2.5. Kimya dərslərinin planlaşdırılmasına aid nümunələr.
Müəllim gündəlik dərs planı hazırlayarkən dərsin mərhələlərinə fikir verməlidir. Fəal təlim üsulları ilə aparılan dərslərin aşağıda göstərilən plan üzrə təşkili məqsədəuyğun hesab edilir:
Mövzu
Məqsəd
İş forması
Təlim üsulu
Resurslar:
Dərsin mərhələləri:
Motivasiya, problemin qoyuluşu
Tədqiqatın aparılması
Məlumat mübadiləsi
Məlumatların müzakirəsi
Nəticələrin çıxarılması və ümumiləşdirmə
Yaradıcı tətbiqetmə
Qiymətləndirmə
Artıq öyrənilən mövzuya uyğun məqsəd yazılarkən, məqsəd müəllimə deyil şagirdə yönəlməlidir. Əgər müəllim dərsin məqsədini şagirdin maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.
Şagirdi təlimə cəlb etməyin bir yolu mövzuya və məqsədə uyğun fəal təlim forma və üsullarından yerində istifadə edilməsidir.
Müəllim dərsin birinci və ən mühüm mərhələsi olan motivasiyanı elə qurmalıdır ki, şagirdi təlimə cəlb edə bilsin. Bu mərhələdə müəllim məsələdəki ziddiyyətləri qabartmaqla müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual qoyaraq şagirdləri düşünməyə hazırlayır. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün, həm də şagirdin öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.
İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq tədqiqat işinə başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün siniflə birlikdə, kiçik qruplarda, cütlüklər şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif variantlardan, həm də özündə yeni suallar və yeni informasiyalar daşıyan iş vərəqlərindən istifadə olunur. İş vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həlli üçün “açar” rolunu oynayır.
Məlumat mübadiləsi üçüncü mərhələdə aparılır. Qoyulmuş tədqiqat sualının cavabını tapmaq istiqamətində görülən işlər tədqiqat iştirakçılarını bir-birinin dəlillərini dinləmək zərurəti qarşısında qoyur.
Dərsin dördüncü mərhələsində məlumatın müzakirəsi prosesi başlayır. Bu ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir. Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkara çıxarılır.
Beşinci mərhələ nəticələrin çıxarılması mərhələsidir. Müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər və informasiyalar sistemləşdirilir. Şagird əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.
Dərsin altıncı mərhələsində əldə edilmiş biliklər tətbiq edilir, yeddinci mərhələsində isə qiymətləndirmə və ya refleksiya prosesi aparılır.
Bir neçə dərs nümunəsinə baxaq:
Dostları ilə paylaş: |