Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XIII MÖVZU Güney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və



Yüklə 1,44 Mb.
səhifə9/15
tarix30.04.2018
ölçüsü1,44 Mb.
#49527
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

XIII MÖVZU

Güney Azərbaycanda ictimai-iqtisadi vəziyyət və

milli demokratik hərəkat.

Plan
1. Türkmənçay müqaviləsindən sonra Güney Azərbaycanın iqtisadi və

siyasi vəziyyəti.

2. Şah zülmünə və imperalizmə qarşı çıxdılar. Səttarxan hərakatı.

3. İrticanın və imperalist dövlətlərinin azadlıq hərakatını boğması.


Ədəbiyyat:
1. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917).Bakı, 1985, səh. 112-180.

2. Azərbaycan tarixi. Bakı, 1994, səh.622-636.

3. Siyasi tarix. (mühazirə kursu), I hissə, Bakı,1995, səh. 107-171.

4. Həsənov N.Oynamış Təbriz və Səttarxan. Bakı, 1986,səh.35-51.

5. Belova N.K.Səttarxan 1905-1911-ci illər İran inqilabının qəhrəmanıdır.

(rus dilində), Moskva, 1983, səh. 28-41



1828-ci il Türkmənçay müqaviləsi ilə bir zaman bütöv bir ölkə olan Azərbaycanın iki imperiya arasında «parçala hökm et» prinsipi əsasında sərhəd xətti etnikmilli əsaslar üzrə deyil, siyasi mülahizələrə görə təyin edilməsi nəticəsində Azərbaycan xalqı öz tarixi boyunca ən ciddi siyasi, iqtisadi və mənəvi zərbə aldı, torpaqlarımızın sonrakı bölunmələrinin əsası qoyuldu. Müqavilənin şərtlərinə görə Arazdan şimaldakı Azərbaycan torpaqları Rusiya çarının, indi Cənubi Azərbaycan adlandırılan ərazilərimiz isə Qacar xanədanının hakimiyyəti altına düşdü. 
İrana qatıldıqdan sonra ölkənin dörd əyalətindən birini təşkil edən Azərbaycan əyalətinin ərazisinə ilk dövrlərdə cənubda Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin mahalları daxil idi. Sonralar Azərbaycan əyalətinin inzibati sərhədləri daraldılmış və 1906-cı ildə qəbul olunmuş seçki nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, Binab, Miyandoab, Soucbulaq, Dehxarqan, Mərənd, Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə, 
Sainqala mahalları daxil edilmişdi. 

Rəsmi İran statistikasına görə azərilərin sayı farslardan sonra ikinci yerdə dayanır və 36%-ni təşkil edir. Azərbaycanın idarə olunmasına rəhbərlik rəsmən şahin oğlunun (vəliəhdin) ixtiyarında olmuşdur.Əyalətin Mərkəzi Təbriz olmuşdur. Vilayət və mahal-lara şahzadələr rəhbərlik edirdilər. Onlar bu yerlərə gəlir mənbəyi kimi baxır və xalqı soyurdular.



XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycan əhalisinin əsas məşğuliyyəti əvvəllər olduğu kimi kənd təsərrüfatı, əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisi deyil, şəhər əhalisinin də bir qismi əkinçilik, bağçılıq, bostançılıq və kənd təsərrüfatının başqa səhələrində çalışırdılar. 
XIX əsrin 30-60-cı illərində Cənubi Azərbaycanda təbii və qismən suvarma əsasında buğda, arpa, çəltik və başqa dənli bitkilər əkilir, barama yetişdirilir, mum hazırlanır, müxtəlif meyvələr becərilirdi. 1837-1840-cı illərdə İranda olmuş rus zabiti İ.F.Blaramberqin söylədiyinə görə Azərbaycanın Xoy mahalında becərilən pambıq İranda becərilən ən yaxşı pambıq növü hesab olunurdu. Təbrizlə Miyana, Mərənd və başqa şəhərlər arasında yerləşən kəndlər meyvə bağları ilə zənğin idi. Ümumiyyətlə, Cənubi Azərbaycan İranın ən məhşur taxılçılıq və meyvəçilik rayonlarından biri idi, əyalətdən taxılla yanaşı quru meyvələr də ixrac edilirdi. Marağa və Urmiya yüksək keyfıyyətli kişmiş istehsal edirdi. Əhalinin köçəri həyat sürən hissəsinin əsas məşğuliyyəti maldarlıq idi. Əyalətin zəngin təbii yem bazası oturaq və yarımoturaq həyat sürən əhaliyə də maldarlıqla məşğul olmağa imkan verirdi. Heyvandarlıq məhsullarından yun, gön-dəri və s. ölkə daxilində keçə, yəhər hazırlanması, xalça-palaz toxunması, şəhərlərdə nəfıs xalçalar, şal və s. istehsalında işlənirdi. 

XIX əsrin ortalarında Cənubi Azərbaycan şəhərləri öz orta əsr qiyafəsini saxlamışdı.Şəhərlərin sosial-iqtisadi həyatında mühüm rol oynayan sənətkarlar ölkədə istehsal edilən əsas sənaye məhsullarının başlıca istehsalçıları idilər. Müharibədən sonra yaranmış nisbi dinclik şəraitində sənətkarlıq müəyyən inkişaf imkanı qazandı. Lakin İran hökumətinin öz bazarlarının qapılarını İngiltərə, Rusiya və başqa Avropa dövlətlərinin üzünə açması nəticəsində axıb ğələn xarici mallar yerli sənətkarların məhsullarını sıxışdırmağa başladı. Durmadan artan xarici mallar axını, əlbəttə, sənətkarlığın ən mühüm sahəsi olan toxuculuq üçün ağır zərbə idi. Parça, başlıca olaraq pambıq parça istehsal edən sənətkarların müflisləşməsi nəticəsində 30-40-cı illərdə belə parçaların istehsalı azaldı. Lakin Təbriz və başqa şəhərlərdə istehsal olunmuş parçalar keçmiş ənənə üzrə qonşu Zaqafqaziyada malik olduğu bazarı hələ itirməmişdi. Təbriz özünün yüksək keyfıyyətli yun və ipək parçaları ilə məhşur idi. Xalça, keçə, gön-dəri kimi istehsal sahələri xarici malların rəqabəti ilə qarşılaşmadığı üçün inkişaf edirdi. 
Cənubi Azərbaycan şəhərlərində orta əsrlərə xas olan sex quruluşu qalmaqda idi. Bütün İranda olduğu kimi, Azərbaycanda da emalatxanalarda adətən 2-3 sənətkar işləyirdi.Bununla yanaşı, daxili və xarici bazarda rəqibi olmayan malların istehsalı ilə məşğul olan sahələrdə, ləng də olsa irəliləmə prosesi gedir və muzdlu əməkdən istifadə olunur, kapitalist istehsal üsulunun inkişafı başlayırdı.

 Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir-birinin ardınca güzəştə getməsi, onların xeyrinə müqavilələr bağlaması ölkənin yarımmüstəmləkəyə çevrilməsinə gətirib çıxardı. Nəticədə İran iqtisadiyyatı birtərəfli istiqamətə yönəldi ki, burada da xarici kapital ağalıq etməyə başladı. 
XIX əsrin II yarısından etibarən İngiltərə və çar Rusiyasının İrana iqtisadi təcavüzünün genişlənməsi nəticəsində ölkə sürətlə onların xammal mənbəyi və satış bazarına çevrildi. İranda ingilis və rus kapitalistlərinə bir sıra yeni güzəşt və imtiyazlar verildi. 1879-cu ildə İranda rus zabitlərinin rəhbərliyi ilə Rusiyadakı kazak polkları nümunəsində kazak polku, sonra isə briqadası yaradıldı ki, bu da ölkədə çarizmin nüfuzunun saxlanmasında mühüm amil idi. 1889-cu ildə ingilis baronu Reyter İranda bank («Şahənşah» bankı) açdı, bir il sonra isə rus kapitalisti Polyakovla birlikdə ölkənin bütün maliyyə sistemini öz nəzarəti altına aldı. Az sonra Xəzər dənizində gəmi nəqliyyatı rus, şosse və dəmir yollarının çəkilişi isə bu iki ölkənin şirkətlərinin nəzarətinə keçdi. 
1901-ci ildə İran hökumətinin ingilis şirkətinə verdiyi imtiyaz əsasında, İranın neft yataqlarının istismarını öz əlinə keçirmiş kapitalist D/Arsi İngiltərə-İran neft şirkətini yaratdı (1909). İran hökuməti 1862-ci ildən başlayaraq ingilis kapi- talistlərinə ölkədə teleqraf xətləri çəkilməsi sahəsində 1888-ci ildə isə rus kapitalisti Lianozova Xəzər dənizi hövzəsində balıqçılıq sahəsində əlverişli imtiyazlar vermişdi. 

Bütün bunların nəticəsində İran İngiltərə və çar Rusiyasından həm siyasi, həm də iqtisadi cəhətdən asılı bir dövlətə çevrildi. İranın xalq təsərrüfatı müstəmləkə və asılı ölkələrə xas olan yeni xüsusiyyətlər kəsb etməyə başladı. Coğrafı mövqeyinə görə Cənubi Azərbaycanda Rusiyanın nüfuzu daha güclü idi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycanda kənd təsərrüfatının inkişafı Rusiya bazarı ilə əlaqələrin səviyyəsindən və xarakterindən asılı idi. Rusiya bazarında, pambıq, xammal, boyaq maddələri, yun, göndəri,bağırsaq və s. kimi əkinçilik və heyvandarlıq məhsullarına, həmçinin bəzi sənətkarlıq mallarına olan tələbat həmin sahələrin qismən inkişafına təkan verdi. 

Azərbaycan yenə də İranın əsas taxıl bazalarından biri idi. XIX əsrin 90-cı illərindən başlayaraq Rusiya səna-yesinin ucuz xammala olan tələbatı taxıl, düyü ilə yanaşı, pambıq istehsalında da ciddi irəliləyiş yaratdı. 

Xarici kapitalın ağalığı, sosial zülm, dövlət məmurlarının yerlərdəki özbaşınalığı geniş xalq kütlələri içərisində narazılığa səbəb olurdu. Ölkədə vaxtaşırı baş verən təbii fəlakətlər(quraqlıq, çəyirtkə basqını, epidemiyalar və s.), möhtəkirlər tərəfındən süni surətdə yaradılan ərzaq qıtlığı istər şəhər, istərsə də kənd yoxsulları içərisində həyəcanları son dərəcə artırırdı. XX əsrin əvvəllərinə doğru bütün ölkədə sosial ziddiyyətlər olduqca kəskinləşmiş, əyalət, vilayət və mahallara başçılıq edən məmurlara qarşı çıxışlar baş vermişdi. 

1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər onun yarıdan çox hissəsini ələ keçirdilər. Vuruşlarda babilərin ailə üzvləri də iştirak edirdilər. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər də var idi. Ətraf kəndlərdən olan əhali üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər.

Şah hökuməti tərəfindən üsyanı yatırmaq üçün göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı mühasirəyə aldılar, lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular.Dekabr ayında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə ağır yaralandı və üç gündən sonra vəfat etdi. Babilərdən yalnız 100 nəfəri sağ qalmışdı və onlar daha beş gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri haqqında Qurana and içmiş şah ordu başçıları, silahı yerə qoyan üsyançıların hamısını qırdılar. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.

1848-1852-ci illərdə bütün İranda babilər hərəkatı məğlub edilsə də, ölkədə, o cümlədən, Cənubi Azərbaycanda babil tərəfdarlarının sayı daha da artdı. Əhalinin bütün narazı hissələrində babiliyə rəğbət çox güclü idi və şah hökuməti bunun qarşısını ala bilmirdi. . 

1870-1871, 1880-ci quraqlıq illərində bütün İranda aclıq baş verdiyi zaman Cənubi Azərbaycan əhalisi taxıl möhtəkirliyinin artmasına etiraz olaraq ayağa qalxdı, 1881-ci ildə isə valini əyalətdən qovdu. Bu hadisədən sonra Təbriz və başqa şəhərlərdə baş verən ən böyük çıxış «Tənbəki üsyanı» adı ilə məhşur hərəkatdır ki, bu da İran xalqlarının, xüsusilə də Azərbaycan xalqının, imperializmə qarşı ilk çıxışı olmaqla onun siyasi mübarizəyə qoşulmasında mühüm rol oynamışdır

Babi üsyanları öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə İranda və Azərbaycanda baş vermiş ayrı-ayrı çıxışlardan fərqlənir və özünəməxsus yer tuturdu. Təsadüfi deyil ki, babilər hərəkatı zamanı gələcəyin bir çox inqilabçıları yetişmiş, onun inqilabi-demokratik hissəsi ölkədə baş verən xalq çıxışlaranda, xususilə, 1905-1911-ci illər İran inqilabında fəal iştirak etmişdilər.

1905-1911-ci illər inqilabın gedişində Cənubi Azərbaycanda İranın başqa rayonlarına nisbətən sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quruluş yaradılmasını tələb edirdi.Hərəkatın hərəkətverici qüvvələri sənətkarlar, yenicə meydana gələn fəhlələr, tacirlərin xarici rəqabətdən ən çox iflasa uğrayan xırda alverçi təbəqələri, dözülməz istismara məruz qalan kəndlilərin qabaqcıl dəstələri və ictimai mövqelərinə görə onlara yaxın xırda ruhanilər idi. Artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu.

1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən əsası hələ 1904-cü ildən qoyulmuş, RSDFP-nin Bakı təşkilatı və "Hümmət" qrupu ilə yaxın əlaqə və hərəkat birliyi olmuş "İctimaiyyune-amiyyun", yəni sosial-dekorat partiyası yarandı.

1906-cı il oktyabr ayının 20-dən noyabrın 5-nə kimi Azərbaycan seçkilərində qələbə qazanmış nümayəndələr 1907-ci ilin fevral ayının 8-də Azərbaycan elçiləri adı ilə Tehrana gəldilər və əyalət əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq əldə etməyə nail oldular. Bu qələbə demokratik qüvvələri ruhlandırmaqla yanaşı, şahı qorxudaraq mütləq monarxiyanı bərpa etmək fikrinə saldı. Ölkənin hər tərəfində feodalların silahlı dəstələri tərəfindən əhaliyə, demokratik qüvvələrə qarşı basqınlar təşkil edilməyə başlandı. Həmin basqınların qarşısını almağa çalışan demokratik qüvvələr məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu "Konstitusiyaya əlavələr"in qəbul edilməsini ciddi tələb etdilər. Bununla yanaşı, sosial-demokratlar irtica qüvvələri qarşısında inqilabın əsas məqsədlərini, qəbul edilmiş konstitusiyanın həyata keçirilməsini təmin etməyin yolunu kütlələrin gücündə, onların silahlanmasında görürdülər.

Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi. Azərbaycandakı bu təcrübə İranın başqa şəhərlərində, o cümlədən, Tehranda da tətbiq olunmağa başladı.

1907-ci ilin oktyabrında şah tərəfindən məhdud burjua azadlıqlarını nəzərdə tutan Konstitusiyaya "Əlavələr" qəbul edildi və sənədin təsdiqi inqilab cəbhəsində sinfi qüvvələrin təbəqələşməsini sürətləndirdi. İrtica qüvvələri xalq və inqilab cəbhəsinə qarşı hücuma hazırlaşmağa başladı və bu yolda bütün vasitələrdən - Türkiyə, İngiltərə və çar Rusiyası dövlətlərinin hakim dairələrinin köməyindən istifadə etməkdən də çəkinmədi.

1907-ci ilin noyabrında şah başda olmaqla, əksinqilabi irtica qüvvələri tədbirlər görməyə başladılar. Demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə Tehranda "Fetovvat" və "Səadət", eyni zamanda, Təbrizdə "İslamiyyə" adlı irticaçı əncümənlər təşkil edildi. İrticaçılar 1908-ci ilin əvvəllərindən Azərbaycanda və İranın başqa yerlərində öz fitnəkarlıqlarını qüvvətləndirdilər. Şah və onun ətrafında toplanmış mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan əyalət əncüməni, Təbriz sosial-demokrat təşkilatı və məhəlli əncümənlər yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi.

Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda inqilabi hərəkatın yenidən yüksəlişinə təkan verdi. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların uğurla başa çatlasına, üsyançıların Tehrana yürüşünə, eyni zamanda, Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu.

Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttar xan və onun ətrafındakılara Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən, Səttar xan yaralandı. Bununla da, inqilabın son səngəri dağıdıldı. Səttar xan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin Cənubi Azərbaycanda yerləşən çar Rusiyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. İrticaçılar Təbrizə qayıtdılar. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı.

1905-1911-ci illər inqilabının yatırılması nəticəsində çar Rusiyası və İngiltərə tərəfindən İranın, o cümlədən, inqilabda mühüm rol oynamış Cənubi Azərbaycanın əsarət altına alınması və istismarı qüvvətləndi.

1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik inqilabının təsiri ilə İran Demokrat Partiyası (İDP) və onun Azərbaycan əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Əyalət komitəsi, əsasən, orta və xırda burjuaziya, orta mülkədarlar, ziyalılar və ruhanilərdən ibarət idi. Azərbaycan demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o cümlədən, məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların İrandan çıxarılmasını tələb edirdilər. İDP-nin Azərbaycan əyalət komitəsi Azərbaycana muxtariyyət almaq uğrunda mübarizəyə çağırırdı. Demokratlar tərəfindən Təbrizdə milli azadlıq ideyalarını təbliğ edən "Azərbaycan himni" yaradılmışdı.

Rusiyada oktyabr hadisələrinin İrana və Cənubi Azərbaycana çox böyük təsiri oldu. Bu hadisələr İranın dövlət müstəqilliyinə və suverenliyinə əhəmiyyətli dərəcədə ziyan vurdu. Belə ki, 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Cənubi Azərbaycan ərazisinin çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən işğal edildi. ADP belə gərgin vəziyyətdə ingilis və türk qoşunlarına, yerli irtica hökumətinə qarşı mübarizə aparırdı. ADP-nin rəhbərləri, o cümlədən, Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar.

Bu vaxt üsyana rıəhbərlik etmək üçün “İctimai heyət” yaradıldı.Üsyançılar Təbrizdə əsas dövlət idarələrini ələ keçirdilər. Təbrizin ardınca Marağa, Xoy, Ərdəbil şəhərlərində də hakimiyyət üsyançıların əlinə keçdi.Beləliklə Cənubi Azərbaycan “Azadistan”adlandırılmağa başlandı.1920-ci il iyunun 22-də S.M. Xiyabaninin başçılığı ilə milli hökumət yaradıldı.Hökumət tezliklə iqtisadiyyat, maarif,səhiyyə və aqrar sahədə islahatlar keçirməyə başladı.

Şah hökuməti üsyanı yatırmaq və azərbaycanlılara divan tutmaq məqsədilə İngilis imperialist üzərinə şiddətli hücuma keçdi.Hücum 1920-ci ilin sentyabrın 11-də başladı və qoşun Təbrizə daxil oldu.10 günə qədər davam edən şiddətli küçə vuruşmaları nəticəsində üsyan yatırıldı.Sentyabırın 14-də S.M. Xiyabani vəhşicəsinə öldürüldü.

 Bundan sonra 1920-ci ilin mayında Kiçik xanın rəhbərliyi altında Gilan şəhərində inqilab baş vermiş və “Gilan Sovet Respublikası ” elan olunmuşdur.

Lakin daxili siyasi qüvvələr arasındakı çəkişmələr nəticəsində bu Respublika uzun zaman fəaliyyət göstərə bilmədi.1921-ci ilin sonlarında əks inqilabi qüvvələrin Gilana soxulması ilə bu Respublika məğlubiyyətə uğramışdı.

Beləliklə XX əsrin əvvələrində Cənubi Azərbaycanda azadlıq uğrunda gedən mübarizələr Şah hökuməti və ona kömək edən xarici imperalist qüvvələrin köməyilə qan içində boğuldu.1925-ci ildə hakimiyyətə gələn Rza şah Pəhləvinin irticaçı qüvvələri Cənubi Azərbaycanın demokratik qüvvələri üzərinə geniş hücuma keçməyə başladılar.

XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə də monarxaya sisteminə qarşı milli demokratik hərəkat genişlənməyə başladı.Müxtəlif ölkələrə yayılmış olan Gənc Türk qruplarını bir mərkəz ətrafında birləşdirmək və ortaq bir hərəkat yolu seçmək məqsədilə 1902-ci il fevralın 4 də Parisdə gizli bir yığıncaq keçirildi.Yığıncaqda Sultan Əbdülhəmidin devrilməsi, bu çevrilişdə ordudan istifadə mə-sələsi qarşıya qoyuldu.Bu fikrin tərəftarı Prins Səbahəddin olmuşdur:

1907-ci ilin dekabrında Parisdə Gənc Türklərin ikinci Konqresi keçiril-di.Konqres pozitivist Əhməd Rzanın təklifini qəbul edərək Sultan Səltənətinin və Xəlifəliyin saxlanması haqqında qərar qəbul etdi. 1908-ci ildə Türkiyədə müxalifətçi hərəkat daha da genişlənməyə başlayır. Makedoniyada üçüncü Ordu birləşmələrində mübariz ruh daha güclü idi.Bu ordunun gənc zabitlərindən Ənvər bəy və Rəsnəli Niyazi özləri ilə silah götürərək dağlara qalxdılar. Fədailər Mo-nastr dağına çığmağa başladılar.

Beləliklə üsyan başlayır. Üsyan tezliklə Ədirnədəki hərbi hissələrə də yayılmağa başlayır.

Üsyana Əlibəy Hüseynzadənin yaratdığı “İddihad və tərəqqi”partiyasının mər-kəzi komtəsi rəhbərlik edirdi.Bu partiya konstitusiyanın yenidən elanı üçün hərəkatın başlandığını bütün Avropaya bəyan etdi.

Sultan Əbdülhəmid hərəkatın rəhbərlərini əla almağa çalışsa da,buna nail ola bilmədi:Saloniki və Monastrdakı ordular Sultana qarşı açıq cəbhə təşkil etdilər.1908-ci ilin iyulun 20 –də Monastrın müsəlman əhalisi üsyana qalxaraq hərbi cəbhəxananı ələ keçirdilər.Bunun ardınca Kosovada belə hərəkat baş verdi.İyulun 23 –də Sultan Konstitusiyalı Monarxiya haqqında fərman verməyə məcbur oldu.

“İttihad və tərəqqi ”partiyası getdikcə güclənərək dövləti idarə etmək vəzifəsi ilə üz-üzə dayandı.1908-ci il seçkilərində iştirak edərək Parlamentdə bir neçə yer əldə etdi.1908-ci ildə yaranmış “Əhrar”partiyası da məclisdə bir yer əldə edir.

1909-cu ildə siyasi hadisələr daha da kəskinləşdi. Bosniya-Hersoqvinanın, Bolqarıstanın, Kirit adasının itirilməsi gərginliyi daha da artırdı. Aprelin 13 də əsgəri birləşmələr məclis binası önünə toplaşaraq Baş nazirin və Məclis sədrinin istefasını tələb etdilər və buna nail oldular.Aprelin 23-də Şövkət paşnın başçılığı altında qoşun hissələri İstanbula girərək Sultan II Əbdülhəmidi taxtdan salmış və onun yerinə Mehmet Rəşadi gətirmişlər.

1909-1911-ci illərdə “İttihad və Tərəqqi ” yavaş- yavaş ölkədə hakim siyasi partiyaya çevrilir. Bir sıra partiyaların fəaliyyəti isə qadağan edildi.

1912-ci ildə hakimiyyətə” Xilaskar Zabitan ” qurupunun təzyiqi ilə Qazi Əh-məd Muxtar Paşa gəldi. Lakin elə həmin ildə Balkan müharibəsinin başlanması ilə bu hökumətin vəziyyəti olduqca ağırlaşdı. 1913-cu ildə hakimiyyət “İttihad və Tərəqqi”partiyasının üzvlərindən Tələt, Ənvər və Camal Paşanın əlinə keçdi. Belə-liklə 1918-ci ilə qədər ölkənin taleyinə tamamilə hakim olan Gənc türklərin ha-kimiyyəti bərqərar oldu.

Gənc Türklər parlamentli bir rejim yaratmaqla qərb dövlətlərinin köməyi ilə dövlət daxilində olan çətinlikləri asanlıqla aradan qaldıracaqlarına inanır-dılar.Ancaq hadisələr heç də onların düşündükləri kimi olmadı.

1911-ci ilin sentyabrında İtaliya ilə müharibə başladı.Rusiya ilə saziş bağlayan İtaliya Egey dənizində 12 adanı və Trablisi ələ keçirdi. Rusiyanın da Balkanlarda öz siyasəti var idi.Rusiya buradakı Slavyan dövlətlərini birləşdirərək Avropadakı Osmanlı torpaqlarını bunların arasında paylamaq, Bosfor və Dardanel boğazlarına yiyələnmək istəyirdi.

Rusların yeritdiyi siyasət nəticəsində Bolqar –Serb müqaviləsi bağlandı və bu müqaviləyə Yunanlar da qoşuldular.Çernoqoriyanın da bu müqaviləyə qoşulması ilə Osmanlı dövlətinə qarşı Balkan dövlətlərinin ittifaqı yaradıldı. Oktyabr ayında Çernoqoriya, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibəyə başladılar.Ordu daxilində gedən ziddiyətlər nəticəsində zəifləyən Türk ordusu bir cəbhədə məğlub oldular.

1913-cü il mayın 30 da müqavilə imzalanır.Bu müqavilə ilə Osmanlı dövləti Egey adalarının taleyini və Albaniyanın sərhədlərinin müəyyən edilməsi taleyini böyük dövlətlərin ixtiyarına verirdi. Beləliklə 1913 cü ildə Avropa Türki-yəsinin çox böyük qismi itirilmiş olur.

Gənc Türklərin hakimiyyəti dövründə Türkiyə siyasi cəhəddən zəifləməsinə və bir sıra torpaqların itirilməsinə baxmayaraq, ölkə daxilində iqtisadi və mədəni həyatda bir çox uğurlar əldə edildi. Gənc Türklər ölkə daxilində bir sıra islahatlar həyata keçirdilər. İqtisadi baxımdan Gənc Türklərin ən böyük addımı 1914-cü ildə iş yerlərinin milliləşdiriləsi oldu.

1914-cü il iyulun 10- dan etbarən bütün şirkət və idarələrdə yazışmalar türk dilində aparılmağa bağlandı. İqtisadi- təhsil sisteminə böyük üstünlük verirdi. İqtisadi təhsil almaq üçün Almaniyaya tələbələr göndərildi. Magistr və texniki işçilər hazırlayan kurslar açıldı.

1917-ci ilin martında Osmanlı Milli Bankı yaradıldı.1915-ci ildən “Sənaye qanunu” yenidən ffəaliyyətə başladı. Həmin qanuna əsasən fabrik və zavodlarda türk vətəndaşları işləməli idilər.

1917-ci ildə “Ziraət Xidmət Qanunu” qəbul edildi. Qanuna görə əsgərlikdən azad olmuş bütün vətəndaşlara kənd təsərrüfatı işlərində xidmətçi kimi istifadə etmək hüququ verildi.

Qadın hüquqlarının qorunması sahəsində bir sıra işlər görüldü. İlk dəfə qadın Universiteti 1917-ci ildən fəaliyyətə başladı. . Qadmlar əvvəllər yalnız şəfqət bacısı və müəllimlik peşələrinə yiyələnirdilərsə, indi digər ixtisaslara da yiyələnmək imkanı əldə etdilər.

Orduda gəncləşdirmə siyasəti həyata keçilərək , Almaniyanın köməyi nəticəsində silah və təchizat cəhətdən yenidən quruldu. Həmin ordu I Dünya müharibəsində İngilis və Ruslara qarşı uğurla vuruşmuşdu.

Gənc Türklərin hakimiyyəti illərundə milli kitabxana, arxiv, musiqi və coğrafiya institutları kimi mədəniyyət və elm qurumları yaradıldı.

Umumiyyətlə, Gənc Türklərin hakimiyyəti dövründə (1908-1918-ci illər) Osmanlı düvlətinin tarixində çox mühüm dəyişikliklər olmuşdur.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin