Xacə Nəsirəddin Tusi (1201-1274). Həyatı


Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsəri



Yüklə 23,33 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü23,33 Kb.
#113624
1   2   3   4   5
Xacə Nəsirəddin Tusi

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsəri. Tusi 1235-ci ilsə bütün Şərqdə çox böyük şöhrət tapacaq “Əxlaqi-Nasiri” əsərini hazırlayır. Əsərin nüsxələri qısa müddət ərzində Qafqaz, İran, Orta Asiya, Hindistan və başqa ölkələrdə yayılır və onun bir nüsxəsi ilə Menqu xanla, Hülakü xan da tanış olur və nəticədə Tusiyə böyük hörmət və inam bəsləyirlər.

Tusinin “Əxlaqi-Nasiri” əsəri haqqında xüsusi tədqiqat aparmış Cəlaləddin Hümayi təqlidi kitabların bəzilərinin adını çəkməklə onların “Əxlaqi-Nasiri”yə nisbətən çox aşağı səviyyədə olduqlarını qeyd edir. Bunların içərisində “Əxlaqi-Cəlali”, “Əxlaqi-Möhsini”, “Əxlaqi-Mənsuri” və “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki, son yeddi yüz əlli beş ildə yaradılmış bu tipli kitablar heç “Əxlaqi-Nasiri”nin yüzdə bir səviyyəsinə yüksələ bilməmişdir.

“Əxlaqi-Nasiri” əsəri “Müqəddimə və kitabın yazılmasının səbəbi”, “İlk qeydlər və elmlərin bölgüsü”, 3 məqalə və 30 fəsildən ibarətdir.

Əsərin birinci məqaləsində Tusi “Əxlaqın saflaşdırılması haqqında” öz dərin düşüncələrini bölüşür. Qeyd edilməlidir ki, əxlaq tərbiyəsi və əxlaqi anlayışlar haqda fikirlər əsərin müxtəlif hissə və fəsillərində də təsadüf edilir. Mənəvi cəhətdən kamil, əxlaqca saf vətəndaşlar tərbiyələndirmək cəmiyyətimizin özülünü, dayaqlarını möhkəmləndirmək deməkdir. İnsan nə qədər bilikli, savadlı, fiziki cəhətdən sağlam olsa da, əxlaqi baxımdan kasıb, mənəviyyatca yoxsuldursa, cəmiyyətin sağlam əsaslar üzərində bərqərar olduğunu söyləmək çətindir.

Tusi yer üzünün əşrəfi hesab edilən insanı “bu dünyadakı mövcudatın ən şərəflisi” hesab edir. Tusi mühitin, şəraitin insana, xüsusilə uşaqlıq və cavanlıq dövründə təsiri haqqında qiymətli fikirlər söyləmiş, təlim və tərbiyənin son dərəcə böyük rol oynadığı öz şəxsi düşüncələri və görkəmli şəxsiyyətlərin fikirlərinə istinad etməklə ifadə etmişdir. Nəsrəddin Tusi əxlaqı sərvət hesab edərək, onun fitri olmadığını qeyd edirdi. O, deyirdi: “Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görməz, özləri də bununla məşğul olmazdılar”.

Əxlaq saflığına, vicdan təmizliyinə, mənəvi təmizliyə böyük əhəmiyyət verən Tusi, hər şeydən əvvəl, uşaqların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə məşğul olmağı, onlara düzlüyü, doğruluğu, eləcə də vicdanlı olmağı öyrətməyi, sonra isə başqa tərbiyə işləri ilə məşğul olmağı tövsiyə edir.

Əsərin ikinci məqaləsində yer alan “Övlad saxlamaq və tərbiyə etmək qaydaları” adlı fəsli əxlaq tərbiyəsini əks etdirən fikirlərlə zəngindir.

Tusi tövsiyə edir ki, uşaq süddən ayrıldıqdan sonra hələ əxlaqı korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizam öyrətməyə başlamaq lazımdır. “Uşaq təbiətində olan fitri nöqsanlara görə, pis adətlərə meyil edə biləcəyindən vaxtından əvvəl onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla əxlaqını saflaşdırmaq gərəkdir, yəni hansı təmiz qüvvə uşaqda özünü əvvəl biruzə verirsə, onun da təkmilləşdirilməsi əvvələ salınmalıdır”.

Tusi tərbiyə zamanı əsas şərt kimi onu qeyd edir ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa, oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. “Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikləşdirmək, əsil-nəsəbə aid olan şeylərlə yox”. Sadəliyi ağıllılıq göstəricisi kimi anlayan Tusi çox yemək, çox içmək, bahalı, dəbli paltar geyməyi uşağın gözündən salmağı, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin uşaq qəlbinə yol tapmamasına imkan verilməməsini uyğun hesab etmişdir. “Bəzək-düzəkli paltarların arvadlara aid olduğu təlqin edilməli, ağıllı kişilərin, böyük adamların sadə geyindikləri ona başa salınmalıdır”.

Görkəmli mütəfəkkir uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmağı lazımlı bilmişdir. Tusi yazır: “...Uşaq inkişafın ilk anlarında çoxlu səhvlərə yol verər, qəbahətli iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar, füzulluq eyləyər, dediyindən əl çəkməz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər, sonra isə tənbeh və tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək lazımdır”.

Böyüməkdə olan uşağın təqdirə layiq davranış mədəniyyətinə, əxlaqi təmizliyə və mənəvi kamilliyə malik olması yönündə dəyərli fikirlər söyləyən Tusi bu əsərdə “Söz demək qaydaları” haqqında, “Oturub-durmaq adətləri, hərəkət və sükut qaydaları” haqqında, “Yemək qaydaları” haqqında, “Şərab içmək qaydaları” haqqında və digər nəsihətamiz fikirlərini qeyd etmişdir.

“Əxlaqi-Nasiri” əsərinin “Məqsədlər haqqında” bölməsi əxlaqı saflaşdırmaq baxımından olduqca maraqlıdır. Bu bölmədə uşaqların fitri qabiliyyət və istedadından, təcrübə vasitəsilə əldə olunan peşə və vərdişlərdən, mühit və şəraitdən, uşaqlıq və gənclik dövründəki tərbiyədən, insanın formalaşmasında təlim və tərbiyənin oynadığı böyük roldan danışılır. Kitabda olan müdrik söhbətlər həyati misallarla nümayiş etdirilir.

“Əxlaqi-Nasiri” əsərində “Nəfsin sağlamlığı”, “Nəfsi xəstəliklərin aradan qaldırılması” kimi tərbiyə elmi üçün vacib olan fəsillər mühüm yer tutur. Burada qeyd edilir ki, uşaqların pis hərəkətlərinin səbəbini aşkara çıxarıb onları islah etdikdən sonra tərbiyə öz məqsədinə nail ola bilər. “Boyaqçı paltarı çirkdən təmizləməyincə, o lazım olan rəngi tutmaz”. Tusi nəfsi sağlamlığı qorumaq üçün sağlam ruhlu, tərbiyəli, namuslu, istedadlı, nəzakətli dostlarla oturub durmağı məsləhət görürdü. İnsan nəfsini sağlamlaşdırmaq üçün faydalı əməyi əsas şərt hesab edirdi. Tusi yazırdı ki, faydalı əməyi sevməyən adam gec-tez fəlakətlə üzləşməlidir.

“Əxlaqi-Nasiri” əsərində ailə quruluşu məsələsinə də xüsusi diqqət yetirilir. Tusi ailəni tam bir bədənə bənzədirdi. Ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edirdi. O göstərirdi ki, bədənin ayrı-ayrı hissələri ağrıdıqda, bütün bədən laxladığı kimi, ailə üzvlərinin də birinin tərbiyəsindəki naqislik bütün ailəni tar-mar edə bilər. Ona görə də ailə üzvlərinin hamısına eyni münasibət göstərmək, heç birinə üstünlük verməmək, onların arasında düzgün əmək bölgüsü aparmaq, ailədə möhkəm nizam-intizam yaratmaq kimi davranışları möhkəm ailənin dayaqları hesab edirdi. Tusi ideal tərbiyəli ailə yaratmaq üçün ev yeri seçməyi, ev tikdirməyi, ailəni saxlamaq üçün mal toplamağı, qənaətçil olmağı, evi idarə etmək qanunlarını bilməyi, qazandığı pulları simiclik etmədən ehtiyatla xərcləməyi gənclərə öyrətməyi vacib hesab edirdi.

“Əxlaqi Nasiri” əsərində qızların tərbiyəsindən danışarkən Tusi onlara evdarlıq işlərini öyrətməyi, vüqarlılıq, iffət, həya kimi xüsusiyyətləri aşılamağı vacib hesab edirdi. Qızlara cinsinə müvafiq faydalı peşələrin öyrədilməsini, onlara təhsil verilməsi zəruriliyini önə çəkərək onların bir ana kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətləri öyrətməyi tövsiyə edirdi.

Tusiyə görə tərbiyənin ən müqəddəs vəzifəsi yalan danışmağın qabağını almaq, istər yalandan, istərsə də doğrudan and içməyə yol verməməkdir. And içməyi, ümumiyyətlə pis adət hesab edən mütəfəkkir yazırdı ki, “bəlkə də böyüklərin yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı yoxdur”. Tusi tərbiyənin lap kiçik yaşlardan başlanmasını lazım bilərək yazırdı: “Sokratdan soruşurlar: Sən nə üçün həmişə yeniyetmələrlə həmsöhbət olursan? -deyir: ona görə ki, nazik tər budaqları düzəltmək asandır. Təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.

“Əxlaqi-Nasiri” əsəri bütün dövrlər üçün əhəmiyyətini itirməyən, təlim-tərbiyə, əxlaq və digər davranış qaydalarına dair qiymətli fikirlərlə zəngin olan əbədiyaşar bir əsərdir.


Yüklə 23,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin