Bacarıram, bacarıram, amma deyim bacarmıram!
Ayağıma tikan batıb, çıxartmağı bacarmıram!
Ahay, çıxart bu tikanı, görürsən ki, bacarmıram!
Biz də yerli adət üzrə əl çalardıq və o da başqa birini deyərdi:
Eşşəyimin çubuğundan yaxşı qaval düzəldərəm,
Sonra özüm mütrüb olub, eşşəyimi əzizlərəm!
Hamımız əl çalıb, oxuyardıq:
Eşşəyim üç gündür yonca yeməyib,
Bəs, niyə eşşəyim hələ ölməyib?!
Əlirza da oxumağa davam edərdi:
Eşşəyimin ayağından həvəngdəstə düzəldərəm,
Sonra özüm misgər olub, eşşəyimi əzizlərəm!
Hamımız əl çalıb, oxuyardıq:
Eşşəyim üç gündür yonca yeməyib,
Bəs, niyə eşşəyim hələ ölməyib?!
O qədər oyunbazlıq edər və çiynində növbə ilə uşaqları gəzdirərdi ki, biz də gülməkdən uğunardıq. Qayıdanda da yük maşınının arxasında başqa bir oyun oynayardıq. Oyunda çox vaxt Bəhmən qalib gələrdi. Nəfəsini uzun müddət saxlaya bilirdi. Nə qədər çalışsaq da, onun kimi nəfəsimizi saxlaya bilməzdik. Oyunun yarısında nəfəsimiz kəsilər və uduzardıq. Bu oyunda heç kim Bəhmənə rəqib ola bilməzdi. Başqa oyunlarda kələkbazlıq və hay-küylə qalib gəlirdisə, bu oyununda heç bir kələksiz hamını udardı.
Yük maşını kələ-kötür yollardan sürətlə keçərkən biz də közün üstündəki üzərlik dənələri kimi yuxarı-aşağı atılıb düşər, xurma ağaclarının ardından günəşin qürubuna tamaşa edirdik. Torpaq yollardan keçəndə, toz-torpaq boğazımıza dolar, o ki var, öskürərdik. Bununla belə, maşından düşüb, əmimiz, bibilərimiz, ya da başqa ailə üzvlərimizin maşınına minməyə razı olmazdıq. Yük maşınının arxasında getmək bizə ən yaxşı səyahət idi. Səidlə Həmid dəmir oturacaqların üstündə ayaqlarını maşından çölə sallayaraq yatmışdılar. Qəfildən Səidin çimərlik rezin çəkələyini bir tayı ayağından yerə düşdü. Nə qədər qışqırıb, səs-küy salsaq da sürücü bizi eşitmədi. Səid maşından düşəndə onun bir tayı ilə evə qayıtdı.
Həmin illərin birində təbiət günündən yorğun-əzgin halda əmimgilə çatdıq. Yoldaşı tapşırdı ki, əynimizdə toz-torpaqlı və çirkli nə varsa çıxarıb, paltaryuyan maşına yığaq. Mən də hamı kimi əynimi dəyişib, mətbəxə keçdim və toz-torpağa batmış paltarlarımı maşına atdım. Bəhmən mənə göz vurub, dedi: "Nəsrin, maşını işə salmaq istəyirsən?" Bilmədim, ağlına yenə nə gəlmişdi. Amma onun mənimlə danışmağı, başqa sözlə, yetkin bir insan kimi davranması xoş idi. Dedim: "Hə!" Mənə bir qutu camaşır tozu verdi. Ondan bir qədər paltaryuyan maşına tökdüm. Bəhmənin anası maşını işə saldı. Biz də hər şeydən xəbərsiz halda yatmağa getdik. Bir az keçmiş, əmimin yoldaşının qışqırıq səsinə yuxudan ayıldıq. Məlum oldu ki, Bəhmən bu dəfə başımıza hansı oyunu açıb. O, mənə yuyucu toz əvəzinə əl yumaq üçün istifadə olunan dərman tozu veribmiş. Deməli, bu dərman o qədər köpüklənmişdi ki, köpüklü su maşından daşıb, mətbəxin döşəməsinə tökülmüşdü. Mən isə əmimin yoldaşının üzünə baxmağa xəcalət çəkdiyimdən ağlamağa başladım. Narahat halda üzümü anama tutub, dedim: "Ana, gəl gedək öz evimizə! Elə bu dəqiqə dur, gedək evimizə!" Bəhmən də çaşqın və yazıq hala düşərək bizə baxırdı. Daha gözlərindəki nadinclikdən bir əsər qalmamışdı. Şalvarının balağını qatlayıb, mətbəxə girdi. Əlindəki şlanqla döşəməni yuya-yuya mənə dil tökürdü: "Nəsrin, səhv eləmişəm! Allaha and olsun, mənim təqsirimdir! Mənim xətrimə ağlama!" Sonra anama yalvarmağa başladı: "Xala, sizi and verirəm Allaha, getməyin! Mənim təqsirimdir və onun günahı yoxdur! Mənəm müqəssir!"
***
Mən "Fərəhnaz" məktəbində dərs oxuyurdum və dördüncü sinif şagirdi idim. Amma bədən quruluşu və boy-buxun cəhətdən yaşımdan böyük görünürdüm. Gücümü və bacarığımı hamıya nümayiş etdirməyi xoşladığımdan bəzən tənəffüsdə sinif yoldaşlarımla qaçış müsabiqəsi keçirərkən, demək olar, həmişə qalib olurdum. Bir gün məktəbin həyətində uşaqlarla yarış keçirirdik. Finiş xəttinə çatmağıma az qalmış qəfildən huşumu itirib, yerə yıxıldım. Arxadan gələn yoldaşlarımla aramızdakı fasilə az olduğundan onların neçəsi üstümə yıxılmışdı. Məni hərəkətsiz görən uşaqlar qışqırıq salaraq köməyə məktəbin direktoru və təlim-tərbiyə üzrə müavinini çağırmışdılar. Direktorun müavini məktəbin yaxınlığındakı xəstəxanaya zəng vurmuşdu. Əmimin həmin xəstəxanada işlədiyini bilirdilər. O, xəstəxanaya həkim Diraninin qardaşı qızının yıxıldığını xəbər verərək təcili yardım çağırmışdı. Xəbər çatan kimi əmimə özünü tez məktəbə çatdırmış, məni müayinə edib, sağ olduğumu biləndən sonra onunla birgə gələn tibb bacılarına məni xərəkdə xəstəxanaya çatdırmalarını istəmişdi. Orada məndən analizlər götürüb, başımı, sinəmi və əl-ayağımı rentgenə salan zaman əmim kənarımda idi. Sinə nahiyəsindən aldığım şiddətli zərbə nəticəsində təngnəfəsliyə düçar olmuşdum. Əmim rentgen şəkilləri və analizlərin cavabına baxandan sonra məni Abadanın "Pəhləvi" xəstəxanasına köçürülməyi göstəriş verdi. Əmimin Xürrəmşəhrdə çalışdığı Karun çayının sahilindəki "Şir və günəş" xəstəxanası korpus və təchizat baxımından məhdud, "Pəhləvi" xəstəxanası isə böyük və tam təchizatlı tibbi mərkəz idi. Əmim epikrizində məndə epilepsiyanın olduğunu qeyd etmişdi. Atam-anam və ailə üzvlərim vəziyyətimdən xəbərdar olan kimi özlərini Abadana çatdırdılar. Anam durmadan ağlayır, atam isə əllərimdən tutub, iri və qara gözlərinin mehriban ifadəsi ilə mənə baxaraq deyirdi: "Qəşəng qızım, bu nə işdi başına gəldi, əziz balam!" Tez bir zamanda bibilər, dayılar, əmilər, bacılar, qardaşlar, əmilərimin həyat yoldaşları, babam və Siddiqə xalayadək bütün qohum-əqrəbamız başıma yığışdı. Gələnlərin sayı o qədər çox idi ki, özüm də mat qalmışdım. Əmim Diraniyə qohumlarımız vaxtlı-vaxtsız əllərində kompot, oyuncaq, şirniyyat və xarici şokolad qutuları ilə məni görməyə gəlir, axşama qədər yanımda qalırdılar. Amma gecələr heç kimə xəstə yanında qalmağa icazə verilmirdi və bu işdə hətta Dirani əmi də bir iş görə bilməzdi. Səhərdən axşamadək yaxınlarımın ətrafımda olması mənə gecələri darıxdırıcı və cansıxıcı edirdi. Odur ki, mən də gətirilən oyuncaq və şirniyyatı götürüb, xəstəxananın uşaqlar üçün ayrılan bölməsinə gedirdim. Balaca uşaqlara qulluğu anamdan və bacılarım Füruzanla Sağərdən öyrənmişdim. Körpələri qucaqlayıb, ayaqlarımda yatırdırdım. Onlara nağıl danışır, şer oxuyur, qızların saçını darayıb, hörür, gətirdiyim oyuncaqları və şirniyyatı onların arasında paylayırdım.
Bir həftədən sonra evimiz, dostlarım və oxuduğum məktəb üçün darıxmağa başladım. Səhhətim yaxşılaşdıqda, xəstəxanadan evə buraxıldım. Əmim mənə özümdən muğayat olub, dərmanlarımı vaxtında qəbul etməyi tapşırdı və atamla anama da mənə həddən artıq yorğunluq və əsəb sarsıntısının zərərli olduğunu dedi. Uşaqlarla vidalaşmaq üçün körpələr bölməsinə getdim. Onlar da arxamca qaçışaraq ağlayırdılar.
Evimizin yaxınlığında Nəqdi və Milanian dördyolundan sonra imamzadə seyid Mətufun ziyarətgahı vardı. Hərdən məndən dörd yaş böyük Siddiqə xalamla birgə məktəbə gedərkən bu müqəddəs məkanın kənarından keçirdik. Bu kiçik ziyarətgahı çox sevirdim. Anam sağalmağım üçün dörd həftə hər cümə axşamı məni ora aparmağı nəzir etmişdi. Hər həftə cümə axşamı gəlib çatanda, həmişə başı ev işlərinə qarışan anamı səsləyərək deyərdim: "Axşam oldu daha, ziyarətgaha getmirik?" Ziyarətgahın daş döşənmiş balaca həyəti vardı. Orada xurma və sidr ağaclarının kənarından ensiz arx keçirdi. Qapının ağzında həmin "arsız ağac" növü də bitmişdi. Bu ağac ziyarətgahın günbəzi ilə yanaşı ona gözoxşayan bir yaraşıq verirdi. Adətən, qadınlar ziyarətdən sonra ağacların kölgəsində əyləşib, zəvvarlara pendir çörək, göyərti, xurma və çay paylayırdılar. Mənim ziyarətgahın daxilindən daha çox xoşum gəlirdi. Əllərimlə imamzadənin taxta zərihindən yapışıb, içəridəki qəbrin üstünə düşən yaşıl işığa göz dikirdim. Gülab və kündürün taxta zərihə qarışan ətri mənə xoş təsir bağışlayırdı. Zərihin daxilindəki qəbrin yaşıl örtüyünün üstünə və ətrafa səpələnən kağız və xırda pullara gözümü dikərək fikirləşirdim ki, əgər onlar mənim olsaydı, özümə nələr ala bilərdim. Anam namaz qılır, mən də bir küncdə əyləşərək namaz qılan, yaxud Quran oxuyan qadınlara baxırdım. Ziyarətgahın divarına söykənib, özümü sərinkeşdən yayılan sərin havaya verirdim. Amma axşam piyada evə qayıdanda isə rütubətli isti havadan əziyyət çəkirdim. Ona görə həmişə ziyarətgahın sərin və ətirli havası üçün darıxardım.
Atam işlə əlaqədar xarici səfərdən təzə qayıtmışdı. Xaricdən termos və suyu sərin saxlayan məxsus qab gətirmişdi. O vaxt bizə termos çox qəribə gəlirdi və ən çox təəccüb doğuranı da daxilindəki şüşəsi idi. Anam onu qorumaq üçün həmişə bizə ehtiyatlı olmağımızı tapşırardı. Termosdan bir müddət istifadə etdikdən sonra tıxacını çıxarıb, içindəki çayı iyləməyə öyrəşdim. Tıxacın iyinə qarışan köhnə çayın ətri xoşuma gəlirdi. Atam dolabda yerləşən "Vestinq Haus" markalı televizor da almışdı. Televizorun yerləşdiyi dolabın dörd taylı açılıb-bağlanan qəşəng taxta qapısı vardı. Daha televizor bizim üçün bir möcüzə idi. Bundan əvvəl onu yalnız neft şirkətinin idman kompleksi və əmilərimin evində görmüşdüm. Amma öz evimizdə televizorun olmağı tamam başqa aləm idi. Televizorla əməlli-başlı qürurlanırdıq. Lakin babamın xoşuna gəlməz və ona "şeytan qutusu" deyərdi. Atam bundan qabaqkı səfərlərindən birində Amerika istehsalı olan böyük bir soyuducu almışdı. Bəlkə də atam gəmidə çalışdığından, mənə elə gəlirdi ki, onun qapısı gəminin sükanı kimidir. Çox ağır olduğundan onu çətinliklə açardıq. Uşaqlıq arzularımdan biri də tez böyüyüb, onu rahat açmağı bacarmaq idi.
Atam səfərdən qayıdandan sonra sevinc və həyəcanımızın həddi-hüdudu olmazdı. Hündürboy, yaraşıqlı atamı dünyalar qədər sevir, dostlarımın yanında onunla öyünürdüm. Hətta məktəb müəllimələrimdən neçəsinin, ələlxüsus cavanların atamı bəyəndiklərini hiss edirdim. Atam məktəbə gələndə hamı ətrafına yığışardı. Ondan həmişə ətir iyi gələrdi, əyninə son dəbə uyğun şıq və ütülənmiş köynək, kostyum, ayağına isə qara rəngli ayaqqabı geyinərdi. Son səfərində özünə yeni maqnitofon da almışdı. O, maqnitofona kaset qoyaraq eyni vaxtda iki barmağı ilə iki düyməni sıxıb, bizə deyərdi ki, söhbət edək. Neçə dəqiqədən sonra öz səsimizi maqnitofondan eşidəndə, sevincdən yerə-göyə sığmazdıq. Çox keçməmiş səs yazmaq bizim axşam əyləncəmizdən birinə çevrildi. Hərdən qohumlarımızın evinə gedəndə onu da çantaya qoyub aparardıq və gecəyədək oyaq qalıb, səslərimizi yazar, sonra da hər birimizin səsinə gülərdik. Özüm həmişə səsimin başqaları tərəfindən dinlənilməsindən utanardım.
Atam gəmi ilə dəniz səfərində olmayan ərəfələrdə elə öz məntəqəmizdə bir kapitan vəzifəsində Ərvənd çayında aparılan qazma işlərinə göndərilirdi.
1976-cı ilin yanvar ayında Şirazdan Sağərin ata tərəfdən olan cavan bir qohumu – özü də tək – bacıma elçi gəldi. Atamla anam onun ailəsini yaxşı tanıdıqları üçün razılaşaraq hətta toy gününü belə təyin etdilər. Toy sözünü eşidəndə sevincimiz aşıb-daşdı. Keçirdiyimiz son toy mərasimindən iki il ötürdü. Onda Məhəmməd dayımla həyat yoldaşı Şahnazın toyu olmuşdu. Bu mərasimdən yadımızda qalan şirin xatirələr vardı. Ailə böyükləri yığışıb, toya hazırlıq görməyə başladılar. Biri şirniyyata, o biri kirayə qab-qacağa, digəri masa, stol-stula, xülasə, hərə bir işin tədarükünə baxırdı. Həyət rəngli çıraqlarla bəzədildikdən sonra toy mərasimi də başladı. Dayılarım, xalalarım, babamla bibim son bir həftəni evimizdə keçirdilər. Füruzan həyat yoldaşı ilə Şirazdan gəlmişdi. Əmi Dirani, bibilərim və Əli əmim də həyat yoldaşı və uşaqları ilə birgə mərasimin təşkilində bizə bacardığı köməyi etdilər. Maqnitofon işə düşəndə cavanlar oynamağa başlayırdılar. Yerli "bəndəri rəqsi"ni seyr etməyi çox sevirdim. Boy-buxunlu, enlikürək cavanların çiyin-çiyinə dayanaraq bir-birinin belindən tutub, yallı getmələrini görəndə, uşaq kimi sevinirdim. Əmimin həyat yoldaşı Şirazdan Röya ilə mənə iki dəst milli geyim almışdı. Libasları geyinib, biz də xəlvət guşələrdə rəqs etsək də, oğlanlar kimi ənənəvi qaydalara riayət edə bilmirdik. Bəhmən arxadan saçımızı dartır, qışqırığımızı eşidəndə bizdən qaça-qaça uzaqlaşaraq deyirdi: "Kifircələr. . . Necə də gülüncsüz!" Sonra istehza ilə gülərək bizi yamsılayırdı. İstəyirdim ki, onu tutub, hamar saçlarını yaxşıca dartım.
Toy cümə axşamına düşdü. Elə həmin gün Sağərgilin kəbini kəsildi. Gələn qonaqlar stullarda əyləşmişdilər. Onların çoxu əyinlərində milli geyim və baş örtüyü olan hicablı qadınlar idi. Həyətdə şirni, noğul, konfet və meyvə ilə dolu xonçalar yan-yana düzülmüşdü. Gəlinlə bəy də həyətin yuxarı başında yanaşı qoyulmuş stullarda əyləşmişdilər. Onların arxasındakı divardan xalça asılmışdı. Xalçanın üstü və ətrafı cürbəcür bərbəzək, şarlar və rəngli çıraqlarla bəzədilmişdi. Şirazlı qohumlarımız "vasunək"(Qeyd)1 oxuyur, xorla onun müxtəlif bəndlərini təkrar edirdilər:
Uca boyuna qurban, sən ki, qılırsan namaz,
Dostları ilə paylaş: |