Açar sözlər: Azərbaycan iqtisadiyyatı, Xəzər dənizi, təbii sərvətlər (təbii resurslar), neft-qaz sektoru, faydalı qazıntılar.
1.Giriş
Milli iqtisadiyyatlar fəaliyyətlərini müxtəlif iqtisadi resurslar əsasında reallaşdırmaqla inkişaf tapırlar. Bu çevrədə heç şübhəsiz ki, sosial-iqtisadi irəliləyişin zəruri şərti olan təbii sərvətlər (təbii resurslar) öncül mövqedə dayanırlar. Elmi-Texniki Tərəqqi bəşəriyyətin təbii resurs istehlakına olan tələbini son 50-60 il ərzində xeyli genişləndirmişdir. Müasir reallıqlar belədir ki, hər bir ölkədə təbii sərvətlərin rolu məxsus olduğu xammal bazasının vəziyyəti, iqtisadiyyatın inkişaf səviyyəsi, dünya inteqrasiya proseslərində iştirak dərəcəsi kimi amillər məcmusu ilə təyin olunur. İstifadəsi təmin olunan təbii resurslar ölkə iqtisadiyyatının təməlini təşkil edir və onun inkişafına mühüm təkan verir. Dövlətin mülkiyyətindəki bir sıra təbii resurslar pulsuz olaraq cəmiyyətin maraqları baxımından istifadə edilir. Özəl sektorda isə onların istifadəsi xüsusi vergilər, renta və digər ödənişlərlə müşayiət olunaraq əlavə iqtisadi dividendlər yaradır. Burada bir cəhət də yaddan çıxarılmamalıdır ki, təbii resurslar sonsuz və əbədi deyildirlər. Onların ekoloji təsir xüsusiyyətliliyi isə bu sahədə idraklı tənzimləməni və səmərəli resursqoruyucu istifadəni şərtləndirir.
Azərbaycan da təbii sərvətlər baxımdan dünya çapında əlverişli mövqedə dayanır. Onun mənsub olduğu zəngin təbii sərvətləri milli iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyət daşıyır. Bununla belə vurğulanmalıdır ki, ölkənin çox böyük həcmə malik təbii sərvətlərindən hələ də dolğun istifadə olunmamış və onların yetərli hissəsi istehsalın geniş xidmətinə çıxarılmamışdır. Mənimsənilməkdə olan təbii sərvətlər isə ölkənin müasir sosial-iqtisadi tərəqqisinə güc verir, onun inkişafını davamlı təmin edir. Məhz buna görə də, Azərbaycanda təbii sərvətlərin rolu müstəsna dəyərləndirilir və onların qənaətcil və səmərəli istifadəsi dövlətin prioritetləri sırasında mühüm yer tutur. Müasir mərhələdə bu strateji xətt təbii sərvətlərdən səmərəli istifadə əsasında iqtisadi inkişafın əsas proqram və reqlamentasiya sənədi kimi çıxış edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” çərçivəsində reallaşdırılır. Bütün bu kompleks məsələlər tədqiqat baxımından da elmi aktualıq kəsb edir. Bundan irəli gələrək Azərbaycanın təbii sərvətlərinin geniş struktur təyinatda elmi-metodoloji təsnifatlandırılması, yeni inkişaf mərhələsində təhlili və qiymətləndirilməsi və həmçinin onların milli iqtisadiyyata təsir effektivliyinin əsaslandırılması təqdim edilən məqalənin də geniş vəzifələr nomenklaturasının məqsədi, tədqiqat predmeti və obyektinə çevrilmişdir.
Dostları ilə paylaş: |