YASƏMƏN: – Anlaya bilmirəm Sərxan səni mən,
Nə etmək, nə demək istəyirsən sən?
Deyirsən gülnardan üzmü döndərək?
SƏRXAN: – İndi yox Yasəmən. Onu biz gərək,
Atası dalınca gəldiyi zaman,
Heç gizlətməyəydik öz atasından.
Ona deməyəydik ölübdü uşaq!
Heç düz iş görmədik!
YASƏMƏN: – Sərxan, o, ancaq,
Əgər atadırsa, ata olan kəs,
Niyə üz döndərdi övladından bəs?
SƏRXAN: – Eh! Axı Yasəmən nə bilmək olar,
Bəlkə bu işin də bir səbəbi var?
Kim bilir bəlkə də məcburçuluqdan,
Atılıb o, yazıq zavallı ceyran?
YASƏMƏN: – Sərxan, uzun sözü eləyək qısa,
Nə qədər, nə qədər məcbur da olsa,
Heç bir valideyin öz övladından,
Zənnimcə döndərməz üz heç bir zaman!
Belə düşünürəm Sərxan yalnız mən!
SƏRXAN: – Elədir Yasəmən düz düşünürsən,
Mən deyirəm ata öz övladını,
Gözünün nurunu, qol-qanadını,
Haqqı var atmağa. Deyirəm Gülnar,
Atılıbsa, bunun bir səbəbi var.
Kim öz ağ gününü eləyər qara?
Biz kənddən şəhərə gələndən sonra
Kim bilir, bəlkə də o ata yenə,
Axtarıb qızını hey dönə-dönə!
YASƏMƏN: – Səbəbsiz iş olmaz, səbəb var bəli,
Yaxşı-yaxşı düşün sən bir əməlli.
Gülnarı ögey qız bilmərəm bil sən,
Elə bilirəm ki, o bizə hər vaxt,
Doğma övlad kimi verir qol-qanad.
SƏRXAN: – Sanıram mən onu gözümün nuru,
Elədir Yasəmən mən də Gülnarı,
İllərdi özünə səni və məni,
Gülnar ata-ana bilirsə, yəni,
Ona həqiqəti açıb söyləyək?
SƏRXAN: – Yox Yasəmən heç vaxt. O, nəyə gərək?
YASƏMƏN: – Əgər həqiqətən lazım deyilsə,
Sən bir də düşünmə o haqda nəsə.
(Addım səsləri eşidilir. Gülnar həyəcanlı və narahat halda gəlir)
GÜLNAR: – Salam!
YASƏMƏN: – Salam qızım.
SƏRXAN: – Gəl mənim ömrüm.
Gəl əyləş atanın yanında görüm.
(Bir az kənara çəkilib böyründə Gülnara yer göstərir. Gülnar onun böyründə oturur)
“Son zəng”iniz haqda de görüm bala,
Necə keçirtdiniz?
GÜLNAR: – Ata, lap əla.
YASƏMƏN: – Sənə nə olubdu, Gülnar deyəsən,
Gözümə birtəhər görünürsən sən?
Gül kimi yanağın yaman solubdu,
Elə bil ki, sənə nəsə olubdu?
GÜLNAR: – Heç nə olmayıbdı.
YASƏMƏN: – Onda bəs niyə,
Qəm-qüssə dolubdu sənin çöhrənə?
Ay qızım, yəqin ki, səbəb var buna?
GÜLNAR: – Bəli səbəbi var. Bilirsən ana,
Mənim indi sizə bir sualım var.
SƏRXAN: – Nə sualdı qızım?
GÜLNAR: – Ata, nə olar,
Xahiş edirəm ki, düz cavab verin,
Mənə həqiqəti açıb göstərin.
Bayaq uşaqlardan ayrılan zaman,
Vüsalə səslədi məni arxadan.
Bir az aralıda bir neçə arvad,
Söhbət edirdilər elə həmin vaxt.
Onlar mənə baxıb “yazıq” dedilər.
Yazıq qız böyüyüb artıq – dedilər.
Gördüm məndən gedir həmin o söhbət,
Durub qulaq asdım onlara xəlvət.
Onlar görsəydilər məni bəlkə də,
Söhbət etməzdilər heç bu barədə.
Onlar dedilər ki, guya məni siz
“Körpələr evi”ndən götürübsünüz!
Onlar dedilər ki, guya yadıq biz,
Siz mənim atamla anam deyilsiz!
Həyəcan bürüdü məni həmin an,
Qaraldı gözümdə büst-bütün cahan!
Həmin an elə bil daraldı dünya,
Ələndi üstümə bütün dağ, qaya!
Çox xahiş edirəm sizdən atacan,
Eşitdiyim söhbət doğrudur, yalan?!
Deyin, deyin bilim mən həqiqəti!
(Yasəmənlə Sərxan məyus halda bir-birinin üzünə baxıb başlarını aşağı salırlar və xeyli fikrə gedirlər)
SƏRXAN: – Kaş eşitməyəydin sən o söhbəti!
Axı o, söhbəti kim edirdi, kim?
GÜLNAR: – Demək həqiqətdi eşitdiklərim! (Susurlar)
Yox! Yox! Ola bilməz!
YASƏMƏN: – Ömrüm-günüm sən,
İndi məni dinlə hər bir şeyi şən!
Sənə söyləyəcəm olduğu kimi,
Ancaq çalış dağıt çöhrəndən qəmi.
GÜLNAR (ağlayır): – Danış ana, danış!
YASƏMƏN: – Atan ilə mən,
Evə qayıdırdıq bir gün şəhərdən.
Şəhərin sonunda yol qırağında,
Bir arvad durmuşdu sən qucağında.
Bir arvad, bir gəlin və bir oğlan da,
Var idi orada həmin zamanda.
Gəlinlə oğlan hey sənə baxırdı,
Sanki gözlərindən sellər axırdı.
Səni qucağında saxlayan arvad,
Bizə söylədi ki, guya həmin vaxt,
Yoldan keçirmişlər maşınla, birdən,
Onların gözünə sataşırsan sən.
Maşını yoldaca saxlatdırırlar,
Sonra imdadına gəlib çatırlar.
Həmin vaxt sən yaman ağlayırmışsan,
Ağlayıb qəlbləri dağlayırmışsan.
Sonra bilirlər ki, səni atıblar,
Ömrünə-gününə zəhər qatıblar.
Yüz yol, min yol, ölçüb-biçirlər, sonra,
Axırda gəlirlər belə qərara.
Səni aparsınlar “Uşaq evi”nə,
Bu vaxt tale gülür üzünə yenə.
Gəlib həmin yerə yetişirik biz,
Sonra da bağlanır sənə qəlbimiz.
Sonra biz onlarla razılaşaraq,
Səni özümüzə götürdük uşaq.
O vaxt on il idi biz evlənmişdik,
Kədər ömrümüzə olaraq şərik,
Tor çəkdi taleyin nurlu gözünə,
Bizi həsrət qoydu övlad üzünə!
Sonra biz səninlə təskinlik tapdıq,
O illər arxada qalıbdı artıq.
GÜLNAR: – Yox-yox ola bilməz! Mən sizə heç vaxt,
Ola bilmərəm yad, ögey bir övlad!
Mən sizi həmişə doğma bilmişəm,
Sizlə ağlamışam, sizlə gülmüşəm!
Adınız veribdi mənə qol-qanad,
Bir an da mən sizi bilməmişəm yad!
Yox! Yox! Yox! Düz deyil dedikləriniz,
Mənə ögey deyil doğmasınız siz!
(Gülnar başını Sərxanın çiyninə qoyur.Sərxan onu əzizləyir)
SƏRXAN: – Ağlama, ağlama sil göz yaşını.
Qızım, qaldır görüm hələ başını.
(Gülnar başını qaldırır.Sərxan əlinin arxası ilə onun yanaqlarından süzülən göz yaşlarını silir və onu öpür)
Qızım, düz deyirsən, bəli doğmayıq,
O, günlər arxada qalıbdı artıq!
Hər sözə-söhbətə sən məhəl qoyma,
Belə fikirlərlə qəlbini oyma.
YASƏMƏN: – Hə gözümün nuru düz deyir atan,
Belə çox üzülmə sən heç bir zaman!
O, günlər arxada qalıbdı Gülnar,
O qış indi dönüb olubdu bahar.
Uşaq deyilsən ki, daha sən qızım,
Ay mənim Günəşim, Ayım, Ulduzum!
Nişanlı bir qızsan Allah qoysa sən,
Bu gün-sabah artıq gəlin köçəssən!
Xoşbəxt olacaqsan sən Xəyal ilə,
Qızım, qabaqdadır ağ günlər hələ!
O, boş söz-söhbəti yadından çıxart,
Özünü qəmə yox, sevinc üstə at.
Ömrüm-günün bunlar hədərdi hədər,
Biz səni sevirik dünyalar qədər.
SƏRXAN: – Qızım, bunu bilir o, qadir Allah,
Yalan deyil mənim bir sözüm vallah.
Biz ömür sürmüşük doğmalar kimi,
Qəlbimiz nurlanıb səmalar kimi.
Hər vaxt sən veribsən bizə qol-qanad,
Səni bilməmişik biz ögey övlad.
Qızım, sən doğmasan bizə hər zaman,
Etmə bu fikirlə qəlbini talan.
Yaxşı qızım?
GÜLNAR: – Yaxşı.
( Sərxan Gülnarın alnından öpüb ayağa qalxır)
SƏRXAN: – Ağıllım mənim,
Sən rahatlan mən də həyətə enim,
Gedim bağ-baxçada çalışım bir az.
YASƏMƏN: – Mən də gəlim Sərxan?
SƏRXAN: – Gəlsən pis olmaz.
YASƏMƏN: – Get həyətdə gözlə gəlirəm.
(Sərxan gedir) Gülnar,
GÜLNAR: – Eşidirəm ana.
YASƏMƏN (gülümsəyərək sevinclə): – Heç xəbərin var?
GÜLNAR: – Nədən?
YASƏMƏN: – Səhər Rəna bizə gəlmişdi,
Bir az söhbət etdik, sonra o, dedi:
Toyunuzdu gələn şənbəylə bazar,
Gəldim deyim işdən olun xəbərdar.
Xəyal deməyib sənə?
GÜLNAR: – Yox.
YASƏMƏN: – Yəqin,
Sənə zəng eləyib deyəcək bu gün.
GÜLNAR: – Nə bilim, yəqin ki.
YASƏMƏN (ayağa durur): –Daha gedim mən,
Sonra danışarıq. Əgər birdən sən,
Bir yerə gedəsi olsan, o zaman,
(Ortalıq stolunun örtüyünü qaldırıb əli ilə göstərir)
Bir kağıza yazıb bura qoyarsan.
(Yasəmən otaqdan çıxır. Gülnar dərin bir fikrə qərq olur və özündən xəbərsiz yanaqlarından göz yaşları axır)
GÜLNAR (öz-özünə): –Kaş eşitməyəydim mən o söhbəti,
Çəkməyəydim indi belə zəhməti.
Günah özümdədi, axı niyə mən,
Saldım öz yolumu özgə tərəfdən?!
Niyə öz yolumla getmədim axı?
Özüm çəkdim özüm qəlbimə dağı!
Bəlkə öz yolumla gəlsəydim yenə,
Mən eşitməzdim bu barədə heç nə!
Günah özümdədi, axı mən niyə,
Durub qulaq asdım yolda özgəyə?!
(dərindən içini çəkir)
İlahi, görəsən öz doğma anam,
Axı niyə atıb məni o axşam?
Yolda görməsəydi yolçular əgər,
Kim bilir başıma gələrdi nələr?!
Sağ olsun, sağ olsun o yolçuları,
Kaş görə biləydim bir də onları!
Edərdim onlara mən minnətdarlıq.
Onlar olmasaydı indi mən artıq,
Çoxdan çürümüşdüm həşərat kimi!
Ya da ki, qurd-quşun olmuşdum yemi!
Atamla anam da çox sağ olsunlar,
Yaxşı ki, çıxıblar mənə sahibkar!
Onlar çıxmasaydı o vaxt qarşıma,
Kim bilir gələrdi nələr başıma?
Qalsaydın dövlətin himayəsində,
Yəqin ki, gülməzdi üzüm heç vədə.
İlahi, görəsən o, doğma anam,
Niyə razı olub odlarda yanam?!
Məgər daşdan imiş onun ürəyi?!
Heç yoxuymuş onda övlad istəyi?!
Axı hər bir ana övlad uğrunda,
Ölümə razıdı deyirlər hətda!
Görünür bu sözlər yalanmış, yalan!
Yox, yalan olsaydı məncə heç zaman,
Bu söz deyilməzdi! O, həqiqətdi!
Ancaq əfv edilməz bir cinayətdi!
Bəlkə şeytan onun ağlını alıb,
Onu ən əsassız bir yola salıb?!
Mən eşitmişəm ki, belə iş tutmaq,
Əxlaqsız anaya məxsusdur ancaq!
Yox-yox, ola bilməz! Onda niyə bəs,
Olub o, qadında belə bir həvəs?
Çox təəccüblüdür! Körəsən Xəyal,
Eşidib bu haqda mənə bir sual,
Versə həqiqəti deyim yoxsa yox?!
Bəlkə mən özümü tutum hər vaxt tox?!
Heç nə danışmayım ona bu haqda,
Nə çəkərəm çəkim ondan qıraqda!
Bu iş haqda ona danışsam əgər,
Kim bilir, onda o, nələr düşünər?
Hələ yaxşı-yaxşı düşünəm gərək,
Düşünüb fikrimi edəm cəm gərək.
(telefon zəngi çalır. Gülnar xəyaldan aırılıb, dəstəyi qaldırır)
Alo. Eşidirəm. Hə mənəm Gülnar.
Yox Xəyal təkcəyəm. Hə bağdadırlar.
Heç nə olmayıbdı, nə olcaq ki?
(yalandan gülür)
Uzanmışdım bir az dincələm səki,
Yəqin yuxuluyam ondandı. Söylə.
Elə indi gəlim? Gəlirəm gözlə.
(Dəstəyi asıb, çantasından kağız-qələm çıxardıb nəsə yazıb stolun örtüyünün altına qoyur. Güzgü qarşısında özünü səliqəyə salır və otaqdan çıxır)
V şəkil
Şəhərin kənarı. Yolun kənarında cərgə ilə əkilmiş yaşıl yarpaqlar var. Xeyli aralıda həzin bir musiqi səsi eşidilir. Xəyal ağacların kölgəsində qoyulmuş stollardan birində oturur. Xəyalın əlində gül dəstəsi var. O, qolundakı saata və yola baxır. Gülnar gəlir. Xəyal ayağa durur.
GÜLNAR: – Salam Xəyal.
XƏYAL: – Salam.
GÜLNAR: – Gec gəlmədim ki?
XƏYAL: – Mənə fərqi yoxdur, əzizim təki,
Mən sənin yolunda dayanım hər vaxt,
Sənin pak qəlbinlə açım qol-qanad!
Hazıram yolunda lap cəfa çəkəm,
Yolunda solmayan eşq gülü əkəm.
Gəlişin ki, dəydi gözümə birdən,
O zaman hər şeyi unuduram mən.
Qaçır məndən o an həsrət də, qəm də,
Özümü duyuram özgə aləmdə.
Mənə xatırladır nəfəsin sənin,
İtməyən ətrini yaşıl çəmənin.
GÜLNAR: – Bu xoş sözlər üçün Xəyal, çox sağ ol.
XƏYAL: – Bu sözlər nədir ki? Əzizim min yol,
Mən ən xoş sözləri söyləsəm sənə,
Hesab edirəm ki, azdır az yenə.
(əlindəki gül dəstələrini Gülnara uzadır)
Bu çiçəklər sizə çatacaq Gülnar.
Bu çiçəklər kimi həmişəbahar,
Tərəvatli olsun ömrünüz sizin,
Daim dalğalansın ağ gül dənizin.
(Gülnar çiçəkləri Xəyaldan alır)
GÜLNAR: – Gözəl çiçəklərdi, çox sağ ol Xəyal.
XƏYAL: – Gülnar, niyə mənə vermirsən sual?
GÜLNAR: – Nə sual verim ki?
XƏYAL: – Bir soruş məndən,
Yox-yox qoy mən özüm soruşum səndən.
Nə deyə bilərsən bu gün barədə?
GÜLNAR: – Nə deyə bilərəm?
XƏYAL: – Hə
GÜLNAR: – Vallah heç nə.
XƏYAL: – Bir barmağına bax.
(Gülnarın gözləri barmağındakı nişan üzüyünə sataşır)
GÜLNAR: – Hə-hə doğrudan,
Bugünkü gün mənə taxıldı nişan!
O gündən ötsə də bu gün düz bir il,
Sanki dünən idi, bu gün il deyil.
XƏYAL: – Bəli düz deyirsən, ancaq bu axşam,
O, günün bir yaşı olcaq tamam.
Bu gün düz bir ildir nişanlıyıq biz,
Bir ildə birlikdə vurur qəlbimiz.
Birdi yolumuz da, amalınız da,
Arzumuz, fikrimiz, xəyalımız da.
Gərək ömrümüzün sonuna qədər,
Elə yaşayaq ki, bilməyək kədər.
Qaçsın yolumuzdan duman da, çən də.
GÜLNAR: – Amin Xəyal, amin. Razıyam mən də,
Allah hər arzunu eləsin gerçək.
Bütün arzulara qovuşa bilək.
XƏYAL: – Başımız üstədi Tanrının əli,
Gerçək olacaqdı arzumuz, bəli.
Gülnar, xəbərin var?
GÜLNAR: – Nədən?
XƏYAL: – İndi mən,
Şad bir xəbər verim şənlənib-gül sən.
Anam bəlkə sizi edib xəbərdar,
Üzümüzə gələn şənbəylə bazar
Toyumuzdu bizim.
GÜLNAR: – Bilirəm Xəyal.
XƏYAL: – Onda bəs nə üçün deyilsən xoşhal?
(Gülnar çiyinlərini çəkir)
Gülnar bayaqdan mən görürəm ki, sən,
Bu gün tam surətdə dəyişilmisən.
Yoxdur əvvəlkitək şıltaq işlərin,
Xoş zarafatların, şən gülüşlərin.
Gözümə dəyirsən bu gün birtəhər,
Sanki gözlərindən yağır qəm-kədər.
Bədbəxt bir hadisə verib bəlkə?
GÜLNAR: – Yox.
XƏYAL: – Onda bəs niyə,
Gül kimi camalın belə qəmlənib?
Sanki ağlayırsan, gözün nəmlidir?
(Gülnar dərindən içini çəkir və o dəqiqə də özündən asılı olmayaraq göz yaşları yanaqlarından süzülür)
GÜLNAR: – Bir sirr açacağam mən sənə indi,
Ancaq onu açmaq yaman çətindi.
İstəməzdim bunu sənə bildirəm,
Sənin də çöhrənə yağa kədər, qəm!
Ancaq mən məcburam, məcburam Xəyal,
Gərək ki, olasan sən də bundan hal!
XƏYAL: – O, necə sirdir ki?
GÜLNAR: – Səhərdən bəri
İçimdə çəkdiyim bu dərdi-səri,
Əvvəl dedim sənə açmayım bunu,
Sonra düşündüm ki, gizlətsəm əgər,
Sonra tutarsansa bu işdən xəbər,
Sən məni əhdimə dönük sayarsan,
Bəlkə sevgimdən də o vaxt doyarsan.
Ancaq istəmirəm bu belə olsun,
Sevgi güllərimiz belə tez solsun.
Məhz buna görə də məcburam ki, mən,
Düzü açam, onu sən də biləsən.
Bəlkə azca mənim dadıma çatdın,
Qaranlıq gecəmi gündüzə qatdın.
Xayal, mümkündürsə çat köməyimə!
XƏYAL (əlləri ilə Gülnarın göz yaşlarını silir): –
Bəsdir ağladığın Gülnar qəm yemə.
Bir agah et görüm nə olub sənə?
Əgər lazımdırsa aç sirri mənə,
Hazıram mən sənə kömək etməyə.
Yolunda ölümə belə getməyə!
Gülnar, az gül kimi belə saral-sol,
Birlikdə taparıq biz işıqlı yol.
Sən bir danış görüm nə sirdir axı?
(эllərini Gülnarın yanaqlarına çəkir)
Bu gün soldurubdu bu gül yanağı?
GÜLNAR: – Bu səhər “son zəng”dən qayıdan zaman,
Vüsalə səslədi məni arxadan.
Altı-yeddi arvad durub yol üstə,
Söhbət edirdilər sanki, ahəstə.
Onlar mənə baxıb “yazıq” dedilər,
Yazıq qız böyüyüb artıq – dedilər!
Gördüm məndən gedir həmin o söhbət,
Durub qulaq asdım onlara xəlvət.
Onlar görsəydilər məni, bəlkə də,
Söhət etməzdilər heç bu barədə.
Onlar dedilər ki, anamla atam,
Doğma deyillər mən onlara yadam!
Arvadlar dedi ki, guya ki, onlar,
“Körpələr evi”ndən məni alıblar.
Sonra mən onlardan bunu soruşdum,
Fəqət həqiqətə bu gün qovuşdum.
Yalvardım onlara mən dönə-dönə,
Fəqət həqiqəti dedilər mənə.
Bildim ki, arvadlar etdiyi söhbət,
Reyal həqiqətmiş, bəli, həqiqət.
Atam gil gələrkən bir gün şəhərdən,
Belə bir hadisə görürlər birdən.
Onlar görürlər ki, yol qırağında,
Bir arvad dayanıb mən qucağında.
Bir arvad, bir gəlin və bir oğlan da,
Varıymış orada həmin o anda.
Gəlinlə oğlan hey mənə baxırmış,
Sanki gözlərindən sellər axırmış.
Məni qucağında saxlayan arvad,
Atam gilə deyib – guya həmin vaxt
Maşınla keçərkən yoldan o, axşam,
Guya gözlərinə mən sataşmışam.
Onlar avtobusu saxlatdırırlar,
Mənim imdadıma gəlib çatırlar.
Həmin vaxt mən yaman ağlayırmışam,
Ağlayıb qəlbləri dağladırmışam.
Sonra bilirlər ki, məni atıblar,
Ömrümə-günümə zəhər qatıblar!
Yüz yol, min yol ölçüb-biçirlər, sonra,
Axırda gəlirlər belə qərara.
Məni aparsınlar “Uşaq evi”nə,
Bu vaxt tale gülür üzümə yenə.
Gəlib həmin yerə çatır atamgil,
Sonra da salırlar mənə çox meyil.
Atamgil onlarla razılaşırlar,
Məni özlərinə alırlar uşaq.
O vaxt on iliymiş evlənibmişlər,
Ancaq ömrə-günə şərikmiş kədər!
Tor çəkir talenin nurlu gözünə,
Onlar həsrət qalır övlad üzünə!
XƏYAL: – Ağlama əzizim, tökmə göz yaşı,
Yandı kabab oldu bağrımın başı!
Sən hər vaxt şənlən, gül nazlı dilbərim,
Bütün bunlardan var mənim xəbərim.
GÜLNAR: – Dedin xəbərin var?!
XƏYAL: – Bəli həyatım.
Ömrümün mənası, qolum-qanadım.
Mən bunu biləndə heç bilmirdin sən,
Çoxdan xəbərim var bu hadisədən!
Ancaq gəl salmayaq bunu səs-küyə.
GÜLNAR: – Sən bu hadisəni Xəyal, bəs niyə,
Mənə bildirmirdin?
XƏYAL: – Gülnar, sən məgər,
Düşüncəsiz saydın məni bu qədər?!
Səndən gözləməzdim?!
GÜLNAR: – Çox sağ ol Xəyal!
Xətrinə dəyməsin verdiyim sual.
Yox, mən o mənada demədim.
XƏYAL: – Əgər,
Elədirsə, onda çalış bir qədər,
Üzünə-gözünə təbəssüm gətir.
Bu qəmi-qüssəni bir yolluq itir,
Səni nə aşkarda, nə də xəyalda
İstəmirəm görəm bir də bu halda.
Unut ötənləri, bir yolluq unut,
Şirin arzularla qəlbini ovut.
(Gülnar gülümsəyir və qollarını Xəyalın boynuna sarıyır)
GÜLNAR: – Çox sağ ol əzizim, çox sağ ol! Fəqət,
Bir daha üzümə güldü səadət!
Elə sanırdım ki, bədbəxtmişəm mən,
Demək yanılmışam, xoşbəxtmişəm mən!
XƏYAL: – Bəli, sən xoşbəxtsən, xoşbəxtsən Gülnar,
Sənsiz qəlbim tutmur bir yerdə qərar.
Gecələr yuxuda, gündüz aşkarda,
Bütün ömrüm boyu qışda, baharda,
Sevgin kəsilibdi qəlbimə hakim,
Demək sən xoşbəxrsən, xoşbəxt əzizim.
Yəqin ki, mənimlə razılaşarsan?
GÜLNAR: – Hə, razılaşıram.
XƏYAL: – Lap əla, inan,
Bayaq mən o halda görəndə səni,
Elə bil tok vurdu həmin an məni.
Elə bil qəlbimə od-alov yağdı,
Sanki gözlərimdə ildırım çaxdı.
Qəlbimdən min qara fikirlər keçdi,
Hər fikir qəlbimdən min sevinc biçdi.
Partlardı çəksəydi dağ bu zilləri!
Nə isə, unudaq bu söz-söhbəti.
O, onlar qalıbdı artıq geridə,
Düşünək gələcək günlər barədə.
Gülnar, razılaşdıq?
GÜLNAR: – Hə, razılaşdıq.
XƏYAL: – Vüsal gecəsinə az qalıb artıq.
Günlərlə, aylarla çəkilən həsrət,
Gələn bugünkü gün bitəcək fəqət.
Sınacaq hicranın o gün qədəmi,
“Vağzalı” tutacaq bütün aləmi.
Son qoyulacaqdı o gün hicrana,
O, gün qovuşacaq Leyli Məcnuna.
Sən mənim Leylimsən, Leylimsən Gülnar,
Ömrün-günüm, ayım, ilimsən Gülnar!
GÜLNAR: – Çox sağ ol əzizim bu sözlər üçün.
XƏYAL: – Bu sözlər nədir ki? Gülnar, mən hər gün,
Belə sözlər desəm durmadan sənə,
Hesab edirəm ki, azdır az yenə
Sən ömrümdə nurlu səhərsən səhər,
Mən səni sevirəm dünyalar qədər!
GÜLNAR: – Duymamış olmazsan Xəyal, deyim bil,
Heç mənim də sənə sevgim az deyil.
Mən səni gördüyüm ilk gündən elə,
Sevirəm bir ülvi məhəbbət ilə.
XƏYAL: – Ürəyimiz birdi, xoşbəxtik demək,
Bu qəlblərimizdəki eşq odu gərək,
Ömrümüz bitincə bir an sönməsin,
Daim alovlansın məşəltək.
GÜLNAR Amin! (qolundakı saata baxır): –
Ayrılmaq vaxtıdı, ayrılaq Xəyal,
Sabah görüşərik, sən salamat qal.
XƏYAL: – Getmək istəyirsən?
GÜLNAR: – Hə, gecdir daha,
Təkrar görüşümüz qalsın sabaha.
İndi evdəkilər nigarandılar,
Bilirəm ki, mənsiz pərişandılar.
Xəyal, zəngləşərəm axşam səninlə,
Sən mənim telefon zəngimi gözlə.
XƏYAL: – Onda evə qədər ötürüm səni.
GÜLNAR: – Hə, Xəyal, evəcən gəl ötür məni.
(Xəyal ilə Gülnar gedirlər)
(pərdə)
IV pərdə, VI şəkil
Xəyalgilin evi. Xəyal ilə Gülnar divanda yan-yana əyləşibdilər. Gülnar fikirdədir.
XƏYAL: – Gülnar, bir yada sal ötən günü sən,
Bu gün bir il keçir toy gecəmizdən.
Allaha şükür ki, körpəmiz də var,
Vallah biz xoşbəxtik, xoşbəxtik Gülnar!
GÜLNAR: – Bəli, biz xoşbəxtik. Bu xoşbəxt günlər,
Yolçumuz olacaq ölənə qədər!
(araya azacıq sakitlik çökür)
XƏYAL: – Gülnar, yenə bu gün nə olub sənə,
Səhərdən qəm qonub çöhrənə yenə?
(Gülnar çiyinlərini çəkir)
Bəlkə bir xətrinə dəyənin olub?
GÜLNAR: – Yox.
XƏYAL: – Onda çöhrənə niyə qəm dolub?
Gülnar gəl dərdini sən mənə söylə,
Məni öz dərdinə gəl həmdəm eylə.
GÜLNAR: – Qəribə bir yuxu görmüşəm bu gün,
Qəmginəm gördüyüm o yuxu üçün.
XƏYAL: – Yuxuda nə gördün? Danış mən yozum.
GÜLNAR: – Yox Xəyal, qıymaram keyfini pozum.
XƏYAL: – Danış Gülnar, danış.
GÜLNAR: – Yuxuda gördüm,
Evdə təkəm, yoxdu yanımda heç kim.
Ancaq mən elə şən bir haldayam ki,
Quştək qanadlanıb uçuram sanki!
Otağın qapısı açildi bu vaxt,
Qəfil girdi evə iki-üç arvad.
Bu vaxt bir kişi də dəydi gözümə,
O, hey ağlayırdı baxıb üzümə.
Birdən arvadlarla o kişi birgə,
Məni tutub zorla hey çəkə-çəkə
Çölə çıxartdılar məni həmin an,
Mən özümdən getdim birdən o zaman.
Sonra nələr oldu bilmədin gerçək,
Özümə gələndə gördüm ki, bərk-bərk,
O kişi səsləyib məni oyadır,
Üzümə-gözümə sərin su atır.
Kişi mənə dedi: – Sənin atanam!
Bir arvad da dedi: – Sənin ananam!
Başıma nə gəlib edərək təkrar,
Olduğu kimi də dedilər onlar!
Özüm də bilmirəm vallah nədənsə,
Halımı pozubdu həmin hadisə!
Dostları ilə paylaş: |