AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
JURNALİSTİKA FAKÜLTƏSİ
NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏ KAFEDRASI
Əyani şöbənin I kurs tələbəsi ........
XƏBƏRİN DƏYƏRLƏNDİRİLMƏSİ VƏ SEÇİLMƏSİ
mövzusunda
KURS İŞİ
BAKI - 2013
Giriş
Bir-birimizlə görüşərkən salamdan sonra ən çox soruşduğumuz sual “Nə var, nə yox ?”dur. Cavabdan razı qalmayanda qayıdıb təkrar soruşuruq: “Təzə nə var, nə yox ?” Bir sözlə, biz olay axtarışındayıq. Olay “ol” sözündəndir, yəni yoxdan var olan.
Elə olayın məkanı da var ilə yoxun arasındadır, daha doğrusu, yox ilə varın arasında. Olay məhz bu məkanda meydana çıxan yenilikdir. Sadəcə, “Biri var idi, biri yox idi” deyəndə bu yeni bilgi nağıla, “Sabah respublikamızın əksər bölgələrində havanın yağmurlu olacağı gözlənilir” deyəndə bu, hava haqqında təxminə, “Bu gün Bakıda yerli vaxtla saat 12:00-da metronun “Bakı Soveti” stansiyasında qəza baş vermişdir” deyəndə isə bu olay Xəbərə çevrilir.
Xəbər olaydır. Amma hər olay xəbər deyil. Elə buna görə də istənilən olayın xəbərə yararlığını aydınlaşdırana qədər redaktorlardan tez-tez bu sözləri eşitməli oluruq: “Mənə nağıl söyləmə”, “Bunu balaca uşaq da bilir, hətta “Hə, nə olsun ki?” Elə isə olayı Xəbər edən nədir? İnformasiya nə zaman Xəbərə çevrilir?
Xəbərin parametrləri oxucuların tələbi ilə müəyyənləşdiyi kimi, bu tələblə də dəyişə bilər. Başqa sözlə deyilərsə, hər bir qəzet öz oxucusunu düşünərək prioritetlərini sıralayır. Sorğu 1-ə göz yetirək.
Bəs mövzu seçimində auditoriyanın istəyi nə dərəcədə önəmlidir?
Araşdırmalar göstərir ki, jurnalistlər bəzən oxucuların nə istədiklərindən xəbərsiz olurlar. Əgər oxucuların istəklərini bilmək istəyirsinizsə, Riçard Vurmanın “İnformasiya həyəcanı” kitabını təkrartəkrar oxuyun. R. Vurman xəbərləri üç kateqoriyaya bölür: ümid, absurd və fəlakət xəbərləri. Onun fikrincə, oxucular ümid sorağındadırlar, nicat axtarırlar. Yeni qəzetlər ənənəvi qəzetlər və televiziya ilə müqayisədə daha çox ümid dolu yazılar dərc edirlər. Ümid jurnalistikasının başqa bir adı “həll jurnalistikası”dır. Yəni jurnalist insanların qanını qaraldan problemləri sadəcə xatırlatmaq əvəzinə, problemin mümkün həllini araşdırır, eyni situasiyadan uğurla çıxan insanlar barədə yazılar yazır və oxucunun “Daha nə etməli? Hara müraciət etməli ?” suallarını cavablayır.
ABŞ-da oxucu auditoriyasını öyrənən araşdırmalara görə, gənclər əsasən, musiqi və əyləncə ilə maraqlanırlar. Onlar yalnız ev, uşaq sahibi olduqdan sonra yerli xəbərlər: vergilər, təhsil və siyasət barədə oxumaq istəyirlər. Qida, sağlamlıq və təbabət mövzuları isə yaşlıların maraq dairəsinə daxildir.
Reportyorun işinin canı xəbəri toplamaqdır. Xəbərin canı faktdır. Demək, reportyor faktlı olmalıdır. T. Repkova faktlılığı belə izah edir: “Faktlı olmaq xəbərləri yazarkən fikirlərə deyil, faktlara üstünlük vermək deməkdir.
Bu həm də jurnalistikanın dəqiq, səliqəli və auentik olmaq, faktları öz qaydasında almaqla yanaşı, məhz gərəkli faktları əldə etmək məcburiyyətidir”.
Məs. “Axşam olanda parkda göz-gözü görmür” əvəzinə, “Parkın 5 fənərindən biri də yanmır” yazmaq daha təsirlidir. Belədə oxucuda hisslərə deyil, faktlara əsaslanan daha dolğun təəssürat yaranır. Faktlı olmaq asan deyil.
Bunun üçün ən azı parkı dolaşıb, fənərləri saymaq lazımdır. Faktlı olmaq daha səbirli olmaq, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmaqdır. Faktlı olmaq oxucuya hörmətin ən bariz göstəricisidir. Bu, XX əsr jurnalistikasının fakta münasibət fəlsəfəsidir.
Dostları ilə paylaş: |