Sevgiyə dayanıqlı əlaqə
Keçmişdə bəzi yaxşı alimlər yeni elmlərlə tanış deyildilər və onları elm saymırdılar. Mən bunu həqiqətən görmüşəm, bu, fərziyyə deyil. Mən təqvalı və mömin bir alim görmüşdüm. O, bunları elm hesab etmir, hətta ərəb dilindən başqa bir dildə yazılmış kitabda olanları elm saymırdı. Fars dilində yazılmış kitabları cəhalət sayırdı. Baxın, bu bir növ düşüncə tərzidir. Əlbəttə, bu gün belə düşünənlər yoxdur. Bu düşüncələrin başqa şaxələri də var; desəm, çox təəccüb edərsiniz. Bu fikirlər qədim dövrə aid olsa da, mən özüm belə bir şəxsi görmüşəm. Bir nəfər vardı. O, çap olunmuş kitabı oxumağa layiq bilmirdi. Deyirdi ki, bu kitablar boş şeydir. Kitab gərək böyük vərəqlər üzərində Əbdürrəhimin, yaxud başqa bir şəxsin xətti ilə yazılsın və daş üsulu ilə çap olunsun.
Bunu bariz bir nümunə kimi dedim. Məlumdur ki, indiki alimlər, yeni inqilabçı mərkəzlərdə, xüsusən də universitetlərdə çalışanlar arasında belə düşünən yoxdur. Mən demək istəyirəm ki, universitetdə sizinlə tələbə arasında özgəliyin ən az əlamətinin belə yaranmamasını istəyirsinizsə, - düşmənlərin təxribatları və qeyd etdiyim düşüncə tərzi sayəsində 50-80 ildə bu özgəlik yaranıb - tələbə ilə əlaqənizi sevgi əsasında qurmalı, onun missiyasına, təhsil aldığı dərsə və mərkəzə güvənməlisiniz.
Barəsində danışdığım düşüncə tərzi yeni və qədim düşüncə mərkəzləri arasında ayrılıq yaratmırdı?! Düşmən də buna kömək etdi. Bu ayrılığın təsirlərinin aradan qalxmasını və bu yaranın sağalmasını istəyirsinizsə, universitetə kifayət qədər sevgi və inamınız olmalıdır. Müxtəlif fəsad amilləri qarşısında qalmış bu nazlı, pak, faydalı və qayğıya layiq gəncləri sevgi və məhəbbətlə qorumaq lazımdır. Onları özbaşına buraxmaq olmaz. Universitetə bu ruhiyyə ilə gedin.
Dostları ilə paylaş: |