Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat


Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat



Yüklə 34,88 Kb.
səhifə2/6
tarix10.01.2022
ölçüsü34,88 Kb.
#108271
1   2   3   4   5   6
1. Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat

Yerin daxili quruluşu - Litosfer

Yer daxili quruluşuna görə yer qabığı, mantiya və nüvədən ibarətdir. Ümumiyyətlə, yerin mərkəzinə doğru süxurların temperaturu və sıxlığı artır. Yerdə süxurların orta sıxlığı 5,5 q/sm3, səthdə 3,5 q/sm3, Yerin mərkəzində 12,9 q/sm3-dir. Yer qabığında dərinliyə doğru hər 100 m-də temperaturun arrması geotermik qradiyent adlanır və bu, təxminən 3ºC-dir. Süxurların temperaturunun 1ºC artması üçün lazım gələn dərinlik geotermik pillə adlanır (təxminən 33 m-dir). Fəal seysmik sahələrdə geotermik pillə kiçik, platforma sahələrdə isə böyükdür.

Yerin daxilini öyrənmək məqsədilə qazılan quyuların maksimal dərinliyi 15 km-dir. Bu isə yer qabığının orta qalınlığından 3 dəfə azdır. Odur ki, Yerin daxilinin öyrənilməsində, əsasən, seysmik dalğaların müxtəlif süxurlarda yayılma sürətindən geniş istifadə olunur. Yumşaq süxurlarda uzununa seysmik dalğaların sürəti az, kristallik süxurlarda isə çox olur. Bu xüsusiyyətlərinə görə Yer qabığının qatları, onların sərhəd və qalınlıqıarı müəyyən edilir.

Yer qabığı Yerin üst təbəqəsi olub, qalınlığı materiklərdə 15-90 km, okeanlarda isə 5-15 km-dir. Yer qabığının üfüqi strukturunda materik və okean qabığı fəqrlənir. Materik tipli yer qabığı 3 qatdan ibarətdir: çökmə süxur - 0-20 km; qranit - 10-30 km; bazalt - 15-40 km. Qranit və bazalt qatları arasındakı sərhəd Konrad sərhədi adlanır. Okean tipli yer qabığı 2 qatdan ibarətdir: çökmə süxur - 1-3 km; bazalt - 5-10 km.

Yer qabığı ilə yuxarı mantiyanı ayıran sərhəd Moxo (moxoroviçiç) sərhədi adlanır.

Mantiya ("örtük") yer qabığından aşağıda olub, 2900 km dərinliyə qədər davam edir. Mantiyanı təşkil edən əsas maddələr (Mg, Fe, Cu, SiO2) maqmanı əmələ gətirir.

Nüvənin (ümumi qalınlığı 3500 km; xarici və daxili nüvəyə bölünür) ağır metallardan və radioaktiv maddələrdən təşkil olunduğu güman edilir. Nüvədə temperaturun 3500-4000ºC, təzyiqin 3 mln atmosfer olduğu ehtimal olunur.

Seysmik üsulla müəyyən edilmişdir ki, materiklər altında 140-150 km, okeanlar altında 80-90 km dərinliklərdə təzyiq və temperaturun təsiri ilə süxurlar ərinti halında olur. Süxurların ərinti halında olduğu, kipliyin nisbətən azaldığı bu təbəqə astenosfer adlanır. Astenosfer üzərində yerləşən bərk təbəqə litosfer ("litos"-daş, "sfer"-təbəqə) adlanır. Litosferə yer qabığını və mantiyanın üst hissəsi daxildir (qalınlığı 90-250 km atasındadır). Onun alt sərhəddi "Benyof zonası" adlanır. Astenosfer və litosfer birlikdə tektonosfer adlanır. Yer qabığına təsir göstərən proseslər-tektonik hərəkətlər, vulkanlar, zəlzələlər-əsasən bu qatda baş verir.

Yer qabığı müxtəlif süxurlardan təşkil olunmuşdur. Mənşəyinə görə süxurlar 3 qrupa bölünür: maqmatik, çökmə, metamorfik.

Yer qabığında maqmatik süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar maqmanın daxili proseslərlə bağlı Yer səthinə çıxması və ya müəyyən dərinlikdə qalıb soyuması nəticəsində yaranır. Yer qabığına daxil olan və müəyyən dərinlikdə qalaraq, tədricən soyuyub kristallaşmış süxurlar intruziv ("daxili"; təzyiq altında tədricən soyuma nəticəsində məsaməsiz və bərk olur) süxurlar adlanır. Yer səthinə çıxaraq daha tez soyuyan, məsaməli və az sıxlığa malik süxurlar effuziv (pükürmə) süxurlar adlanır. İntruziv maqmatik süxurlara qranit, dəmir, mis və digər metal mənşəli faydalı qazıntılar, effuziv mənşəli süxurlara isə bazalt, vulkan tufu, külü, şüşəsi, pemza və s. aiddir.

Çökmə mənşəli süxurlar xarici (ekzogen) proseslərlə bağlı yaranır və tərkibinə görə 2 yerə bölünür: üzvi və qeyri-üzvi. Bu süxurlar əmələgəlmə şəraitinə görə 3 yerə bölünür: qırıntı, kimyəvi və üzvi mənşəli çökmə süxurlar.

Süxurların xarici qüvvələrin təsiri nəticəsində parçalanması aşınma adlanır. Təbii şəraitdən asılı olaraq fiziki (quru iqlim şəraitində, sutkalıq temperatur amplitudunun yüksək olması nəticəsində), kimyəvi (rütubətli iqlim şəraitində və suyun hərəkəti ilə bağlı) və üzvi (canlıların təsiri ilə) aşınma növləri fərqlənir. Aşınma nəticəsində bərk süxurlar parçalanır və qırıntı çökmə süxurlar yaranır. Məsələn: qum, gil, çınqıl, çaydaşı və s.

Kimyəvi çökmə süxurlar suda həll olan maddələrin çökməsi nəticəsində yaranır. Məsələn, daş duz, kalium duzu, fosforit, gips və s.

Üzvi çökmə süxurlar bitki və heyvan mənşəli qalıqlardan yaranır. Məsələn: neft, təbii qaz, torf, daş kömür, qonur kömür, yanar şist, tabaşir, əhəngdaşı və s.

Metamorfik ("metamorfoz" - dəyişmə, çevrilmə) süxurlar həm maqmatik, həm də çökmə süxurların yüksək təzyiq və temperatur şəraitində dəyişməsi nəticəsində yaranır. Məsələn, əhəngdaşı→mərmər, qrafit→almaz, qumdaşı→kvarsit, qranit→qneys və s.

Yerin daxili quruluşu – Litosfer

Litosfer tavaları: XX əsrin 60-cı illərində Vegener fərziyyəsinin məntiqi davamı olaraq "litosfer tavaları" nəzəriyyəsi irəli sürüldü. Bu nəzəriyyəyə görə, litosfer bütöv olmayıb, çatlarla bir-birindən ayrılan hissələrə - tavalara bölünür. Litosfer tavaları müxtəlif istiqamətlərdə və müxtəlif sürətlə hərəkət edir. Müasir geoloji dövrdə onlar arasında sərhəd Orta okean silsilələrinin oxu üzrə uzanan rift dərəsi boyu, Dünya okeanının ən dərin və uzun çökəkləri (novları), həmçinin cavan qırışıq dağlar üzrə keçir. Lifosfer tavalarının bir-birindən uzaqlaşdığı sərhədlər divergent (orta okean silsilələrinə uyğun gəlir), tavaların toqquşduğu sərhədlər konvergent (Alp-Himalay, Kordilyer-And silsilələri, Sakit okeanın Asiya sahillərinə uyğun gəlir) sərhədlər adlanır. Materik tavaların toqquşma sərhədində cavan qırışıq dağlar, materik və okean tavaların toqquşma sərhədində materik sahillərində qırışıq dağlar və ya adalar qövsü, okeanda isə novlar yaranır.

Böyük litosfer tavaları Afrika, Avrasiya, Hind-Avstraliya, Antarktida, Sakit okeandır (sonuncu ancaq okean tipli qabığa malikdir). Kiçik litosfer tavaları Ərəbistan, Filippin, Kokos, Karib, Naska və s.-dir.

Litosferin tektonik fəal zonaları geosinklinal adlanır. Müasir geoloji dövrdə litosfer tavalarının sərhədləri geosinklinal qurşaqlara uyğundur. Geosinklinal sahələrin inkişafında geoloji dövr ərzində baş verən proseslər bu ardıcıllıqla gedir.

1. Əyilmiş sahələrə süxurların toplanması;

2. Yer qabığının süxurların ağırlığı altında aşağı çökməsi;

3. Daxili (endogen) qüvvələrin fəallaşması, maqmanın hərəkətə gəlməsi və vulkanizmlə bağlı dağ əmələ gəlməsi;

4. Maqmanın soyuması və qranitləşməsi;

5. Xarici (eksogen) proseslərlə bağlı səthin parçalanıb-hamarlanması və platformaların yaranması.

Litosferin nisbətən sabit, bərkimiş və qalın hissələri platforma (fransızca "plat"-yastı, hamar) adlanır. Adətən, platformalar üzərində geniş düzənliklər, geosinklinaı sahələrdə isə dağlar yerləşir. Geoloji yaşlarına görə platformalar qədim (Arxey və Proterozoyda formalaşan; Şərqi Avropa, Afrika, Antarktida, Avstraliya və s.) və cavan (Paleozoyda və daha sonra formalaşan; Turan, Qərbi Sibir, Braziliya, Ön Qafqaz və s.) platflrmalara bölünür.

Platformaların səthi heç də hər yerdə hamar deyil. O, kristallik süxurların üzə çıxması ilə əlaqədar qalxanlara (antiklinal) və əyilmə (sinklinal) zonalarına malikdir. Şərqu Avropa platformasında Baltik qalxanını, Şimali Amerika platformasında Kanada qalxanını, Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanlarını, Amazon və Orinoko sinklinallarını və s. misaı göstərmək olar.

Yer qabığı daxili (endogen) və xarici (ekzogen) proseslərin təsiri altında daim dəyişir. Endogen qüvvələr vulkan və zəlzələlər yaradır, nəhəng relyef formalarını (dağ qurşaqları) əmələ gətirir. Ekzogen proseslər (Günəş enerjisi, axar sular, külək, canlılar) süxurları parçalayır, relyefi hamarlayır. Endogen proseslərlə bağlı Yer qabığının üfüqi və şaquli hərəkətləri tektonik hərəkətr adlanır. Üfüqi hərəkətlərlə bağlı qırışıqlar (sinklinal-antiklinal), şaquli hərəkətlərlə bağlı faylar (sımıb enmələr-qraben, sınıb qalxmalar-horst, ardıcıl sınmalar-pilləli fay) yaranır.

Dağ əmələ gəlmə (qırışıqlıq) mərhələləri və bu dövrlərdə yaranan ərazilər:

1. Baykal - Şərqi Avropa, Orta Sibir, Çin-Koreya, Hindistan, Afrika, Avstraliya, Antarktida və s. kristallik bünövrələri üzərində ilk dağlar; 2. Kaledon - Tyan-Şan, Altay, Sayanın şimal hissələri, Skandinaviya, Şimali Appalaç, Baykal ətrafı və s.;

3. Hertsin - Ural, Böyük Suayrıcı, Appalaç, Tyan-Şan, Altay (cənub hissələri) və s.;

4. Mezozoy (Kimmeri) - Kordilyer, Verxoyansk, Tibet, Kun-Lun və s.;

5. Alp - And, Kordilyerin Sahil dağları, Sakit okean "odlu qövsü", Alp-Himalay dağ qurşaqları, Orta okean silsilələri və s. (Tyan-Şan, Altay, Sayan- Alp qırışıqlığı dövründı yenidən dağ əmələ gəlmə prosesinə məruz qalmışdır və onlara yenidən törənmiş - cavanlaşmış dağlar deyilir).


Yüklə 34,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin