Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə14/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Səkkizinci fəsil


Həkim doğuş zamanımı 1981-ci il avqustun beşinə təyin etmişdi. Lakin iyulun 31-də ağrılar başlayanda əmim yoldaşı bir taksi tutdu, Şirazın çox yaxşı və özəl xəstəxanalarından olan Kəsra xəstəxanasına getdik.

Bir həftə qabaq Bəhməndən məktub gəlmişdi. Yazmışdı ki, uşağın doğuşu vaxtı Şirazda ola bilməyəcək. Həmin bir neçə səhifəlik məktubda çox söz yazmışdı. Mənə təskinlik verib deyirdi: "Ola bilər güclü ağrıların olsun. Ağrın güclənəndə bir-bir Əhli-beyt məsumlarını çağır. Həzrət Zəhraya çatanda Allahı xanıma and ver. Eyni cinsdən olduğunuza görə mütləq köməyi dəyəcək".

Eynilə Bəhmənin dediyi kimi oldu. Doğuş ağrılarım dəhşətli idi. Bədənimin yetərli müqaviməti yox idi. Hamiləlik zamanı daha da arıqlayıb zəifləmişdim. Əmim yoldaşı, anam, əmim, Füruzan, Sağər, Nəğmə və qayınlarımın yoldaşları başım üstə dayanmışdılar.

Bir neçə saat ağrı çəkəndən sonra məni doğuş otağına apardılar. Ətrafımda bir neçə həkim vardı. Onların biri hər iki əli ilə sinəmin altını sıxırdı. Ağrı o qədər güclü idi ki, dözə bilmirdim. Hətta nəfəs almaq da mümkün deyildi. Bu zaman Bəhmənin məktubunu xatırlayıb Əhli-beyti səsləməyə başladım. Ağlayır, onlara and verirdim. İmamların adları qurtarandan sonra yenidən Peyğəmbərdən başlayıb on ikinci imama çatdım. Maraqlıdır ki, onların adlarını ilk dəfə idi sıra ilə çəkirdim. Elə bilirdim ki, Bəhmən yanımda dayanıb və bu adları mənə xatırladır. Onun səsini eşidirdim. Mənə deyirdi: "Nəsrin, həzrət Zəhra... Xanımdan kömək istə. O, mütləq kömək edəcək".

O vəziyyətdə Bəhməni, Xürrəmşəhrdəki həyatımızı, ev və əşyalarımızı xatırladım. Fikirləşdim ki, bütün qadınlar həyatlarının sahmana düşməsini çox sevirlər. Mütləq həzrət Zəhra da belə imiş. Dedim: "Bilirəm ki, sən də ailəni sevirdin; yoldaşını, həzrət Əlini". Sonra qəribə hisslərlə dedim: "Xanım, bizə kömək elə. Kömək elə, Xürrəmşəhrimiz azad olunsun. Mən, yoldaşım, uşağım qayıdıb şəhərimizdə yaşayaq". Ağrı altında ağlaya-ağlaya beynimdən bu fikirlər keçirdi.

Daha gücüm qalmamışdı. Həkimlər çox çalışırdılar, amma uşaq dünyaya gəlmirdi. Həkimlərin biri dedi: "Deyəsən, bu gözəl, dünyaya gəlmək istəmir. Onu əməliyyat otağına aparın. Gərək qeysəriyyə əməliyyatı olunsun!"

***

Əmimgilin ailəsində belə bir adət vardı ki, oğul nəvələrə babaların adlarını qoyurdular. Atamla əmimin adlarının eyni olduğuna görə sevinirdim.



Əli Bəhmənə çox oxşayırdı. Gecələr oyanıb ona süd verəndə məzlum görkəmini görüb Bəhməni xatırlayır, yavaşca ağlayırdım. Anam narahat olurdu.

- Vay! Bu da səndən çıxıb, vallah... Biz adam deyildik?! Füruzanla Sağər kiçik olanda ataları ömrünü sizə bağışladı. Şükür Allaha, uşağın atası sabah-birigün gələcək. Bu qədər özünə əzab vermə, qız! Bu uşaq yazıqdır, vallah. O qədər ağlayırsan, axırda gözlərin kor olacaq.

O günlərdə xürrəmşəhrlilər hər yerdə bir-birini tapırdılar. Xürrəmşəhrdən olan ağa Nurani ilə təsadüfən, Şirazda qonşu olduq. Cəbhədən gələndə yoldaşı oğlumuz olduğunu ona demişdi. O da Abadana qayıdanda bunu Bəhmənə xəbər verib muştuluq almışdı. Orada ona kiçik şənlik keçirmişdilər.

Dəqiq yadımda deyil, bir neçə həftədən sonra Bəhmən gəldi, özü ilə həyat dolu sevinc gətirdi. Bəhmən Əlini görüb çox sevindi. Ancaq onu məndən alan kimi geri qaytarıb dedi: "Nəsrin, tez tut, indi düşəcək. Qorxuram". Məni gülmək tutdu.

Anam axşam Bəhmənə Əlinin yanında yataq sərib dedi: "Bu gecə ata-oğul yatarsınız". Özü bayırda yatdı. Bəhmənsə yuxuda Əlinin üstünə diyirlənməkdən qorxub yatağını kənara çəkdi.

Həmin gecə hər dəfə Əliyə süd verməyə qalxanda Bəhmən də oyanırdı. Yuxusu gəlirdi, amma Əlinin süd əmməyindən həzz alırdı. Səhərə yaxın Əli oyandı, Bəhmən məndən tez qalxıb onu sakitləşdirməyə çalışdı. Qucağıma götürüb ona süd verdim. Bəhmən yatağını topladı. Ürəyimə həyəcan düşdü. Soruşdum ki, birdən getmək istəyərsən. Yatağı otağın küncünə qoyub qarşımda oturdu.

- Hə, getmək istəyirəm. Xürrəmşəhrdən sonra düşmən Abadanı tutmaq istəyir. Əhvaz-Abadan yolu tamamilə mühasirədədir. İmam Xomeyni əmr edib ki, Abadanın mühasirəsi yarılsın. Əməliyyatdan qabaq sizi görməyə gəldim. Abadan arzusunu ürəklərində qoyacağıq. Qoy mühasirə yarılsın, vallah, gəlib bir müddət sizinlə qalacağam. Ümumiyyətlə, işlər yoluna düşsə, sizi özümlə Abadana aparacağam. Nəsrin, gələrsən?

Abadanı xatırladım; düşündüm ki, oranı həmişə sevmişəm, yenə yaxşı keçəcək.

- Hə, vallah, gələrəm.

Bəhmən hər dəfə gəlib-gedəndə arxasınca uşaq kimi ağlayırdım. Həmin gün isə Əliyə süd verdiyim yerdə qəhər içində dedim: "Bilirəm ki, ağlasam da, ağlamasam da, gedəcəksən. Amma sən Əlinin canı, ehtiyatlı ol. Çox diqqətli ol. Əli ilə gözlərimiz yoldadır. Özündən muğayat ol!"

Eşitmişdim ki, südverən qadının duası qəbul olur. Dedim: "Mənə bir dua öyrət, arxanca oxuyum". Bəhmən Quran gətirdi, Bəqərə surəsinin 255-ci ayəsini göstərib dedi: "Ayətül-kürsini əzbərlə; həm özün rahatlaşacaqsan, həm də qəm-qüssəni, dərd-bəlanı uzaqlaşdırmağa yaxşıdır".

***


Əməliyyat olacağını bilən kimi səhər tezdən radionu açıb səsini artırırdıq. Səhər saat 8-də, günorta saat 2-də və axşam saat 9-da verilən bütün xəbər proqramlarını dinləyirdik.

1981-ci ilin 27 sentyabrı idi. Səhərdən radiodan əməliyyat marşı yayımlanırdı. Diktor gur səsi ilə elan edirdi: "Əziz dinləyicilər! Diqqət! Diqqət! Əziz dinləyicilər! Diqqət! Diqqət! Bir saat öncə Abadan və Karunun şərqi istiqamətində İran İslam Respublikası ordusunun Quru qoşunları və Xorasan diviziyası tərəfindən "Kömək Allahdan və zəfər yaxındır" parolu ilə genişmiqyaslı Saminül-əimmə (səkkizinci imam) əməliyyatı başlanmışdır. Bu əməliyyatda məqsəd Abadanın mühasirəsini yarmaq və müqəddəs torpaqlarımızın kilometrlərlə ərazisini geri almaqdır".

Xəbərlər İslam döyüşçülərinin qələbə çaldığını bildirirdi. Çoxlu iraqlı döyüşçünün, saysız-hesabsız texnikanın, o cümlədən bir neçə tankın və çoxlu silah-sursatın ələ keçirilməsi bizim sevincimizə səbəb oldu. Bəhmənin sözü yadıma düşdü. Deyirdi ki, Xürrəmşəhrin süqutuna yaxın günlərdə yol polisi ilə üzbəüz bir şirkət binasına yerləşmişdilər. Onlar düşməni geri qovub bir neçə tank, çoxlu silah-sursat və bir neçə sağlam rio avtomobili qənimət götürmüşdülər. Bəlkə də bu, ilk qələbə və qənimətləri olmuşdu. Dostları ilə birgə İraq riolarına minib şəhərdə siqnal verə-verə gəzdiklərini söyləyəndə gözlərindən sevinc yağırdı. Onların biri qəliz ləhcə ilə sevincək deyirmiş: "Bu gördükləriniz İraq maşınlarıdır, döyüş qənimətləridir".

Radiodan qələbə marşı səsləndirilib Abadanın mühasirəsinin yarıldığı elan olunanda evimizdə toy-bayram idi. Qayınanam xüsusi şənlik səsləri çıxarır, anam oynayır, qayın yoldaşlarım əl çalırdılar. Mitra ilə Nəğmə qazan və sini ilə nağara çalırdılar. Səidlə Həmid adətləri üzrə bəndəri rəqsi oynayırdılar. Şirazda yaşayan xürrəmşəhrli və abadanlı qaçqınlar küçələrə çıxıb insanlara şirniyyat paylayır, ağlaya-ağlaya bir-birlərini qucaqlayır, öpüb təbrik edirdilər. Həmin günlərdə Ayətül-kürsini yenicə əzbərləmişdim. Oxuyub Abadana tərəf üfürürdüm.

Noyabr ayında Şirazda hava mülayim idi. Hələ qayınanamgildə idim; Əlinin bələk-beşiyi ilə dolu olan, uşaq dəstinin taxta, boya və lakının, habelə uşaq pudrasının iyi gələn böyük otaqda. Əli süd əmir, gülüşlərilə qəm-kədərimizi aparırdı. Həmin günlərdə Bəhmən gəldi. Abadanın mühasirəsinin yarılması onu çox ruhlandırmışdı. Şən idi, hamı ilə zarafat edirdi.

Bir neçə gündən sonra dedi: "Nəsrinlə oğlumu özümlə aparmaq istəyirəm". Qayınanam razılaşmadı. Əmi Əlini qucağına götürüb dedi: "Kəllən hələ də xarabdır! Bilirsən Abadanda vəziyyət necədir?! Bu uşağı bomba altına aparmaq istəyirsən?! Bunların nə günahı var?!" Bəhmən hamının narahatlığını aradan qaldırmaq üçün dedi: "Abadana aparmıram. Mahşəhrə gedirik. Orada əmin-amanlıqdır". Əmimin cavabı isə hazır idi.

– Hə, nənən canı! Uşaq aldadırsan?!

Bəhmən çamadanımı hazırladı, əlimdən tutdu, Əlini qucağına götürdü. Hamı ilə sağollaşdıq. Yoldaşımla çiyin-çiyinə getdiyimə görə uşaq kimi sevinirdim. Bəhmən əlimi tutanda, avtobusda yan-yana oturanda sevindiyimdən yerə-göyə sığmırdım.

Mahşəhrdə çoxlu sinifləri olan və kamp adlandırdıqları bir məktəbdə bizə bir otaq aldı. Kiçik sinif idi, rəngsiz pərdəsi vardı, günəş dəliklər arasından köhnə və çirkli boz kovrolitə saçırdı. Fikirləşdim ki, belə bir yerdə Əlini necə yedizdirib yatızdıraram, əsgilərini necə yuyaram?!

Bəhmən bizi qoyub getdi. Bütün siniflər Abadandan, ətraf kənd və şəhərlərdən didərgin düşmüş adamla dolu idi. Bəzən bir otaqdan ağı və şivən səsi gəlirdi. Bilirdim ki, qonşum hansısa əzizini itirib. Bəzən şənlik səsi gəlirdi, həmin kiçik otaqlarda toy edir, gəlin gətirirdilər. Hər səhər bir əsgər gəlib gündəlik yemək payımızı sinif qapılarının arxasına qoyurdu: çörək, pendir, qənd və çay. Nahar və şam yeməklərini də vaxtından əvvəl gətirirdilər.

Təkbaşına Əlinin öhdəsindən gələ bilmirdim. Çadramı başıma atıb Əlini qucağıma götürməli, həyətin o başında soyuq su kranı altında yumalı idim. Bəzən Əli oyaq olub tərslik edəndə, həm də çoxlu yuyulmamış əsgi qalanda məni ağlamaq tuturdu. Çox vaxt yandakı qonşumdan icazə alırdım ki, qızı bizə gəlib yarım saat Əlinin yanında qalsın. Qız Əlinin yanında əda çıxarır, onu güldürür, mən də həyətin o başındakı tualetlərin yanında əsgiləri yuyurdum. Həmişə də nigaran qalırdım. Fikirləşirdim ki, birdən qız Əlini qucağına götürüb yerə yıxıdar. Tələm-tələsik əsgiləri yuyub ipdən asır, tez uşağın yanına qayıdırdım.

Anam üçün, habelə Xürrəmşəhrdəki evimiz, keçmişdə qalmış xoş günlərimiz, çayın sahili, estakada və balıq bazarları üçün darıxırdım. Əsgər xörəyi yeməkdən bezmişdim. Əmim yoldaşının qəlyə-balığını ürəyim istəyirdi. Samosa və falafel də istəyirdim. Özümü dustaq kimi hiss edirdim. Həmişə ehtiyatlı idim ki, səsim yandakı otağa getməsin. Uşağıma ucadan laylay oxuya bilmirdim. Anamın dəşti laylalarını xatırlayıb yavaşca zümzümə edirdim:



Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin