

“İnsan özünü necə islah etməli?” sualına cavab vermək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1.Bədənin sağlam və gümrah olması üçün idman zəruri olduğu kimi, özünüislahetmədə də nəfslə mübarizə aparmaq zəruridir.

2.Bədən tərbiyəsində idmanın yüngül növündən başlayıb tədriclə ağır növü ilə məşq edildiyi kimi, ruhun tərbiyəsində də gərək adi işdən, aşağıdan başlayıb tədriclə yuxarı dərəcəyə yetişmək lazımdır.

Peyğəmbər(s) buyurur:

"Həqiqətən, bu din möhkəm və tutarlıdır. Xoş rəftarla ona daxil olun. Allah bəndələrini zorla ibadətə vadar etməyin, yoxsa yorulmuş süvari tək olacaqsız ki, nə yolu qət etmiş, nə də miniyi salamat saxlamışdır".30

İmam Sadiq(ə) belə söyləmişdir:

«Mən cavanlıqda həddən artıq ibadət edərdim. Atam mənə buyurdu: "Oğlum, öz qüdrətindən çox ibadət edirsən. Allah-təala əgər bir bəndəni sevsə, elə azca ibadətlə də ondan razı qalar.»31

3.Bədən tərbiyəsində məşqin mütəmadiliyi zəruri olduğu qədər nəfsin tərbiyəsində də davamiyyət şərtdir. Allah-təala buyurur:

"Şübhəsiz, "Rəbbimiz Allahdır!"-deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub: (belə deyəcəklər) "Qorxmayın və kədərlənməyin! Sizə vəhy olunan cənnətlə sevinin!" (Fussilət-30)

"Namaz qılanlar istisnadır! O kəslər ki, daim namaz qılarlar" (Məaric-22, 23)

Əmirəlmöminin Əli(ə)-dən belə nəql olunur: "Mütəmadi olaraq yerinə yetirilən az əməl, səni yoran çox əməldən yaxşıdır".32

Şair demişkən: "Yolçu odur ki, yavaş gedə, amma həmişə gedə"

Yenə də o Həzrətdən nəql olunur:

"Övladım (Həsən), həyatda və ibadətdə orta həddi tut. Hər işi bacar, mütəmadi olaraq yerinə yetir."33

Başqa bir hədisdə İmam Baqir(ə)-dən belə nəql olunmuşdur: “Allah-təala dərgahında ən sevimli əməl insanın az da olsa, mütəmadi olaraq yerinə yetirdiyi əməldir".34

Bəzi hədislərdən belə anlaşılır ki, mütəmadi yerinə yetirilən işin ən az müddəti bir ildir. İmam Sadiq(ə) buyurur: "Hər kim bir işi başladı, gərək bir il onu mütəmadi olaraq yerinə yetirsin."35

4.Bədənin sağlamlığında müalicə və pəhrizin ikisinin birgə təsiri olduğu kimi, ruhun islah və tərbiyəsində də bu iki şey zəruridir. Məsələn, vacib əməlləri yerinə yetirmək və haram buyurulmuşları tərk etmək, təvəlla (Allah düşmənləri ilə düşmənçilik), təbərra (Allah dostları ilə dostluq), müstəhəb (savablı, bəyənilmiş) işlərin yerinə yetirilməsi, məkruh (bəyənilməyən) əməllərin tərk edilməsi və s. kimi. Bu müalicə və pəhriz gərək bütün mərhələlərdə beləcə davam etsin, çünki onsuz heç bir əməl qəbul olunmur. Saleh əməli günaha, yaxşını pisə qatanlar bir yerə yetişmirlər, belə ki «Quran»da buyurulur:



"Allah yalnız pəhrizkarlardan (təqvalılardan) qəbul edər." («Maidə»-27)

5.Bütün mərhələlərdə riayət edilməsi lazım olan ən əhəmiyyətli məsələ qəlbin hazırlığı və niyyətin paklığıdır. İdmanda diqqət yayınmasının təsiri olduğu kimi, ibadət və nəfsani məşqlərdə də iradə, niyyətin saflığı və fikrin bir yerə cəmlənməsi mühüm rol oynayır. Allah-təala dəfələrlə bu mətləbə işarə edərək din və ibadətdə pak niyyətlə xidmət etməyi təkidlə buyurur:



"Halbuki onlara əmr edilmişdi ki, Allah dinini yalnız Ona məxsus edərək, batildən haqqa (İslama) dönərək ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru, düzgün din budur. («Bəyyinə»-5)

Niyyət və düşüncənin insan şəxsiyyətinin formalaşmasında oynadığı rolu şərh edən və onu başqa insanlardan ayıran fəsil barədə sonra danışacağıq. İnsanı həqiqətə və ali məqsədə aparan yolun ən yüksək zirvəsi yalnız niyyətin pak olmasıdır. Allah-təala buyurur:



"Həqiqətən, axır dönüş sənin Rəbbinədir". («Nəcm»-42)

Hamı istər-istəməz ona tərəf hərəkətdədir:



"Ey insan! Sən (ölənə qədər) Rəbbinə döğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan. (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əmələrin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına, pis əməllər etmisənsə, vay halına!)

(«İnşiqaq»-6)

Əlbəttə, bu görüş o vaxt faydalı olar ki, eşq və xalis niyyətlə birgə olsun, yəni mühüm məsələ odur ki, bu yolu razılıqla, rəğbətlə qət edək. "Aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz."36-ayəsini əsas tutaraq Onun razılığından başqa bir şey istəməyək, Allahın razılığı olmayan bir şey barədə fikirləşməyək, Onun vüsalının şövqü ilə hicran qəminə səbir edək, belə ki əgər bu mərhələdə sabitqədəm olub xətalardan qorunsaq, vilayət və kəramət mənzilinə yetişərik. Mümkündür, elə şeylər görək və elə şeylərə əl ataq ki, bəziləri üçün qeyri-məqbul, maraqlı və bəziləri üçün də yolunun açılması və qəflətdən ayılmasına səbəb olsun. Bu mərhələdə də Allahın lütfü şamil olarsa, pərdələr biri digərindən sonra qaldırılar, Allahın nuru ona doğru yönələr. O yerə qədər ki, bəndə fənafillah37 mərhələsinə yetişər, yəni Ondan başqa bütün şeyləri tərk edər, aqibət məhv və səhv dərəcəsinə gəlib çatar, Haqqın cəmalı və cəlalı ilə məhv olub ondan başqa bir şey görməz, özü Haqq-təalanın Camal və Cəlal sifətlərinin məzhəri olar. Öz vicdanının dərinliklərində ondan başqa bir əvvəl, axır, zahir və batin müşahidə etməz. Mübarək “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!”38-ayəsi başdan-başa vücudunu bürüyər. Bütün aləmləri Həzrəti-Haqqın təzahürü və təcəllisi bilər, belə ki Allah-təala “Qurani-Kərim”də buyurur:



"Hansı tərəfə yönəlsəniz, Allah oradadır." («Bəqərə»-115)

Başlanğıc

Kitabda söhbət açacağımız məsələlər bunlardır:



  1. Mərifəti-nəfs (Özünü və Allahı dərketmə).

  2. Qəflətdən ayılma və məsuliyyət daşımaq.

  3. Xatırlamaq.

  4. Təfəkkür və düşüncə.

  5. Allaha görə dostluq və düşmənçilik (Təvəlla, təbərra).

  6. Şəriət hökmlərini bilmək.

  7. Yaxşı yoldaş seçmək və fasiq adamlardan uzaqlaşmaq.

  8. Haram əməlləri tərk etmək.

  9. Tövbə və istiğfar.

  10. Vacib əməlləri yerinə yetirmək.

  11. Nafilə namazların və müstəhəb əməllərin yerinə yetirilməsinin və məkruh (qəbih) əməllərin tərk edilməsinin zəruriliyi.

  12. Mürabitə (əlaqə saxlamaq), müraqibə (özünü qorumaq), mühasibə (hesablaşmaq), müaqibə (cəzalandırmaq).

  13. Niyyəti saflaşdırmaq, şirk, riya və nifaqdan çəkinmək.

  14. Nəfslə mübarizə.

  15. İşlərdə nizam-intizam və vaxtın bölünməsi.

  16. Fürsətdən istifadə.

  17. Allah bəndələrinə xidmət.

  18. Allaha arxalanmaq və təvəkkül etmək.

  19. İnsanlarla xoş davranmaq.

  20. Pəhrizkarlıq (çəkinmə).

  21. Qənaət.

Əlbətdə, bu mətləblərdən söhbət açarkən insanların mövqeyini və şəraiti nəzərə almaq lazımdır. Həmin fərqi şərh etməyə isə vaxtımız çatmaz. Lakin vacib, haram, müstəhəb, məkruh və mübah hökmlərin hamı üçün eyni olmadığını az da olsa, bilmək lazımdır. Elə əməllər vardır ki, bəziləri üçün müstəhəb, bəzilərinə vacibdir. Məsələn, təhəccüd və gecə ibadətlə məşğul olmağı buna nümunə göstərmək olar. Bu əməl Peyğəmbər(s) üçün vacib, başqaları üçün isə müstəhəbdir. Həmçinin diqqət yetirmək lazımdır ki, yuxarıda qeyd olunmuş mətləblər müəllifin öz mülahizə və anlayışına görə tərtib olunmuşdur. Fəsildə olan nəzəri ixtilaflar məsələnin belə incə olmasından irəli gəlir. Hər halda bu tərtib və tənzimləmə, şərəfli və dərəcəli düzüm, əhəmiyyət və mühümlüyünə görədir. Yuxarıda göstərilən mətləblərin birgə işlənməsi də mümkündür. Elə mövzular vardır ki, biri digərinin aydın qavranılması üçün zəmin yaradır. Bu mətləblərin müştərək verilməsi qəbul olunmuşdur. Tanrı yolunu tutan həmin mərhələləri qət etməlidir. Bu minvalla yoluna davam edib Allahın köməyi ilə mübarizə və səy göstərməklə nəfsi-mütməinnə dərəcəsinə yetişər, heç bir vasitə olmadan mübarək "Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"39 ayəsi ona xitab olunaraq Allahın əziz bəndələrinin yanında yer tutar.






Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)

Əxlaq alimləri nəfsin islahını və insan xoşbəxtliyini bu elmin son nailiyyəti hesab edirlər. Buna yetişmək üçün də yalnız bir yol vardır - özünüdərketmə. Buna görə də sizin diqqətinizi İslam nəzərindən bu mövzunun nə qədər əhəmiyyətli olmasına cəlb edirik, ancaq bəhsə başlamazdan əvvəl belə bir suala cavab vermək lazım gəlir: dərk olunması lazım olan, saflaşmanın başlanğıcı və Allah-təalanı tanımaq üçün vasitə olan hansı nəfsdir? Bəlkə bu, insanı mələklərdən üstün edən və “ruhullah” kimi mənalandırılan həmin ilahi nəfsdir?40 Bəlkə bu, Allahın ona and içdiyi, günahı və təqvanı ona ilham etmiş olduğu nəfsi-mülhəmədir41 (ilhamlandırılmış nəfs)? Həmin nəfs insanı pis yola çəkən nəfsi-əmmarə42, fəsaddan, günahdan çəkindirən və təqvalıları danlayan nəfsi-ləvvamə43, «Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"- nidası ilə fəxr edilən nəfsi- mütməinnə44, bəndəyə axirəti, ölümü xatırladan nəfsi-faniyə45, insanı onun üzərində yaratdığı fitrətullah46 da ola bilər.


Cavab:

Nəzərdə tutulan nəfs onların hamısıdır, yəni insan şəxsiyyətini formalaşdıran, onun mələkuti (insani) və nasuti (heyvani) mənşəyini cəmləşdirən, qeyb və şəhadət aləminə malik edən toplumdur. İnsan nəfsi öz mələkuti (insani) cəhətindən yuxarı mərtəbələrə doğru yüksələn zaman mütməinnə, raziyyə (razı), mərziyyə (razı salınmış) dərəcələrinə yetişən ilahi nəfsdir. O qədər ucalır ki, nəhayət "qabə qovseyni əv ədna" (“iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu”) dərəcəsinə müşərrəf olur. “Qurani-Kərim” də buyurulduğu kimi:



"Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu"47 («Nəcm»-8,9)

Nasuti (heyvani nəfs) cəhətdən o yerə qədər süqut edir ki, müqəddəs Kitabda bu barədə belə buyurulur: "Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər" («Əraf»-179)

Nəhayət, insan o qədər alçalır ki, «Qurani-Məciddə» rəzillərin rəzili adlandırılır: "Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!" («Tin»-5)

Xülasə, zahirdə kiçik olan bu toplum, o qədər böyük və genişdir ki, bütün kainatı özündə cəmləşdirir, belə ki həzrəti-Əli(ə)-yə mənsub olan şerdə deyilir: "Sənin dərmanın öz vücudunda gizlənmişdir, ancaq sən başa düşmürsən. Xəstəliyinin mənşəyi də özündədir, lakin sən görmürsən. Belə fikirləşirsən ki, zəif bir məxluqsan? Halbuki vücudunda böyük bir dünya vardır. Sən o parlaq kitabsan ki, onun hərfləri ilə sirlər aşkar olur, buna əsasən, vücudunun dairəsindən kənar, taleyindən bir şey deməyə sənin ehtiyacın yoxdur"48

Bu geniş xitaba diqqət yetirməklə, açıq və gizli istedadlardan xəbərdar olub qəlbi saflaşdıraraq qeyblərin qeybini cilvə məzhəri etmək olar. Allah-təala buna dəlil olan ayədə buyurur:

"Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı" («Nəcm»-11)
Qeyd:

Burada bir mətləbi də qeyd etmək lazımdır ki, insanlar özləri də bilmədən bu mərifətdən özünüdərketmədən az da olsa, faydalanırlar. Necə ki, uca Yaradan «Quran»da buyurur:



"Batildən haqqa tapınaraq üzünü Allahın insanlara fitri olaraq verdiyi dinə tərəf tut" («Rum»-30)

İnsanların çoxu özləri də bilmədən ondan xəbərsizdirlər:



"Lakin insanların əksəriyyəti (bunu) bilməz" («Əraf»-187 və başqa ayələr.)

Yəni insanların əksəriyyəti öz vicdanlarından və fitri hissiyatlarından xəbərsizdirlər. Aydındır ki, məsuliyyətin mövzusu, mükafatın və cəzanın mənşəyi ilə geniş tanışlıqdır. Başqa sözlə desək, mühüm olan məsələ bu yolda ayıqlıqla addım atmaq və özünü özündə tapmaqdır. Beləliklə, Allahı dərk etmək üçün ilahi və insani məsuliyyətlərə çıxış tapmalısan. Bu, bir növ məharətdir ki, ayə və rəvayətlərdə onu əldə etmək təkid olunmuş, ondan xəbərsiz yaşamaq isə, ziyana səbəb hesab edilmişdir. Mərifət və elmlə birgə həyata keçirilən ibadət qəbul olunmuş və faydalı sayılır. İnsana və ağıl sahibi olan məxluqlara məxsus ibadət budur, lakin Allahın buyurduğu kimi təkvini (yəni təbii) ibadət bütün şeylərdə vardır:



"Göylərdə və yerdə hər nə varsa, Allaha səcdə edir".

(«Nəhl»-49)

"Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." («İsra»-44)
Özünüdərketmə barədə rəvayətlər

Xatırladığımız kimi, özünüdərketmənin əhəmiyyəti barədə Peyğəmbər (s) və məsum İmamlardan maraqlı və ibrətamiz hədislər nəql olunmuşdur. Onlardan bəzisini nəzərinizə çatdırırıq:

Peyğəmbər(s) buyurur:

"Kim özünü dərk etsə, Allahı dərk etmişdir".49

Həzrəti- Əli(ə) buyurur: "Ən üstün dərketmə özünüdərketmədir."50

İncildə Allah-təala belə buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

Dərketmə barədə hərə bir yol seçmişdir. Məsələn, filosoflar fəlsəfi və əqli dəlillərlə mərifət meydanına qədəm qoyaraq onun bəzi mərhələlərinə çıxış yolu tapmış, psixoloqlar təcrübələrlə onun bir neçə cəhəti ilə tanış olmuş, ariflər riyazət (məcburi surətdə özünü bir işə vadaretmə) və mükaşifətlə (ali dərəcələrə yüksəlib həqiqətləri kəşfetmə) bəzi həqiqətləri aşkarlamış, zahidlər və abidlər pəhriz və ibadətlə müəyyən dərəcələrə yüksəlmiş, mücahid və fədailər fədakarlıq və cihad etməklə ali mərtəbələrə yetişmiş, saleh əməllilər isə Allah bəndələrinə xidmət etməklə təqərrüb (Allah dərgahına yaxınolma) və mərifət vadisinə qədəm qoymuşlar. Xülasə, hərə bir yolla öz itirdiyini axtarır, ona qovuşmaq istəyir. “Qurani-Kərim” də buyurulur:

"Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir (əbədi səadət) vermişdir." («Bəqərə»-269)

Həzrəti-Əli(ə) buyurur: "Hikmət (hər bir şeyi olduğu kimi dərketmə) və mərifət möminin axtardığı itkidir"51

Peyğəmbər(s)-dən belə nəql olunur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".52

Yuxarıda qeyd etdiyimiz hədis eyni məzmunda başqa bir ifadə ilə o Həzrətdən nəql olunmuşdur.53

Nəhayət, əmirəlmöminin Əli(ə) bu yola qədəm qoymayanları və özünüdərketmə üçün çalışmayanları qəti həlak olmuşlardan hesab edərək buyurur: "Kim özünü dəyərləndirməsə, həlak olacaqdır."54

Başqa bir yerdə isə özünüdərketməyə məhəl qoymamağın nəticəsini zəlalət və azğınlıq hesab edərək buyurur: “Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"55

Buna görə də hər kim mərifətə yetişmək üçün heç bir cəhd göstərməyib ona məhəl qoymazsa, özünü düzgün qiymətləndirməmiş, bu yüksək məqamını ucuz satmışdır. Əmirəlmöminin Əli(ə) özünüdərketməni mərifətlərin ən üstünü hesab edərək buyurur: "Mərifətlərin ən üstünü insanın özünü dərk etməsidir"56

O zaman öz təəccübünü mərifət ardınca getməyən şəxslərə belə izhar edir: "Təəccüb edirəm o şəxsə ki, nəfsini itirib, amma onu axtarmır, həyatda başqa bir şeyin ardınca gəzir."57

Həmçinin yenə buyurur:

"Özünü tanımayan şəxs Allahını necə tanıyar?!"58







Qəflətdən ayılmaq və məsuliyyət daşımaq

Allaha tərəf gedən şəxs üçün ikinci addım qəflətdən ayılıb, məsuliyyət daşımaqdır. İnsan bu böyük dünyaya əbəs yerə gəlməmişdir. “Qurani-Kərim”də buyurulur:



"Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?" («Mominun»-115)

"Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!.." («Ali-İmran»-191)

Lakin əfsuslar olsun ki, bəziləri hətta ölüm ayağında belə qəflət yuxusundan ayılmırlar. "İnsanlar yuxudadırlar. Öləndə ayılırlar."59

Ancaq nə faydası ki, ölümdən sonra oyanmaq təkcə peşmançılıq və həsrətə səbəbdir. Allah-təala insanları belə gündən çəkindirərək buyurur:

"Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut". («Məryəm»-39)

Başqa bir yerdə buyurur:



"Məhv olsun yalançılar! Cəhalət girdabına düşüb qafil olanlar!". («Zariyat»-10,11)

"Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır". («Munafiqun»-9)

Həzrət Əli(ə) nəsihət edərək buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki ona itaət etməmək nəticəsində Tanrının qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə et".60

"Zikr əhli o kəslərdir ki, oyanış nurunu gözlərində, ayıqlığı ətlərində və qanlarında qərar verib Allah gününü (Qiyamət gününü) həmişə yada salarlar. (Yəni başdan-ayağa ayıqdırlar və Allah gününü yaddan çıxarmırlar.)61

"Ayıqlıq nurdur, ayıqlıq bəsirətdir. Dində agahlıq bir nemətdir, hər kimə əta olunsa, ona ruzi verilmişdir".62

"Bir kəs yoxdur ki, ölümdən qabaq qəflət yuxusundan oyansın?"63

"Qəflətdən uzaq olun, çünki qəlbin rəhimsizliyi təkcə qəflət yatağında bəslənir."64

İmam Səccad(ə) dua edərkən qəflət yuxusundan Allaha pənah apararaq belə deyir: "İlahi, tənbəllik, süstlük, kədər, paxıllıq və qəflətdən sənə pənah gətirirəm".65

Sübh duasında oxuyuruq:

"Ey o kəs ki, əmin-amanlıq beşiyində məni yuxuya apardın. Nemətlərə və yaxşılıqlara yetişmək üçün məni ağır yuxudan oyatdın…"

Ona görə də, ey müsəlman qardaş və bacım, nə qədər ki, gec deyil qəflət yuxusundan ayılıb axirət yolunun qayğısına qal. Sabaha qalsa, gec olar, əcəl peyki qəflətən səni yaxalayar.







Xatırlama

İnsan həmişə Allahı xatırlamalı, onu düşünməli, heç vaxt Allah-təalanın qarşısında məsuliyyət və bəndəliyini unutmamalıdır, çünki hər kim Allahı unutsa, nəticədə özünü unutmuş olar. Belələri özünə yad olub qəflət vadisində sərgərdan gəzəcəkdir. “Qurani-Kərim”də buyurulur:



"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!" («Həşr»-19)

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da Allahı xatırlar.." («Ali-İmran»-191)

Bu barədə çoxlu rəvayətlər var. Həzrəti-Əli(ə) buyurur:

"Həmişə Allahı yad edin. Bu zikrlərin ən yaxşısıdır." («Nəhcül-bəlağə», xütbə-110)

"Allah-təala özünün xatırlanmasını qəlblərin paklığı və saflığı üçün vasitə qərar vermişdir."66

"Allah zikrinin öz əhli var. Onlar Allahın zikrini dünyanın bütün gözəlliklərindən üstün bilmiş və onları heç bir ticarət, əziyyət və məhrumiyyət Allahın zikrindən saxlamamışdır."67

Həzrəti- Əli(ə) “Həmmam" xütbəsində buyurur:

"Pəhrizkarların nişanələrindən biri də budur ki, onların gecə-gündüz bütün fikirləri Allahdır."68

Peyğəmbər(s) Əhli-beyti və əshabı haqqında buyurur:

"Onlar Allahın adı çəkilən zaman elə ağlayırdılar ki, ətəkləri göz yaşından islanır, küləyin təsirindən lərzəyə gələn ağac kimi titrəyirdilər." 69

"Allahı yad etmək bütün nəfsani xəstəliklərin dərmanıdır." 70

"Allahı həmişə xatırla ki, O, qəlbin nurudur."71

"Allahı yad etmək imanın sütunudur və şeytan tərəddüdünü qəlbə girməyə qoymur."72






Təfəkkür və düşüncə

İmam Sadiq(ə) buyurur: “Təfəkkür və düşüncə yaxşılıqların güzgüsü, pisliklərin örtüyü, qəlblərin nurlandırıcısı, xoşbəxtliyin açarı və qəlbin genişliyidir. Təfəkkür vasitəsilə insan qiyamət gününün xeyrindən, öz işinin aqibətindən xəbərdar olur, elm və biliyi günbəgün artır. Təfəkkür etməkdən yaxşı ibadət yoxdur.» Peyğəmbər(s) buyurur: “Bir saat təfəkkür, bir illik ibadətdən (əlbəttə, burada söhbət müstəhəb ibadətlərdən gedir) daha fəzilətlidir. Yalnız o kəslər bu məqama yetişərlər ki, Allah-təala onları mərifət və tövhid nuru ilə işıqlandırmışdır."73

Təzəkkür (xatırlama) və təfəkkür müxtəlif mərhələlərdə bir-birini izləyir. Gah təzəkkür təfəkkürün başlanğıcı, gah da təfəkkür təzəkkür üçün zəmin yaradır. İnsanın ətrafında baş verən cərəyanlardan yeni məlumatların əldə olunması üçün fikri işə salıb sabitlik və passivlikdən qurtulmaq, durğunluqdan fəaliyyətə keçmək lazımdır. Təfəkkür insanın maddi və mənəvi inkişafının, təkamülünün əsasını təşkil edib, onu başqa məxluqlardan fərqləndirir. Təfəkkür insanı duyğu mərhələsindən düşüncəyə, heyvanlıq dərəcəsindən insanlıq məqamına sövq edir. Təfəkkür insan ruhunun əhatə dairəsini oyadır, onu uca məqamlarda qanad çalmağa həvəsləndirir. Buna görə də Allah-təala möminləri vəsf edərək buyurur:

"O kəslər ki, ayaq üstə olanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması barədə düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!…" («Ali-İmran»-191)

Bu ayədən belə başa düşülür ki, zikr fikirsiz və fikir zikrsiz heç bir fayda verməz. Əgər hər ikisi birgə olsa, insanı heyvanlıq və yırtıcılıq dərəcəsindən ürfan, mərifət zirvəsinə yüksəldər. Ona görə də, əziz qardaş, çalış həmişə Allahı xatırlayasan və eyni halda da təfəkkür edib ruhunu yüksəkliklərdə qanad çalmaq üçün hazır edəsən.

Peyğəmbər(s) buyurur:

«Ağıllı şəxs özü üçün gərək üç vaxt ayırsın: bir qədər Allah-təala ilə münacat, bir qədər özü ilə hesablaşmaq və bir qədər də Allah-təalanın onun barəsində nə edəcəyi haqda düşünmək üçün. Əlavə bir qədər də istirahət və halal ləzzətlərdən bəhrələnmək üçün bunların üstünə artırsın. (Çünki bu mərhələ insana digərlərini yerinə yetirməkdə kömək edir.)”74

Həzrət Əli(ə) buyurur:

"Təfəkkür etməklə qəlbini oyat" 75

"Xoş o şəxsin halına ki, qəlbini təfəkkürlə, dilini isə zikrlə məşğul edir"76

"Hər kim öyrəndiyi şey barədə fikirləşsə, elmini möhkəmlədib qabaqca başa düşmədiklərini anlayar".77

İmam Sadiq(ə) buyurur:

"Təfəkkür insanı yaxşılıq və saleh əməllərə dəvət edir".78

"Əbuzərin ibadətinin çoxu təfəkkür etmək və hadisələrdən ibrət almaq idi."79

İmam Riza(ə) buyurur: "İbadət o demək deyil ki, çoxlu namaz qılıb, oruc tutasan. İbadət Allahın işləri barədə düşünməkdir."80

Deyilənlərdən məqsəd budur ki həqiqi ibadət Allah, onun işləri və iradəsi haqda olan təfəkkürdür. Başqa bir ifadə ilə desək, ibadət odur ki, hər bir şey Allahın məxluqu, iradəsinin məzhəri, sifət və adlarının təcəllisi olduğundan insanın diqqət mərkəzində durmalıdır. Bu cür düşüncə həqiqi pərəstiş olub ibadətin vücuduna can verir.




Məhəbbət və nifrət (Təvəlla və təbərra)

Əxlaq elmində şəhvət və qəzəb kimi təbir olunan məhəbbət və nifrət fəzilətləri kəsb edib, rəzilətləri rədd etmək üçün ən əhəmiyyətli düşüncə, xüsusiyyətdir. İnsan bir şeyi sevməyincə ona tərəf hərəkət etməz və bir şeyə nifrət bəsləməyincə ondan uzaqlaşmaz. İmam Sadiq(ə) buyurur: "Hər kim özünün xeyir əməlindən xoşhallanıb, pis əməlindən narahat olarsa, o, həqiqətən, mömindir." 81

Qısaca desək, məhəbbət və nifrət, dostluq və düşmənçilik, razılıq və narazılıq-bütün bunlar hamısı insan həyatının əsasını təşkil edir. Bu duyğularsız həyat mənasız olub öz sevgi və təravətini itirir. İnsan şəxsiyyəti bu duyğuların əsasında formalaşır. Sədrül-mütəəllihinin təbiri ilə desək, insanları bir-birindən fərqləndirən məhz bu xüsusiyyətlərdir.82

“Qurani-Kərim”də bu mətləbə işarə edilərək buyurulur:



"De, hər kəs öz qabiliyyətinə (xislətinə) görə iş görər.." (İsra-84)

Bəziləri belə təsəvvür edirlər ki, yaxşılıqları və pislikləri müəyyənləşdirmək insanların təkamül və inkişaf etməsinə səbəb olur. Və yaxud əksinə, cəhalət və savadsızlıq mənəvi süqut və passivliyə gətirib çıxarır, lakin bu, yanlışdır, çünki bilik nə qədər faydalı və zəruri olsa da kifayət etmir, ona görə ki, istək və iradəsiz xasiyyət yaranmır. Çox alimlər vardır ki, alkaqollu içkilərin və siqaretin zərərləri barədə kitablar yazmış, lakin eyni zamanda da özləri bu kimi şeylərə aludə olmuşlar. Əbəs yerə deməmişlər ki, həyat əqidə və mübarizədən ibarətdir.

Həyatın əqidəsiz və əqidənin də eşqsiz, məhəbbətsiz, yanğısız mənası yoxdur. Deməli, iman məhəbbətdir, məhəbbət də iman. Nə qədər ki, bir şəxs eşqin və məhəbbətin ləzzətini dadmayıb, imanın da ləzzətini bilməz.

İmam Sadiq(ə) "Məhəbbət və nifrət imandandırmı?"-deyə soruşan şəxsə belə cavab verir: "İman məhəbbət və nifrətdən başqa bir şey deyil."83 Başqa bir hədisdə İmam Baqir(ə) belə buyurur: "Din məhəbbətdir, məhəbbət də din."84

İmam Sadiq(ə) buyurur: "Elə ki, Allahın məhəbbət nuru bir bəndənin qəlbinə saçıb onun batinini işıqlandırdı, Allahın zikrindən başqa onun qəlbində heç bir şey qalmaz. İlahinin məhəbbəti dedikdə batini cəhətdən insanların ən yaxşısı, danışığında ən doğru danışanı, əhdinə ən vəfalısı, əməl və rəftarında ən əməlisalehi, Allah-təalanı xatırlamaqda ən səfalısı, nəfsani xüzu (təvazökarlıqla ümid birgə) və xüşu (təvazökarlıqla qorxu birgə) cəhətdən ən ibadətkarı nəzərdə tutulur. O, (bu keyfiyyətlərə malik olan şəxs) Allaha münacat edən zaman mələklər onunla fəxr edər, onun gördüklərindən və müşahidə etdiklərindən sevinərlər. Allah-təala belə bəndəsinin vücudunun bərəkəti sayəsində ölkə və şəhərləri abadlaşdırar. Onun alicənablığı vasitəsilə bəndələrinə lütf edər. İnsanlar onların haqqına and verdikdə Tanrı dualarını qəbul edər, lütf və mehribanlıqla bəlaları, çətinlikləri onların üzərindən götürər. Əgər bəşəriyyət Allah məhəbbətinin əzəmət və dərəcəsinin uca Yaradanın dərgahında nə qədər böyük olduğunu başa düşsə, şübhəsiz, onun qədəmləri altda olan torpaqdan başqa bir şeylə Allaha yaxınlaşmaz"85

Şübhəsiz, insan zatən camala və kamala aşiqdir. O, gözəllik və yaxşılıqları sevir, pislik və çirkinliklərə nifrət edir. Haqq-təalanın müqəddəs zatı kamal, camal, elm, qüdrət, rəhmət, bir sözlə bütün kamil sifətlərin eyni olduğundan (bu sadalanan sifətlər sifəti-sübutiyyə adlanır), deməli, bütün sevgilərin başlanğıcı Allah sevgisidir. Hər kim gözəllik və kamal aşiqidir, Onu sevir, hər kim Onu sevirsə, camal və cəlalının məzhərini də sevər.

Bu cazibə fitri cazibədir. Heç kəs iradəsindən asılı olmayaraq, həqiqətin, mütləq varlığın, onun gözəllik və camalının cazibəsindən kənarda qala bilməz. Hamı Tanrının elm və qüdrəti qarşısında acizdir. Müqəddəs «Quran»da belə buyurulur:

"Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar.." («Ali-İmran»-83)

"Göylərdə və yerdə kim varsa, (özləri də) kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!" («Rəd»-15)

«İftitah» duasında isə belə oxuyuruq:



"Bütün əzizlər izzəti qarşısında xar və zəlildirlər. Bütün böyüklər əzəməti qarşısında təvazökar və heçdirlər.."

Lakin bu cazibə və fitri itaət kifayət deyildir, çünki özünüislahetmə, saflaşdırma və nəfslə mübarizə meydanında ayıqlıq əsas şərtdir. Bu yolda fitri qüvvələri işə salıb ixtiyar və iradə ilə dostun istəyinə təslim etmək lazımdır, çünki təbii və icbari əməllərin Allaha yaxınlaşmada heç bir dəyəri yoxdur.

Allah-təala “Qurani-Kərim”də buyurur:

"De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın" («Ali-İmran»-31)

Allaha məhəbbət əməllə tamamlandığı surətdə dəyərlidir, yəni məşuqunun iradə və istəyini öz istəyindən üstün bilən aşiq həqiqi aşiq hesab olunur. Bu halda seçim, özünütənqid, itaət və nəfslə mübarizə lazımdır. “Qurani-Kərim”də bu barədə belə deyilir:



"Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinəninizdir) («Hucərat»-13)

Əli(ə) buyurur: "Allah məhəbbəti kimin qəlbinə düşərsə, onu yaxıb-yandırar."86



Yüklə 8,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin