Hissiyat funksiyası. Ağız boşluğunun selikli qişasının hiss etmə qabiliyyəti digər
selikli qişalar və dəridən fərqlənir. Ağızın selikli qişasında dadbilmə, ağrı, taktil,
soyuq, isti reseptorları mövcuddur. Dadbilmə reseptorları əsasən dil məməciklərində
yerləşirlər. Ağrı hissiyatı damaq qövslərində, yumşaq damaqda və ağız dəhlizində
digər zonalara nisbətən yaxşıdır. Ağız boşluğunun qalan hissələrində isə zəif inkişaf
etmişdir. Taktil hiss etmə qabiliyyəti dodağın qırmızı haşiyəsində və dilin ucunda
(zirvəsində) daha güclüdür. Dəriyə nisbətən selikli qişanın temperatura reaksiyası
daha həssasdır. İsti temperatura baxmış soyuğa qarşı hissiyat daha yaxşı inkişaf
etmişdir. Ağızın selikli qişasında yerləşən müxtəlif təyinatlı reseptorlar mərkəzə -
beyin yarımkürəsinə gedən afferent yolların başlanğıclarıdırlar. Ağız boşluğu selikli
qişası refleksogen zonadır. Ona edilən hər hansı qıcıq mədə vəzilərinin (sekretor) və
əzələlərin (motor) işinə təsir göstərir. Hətta sübut olunmuşdur ki, nəinki həzm
sistemində, hətta ürək-damar və digər sistemlərin fəaliyyətində də dəyişikliklər
yaradır. Daimi dəyişən xarici mühit amillərinin təsiri altında gedən və mərkəzi sinir
sisteminin köməkliyi ilə nizamlanan funksional reseptorların mobilləşdirilməsi və
ləngidilməsi (dayandırılması) prosesinə P.Q.Snyakin (1961) funksional mobillik adı
vermişdir. Funksional mobillik ağızın selikli qişasının bir sıra xəstəliklərində, xüsusilə
dilin xəstəliklərində, xüsusilə dilin xəstəliklərində (deskvamativ qlossit və qlossalgiya)
və habelə həzm sisteminin digər xəstəliklərində (qastrit, xora, mədə xərçəngi və s.)
dəyişilə bilər.