Васунәкләр һәр ики тәрәф арасында ниҝаһ бағларыны мөһкәмләндирмәк үчүн охунан гәлбдән ҝәлән халг мусгисидир



Yüklə 2,19 Mb.
səhifə2/27
tarix10.01.2022
ölçüsü2,19 Mb.
#108172
1   2   3   4   5   6   7   8   9   ...   27

Birinci fəsil


Anamla mənim həyatım bir-birinə çox oxşayır. Anam – Səkinə xanım uşaqlıq və gənclik dövrlərində çətin günlər yaşamış, başı çox müsibətlər çəkmiş, sonda xoşbəxt ailə həyatı qurmuşdu. Atam gəmidə çalışdığından çox vaxt günü dənizdə keçirdi. Sahildə olduğu zaman isə Həffar Berim1(Qeyd) limanında lövbər salan xarici gəmilərin təsərrüfat işlərinə rəhbərlik edirdi.

Atam çox yaraşıqlı, mehriban və savadlı bir insan idi. Fars dilindən əlavə bir neçə xarici dildə, xüsusilə ingilis dilində yaxşı danışırdı. Anam atamı çox sevirdi, onunla qürur hissi duyurdu. Amma bu xoşbəxtlik uzun sürmədi. Atam cavan ikən bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi. Onun ölümü hamımız üçün ağrılı-acılı oldu; illərdən sonra həyat yoldaşımın ölümü kimi.

Bəhmən də atam kimi yaraşıqlı, mehriban və savadlı idi. Onu hələ uşaqlıq dövründən çox sevirdim, yeniyetməlik yaşına çatdıqda isə ona aşiq olduğumu hiss etdim. Bir neçə ildən sonra ailə həyatı qurduq. Onunla birgə xoşbəxt həyat sürürdüm. Hətta göydən başımıza yağan od yağışı və bombaların altında belə, hara gedirdisə, mən də onun arxasınca qaçırdım. Bu xoşbəxtlik də uzun sürmədi. Bəhmən də atam kimi cavan yaşında dünyasını dəyişdi.

Yazıq anam bu acı hadisələr üzündən, sağlığında yalnız mənim və balalarımın həyatını qurmaqla məşğul idi. O, eşqin nə olduğunu yaxşı bilirdi. Ailəsini, həyatını çox sevirdi. Atasının və həyat yoldaşının vurğunu idi. Sonralar isə bütün varlığını bizə, yəni, övladlarına və övladlarımıza həsr etdi.

Anam mənimlə balalarıma başqa bir gözlə baxardı. Bu üzdən bizim dərdimizi hamıdan çox çəkər, məhəbbəti ən çox bizə nəsib olardı.

O, dünyasını dəyişdikdən sonra qəlbimdə günbəgün böyüyüb dərinləşməkdə olan qəribə bir boşluq yarandı.

Sanki anama bütün məhəbbətim bu boşluğun dərinliklərində özünə yuva qurub. Onun üçün çox darıxıram. Heyhat! Anam mənim pənahgahım idi.

Hara gedirdimsə, arxamca gəlirdi; Xürrəmşəhrdən Şiraza, ordan Quma, Qumdan Mahşəhrə, daha sonra Tehrana, Abadana...

Xatirələrimi danışmaq istəyərkən xəyal dünyamda hamıdan çox anamı duyuram, məni tərk etdiyini həmişə olduğundan daha çox hiss edirəm. Hərdən düşünürəm, nə yaxşı ki, anam başıma gələn bu bəlaları görmədən dünyasını dəyişdi. Çox sevinirəm ki, heç olmasa düçar olduğum son müsibətləri görmədi, bundan artıq dərdimi çəkmədi.

Bəzən taleyimdən narazılıq edirəm. Amma övladlarıma nəzər salanda sakitləşib, Allahıma təvəkkül edirəm. İnanıram ki, Tanrı Özü mənim həyat hekayəmi belə yazıb və baş vermiş bütün hadisələri anamla mənim həyatıma elə məharətlə həkk edib ki, bu iş Ondan başqa heç bir yazıçının əlindən gəlməzdi.

Anamın uşaqlıq dövrü indiyədək eşitdiyim ən qəmli sərgüzəştdir.

***


Anam Şirazın tanınmış xan nəsillərindən birinin nümayəndəsi olan Hüseynqulu xan Zaman Zamaninin qızı idi.

Hüseynqulu xan çox mərd, cəsur və zülmə baş əyməyən bir insan olmuşdur. Gənclik dövründə feodallara qarşı silahlı mübarizəyə başlamış və bu səbəbdən Rza şahın fərmanı ilə tutulub, Şirazın Kərim xan zindanına salınmışdı. İllər keçsə belə, ondan heç bir xəbər olmamışdı.

O illər ikinci dünya müharibəsinin alovlandığı vaxt idi. Müttəfiqlər İranı işğal edərək, ölkə əhalisini aclıq və xəstəliklərə düçar etmişdilər. 1941-ci ildə Fars əyalətində tif epidemiyası yayılmağa başladı. O zaman anamın altı yaşı vardı. O, ailənin ən böyük övladı idi. Anası və özündən kiçik iki bacısı ilə Fars əyalətinin Lamerd kəndində yaşayırdı. Tif epidemiyası bais oldu ki, kənd əhalisi xəstəliyə yoluxmamaq üçün öz ərazilərini tərk etmək qərarına gəlsin. Beləliklə, yaxınlıqdakı kəndlərə köç başlandı.

Anam bəzi vaxtlar o illərin xatirələrini bizə danışardı. İnsanların xəstəliyin qorxusundan çox cüzi bir imkanla ətraf kəndlərə dəstə-dəstə köç etməsi haqqında, kimin at, kimin qatır, kiminsə piyada səfərindən danışardı. Bu amansız xəstəlik yolda onları yaxalayırmış. Anam xatırlayırdı ki, çoxları əl ağacına söykənmiş halda, ya da ki, səfər boğçalarını sinələrinə sıxmış vəziyyətdə dünyalarını dəyişmişdilər. O, xəstəlik qurbanlarının sayının az olması üçün cəsədlərin yüksəklikdən dərələrə atılmasının, yandırılmasının şahidi olmuşdu. Deyirdi ki, qonşu kəndə çatmazdan öncə, nənəsi, yəni Hüseynqulu xanın anası xəstəliyə yoluxdu və bir neçə gündən sonra qərib diyarda dünyasını dəyişdi. Balaca Səkinə bu mehriban nənəni yolda kəfənləyib dəfn etməkdə anasına kömək etmişdi. Xəstəliyin ətraf kəndlərə çatıb saysız-hesabsız insanları öldürmə xəbərini eşitdikdə, karvan əhli qərara gəlir ki, yollarına davam edib daha uzaq ellərə getsinlər. Anam ağlayıb deyərdi ki, kiçik bacımı da bu yollarda itirdim.

Səkinə və anası evin şirindil balasını bu yollarda torpağa tapşırdılar. Anam bu müsibətə davam gətirə bilməyib, gecə-gündüz əldən verdiyi sevimli, balaca bacısı üçün ağlayırdı. Anası isə dözümlü və güclü bir qadın olduğundan, müsibət qarşısında baş əymir, heç bir etiraz və şikayət etmədən, var gücü ilə bu dərdə dözürdü. Başlarına gələn bəlanın böyüklüyü o zaman duyuldu ki, başqa bir kəndin yaxınlığında anamın ikinci bacısı da tif xəstəliyinə yoluxub, bir neçə gündən sonra dünyadan getdi. Səkinə və anası ailənin balaca, gözəl qızını o kənddə dəfn edib öz canlarını xilas etmək üçün yollarına davam etdilər. Amma tif xəstəliyi onları addım-addım izləyirdi. Neçə gündən sonra Səkinənin anası da xəstəliyə yoluxub, əldən düşdü. Ölümünün yaxın olduğunu duyan ana qızının balaca əllərini sıxıb deyir: "Səkinə can, mənim balaca qızım, sən mənim ümid və arzularımın çırağısan; dünyadan köçsəm, ümidini itirmə! Mən bacılarınla görüşmək üçün cənnətə gedirəm. Buna sevin və şadyanalıqla ömrünü davam et!" Sonra onu bağrına basıb deyir: "Əziz balam, gözümün işığı, bütün itirdiklərimin əvəzi, özünü qoru. Sən çox güclü və cəsur qızsan. Gərək çalışıb həyatda qalasan ki, atana qovuşa biləsən. Dözümlü ol və atanı axtarıb tap. Onu görəndə salamımı çatdırıb de ki, onu çox sevirdim, daim yolunu gözləyirdim. Ümid edirəm ki, ata-bala birgə xoşbəxt ömür sürəcəksiniz”. Sonra yaxınlıqdakı qadınlardan birini çağırıb, sevimli Səkinəsinin əlini onun əlləri arasına qoyub deyir: "Bircə balamı sizin yanınızda əmanət qoyub gedirəm. Qızımdan muğayat olun, ona kömək edin ki, atasını tapsın”.

Bu sözlərdən sonra ana bir qaya parçasına söykənib deyir: "Mənim üçün namaz qılıb, bir müsəlman kimi dəfn edin”. Kəlmeyi-şəhadətini söyləyir. Başını daşa dayayıb, gözləri ilə ucsuz-bucaqsız mavi səmanı süzür, ah çəkib dünyadan köçür. Onu elə həmin qaya parçasının yanında, qəm-qüssə içində, böyük ehtiramla torpağa tapşırdılar. Səkinə həmin qayanın yanında oturub, saatlarla ağlayır, ətrafdakılar qızcığazı sakitləşdirməyə çalışsalar da, o, öz uşaq ağlı ilə bu dünyada kimsəsiz qaldığını dərk edir.

Nəhayət, Səkinəni anasından əmanət kimi qəbul edən qadın yaxınlaşıb, onu mehribanlıqla qucaqlayır və özü ilə birgə yaşadığı kəndə aparır. O kənddə tif xəstəliyindən heç bir xəbər yox idi. Camaat sakit və asudə həyat sürürdü. Bununla belə, Səkinə xəstələnib, yatağa düşdü. O, tifə yoluxmamışdı. Bir tərəfdən qəribçilik, bir tərəfdən də əzizlərinin dünyadan köçməsi qızcığazı üzmüşdü. Heç nə yemir, heç kəslə söhbət etmirdi. Kənd əhalisi bu tənha uşaq üçün əllərindən gələn heç bir köməyi əsirgəmirdilər. Onların qulluğu və zəhməti sayəsində Səkinə sağalıb, yataqdan qalxdı. Amma, o vaxtdan bəri nə bir söz deyər, nə də biri ilə danışardı. Sakit və başıaşağı olmuşdu. Vəziyyət bir neçə il bu minvalla, Hüseynqulu xanın zindandan azad olmasına qədər davam etdi. O, zindandan çıxan kimi, şad-xürrəm halda yurd-yuvasını görmək ümidi ilə atını sürətlə çapır, kəndləri və obaları bir-birinin ardınca arxada qoyurdu. Amma hansı kənddə istirahət etmək üçün dayanırdısa, əzizlərindən birinin ölüm xəbərini eşidirdi. Qaya parçasının yaxınlığındakı kənddə cavan həyat yoldaşının ölüm xəbəri Hüseynqulu xanı qəm dəryasına qərq etdi. O biri kəndin torpağında gözəl qızı əbədi yuxuya getmişdi. İki qəsəbə arasında isə ikinci şirindil balasını əldən vermişdi. Kəndlər və yollar bir-birinin ardınca xana əzizlərinin, ata-anasının ölüm xəbərini çatdırırdı. Nəhayət, doğma Lamerd kəndinə çatıb anlayır ki, burada onun yolunu gözləyəcək kimsə qalmayıb. Amansız xəstəlik qohumlarının bir hissəsini dünyadan aparmış, o biri hissəsini isə evindən didərgin salmışdı. Hüseynqulu xan tez bir zamanda yenidən səfərə çıxır. Bu dəfə o, ailəsinin sağ qalmış yeganə üzvünü, səkkiz yaşlı qızı Səkinəni axtarmağa yola düşür. Bir neçə həftədən sonra eşitdiyinə görə, qızının yaşadığı kəndə çatır. Zindanda keçirdiyi illər gözlərinin nurunu əlindən almışdı. Torpağın üstündə oturmuş balaca qızı çətinliklə görür. Ondan soruşur ki, qızım, sən Səkinəni, mənim qızımı tanımırsan? Tif xəstəliyi onun bütün qohumlarını əlindən alıb. Özü də bu kənddə qalıb, atasının zindandan azad olmasını gözləyir. Səkinə başını yuxarı qaldırır və illər boyu susduqdan sonra ilk dəfə olaraq, qırıq-qırıq səslə söyləyir: "Mən Hüseynqulu xanın qızıyam. Adım da Səkinədir”. Atası onu qucaqlayıb deyir: "Doğrudanmı sən mənim balaca qızım Səkinəsən?!" Beləliklə, bütün bu acı hadisələrdən sonra ilk dəfə olaraq, ata balanın dodağına təbəssüm qonur, çəkdikləri əzab və çətinliklər arxada qalır. Həmin il müharibə sona çatır, işğalçı rus və ingilis silahlı qüvvələri İranı tərk edir.

Hüseynqulu xan Abadana sürgün olunur. Ali savadlı və bacarıqlı olduğundan, Abadanın neft şirkətlərinin birində neft və yük daşıma gəmilərinin kapitanı vəzifəsində işə düzəlir. O, qohumlarının axtarışına davam edir və sağ qalanları bir-birinin ardınca tapır. Hüseynqulu xan bir müddətdən sonra yenidən ailə qurur. Bir neçə il keçdikdən sonra isə on üç yaşlı Səkinəni öz qaynına ərə verir, toy mərasimi keçirib, kəbinlərini kəsdirir və Xürrəmşəhrə gəlin köçürür. Beləliklə, başı bəlalı Səkinə dönüb olur Səkinə xanım Baqiri, yəni, cənab Qulamhüseyn Baqirinin həyat yoldaşı.

Səkinənin həyat yoldaşı çox xeyirxah, mömin və dürüst bir insan idi. Dörd illik ailə həyatı müddətində Allah onlara iki qız övladı bəxş etmişdi. Bu balaca qızlar, analarının ögey qardaşları, yəni, dayılarından yaşca çox az fərqlənirdilər. Səkinənin ikinci qızının dünyaya gəlməsinə bir neçə gün qalmış, gözlənilmədən, həyat yoldaşı xəstələnir. Onu Xürrəmşəhrin Xombe və ya "əllinəfərlik" adlanan xəstəxanasına yerləşdirirlər. İkinci qız dünyaya göz açır, amma uşağın atasının halı yaxşılaşmır. Xəstəliyi bir az da ağırlaşıb sonda böyrək çatışmazlığı ilə nəticələnir. Beləliklə, ikinci qızın dünyaya gəlişindən iyirmi gün sonra, ata həmin xəstəxanada dünyasını dəyişir. Yenidən Səkinənin çətin günləri başlayır.

Bir müddətdən sonra iki yaşlı Füruzan və bir neçə aylıq Sağər xəstələnirlər. Səkinə xanım evin xərclərini ödəmək və övladlarını müalicə etdirmək üçün qulaqlarındakı sırğaları satıb, uşaqları həkimə aparır. Həkim Dirani Səkinə xanımın uzaq qohumu olduğundan, onu tanıyıb, pərişanlığının səbəbini soruşur. O, həyat yoldaşının dünyadan köçməsi və uşaqlarının xəstəliyi ucbatından əzab çəkdiyini bildirdiyi zaman, iyirmi yaşlı, uca boy bir gənc otağa daxil olur. Bu gənc həkim Diraninin kiçik qardaşı idi. O, Səkinənin bütün sözlərini eşidir və çox narahat olur. Həkimin göstərişinə görə tif xəstəliyinə tutulan Sağəri Xombe xəstəxanasına yerləşdirirlər.

Həkimin cavan qardaşı Füruzanı qucağına alıb, Səkinə xanımla birgə uşaq üçün quru süd və dərman almağa gedir. Həmin axşam, Diraninin ata evində ailə yığıncağında həkimin cavan qardaşı Səkinə xanımın tənhalığı, vəziyyətinin çətinliyi və Sağərin xəstəliyi haqqında danışıb, bu məsələ ilə əlaqədar, öz qərarını ailəsinə çatdırır. Ailə üzvləri onun bu fikrini alqışlayırlar. Bir neçə həftədən sonra Sağər xəstəxanadan evə qayıdan zaman, həkim Dirani ailə üzvləri ilə birgə Hüseynqulu xanın evinə Səkinə üçün elçiliyə gəlir. Hüseynqulu xan Səkinə xanımın həkimin qardaşı ilə evlənməsinə bir şərtlə razı olur ki, cavanlar toydan sonra onun ailəsi ilə birgə yaşasınlar. Beləliklə, kəbin kəsilir və mənim başı bəlalı anam dönüb olur Səkinə xanım Baqiri. Yəni, atamın – cənab Əli Baqirinin həyat yoldaşı.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin