XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 3.03 Mb.
səhifə10/15
tarix14.01.2017
ölçüsü3.03 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

Rewriting. Təkrar işləmə. Müsahibələr, söhbətlər, söhbətlər məcmuəsi. Uyğunlaşdırma, çevirmə, kinematoqrafik və televiziya variantları. Vaxt gələcək ki, keçmişin bütün mədəniyyəti tamamilə təzədən yazılacaq və yeni variantının arxasında tamam-kamal unudulacaq…

Roman. Roman. Müəlliflərin təcrübəli eqolarının (personajlarının) köməyilə insan mövcudluğunun bəzi vacib mövzularını mahiyyətinəcən araşdırdıqları iri prozaik formadır.

Roman (et poesie). Roman (və poeziya). 1857-ci il: yüzilin ən möhtəşəm ili. “Şər çiçəkləri” (Şarl Bodlerin poetik toplusu): lirik poeziya öz ərazisini, öz mahiyyətini kəşf eləyir. “Madam Bovari” (Qustav Floberin romanı): roman ilk dəfə olaraq poeziyanın (niyyəti “hər şeydən əvvəl gözəlliyi axtarmaq; hər bir ayrıca sözün vacibliyi; mətnin ardıcıl melodiyası; hər bir detala orijinal yanaşma”) yüksək tələblərinə cavab verməyə hazırdır. 1857-ci ildən romanın tarixi “poeziyaya çevrilən roman”ın tarixi olacaq. Amma poeziyanın tələblərinə cavab vermək heç də romanı lirikaya çevirmək (ona xas olan kinayədən imtina eləmək, ətraf aləmdən üz çevirmək, romanı şəxsi etiraflarına çevirmək, bər-bəzəklə yükləmək) demək deyil. “Şair olan romançılar”ın ən nəhəngləri: Flober, Coys, Kafka, Qombroviç antilirikdirlər. Roman antilirik poeziyadı.

Roman (europeen). Roman (Avropa romanı). Romanın (roman adlanan hər əsərin) tarixi (vahid davamlı təkamül) mövcud deyil. Yalnız romanın tarixləri – çin, yunan-roma, yapon, ortaçağ və s. mövcuddur. Avropa romanı adlandırdığım roman Yeni tarixin başlanğıcında Avropanın cənubunda doğulur və tarixi hadisəyə çevrilir, sonralar Avropanın hüdudlarından kənara (qismən hər iki Amerikaya) yayılır. Forma zənginliyinə, təkamülün başgicəlləndirici ardıcıllığına, sosial roluna görə, Avropa romanının (Avropa musiqisi kimi) digər heç bir sivilizasiyada oxşarı yoxdur.

Romancier (et ecrivain). Romançı (və yazıçı). Sartrın “Yazıçı nə deməkdir?” adlı essesini təkrar oxuyuram. O, bir dəfə də roman, romançı sözünü işlətmir. Yalnız yazıçı – nasir barədə danışır. Dəqiq fərqləndirmədi.

Yazıçını orijinal ideya və bənzərsiz səs fərqləndirir. O, istənilən formadan (roman da daxil olmaqla) istəsə, istifadə eləyə bilər və onun fikirlərini əks etdirən, səsiylə çatdırılan əsərlərin hamısı onun yaradıcılığının tərkib hissəsidir. Russo, Höte, Şatobrian, Jid, Kamu, Monterlan (Anri de Monterlan (1895-1972), fransız yazıçısı). Romançı öz ideyalarına elə bir əhəmiyyət vermir. O, əlhavasına mövcudluğun naməlum cəhətləri üzərindən pərdəni götürən ilk şəxsdir. O, öz səsindən yox, tapmağa çalışdığı formalardan zövq alır və yalnız arzularına cavab verən formalar onun yaradıcılığının tərkib hissəsini təşkil eləyir. Fildinq, Stern, Flober, Prust, Folkner, Selin, Kalvino. Yazıçı öz dövrünün, öz millətinin mənəvi xəritəsinə, ideyalar tarixinin xəritəsinə daxil edilib.



Romanı başa düşməyin mümkün olduğu yeganə kontekst Avropa romanının tarixidi. Romançı Servantesdən başqa kimsənin qarşısında hesabat verməməlidir.

Romancier (et sa vie). Romançı (və onun həyatı).Sənətkar nəsilləri özünün mövcud olmadığına inanmağa məcbur eləməlidi”,Flober deyir. Mopassan öz portretinin məşhur yazıçılara həsr olunmuş seriyaya salınmasına maneçilik törədir: “İnsanın şəxsi həyatı, onun görkəmi kütlənin sərvəti olmamalıdır”. German Brox özü, Müzil və Kafka barədə: “Üçümüzün həqiqi bioqrafiyamız yoxdur”. Bu, onların həyatında az hadisələr baş verdiyini göstərmir. Bu o deməkdi ki, yazıçı kütlənin gözü qabağında olmamalı, bioqrafiyaya çevrilməməlidir. Karel Çapekə ünvanlanmış sual: “O niyə şeir yazmır?” Onun cavabı: “Çünki özüm haqqında danışmağa nifrət edirəm”. Əsl romançının fərqləndirici cəhəti: özü haqqında danışmağı sevmir. “Mən öz burnumu böyük yazıçıların həyatına soxmağa nifrət eləyirəm və heç zaman heç bir bioqraf mənim şəxsi həyatımın üzərindən pərdəni götürməyəcək”, – Nabokov deyir. Folknersə: “Çap olunmuş kitablarından başqa, heç bir iz qoymadan insan kimi itib getməyı, tarixdən silinməyi”, – arzulayır (“kitablar” və “çap olunmuş” sözlərini qeyd eləyək, deməli, yarımçıq əlyazmalar, məktublar və gündəliklərdən söhbət getmir). Kafkanın məcazı mənada dediyinə görə, romançı təzə ev – öz romanının evini tikmək üçün öz həyat evini kərpic-kərpic sökür. Burdan belə çıxır ki, romançının bioqrafiyası onun tikdiyini uçurur, uçurduğunu isə tikir. Onun neqativ işi romanın dəyərini, mənasını aydınlaşdıra bilməz: olsa-olsa, bir neçə kərpic uyğun gələ bilər. Kafka Jozef K-dan daha artıq əhəmiyyət kəsb elədiyi məqamda yazıçının ölümdən sonra ölməsi prosesi başlanır.

Rythme. Ritm. Həyat möhlətinin sona çatdığını xatırladan ürək döyüntülərimi eşitmək məndən ötrü dəhşətdi. Buna görə də partituradakı taktları ayıran xətlərdə həmişə nəsə mənhus bir şey görmüşəm. Amma böyük ritm ustaları bu nəzərdə tutulan yeknəsəq müntəzəmliyi susdurmağı və musiqini “zamandan kənardakı vaxt” guşəsinə çevirməyi bacarıblar...

Valeur. Dəyər. 60-cı illərin strukturalizmi dəyər məsələsini mötərizə xaricinə çıxardı. Amma strukturalist estetikanın banisi deyir: “Yalnız obyektiv estetik dəyərin mövcudluğunun ehtimal olunması sənətin tarixi təkamülünü mənalandırır” (Yan Mukarovski. “Estetik funksiya, norma və dəyər sosial fakt kimi”, Praqa, 1934). Dəyəri etiraf olunan, sadəcə, faktların sıralandığı yox, dəyərlərin üzə çıxarıldığı əsər sənətin tarixi təkamülünün bir hissəsi ola bilər. Əgər dəyər məsələsini bir kənara qoyub, hansısa tarixi dövrə, mədəniyyətə mənsub olan əsərin təsviriylə (tematik, sosioloji, formal) kifayətlənsək, əgər bütün mədəniyyətlər və mədəni fəaliyyət növləri arasında (Bax və rok, komikslər və Prust) bərabərlik işarəsi qoysaq, əgər sənət tənqidi (dəyər barədə düşüncələr) daha özünüifadə eləyə bilməsə, “sənətin tarixi təkamülü” mənasını itirər, dağılar, əsərlərin məzmunsuz yığınına çevrilər.

Vie (avec le V en majuscule). Həyat (böyük H hərfiylə). Sürrealistlərin “Meyit” pamfletində (1824) Pol Eluar Anatol Fransa qarşı kəskin müraciətlə çıxış eləyir: “Meyit, biz sənin kimiləri daha sevmirik” və i. a. Bunun ardınca gələn sübut tabuta vurulan təpikdən məni daha artıq maraqlandırır: “Daha göz yaşları tökmədən haqqında fikirləşə bilmədiyim, indi yalnız şəfqətin ruhlandırdığı həyat, bu gün hələ əhəmiyyətsiz xırdalıqlarda ortaya çıxır…”

Eluar bədbinliyə, skeptisizmə qarşı əhəmiyyətsiz xırdalıqları, göz yaşlarını, şəfqəti, Həyat şərəfini, bəli, bəli, böyük hərflə yazılan Həyatı qoyur!..



Çevirdi: Nəriman Əbdülrəhmanlı

TÜRK QARDAŞLARIMIZ
NƏRMİN ƏRBİL

YARALI QUŞ
İraq türkmən şeirinin solmayan çiçəyi...

Onu hər yerdə, mübaliğəsiz, bax elə beləcə adlandırırlar.

İraq Türk (türkmən) ədəbiyyatının ünlü qadın şairlərindən olan, min illərdi türklüyün əyilməyən elm və irfan qalası sayılan, ata-baba ocağı Ərbili özünə soyad götürən Nəsrin Ağa Ərbil 1939-cu ilin 29 sentyabrında İraqın qədim türkmən şəhəri olan Ərbildə doğuldu.

Atası Ataullah Ağa Rəşid bəy Ərbilin sayılıb-seçilən sülaləsindən, anası Xeyriyyə xanım isə Kərkükün tanınmış Sarıkəhya ailəsinə mənsub İzzət Paşanın (1920-ci illərdə İraqın ilk Təhsil və səhiyyə naziri) qızıdır.

Atası və qardaşları dövrünün tanınmış ədib və şairlərindən olan Nəsrin xanım hələ kiçik yaşlarından ailə kitabxanasında bilgilərini artırmış, poeziya və rəssamlıqla maraqlanmış və yaxın çevrəsində formalaşan ədəbi ortamda, xüsusən türk və ərəb dilində yaşadığı dönəmin ünlü şairlərindən olan atası Rəşid bəyin isti misralarına qızınaraq ilk qələm təcrübələrini yazmağa başlamışdır. Sonralar Türk şeirinin Məhməd Akif Ərsoy, Tofiq Fikrət, Yahya Kamal Bayatlı, Cahid Sıtqı Tarançı və Orxan Vəli Qanıq... kimi üslub və forma baxımından bir-birindən fərqli məktəblərə məxsus şairlərin yaradıcılığıyla tanış olaraq onlardan təsirləndi. Ana dili türkcədən başqa bir sıra dil kurslarına gedərək ərəbcə, ingiliscə və almancanı öyrəndi. 1956-cı ildə Amerikada “Musiq City” tərəfindən təşkil olunmuş yarışmaya qatılaraq “All for love” (“Hamımız sevgiyə”) adlı ingilis dilində yazdığı şeirilə birincilik qazandı. Bu, gənc Nəsrin xanımın ilk uğuru idi və bu uğur onun şeirlə daha ciddi məşğul olmasına stimul verdi... Elə həmin illərdə Heminquey və Steynbeq kimi dünya romançılığında bir məktəb yaratmış yazıçıların əsərlərini orijinaldan oxuyaraq təsirləndi. Bu təsir də onun sənətə baxışlarının cilalanmasına və öz gələcək yaradıcılığına tamam ayrı bir rakursdan baxmasına təkan oldu.

60-cı illərdə İraqda formalaşan modern Türk ədəbiyyatında sərbəst şeirin ən öndə gələn isimlərindən biri kimi böyük maraq oyatdı. Daha sonra öz üslubunu yaradaraq ünlü şair Salah Növrəslə birlikdə “saf şeir” deyilən axımın yaradıcılarından biri kimi yeni ədəbi cığırın açılmasında önəmli rol oynadı. Şeirlərinin çoxunu “Qardaşlıq” dərgisində çap etdirdi.

1968-ci ildə “Dəniz röyası” adlı ilk kitabı Ankarada yayımlandı. 1975-ci ildə ədəbi mühitdən qırağa çəkilsə də poeziya ilə daha ciddi məşğul oldu; “Dəniz röyası” (Ankara, 1969), “İki şəhər” (İstanbul, 1998), “Gələcəyəm” (Ərbil, 2004) kitablarında həsrət, ayrılıq, hüzn yer alan şeirlərində axıcılıq, bir-birindən gözəl obrazlarla oxucular arasında daha möhkəm bağ qurmağa nail oldu.1980-ci ildə ailəsi ilə Bağdada yerləşsə də, orada baş verən olaylar ucbatından Ankaraya köçməli oldu.

Nəsrin Ərbil – İraq türkmən şeirinin solmayan çiçəyi...

Başqa adla desək: Yaralı Quşu!

ANAMA
Qapanacaqmı qapılar üzümə

Ayrılacaqmı yollarımız

Buzdan bir dağ çökmüş içimə

Fəsillər döndü

Bahar düşməz oldu pəncərəmə

Günlər rəng dəyişmiş

Gecələr – qorxunc

İçimdən bir şeylər qoparır saxta gülüşlər

Göl-göl, ovuc-ovuc...

Qış gəldi,

Şüşələrə dəydi yağmurlar

Yarpaqlar hüznlərini sərdi pəncərəmə

Sil göz yaşlarını ana

Unutmadım bətnindəki rahat uyğumu

Amma gəl gör

Sonraya saxlama kim olduğumu...



YALNIZLIQ
Günəşsiz bir yolla

Gedirəm ümidsiz yalnız

Sevgisiz bir hava kəsdirmiş ətrafımı

Yaxınlaşır kipriklərimə

Mavilərlə dolu bir səma

Çılpaq yollar qədər

Çılpaq həqiqət

Tamamlayır üzüntümü qətrə-qətrə

Səssizlik ətrafa işləmiş

İliklərimə qədər

Yalnızam dəniz dolusu

Doldurur yuxumu

Gecələrlə dolu bir həsrət

Hər döngə ayrı bir nağıl gizləmədə –

Uzanarkən yollar-yollarca

Uzanarkən addımlar dolusu yorgunluq

Yazılırdı alın yazıma qaralarca

Örtməyə başladı göyüzünü

Qara bir əl

Uzaqlarda

Dilək dolu bir yalnız kaydı

Gözlərim uzaq ulduzla yandı

Gərilməyə başladı düşüncələrim

Köy-köy, umud-umud...


DƏNİZ RÖYASI

Bir şəhər vardı

Gümüşü sularında yaxanırdı günəş

Mövsümlər təzə rənglər

İnsanlar incə zövqlər

Quşlar yeni nəğmələrlə gəlirdi

Dənizi

Dənizlərin ən mavisi

İnsanları həsir-nəsir

Suların dibinə enib

Balıqların nağıllarını dinlərdim

Günlər


Dördnala atlar gətirirdi mənə

Elə ani keçdi ki o mövsüm

Nəfəs-nəfəsə qaldım

Bağçalar soldu birər-birər

Artıq hər kəs öz düşüncəsində

Hər kəs yalnız

Dənizlər mavi deyil

Quşlar dərdli

Və mən qərib

Uzaq bir dəniz xülyasında

Acı həqiqətlər dünyasında

YARALI QUŞ
Biz də torpağında yetişən

Bir sünbülün dənələriydik

Dəlicə ruzigarlar

Diyar-diyar

Məmləkət-məmləkət dağıtdı bizi

Keçdi neçə dörd mövsümlər

Dörd rəng içində

Arzularım

Dəmir çevrənin içində unudulmuş

Bir aslan hirsi

Əslim

Dədəmin gümüş qılıncının qəbzəsində



Tozlanmış

Bir yanar bir sönər

Yalnız ulduzlu bir səma yuxusu

Aydınladır dərdlərimizi

Bir gün

Uzaq bir diyardan



Yaralı bir quş gəldi

Halsizdi bitkindi nəfəssizdi

“Onu gördüm” dedi

“Sənin üçün ağlar

Yarası var irmaq-irmaq

Dərdləri var dağlar-dağlar

Sənə salam göndərdi

Torpaq qoxulu

Ana kimi isti bir salam

Sonra can verdi yaralı quş

canlanan əməlimə

silkindi sənələr

tozlanmış xatirələrdən

Və qabardı aslan hirsim

Paslanmış dəmirlər arasında

Parladı əslim

Dədəmin gümüş qılıncından

Nəhrlər daşdı yol verdi

Genişləndi dostluğu unutmuş dar yollar

Gərildi savaş illərinin yayı

Ta Kərkükdən Ərbilə qədər

Hazırladı: QARA QAYA

ƏBƏDİ DƏYƏRLƏR

MİXAİL YURYEVIÇ LERMONTOV (1814, Moskva-1841, Pyatiqorsk) 

Böyük rus şairi Lermontov…

Bu il cəmi 27 il ömür sürmüş bu “həmişəcavan” şairin doğulduğu gündən nə az-nə çox düz 200 il vaxt ötür. Bu dünyada vur-tut 27 il ömür sürüb, əvəzində 200 il yaddan çıxmamaq böyük hünərdir; axı Tanrı insana necə bir istedad bəxş etməlidir ki, onun sayəsində bu qədər yaşamağı bacarasan?!

Amma o heç yaşadımı?

Bircə göz qırpımı çəkən bunca qısa zamanda onun yazdıqlarına nəzər salanda adamı heyrət bürüyür – o, dünyaya yaşamaq üçün deyil, sanki yazıb-yaratmaq üçün gəlmişdi...

1837-ci ildə Puşkinin dueldə öldürülməsindən təsirlənərək “Şairin ölümü” adlı şeir yazmış və nə yazıqlar ki, dönəmin o vaxtkı çar üsul-idarəsi şairin ölümündə əli olanları deyil, şeirdəki suçlamaları onlara atılmış böhtan kimi əsaslandıraraq şairi “işlətdiyi cinayətə” görə Qafqaza sürgün etmişlər. 1937-ci ildə sürgündən sağ-salamat qayıdan Lermontov Peterburqa dönərək, bir-birinin ardınca dərc etdirdiyi şeirləriylə o dövrün ədəbi mühitində geniş rezonans doğurmuş və sənət adamları tərəfindən “Puşkinin sələfi” kimi dəyərləndirilmişdir.

1840-cı ildə Fransanın Rusiyadakı səfirinin oğluyla qatıldığı duelə görə yenidən “suçlanmış” və “işlətdiyi cinayət”i bəhanə gətirərək onu Peterburqdan uzaqlaşdıraraq yenidən Qafqaza sürgün etmişlər.

1841-ci ildə sürgündə özünü “yaxşı apardığına görə” təkrar Rusiyaya – Peterburqa dönməyə icazə verilir. Amma yolda xəstələnərək Pyatiqorsk şəhərində bir müddət müalicə alır və elə həmin şəhərdə 1841-ci ilin 27 noyabrında fransız əsgəri Martınovla qarşılaşdığı dueldə öz sələfi Puşkin kimi “öldürülməsi” Rusiyada dərin bir üzüntüyə səbəb olur.

27 yaşında gülləyə tuş gəlməsəydi hələ nələr… nələr… yarada bilərdi!..

Amma iki yüz ili arxada qoyub, əsrlərin o üzündən bu günümüzə gəlib çıxmış bircə sözü də köhnəlməyən, bircə ləçəyi də solmayan gül ətirli şeirlərin canlı nəfəsini duyunca, bir daha əmin olursan ki, “o adda, o nişanda, o gözəl gənc cahanda olmayıb”, yox… olub və ən azı, 200 il sonra da olacaq.

Bu il böyük rus şairinin doğulduğu gündən 200 il, Qafqaza, o cümlədən Azərbaycana gəlişindən 177 il, şeirlərinin dilimizə çevrilməsindən isə ən azı 100 il ötür.

Elə bilirik ki, “Xəzər”in oxucularına təqdim olunan bu tərcümələr, böyük şairimiz Vaqif Bayatlı Odərin Lermontova həsr etdiyi şeir, ona Axundovla başlanan böyük Azərbaycan sevgisinin davamıdır.



VAQİF BAYATLI ODƏR

ÖLÜMÜNDƏN SONRA BAŞLAR

ŞAİR ÖMRÜ

Noldu birdən-birə, Mixail Yuryeviç,

İndicə gülürdünüz?!

İndi qəbir tüfəng lüləsitək dar,

Xam xəyal!

Elə bilirdiniz hamının Allahı var?!

Mərdlik – dünənin uşağı.

Qatillər – dünyanın yaşıdı,

Diz çökün, diz çökün,

cənab Martınovlar!

Bir şair də söndü –

Sevdalar yaşılı, ocaq kösöyü,

Üstündə Allahı, üstündə göyü.

Diz çökün, diz çökün,

cənab Martınovlar!

Fələyin zülmü çox,

Allahın mərhəməti!

Diz çökün!

Kimin günahı var, kimin ahı var,

Dünyanın nə qədər pis sabahı var

Hamsına, hamsına şairlər bayıs

Cənab Martınovlar!

Güllələyin şairləri, sonra diz çökün!

Alın yazısına, qara günə də,

bazarda soğanın qiymətinə də,

bir bəhanə gərək, bir bayıs gərək.

Hamısına, hamısına şairlər bayıs,

Cənab Martınovlar!

Güllələyin şairləri, sonra da diz çökün!

Güllələyin kar qulaqları oxşamayan

təzə sözü.

Ölü damarlara sığmayan

təzə qanı!

Güllələyin Nerudanı, Lorkanı,

Güllələyin lirikanı,

Güllələyib güllələnmək əsridi.

Koroğlu zəncirdə, Qıratı darda,

Dəlləklər gəzirlər karetalarda.

İndi ağlayanlar güləcək gorda,

Gorda ağlayanlar güləcək harda?!

Şairlər ölürlər yaz yağışından,

Arvad qarğışından, qız baxışından.

Dünyanın tələsik yır-yığışından

Günahlı, günahsız şairlər köçür.

Onsuz da öləcəklər, geci-tezi var,

Güllələyin şairləri, cənab

Martınovlar!

Qəbiristanlıqlar ölüyə həsrət!

Dəlixanalar dəliyə həsrət!

Ancaq tövbə gecəsi

yaralı Puşkinin ayaqlarından öpməyə

yüyürsün Dantes,

ona çatar-çatmaz

qəfil yox olan,

şairin yerindən qalxan

bir məbəd qapısında

səhərəcən böyürsün Dantes;

Sonra yol verməsinlər mələklər,

yol verməsinlər cənab Martınova

yıxılan Lermontovu qucaqlamağa.



VƏTƏN

Abbas Səhhətin tərcüməsi (1912)

Mən sevirəm vətənimi, amma qəribə sevmək,

Ağlım çatmaz təyin edəm o eşqimin payəsin.

Nə qan töküb qazanılmış şöhrətinə güvənmək,

Nə kibr ilə dolu olan etibarın sayəsin.

Nə qaranlıq, mübhəm, qədim rəvayətin istərəm,

Bu şeylərin heç birisi xatirimi şad etməz.

Çox sevirəm.

– Nədən ötrü?

Mən özüm də bilmirəm.

Onun sərin yaylaqların, könül necə yad etməz.

Qalın, gözəl meşələrin, dərya kimi çayların,

Arabaya minib gündüz çaparaq yol getməyi,

Tikiş tikən anaların ləzzətli laylayların,

Kəndin titrək odlarına gecə nəzər etməyi.

Od vurulmuş küləşlərin göyə çıxan tüstüsün,

Qışlaqlardan yaylaqlara köçüb gedən elləri.

Dərzlərlə dolu olan xırmanların istisin,

Axşam çağı yavaş-yavaş əsən sərin yelləri.

Mən görürəm küləş ilə örtülmüş bir qazmanı,

Arxasında kotan ilə sürülmüş bir yamacı.

O ətrafda xeyli tanış olmadığım insanı,

O təpənin lap başında bir cüt yaşıl ağacı.

Nə vəqt ki, kəndimizdə olur bayram axşamı,

Bir hampanın doqqazına gəlib cəm olur hamı.

Çox sevirəm cavanların gülüb danışmaqların,

Bir-birilə xırda uşaqların oynaşmaqların.

YELKƏN

Hüseyn Arifin tərcüməsi (1977)

Mavi dənizdəki dumanlıqlarda

Bir yelkən ağarır, bir qərib yelkən...

Nədir aradığı uzaq diyarda?

Niyə didərgindir öz ölkəsindən?

Ləpələr oynayır, külək açıb dil,

Dönür dor ağacı, yaman kökdədir.

Əfsus, o, səadət eşqində deyil,

Nə də səadətdən qaçıb yan gedir.

Altında şəfəqdən işıqlı zolaq,

Üstündə günəşdən qızıl naxışlar.

Fırtına axtarır, fırtına ancaq

Guya fırtınada bir rahatlıq var.

QAFQAZ

Eyvaz Borçalının tərcüməsi

Ömrün sülh çağında bu çərxi-fələk

Məni ayırdısa, a dağlar, sizdən,

Ömürlük bəs imiş bircə yol görmək;

Odur ki, yurdumun nəğmələritək

Sevirəm Qafqazı mən.

İtirdim anamı lap körpəlikdə;

Çöldə qürub vaxtı sanıram hərdən,

Səsini əks edir dağlar o yerdən;

Könlüm həyan tapır qayalı dikdə;

Sevirəm Qafqazı mən.

Ötən xoş günlərim sovuşdu yeltək,

Beş ilim çay kimi axdı dərədən.

İlahi gözləri sizdə görəndən

Çırpınır hələ də sinəmdə ürək:

Sevirəm Qafqazı mən.



DİLƏNÇİ

Nəzir Əhmədlinin tərcüməsi

Monastır yanında durmuşdu tində

Yeməksiz, içməksiz quru bir bədən.

Bu müqəddəs yerdə, əzab içində

Sədəqə umurdu gəlib-gedəndən.

Bir parça çörəkçün gözündə kədər

Yazıq əl açırdı ona, gah buna.

Bir də gördüm, yoldan keçən bir nəfər

Yastı bir daş qoydu onun ovcuna.

Səndən sevgi umdum beləcə mən də,

Ağladım, yalvardım, “açdım ovcumu”.

“Daşla” əvəzlədin “çörəyi” sən də,

Ömürlük məhv etdin ən saf duyğumu.

VƏSİYYƏT

Mahir N.Qarayevin tərcüməsi

Gəl əyləşək, qardaşım,

Gəl dərdləşək bir qədər:

Mən ömrümü yaşadım,

Lap az qalıb deyirlər!

Evə gedirsən, ancaq

Nə deyim... bir sözüm yox;

Mənə canı yanacaq

Orda bircə kəsim yox.

İşdir, əgər bir adam

Gəlsə, soruşsa məni...

De ki, yaralanmışam,

Güllə dəlib sinəmi;

Qurban getmişəm çara,

Həkimlər də xamdı de;

Bir də doğma diyara

Məndən çoxlu salam de.

İnanmıram indiyə

Atam, anam sağ olsun...

Sağ olsalar da, niyə

Dərdim təzə dağ olsun;

De ki, işdə-gücdədir,

Çox tənbəldir yazmağa,

Alay da yürüşdədir –

Gözləməsinlər daha...

Bir də qonşu qız... ancaq

Biz ayrılan nə vaxtdır!..

Məni soruşmayacaq,

Yox, gözləmə, nahaqdır...

Sən danış, qoy dinləsin,

Boş qəlbə yanmayasan;

Qoy ağlasın, inləsin...

Nə var ki, bundan asan!

Hazırladı: Əlisəmid Kür
KLASSİK HEKAYƏLƏR

KAMİLO XOSE SELA

Çevirdi: Mahir N. Qarayev

İspaniya Kral Akademiyasının üzvü (1957), ədəbi yaradıcılığı 1989-cu ildə Nobel mükafatına layiq görülmüş ispan yazıçısı Kamilo Xose Sela (1916-2002) XX əsr dünya ədəbiyyatında xüsusi çəkiyə malik “Arı yuvası” və “Paskual Duartenin ailəsi” romanlarının müəllifi kimi məşhurdur. Görkəmli sənətkarın bu iki əsəri ispan ədəbiyyatını yeniləyən romanlar sayılır.

Senzura yazıçının ilk romanına qadağa qoyduğundan “Paskual Duartenin ailəsi” kiçik tirajla Argentinada çap olunmuşdu. Lakin roman çox qısa müddətdə böyük populyarlıq qazandı. Müharibədən sonrakı nəsil bu kitabı “həyat dərsliyi” kimi mütaliə edirdi. Tək bircə faktı qeyd etmək yetər ki, artıq ispan ədəbiyyatının klassik əsərləri sırasına daxil edilmiş “Paskual Duartenin ailəsi” ayrı-ayrı ölkələrdə yüz otuz dəfə (öz ölkəsində səksən dəfədən artıq!) nəşr edilməklə bu günə qədər İspaniyada əcnəbi dillərə tərcümə olunmuş kitabların siyahısında birincidir.

Ümid edirik ki, yaxın vaxtlarda Kamilo Xose Selanın dünya şöhrətli romanları doğma dilimizə də çevriləcək. Hələliksə, yazıçının bir hekayəsini “Xəzər”in oxucularına təqdim edirik.

BLANŞAR KÜÇƏSİNDƏ SİRLİ QƏTL

(hekayə)


Taxta qıçından canlı şam ağacıtək sarımtıl və bulanıq qatran süzülən Joaken Bonom içəri keçib, arxasınca qapını çəkdi.

– Bir şey tapdın?

– Yox.

Şüşə gözündən qabaqlar olduğu kimi sarımtıl və bulanıq maye süzülən arvadı Mençu Agirresabala əməlli-başlı hirsləndi; arvadın gözünü doğmaca qardaşı Fermin hələ Bordoda ispanka epidemiyasının tüğyan elədiyi günlərdə vurub çıxartmışdı



Qış mövsümləri Tuluzanı büsbütün qaramat basır. Hava tez qaraldığından qaz fənərləri elə axşamdanca yandırılır; uzaqlardan atılmış uşaqların zığıltısını andıran şarmanka səsləri gəlir; kafelərin pəncərəsinə qırçınlı pərdələr çəkilir; zirək qadınlarsa artıq heç nəyə yaramayan köhnə-kürüş məişət əşyalarını toplamaqçün dəridən-qabıqdan çıxırlar. Bir daha xatırladaq ki, Tuluza çox kədərli, çox cansıxıcı yerdi; belə yerlərdə isə, aydın məsələdir ki, adamın fikri də dağınıq olur – bir də gördün basıb əzdilər.

Joaken Bonom xeyli peşə dəyişmişdi: şaxtaçı, qrimçi, aptek firmasının ticarət agenti, piyada qoşunu serjantı, monarxist, bank quluqçusu, vergiyığan, hətta Arkaşonada jandarm da işləmişdi. İşləyib bir neçə min frank yığandan sonra belə qərara gəlmişdi ki, evlənsin. Amma qərar verməzdən qabaq yaxşı-yaxşı fikirləşmişdi (kəbin ciddi məsələdir!), xeyli düşünüb-daşınmışdı, öz ağlına çox da bel bağlamayıb, hətta özgələrlə də məsləhətləşmişdi. Və yalnız bundan sonra, el arasında deyildiyi kimi, şeytanın qıçını qırmışdı.

Xalis ifritə olan Mençu çox yöndəmsiz, yekəpər, yekəburun, keçəl, qırmızısifət bir arvaddı, həm də elə müzürdü ki, hətta bir dəfə öz doğmaca qardaşı (əsla ifritəyə-filana bənzəməyən!) Fermin hirsindən onun bir gözünü vurub tökmüşdü.

Ağıllarına həmişə səfeh şeylər gətirən mənzil sahibləri axır vaxtlar Ferminin uşaqbazlığından şübhələnib, onu gözümçıxdıya salmışdılar, cahıl oğlan da bu dedi-qoduların ucbatından axırda Aspetiyanı tərk etməyə məcbur olmuşdu. O vaxt Ferminin on doqquz yaşı vardı. İki il keçəndən, bacısının gözünü tökəndən sonra isə Bordodakı balaca “Müzett” yeməkxanasında məşhur bir aktrisanı təqlid etmişdi. Fermin həmişə xarici araq içir, “L'amouret le printemps”74 mahnısını zümzümə edir, qaşlarını da aldırırdı.

Ömrü boyu heç bir bəd təsadüfdən gileylənməyən Joaken ayağını toydan az sonra, çox səfeh şəkildə itirmişdi – Bayonnadan gedərkən qatarın altına düşmüşdü. Düzdür, Joaken and-aman eləyirdi ki, guya qatarın altına onu arvadı itələyib salıb, amma çox güman ki, elə özü yıxılmışdı, çünki həmin gün bərk kefliydi. Hər necə olsa, o gündən Joaken ayaqsız qaldı və şam ağacından protez ayaq hazırlanana qədər yazıq az əziyyət çəkmədi.

Arvadını Joaken lap hamının gözü qabağında da günahkar çıxarırdı və tamamilə gözlənilən idi ki, nə vaxtsa dalından təpik ilişdirib biryolluq evdən qovsun. Təpik məsələsini xəyalında çox düşünmüşdü, di gəl, bu işin onu ciddi narahat edən bir əmması vardı – qorxurdu ki, təpik elə xam xəyal olaraq qalsın. “Bu nə kişilikdir axı, – yazıq heç cür toxtamaq bilmirdi, – arvada təpik ilişdirmək üçün gərək yanında həmişə bir cüt stul hərləyəsən!..”

Mençu ərinin şikəstliyini lağa qoyub, kişini açıq-aşkar ələ salırdı, Joaken isə arvadını qarğıya-qarğıya axırda hirsindən hətta ayağının ağrısını da unudurdu. Özü də o ayaq ki, olsa-olsa, aparıb zibilliyə tullamışdılar. Bu neçə vaxtda Joaken nə illah eləsə də, ha cəhd göstərsə də, ayağının hara yox olduğunu öyrənə bilmədi.

– Axı onu neylədilər?

Zibillikdə bir parça ətə göz yummaq göründüyü qədər də asan məsələ deyil – Fransa mədəni ölkədir, ola bilsin jandarmlar ayağı tapıb, xəstə bir tifil kimi əskiyə bükərək prefekturaya aparmışdılar. Komissar da dişqurdalayanı ağzından çıxarıb, xidməti kürsünün kəlləçarxında qərar tutan mötəbər zatlara məxsus bir təbəssümlə tələsmədən bığlarını tumarlamış, sonra masanın siyirməsindən lupanı götürüb (lupada isə napnazik tük belə məftil yoğunluğunda görsənir!) gəmi kimi qaltaq, ev qulluqçuları kimi burunlarını hər yerə soxmağı xoşlayan jandarmlarına üz tutaraq mənalı-mənalı demişdi:

– Aydındır, uşaqlar, aydındır…

Jandarmlar isə, heç şübhəsiz, bu etimaddan xoşallanaraq bir-birinin üzünə baxmışdılar. Dəhşət! Bəzi fikirlər sadiq tulalar kimi əl-ayağımıza dolaşıb bizdən əl çəkmir, bəzi fikirlər də əcaib kabuslar kimi canımıza daraşıb bizə olmazın əzab verirlər. Belə şeylərin dərinliyinə varanda adam özünü istər-istəməz narahat hiss edir.

Jandarmlara nəzər salaq.

Jandarm heç də Roma papası deyil; bəzən o da səhvə, yanlışlığa yol verə bilər. Bax onda bizim işlərimiz fırıqdır. Jandarm bizi komissarın yanına çəkib gətirər, ancaq komissar da axı Roma papası deyil! Və bu minvalla axırda biz barmaqlıqlar arxasında, qızdırmanın tüğyan elədiyi dəmir qəfəsdə peyda ola bilərik.

Yeri gəlmişkən, yoldan ötənlərdən od istəməyi jandarmlara öz vicdanları qadağan eləyir. Bizim nələr çəkdiyimizi onlar çox yaxşı bilir, çox həssaslıqla duyurlar; ancaq neyləsinlər, vicdan buna rəvac vermir. Jandarmların dediyindən belə çıxır ki, guya qanunda belə bir şey yoxdur, ona görə də...

Ən pisi – adamın öz gərəksizliyinə tədricən inanmasıdır. Əgər adam öz gərəksizliyinə, yararsızlığına dərhal inanırsa, heç bir qorxusu yoxdur – demək, dərhal da unudacaq; yox, əgər bu fikrə tədricən gəlib çıxırsa, onda işlər xarabdır. Daha heç kim bu fikri onun beynindən çıxara bilməz; bundan sonra günbəgün üzülməyə, sınıxmağa başlayacaq, cinayətkarların qənimi olan yuxusuzluq ona aman verməyəcək, axırına çıxacaqdır. Bir sözlə, hesab elə ki, beləsinin işi artıq bitib.

Joaken Bonom bu cür ağır fikirlərdən xilas olmaq istəyirdi. Daha doğrusu, bəzən istəyirdi, bəzən də taxta ayağını nəvazişlə sığallaya-sığallaya və cib bıcağını çıxarıb üzərində öz inisialını cıza-cıza fikrini dağıdırdı.

– Lənət sənə, kor şeytan! Ayağın olmaya, amma yenə kişi sayılasan! – deyib özünü inandırmağa çalışır, sanki burasını daha dərindən anlamaq istəyirdi. Sonra da düşünürdü: bax Ferminin hər iki ayağı salamatdı, amma nə fayda?

Estrada artisti olan qaynından Joaken çox da xoşlanmırdı: onun fikrincə, bədbəxt o adamdı ki, nə kişi kimi kişidir, nə arvad kimi arvad. Fermin Tuluzaya gələrkən, Joaken gecələmək üçün ona öz evində yer versə də, qaynı ilə çox saymazyana davranır, bəzən lap açıq-aşkar ədəbsizlik edirdi. Növbəti iyrənclik Ferminin qulağına çatanda o, qəzəbindən fısıldamağa başladı və yeznəsi barədə düşündüklərini onun gözünün içinə söyləməkdən özünü güclə saxladı. Bacısı isə acığa düşüb bildirdi ki, bəs gözü öz-özünə çıxıb düşüb.

Mençu qardaşına xüsusi rəğbət göstərirdi: hər axşam dalına düşüb onun ardınca “Xo-xo” kafesinə yollanır, Ferminin çıxartdığı bütün oyunlara olmazın həvəslə, ləzzətlə tamaşa eləyirdi; qonşu arvadların qabağında öz artist qardaşıyla əməlli-başlı qürrələnir, hər axşam göbələkdən növbənöv xörəklər hazırlayırdı ki, bunları da Fermin çox xoşlayırdı.

– Siz heç görmüsünüz Rakeli o necə yamsılayır? Görmüsünüz Pavlovanı necə yamsılayır? Mistengettin, Arxentinanın oyununu qardaşım necə çıxarır, görmüsünüz?

Qonşu arvadlar ağızlarını ayırıb həsədlə Mençuya baxır, düşünürdülər ki, kaş bizimkilər də artist olaydı. Sonra da hərəsi özlüyündə utana-utana fikirləşirdi: mənim Raulum yanğınsöndürəndir... mənim Pyerim cənab Lafenetin prikazçikidir... Etyen neçə ildir madmazel d'Alasın atlarını qaşovlayır... Yox bir! Bircə səhnələri çatışmırdı; bircə o qalmışdı ki, səhnəyə çıxıb camaatın qabağında özlərini rüsvay etsinlər! Və Raulun “Cənab Petronun rayoku”nda1(rayok –xalq teatrı) necə süzməsini, Pyerin “Petruşka” baletində cəld fırlanmasını, Etyenin isə – ölən qu quşunun! – barmaqlarının ucunda nə cür rəqs etməsini təsəvvürlərində canlandırıb xəyalən gülümsünürdülər... Yöndəmsizlər!

Borclu qalmasınlar deyə, hərdən qonşular deyirdilər ki, bəs guya Fermini (afişalarda onun adı “Garçon Basque”75 kimi gedirdi) görüblər, bununla da başlarına iş açırdılar: Mençu dərhal arvadların üstünə şığıyıb onları bir küncə qısnayır, sorğu-suala tutur, karıxmış arvadlar Ferminin dahi olduğunu söyləməyincə onlardan əl çəkmirdi. Joaken isə, əksinə, Garçon'a xüsusi rəğbət bəsləmirdi, Mençuya da tez-tez eşitdirirdi ki, indən belə öz çardağında onun artist qardaşına yer vermək fikrində deyil.

– Mənim evim kasıb, ancaq namuslu evdir. O gədənin burda yaşaması dedi-qoduya səbəb olacaq, görərsən!

Mençu ipə-sapa yatmır, dil-boğaza qoymadan dönə-dönə deyirdi ki, bəs qonşular onun heç vecinə də deyil; öz yanında qardaşına sığınacaq verməyə isə hər bir bacının tam ixtiyarı var, üstəlik də, otaqları kifayət qədər genişdir və Ferminə yer gen-bol çatır.

Ancaq bu axırıncı sözlər ağ yalan idi, çünki otaqda genişlik dediyin şeydən əsər-əlamət yox idi. Mençu isə (sevgidənmi, ya başqa səbəbdənmi) öz fikirlərini əsl xristian səbri ilə aydınlaşdıran ərinə zərrəcə məhəl qoymur, sözlərini eşitmək belə istəmirdi.

Əslinə qalsa, Blanşar küçəsində qonaq saxlamağa bircə dənə də münasib mənzil tapmazsan. Küçə ensiz, balaca, çirkli və darısqaldı; küçəni hər iki tərəfindən sıx-sıx əhatə edən evlərsə divarlarında yalnız illərin və axıdılmış qanların izini saxlayan boz təbəqə ilə örtülmüşdü. Joakenin qərar tutduğu on yeddi nömrəli üçmərtəbə evin hər qatında iki otaq vardı; çardaqda isə, daha doğrusu, çardağın ön tərəfində (arxa tərəfə köhnə-kürüş şeylər atılırdı) bədbəxt Bonomlar yerləşmişdi.

Alt mərtəbənin soldakı otağında istefada olan poçt məmuru L'Epinar və onun ər üzü görməyən, heç kəsə qoşulub qaçmayan, kilsəyə ayaq basmayan, heç yerdə işləməyən on bir qızı; sağdakı otağında isə işi-peşəsi bilinməyən şişman Düran cənablarıyla həmişə pilləkəndə durub qonşuların üzünə gülümsəyən və qanlı bəlğəm tüpürən pozğun qadın İvett məskunlaşmışdı.

İkinci qatın solundakı otaqda hardansa topladığı pişik və tutuquşuların əhatəsində gün keçirən cənab Fruatan; sağ tərəfdəki otaqda isə üst-başından kükürd iyi gələn və alver edilməsi mümkün olan hər şeylə, bəzən hətta mümkün olmayan şeylərlə də alver edən cənab Qaston Oliv Levi qalırdı.

Üst qatın sol mənzilində musiqi müəllimi cənab Jan-Lui Lopes yaşayırdı; sağ mənzilin sakini isə həmişə ləçək bağlayan, həmişə ərindən dəm vuran (deməsinə görə, guya əri artilleriya mayoru idi) və həmişə fəsillərdən, bahaçılıqdan, bir də əliəyri ev qulluqçularından gileylənən madam de Berjerak-Monsuri idi.

Və nəhayət, az öncə qeyd etdiyimiz kimi, evin çardağını Mençu Agirresabala ilə onun şikəst əri Joaken Bonom tutmuşdu; ər-arvad birtəhər çardağın ön tərəfinə yerləşmişdilər. Onlar yeməyi pilətədə bişirir, pilətəni isə yonqarla qızdırırdılar, belə ki, tüstüdən həmişə gözləri yaşarırdı. Çardağın qapısı çox alçaq – adam boyundan da aşağı idi və içəri girmək üçün bir az əyilmək lazım gəlirdi. Joaken qapıdan girib-çıxarkən öz yeganə ayağının üzərində elə incə tərzdə aşağı əyilirdi ki, adam gülməkdən özünü güclə saxlayırdı. Və indi, artıq bizə məlum olduğu kimi, o, içəri keçib arxasınca qapını çəkdi.

– Bir şey tapdın?

– Yox.


Hər iki ayağının salamat olduğu əyyamlarda Joaken çoxlu peşələr dəyişmişdi; indi isə, iki ayağından birinin qaldığı və işləmək hava-su kimi zərurətə çevrildiyi bir vaxtda bekar qalmışdı, özü də hər dəqiqə gözlənilən idi ki, arvadı və əşyalarıyla birgə küçəyə atılsın.

Joaken hər gün iş axtarışına çıxırdı, amma hamısı da əbəs yerə; bütün zəhməti hədər gedirdi. Düz iyirmi beş gün qabaq onu nimdaş mallar dükanına hesabdar götürmüşdülər, di gəl, Joaken dükanda vur-tut ikicə gün işləmişdi – bütün ömrünü özgələrin cır-cındası içində qurdalanmaqla keçirən, görünür, elə bu səbəbdən də qəlbinin dərinliklərində mənəvi ehtiyaclara bir tikə həssaslığı qalmayan dükan sahibi cənab Bertelemi, necə olmuşdusa, şeir quraşdırdığı yerdə qəfildən Joakenin üstünə gəlib çıxmış, dərhal da onu işdən qovmuşdu.

Joaken bu gün də, əvvəlki günlərdə olduğu kimi, çardağa əliboş, üstəlik, həmişəkindən daha acıqlı qayıtmışdı. Və artıq bizə məlum olduğu kimi, arvadı da əməlli-başlı hirslənmişdi.

Komissar dəniz ilbizitək darıxır və gileylənirdi:

– Tuluzada hadisə baş vermir!

Və heç də yalan demirdi – Tuluzada həqiqətən tam sakitlik hökm sürürdü. Bəyəm oğurlanmış pul kisəsi və bir cüt qotur toyuq haqqında iş araşdırmaq rəsmi qulluğun otuz yeddinci sənəsində ona yaraşardımı?

– Tfu, səni! Bir qırıq da maraq qalmayıb! Bu lənətə gəlmiş Tuluzada hadisə baş vermir ki, vermir!

Bayırda narın yağış çisələyir, ətrafın qəmginliyi adamda elə təəssürat yaradırdı ki, elə bil bütün şəhər yuxusuzluğa mübtəla olub. Bəlli məsələdir ki, cansıxıcı yerlərdə fikirlər də kədərli və dağınıq olur – bir də gördün basıb əzdilər.

Qara müşəmbə plaşlı jandarmlar həmişəki qayda ilə küçədə o baş-bu başa gedib-gəlir, narın yağış damcıları yenə onların qalın bığlarının ucunda xırdaca muncuq dənələritək parəldayırdı. Gör neçə vaxtdı komissarın xoş sədası qulaqlarını oxşamırdı:

– Aydındır, uşaqlar, aydındır!

Bu sözlərsiz isə gəmilər qədər köhnə, ev qulluqçularıtək hər şeylə maraqlanan jandarmlar sınıxırdılar.

Elə bu zaman ikicə məhəllə yuxarıda (dünya burun dəsmalı qədər kiçikdir!), Blanşar küçəsindəki on yeddi nömrəli üçmərtəbə evin çardağında vaxtilə xeyli peşələr dəyişmiş, hazırda isə həm ayaqsız, həm də işsiz qalmış Joaken Banomla onun keçəl, müzür, yekəpər, şüşəgöz arvadı Mençu Agirresabala bərk çəkişir, Fermin də onlara baxa-baxa papirosunu sümürürdü.

– İşdən qorxursan, vəssalam! Ona görə iş tapmırsan...

Joaken səbrini basıb dillənmədi. Mençu təzədən qızışdı:

– Tapanda da ikicə gündən sonra mitilini atırlar bayıra! Bu yaşda, üstəlik, qoltuqağacıyla işdən qovulmaq! Özü də gör nə üstündə, məktəb uşağı kimi şeir üstündə qovulursan!

Belə hallarda Joaken öz əqidəsinə sadiq qalaraq susur və heç vaxt mübahisəyə girişmirdi. O, adətən, canı boğazına yığılana qədər dözür, axırda bir cüt stul götürüb təpik ilişdirməyə hazırlaşırdı. Bəzən təpik sadəcə olaraq zərurətə çevrilirdi; Mençu tədricən səsini qısır və pəsdən deyinə-deyinə çardağın bir küncünə çəkilib zarımağa başlayırdı.

Fermin bir neçə dəfə istəmişdi ki, qalxıb araya girsin, təpiyin qarşısını alsın, ancaq sonra fikrindən daşınmışdı və belə qərara gəlmişdi ki, özgə işinə qarışmaq hər halda yaxşı hərəkət deyil.

Joaken hələ yerindən tərpənməmişdi, Mençu isə qızışıb özündən çıxmışdı; arvadın şüşə gözündən ispanka epidemiyası zamanı Bordoda itirdiyi xalis gözündən axan kimi sarımtıl və bulanıq maye süzülürdü, özü də həmişəkindən fərqli olaraq, bu damcılar bir qədər çəhrayıya çalırdı (kim bilir, bəlkə ora qan qarışmışdı?!). Fermin qorxudan əsə-əsə eləcə oturub işin gedişatına baxsa da, qarışmağa cürət eləmirdi, çünki Mençunun qəzəbi artıq öz həddini keçmişdi. Qorxudan sapsarı saralmış estrada artisti həmin an başqa bir evdə olmaqdan ötrü lap nə istəsəydin verməyə hazırdı.

Komissarın heç ağlına da gəlməzdi ki, bir neçə dəqiqədən sonra Tuluzada ömür-billah görünməmiş (amma ona yamanca ehtiyac duyulan!) bir hadisə baş verəcək. Uzaqbaşı, o indi ya pivə içir, ya şahmat oynayır, ya da doktor Sent-Rozali ilə siyasətdən gap edirdi; ancaq qətiyyən düşünmür, xəyalından belə keçirmirdi ki, heç bir hadisə baş verməyən və bu səbəbdən də günlərin son dərəcə maraqsız keçdiyi Tuluzada lap elə indicə – rəsmi xidmətin otuz yeddinci ilində! – onun zəkasına layiq əsl iş başlanacaq.

Joaken son həddə çatıb yaralı canavar kimi güc-bəla ayağa qalxdı (baxanda adamın ürəyi qana dönürdü!), stullardan yapışıb yırğalandı və – taraq! – arvada təpik ilişdirdi. Göz qırpımındaca zərblə divara çırpılan Mençunun şüşə gözündən qarmağa oxşar nəsə qopub düşdü; deyəsən, təpik arvadın düz hülqumundan tutmuşdu...

Mençunun tək ayaq üstdə nə cür fırlandığını görən Joaken əməlli-başlı xoflandı, stulları buraxıb səntirlədi və peysəri üstə guppultuyla yerə sərildi. Garcon Basque də bərk qorxmuş halda darısqal otaqda vurnuxmağa başladı; nəhayət, qapını tapıb özünü bayıra atdı və üzüaşağı götürüldü. Birinci mərtəbənin pilləkənində rastlaşdığı İvett onun üzünə gülümsəyə-gülümsəyə:

- Au revoir, Garcon Basque,76– dedi.

Fermin kandarı hoppanıb keçərkən cənab L'Epinarın heç vaxt ər üzü görməyən, heç kəsə qoşulub qaçmayan, kilsəyə ayaq basmayan, heç yerdə işləməyən və heç kəsə xeyri dəyməyən iki gözəlçəsi də bir ağızdan İvettin sözlərini təkrarladılar:

– Au revoir, Garcon Basque.

Garcon Basque nəfəsi qarala-qarala var gücüylə hara gəldi qaçırdı. Roma papası olmayan və səhv etmələri tamamilə mümkün görünən jandarmlar onu tutub saxlayanda narın yağış hələ də yağmağında idi...

“La Poste de Toulous” qəzetinin axşam buraxılışı yağlı bir başlıqla bəzədilmişdi: BLANŞAR KÜÇƏSİNDƏ SİRLİ QƏTL!

Roma papası olmayan və səhvə yolvermə ehtimalı tamamilə mümkün sayıla biləcək komissar gülümsündü:

– Blanşar küçəsində sirli qətl! – Və etinasızcasına əlavə etdi: – Eh, jurnalistlər, jurnalistlər!

Sevincdən jandarmların üzü işım-işım işıldayırdı; komissar yenidən onlara üz tutmuşdu:

– Aydındır, uşaqlar, aydındır! Bu da estrada artistləri! Tövbələtmə olsun deyə, mən onların hamısını dama basardım!

...Dəmir barmaqlıqlar arxasındakı qəfəsdə qızdırma tüğyan edir, Garcon Basque isə buna heç cürə öyrəşə bilmirdi. O, çamadanın üstündə oturub saatları, günləri, həftələri, ayları bir-bir yola salırdı. Ancaq ilin necə ötdüyünü görə bilmədi...



Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə