Şəhər (rayon) mədəniyyət və turizm idarəsi (şöbəsi) haqqında
N Ü M U N Ə V İ Ə S A S N A M Ə
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Şəhər (rayon) Mədəniyyət və Turizm idarəsi (şöbəsi) (bundan sonra idarə (şöbə) regionlarda mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya, muzey, kitabxana və klub işi, xalq yaradıcılığı, musiqi və incəsənət təhsili sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və şəhər (rayon) icra hakimiyyətinin ikili tabelikdə olan yerli orqanıdır.
1.2. İdarə (şöbə) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və şəhər (rayon) İcra Hakimiyyətinin əmr, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. İdarə (şöbə) öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İdarə (şöbə) müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. İdarənin (şöbənin) saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. İdarə (şöbə) müvafiq şəhər və rayon mərkəzlərində yerləşir.
II. İDARƏNİN (ŞÖBƏNİN) VƏZİFƏLƏRİ
2. İdarə (şöbə) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.1. dövlət proqramlarının və inkişaf konsepsiyasının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
2.2. müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar hazırlamaq və həyata keçirmək;
2.3. müvafiq sahədə fəaliyyət göstərən qurumların, birliklərin fəaliyyətini əlaqələndirmək;
2.4 müvafiq sahədə şəhərdə (rayonda) yerləşən müəssisə və təşkilatların fəaliyyətinə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş nəzarət funksiyalarını həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;
2.5. qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada tabelikdə olan müəssisə və təşkilatlarda çalışan işçilərin hüquqi və sosial müdafiəsini təmin etmək, onların pozulmasının qarşısını almaq üçün tədbirlər görmək;
2.6. müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək,
müsbət nəticələri təcrübədə tətbiq etmək;
2.7. beynəlxalq təcrübə də nəzərə alınmaqla qabaqcıl təcrübəni təhlil etmək, həmin təcrübənin təşviqini, təbliğini həyata keçirmək, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
2.8. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və başqa
maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
2.9. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
2.10. idarənin (şöbənin) strukturunun və fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
2.11. şəhər (rayon) daxilində mədəniyyət və turizm siyasətinin həyata keçirilməsinə və inkişaf etdirilməsinə dair proqramlar, tədbirlər planı hazırlamaq və icrasını təmin etmək;
2.12. genişmiqyaslı mədəni-kütləvi tədbirlər, xatirə gecələri, teatr tamaşaları, konsertlər, konfranslar, müşavirələr, seminarlar və görüşlər keçirmək, sərgilər, festivallar, müsabiqələr və digər tədbirlər, habelə filmlərin nümayişini təşkil etmək;
2.13. şəhərdə (rayonda) yaradıcı şəxslərlə məqsədyönlü iş aparmaq, onların problemlərinə diqqət yetirmək, yaradıcılıq mühitinin formalaşmasına yardım göstərmək və bu istiqamətdə müxtəlif tədbirlər təşkil etmək;
2.14. mədəniyyət və turizm sahələrinin inkişafının əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək, müvafiq yerli dövlət orqanları ilə birlikdə bu sahələrə investisiyaların cəlb olunması üçün təkliflər hazırlamaq;
2.15. mədəniyyət və turizm müəssisə və təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə inventar, avadanlıq və ləvazimatlara olan tələbatını öyrənmək və onların əldə edilməsi üçün tədbir görmək;
2.16. öz səlahiyyətləri daxilində müvafiq sahədə kadrların seçilib yerləşdirilməsini, onların hazırlanmasını, ixtisasartırma və yenidən hazırlanmasını təmin etmək, Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılaraq attestasiyanı keçirmək;
2.17. qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının və sərgi salonlarının fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədilə müvafiq tədbirlər görmək;
2.18. turizmin təşkilində və inkişafında öz səlahiyyətləri daxilində iştirak etmək, turizm nümayiş obyektləri olan mədəni, təbii və tarixi irsdən
aidiyyəti qurumların rəylərini nəzərə alaraq səmərəli surətdə istifadə etmək;
2.19. aidiyyəti təşkilatlarla birlikdə regionun turizm, turizm-istirahət
zonalarının inkişaf istiqamətlərini hazırlanması, mədəniyyət və turizm obyektlərinin, turizm şirkətlərinin fəaliyyətini əlaqələndirilməsi, xarici turistlər üçün marşrutlar müəyyən edilməsi ilə bağlı təkliflərini təqdim etmək;
2.20. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi barədə Nazirliyə dərhal məlumat və təkliflər vermək;
2.21. idarənin (şöbənin) şəbəkəsində olan teatr-tamaşa müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mədəniyyət evləri və klublarda, kitabxana, muzey və rəsm qalereyalarında, kinoteatrlarda, tarix-memarlıq abidələri və qoruqlarında, mədəniyyət və istirahət parklarında yanğından mühafizənin, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlərin görülməsinə və icrasına nəzarət etmək;
2.22. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
2.23. idarənin (şöbənin) fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və məktublara baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;
2.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
III. İDARƏNİN (ŞÖBƏNİN) HÜQUQLARI
3. İdarə (şöbə) öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarını təkmilləşdirmək məqsədi ilə Nazirliyə təkliflər vermək;
3.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.3. öz səlahiyyətləri daxilində Nazirliklə razılaşdıraraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.4. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq;
3.5. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
3.6. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
3.7. öz səlahiyyətlərini həyata keçirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək, müvafiq sahə üzrə monitorinqlər keçirmək;
3.8. fəaliyyət istiqamətləri üzrə müvafiq qaydada əlaqədar təşkilatların mütəxəssislərini cəlb etməklə idarələrarası komissiyalar, şuralar, işçi qrupları yaratmaq, səlahiyyətlərinə aid məsələlərə dair metodik materiallar və tövsiyələr hazırlamaq;
3.9. müvafiq sahənin əsas istiqamətlərinin kompleks təhlilini aparmaq, proqnozlaşdırılması və bu sahəyə investisiya qoyuluşu üzrə təkliflər hazırlamaq;
3.10. qanunvericiliklə müəyyən olunmuş qaydada tabeliyində qurumlar yaradılmasına, onların yenidən təşkil edilməsinə və ləğv olunmasına dair təkliflər vermək;
3.11. aidiyyəti yerli orqanlarla müəyyən olunmuş qaydada mədəniyyət və turizm sahəsində problemlərin həlli ilə bağlı idarələrarası komissiyalar və ekspert şuraları, habelə işçi qrupları yaratmaq;
3.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
IV. İDARƏNİN (ŞÖBƏNİN) FƏALİYYƏTİNİN TƏŞKİLİ
4. İdarə (şöbə) öz fəaliyyətini bilavasitə və tabeliyində olan qurumlar (rəsm qalereyaları, muzeylər, mərkəzləşdirilmiş kitabxana sistemləri və onlarm filialları, mədəniyyət evləri və klublar, mədəniyyət və istirahət parkları, asudə vaxt mərkəzləri, kinoteatrlar, tarix və mədəniyyət abidələri, dövlət qoruqları, turizm informasiya mərkəzləri, uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəbləri) vasitəsilə həyata keçirir.
4.1. idarənin (şöbənin) strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi təsdiq edir;
4.2. idarənin (şöbənin) və tabeliyində olan qurumların fəaliyyətinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin 14.3. maddəsinə müvafıq olaraq təyin edilmiş rəis (müdir) rəhbərlik edir;
4.3. rəis (müdir) idarəyə (şöbəyə) və tabeliyində olan qurumlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.4. şəhər (rayon) mədəniyyət və turizm idarəsində (şöbəsində) Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavin və məsləhətçilər vardır. Müavin və məsləhətçilər rəis (müdir) tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar;
4.5. Mədəniyyət və Turizm Nazirliyinin kadrlar nomenklaturasına daxil olan mədəniyyət müəssisə rəhbərlərinin (uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəblərinin direktoru, muzeylərin direktoru, direktor müavini və baş mühafizi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Rəsm Qalereyasının direktoru və baş mühafizi, qoruqların direktoru, direktor müavini, baş mühafizi və baş mühasibi) işə təyin və azad olunması haqqında təqdimat, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün təkliflər verir;
4.6. klub müəssisələrinin rəhbərlərini və işçilərini, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavinini və şöbə müdirlərini, uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəblərinin direktor müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür,
4.7. mədəniyyət müəssisələrinin digər işçilərinin işə götürülməsi və azad olunması mədəniyyət və turizm şöbəsinin (idarəsinin) müdiri (rəisi) ilə razılaşdırılmaqla həmin müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir;
4.8. rəis (müdir):
4.8.1. idarənin (şöbənin) və tabeliyində olan müəssisələrin fəaliyyətini təşkil edir və onlara ümumi rəhbərlik edir;
4.8.2. qanunvericiliyə müvafiq olaraq əmr və sərəncamlar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
4.8.3 tabelikdə olan müəssisə rəhbərlərinin qanunvericiliyə zidd olan əmr və sərəncamlarını ləğv edir;
4.9. rəis (müdir) bütün idarə, müəssisə və təşkilatlarda rəhbərlik etdiyi dövlət orqanını təmsil edir;
4.10. idarədə rəis (şöbədə müdir) (şuranın sədri), digər işçilərindən, Mədəniyyət və Turizm Nazirliyinin və aidiyyəti üzrə təşkilatların nümayəndələrindən ibarət Şura yaradılır. Şuranın tərkibinə görkəmli sənət adamları və mütəxəssislər, yaradıcı ittifaqların üzvləri, elm və sənət xadimləri də daxil edilə bilər. Şuranın tərkibi Mədəniyyət və Turizm Naziri tərəfindən təsdiq edilir;
4.11. şuranın sayı və tərkibi şəhərlərdə 15, rayonlarda 11 nəfərədək ola bilər;
4.12. şura idarənin (şöbənin) fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir;
4.13. idarə rəisi (şöbə müdiri) yanında Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir və tövsiyə xarakteri daşıyır. Şura iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirakçıların səs çoxluğu ilə qəbul olunur. Şura iclasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, şuranın sədrinin səsi həlledici hesab edilir;
4.14. şura iclaslarının qərarları protokolla rəsmiləşdirilir, sədr tərəfindən təsdiq edilərək bir qayda olaraq müvafiq əmrlə həyata keçirilir.
4.15. şuranın iclaslarına zəruri olduqda Mədəniyyət və Turizm Nazirliyinin, şəhər (rayon) icra hakimiyyətinin və digər orqanların nümayəndələri dəvət oluna bilərlər;
4.16. rəis (müdir) idarənin (şöbənin) fəaliyyəti haqqında hesabatı ildə iki dəfə (hər yarım il) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir;
4.17. idarənin (şöbənin) əmlakı barədə sərəncam verir, müqavilələr, o
cümlədən, əmlak müqavilələri bağlayır, vəkalətnamə verir, xəzinə hesabı və digər hesablar açır, büdcə təxsisatı daxilində tabeliyində olan müəssisələrin xərclər smetasını təsdiq edir, vəsaitləri təyinatı üzrə bölüşdürmək hüququndan istifadə edir, ştat vahidlərinin sayını qanunla müəyyən edilmiş qaydada təsdiq edir, öz səlahiyyətləri daxilində əmr və göstərişlər verir, digər səlahiyyətləri həyata keçirir.
V. İDARƏNİN (ŞÖBƏNİN) MALİYYƏ FƏALİYYƏTİ VƏ ONA NƏZARƏT
5. İdarə (şöbə) yerli büdcədən, digər mənbələrdən maliyyələşdirilir və idarənin (şöbənin) maliyyələşdirilməsi şəhər (rayon) İcra Hakimiyyəti başçısının təsdiq etdiyi toplu xərclər smetasinin müvafiq bölmələrinə uyğun olaraq həyata keçirilir;
5.1. idarənin (şöbənin) maliyyə fəaliyyətinə rəis (müdir) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən mədəniyyət və turizm idarələrinin (şöbələrinin) nəzdində olan mərkəzləşdirilmiş mühasibatlığın baş mühasibi şəxsən məsuliyyət daşıyır;
5.2. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə idarənin (şöbənin) maliyyə təsərrüfat fəaliyyəti səlahiyyətli dövlət orqanları tərəfindən yoxlanılır;
5.3. idarə (şöbə) müvafiq orqanların səlahiyyətlərinə daxil olmayan məsələlər üzrə tələblərini yerinə yetirməmək, nəzarətə aid olmayan materiallarla tanış etməmək hüququna malikdir.
VI. İDARƏDƏ (ŞÖBƏDƏ) UÇOT VƏ HESABAT
6. İdarə (şöbə) öz fəaliyyətinin nəticələrinin və mühasibat uçotunun hesabatını aparır;
6.1. dövlət statistika hesabatının formaları dövlət statistika orqanları tərəfindən müəyyən olunur, buraya faktiki məlumatlar, habelə ünvanlar və hesabatların göndərilməsi müddətləri daxil edilir.
VII. İDARƏNİN (ŞÖBƏNİN) LƏĞVİ VƏ YENİDƏN TƏŞKİL EDİLMƏSİ.
7. İdarənin (şöbənin) ləğvi və yenidən təşkil edilməsi (birləşməsi, bölünməsi, ayrılması, çevrilməsi) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə həyata keçirilir.
Dostları ilə paylaş: |