2 FƏSİL. Tara təSƏRRÜfati 12. LogiSTİk yük vahiDLƏRİNİn saxlanmasi və daşINMASINDA Tara təSƏRRÜfatinin əHƏMİYYƏTİ



Yüklə 202,7 Kb.
səhifə1/11
tarix01.01.2022
ölçüsü202,7 Kb.
#104995
  1   2   3   4   5   6   7   8   9   10   11

12 FƏSİL. TARA TƏSƏRRÜFATI

12.1 LOGİSTİK YÜK VAHİDLƏRİNİN SAXLANMASI VƏ DAŞINMASINDA TARA TƏSƏRRÜFATININ ƏHƏMİYYƏTİ

Hər bir məhsul özünün nadir fiziki xassələrinə malikdir. Məhsulların konkret fiziki – kimyəvi xassələrə malik olması onların həm saxlanması, həm də istismarı prosesinə əsaslı tə'sir göstərir. Məsələn, daş kömürün açıq havada saxlanması əlverişli olsa da duzun belə şəraitdə saxlanması məqsədəuyğun deyil. Digər tərəfdən bə'zi istehsal-texniki tə'yinatlı məhsullar və xalq istehlakı malları müəyyən həddə qədər soyuq və ya isti hava temperaturuna tab gətirmək qailiyyətinə malikdir. Bu həddən sonra onun istismar xüsusiyyətlərində keyfiyyət dəyişiklikləri meydana çıxır və istehlakçılar iqtisadi problemlərlə üzləşirlər.

Bir çox məhsullar logistik kanallar üzrə hərəkət etdikcə onların fiziki xarakteristikaları dəyişir. Buna əyani nümunə kimi təzə meyvə, tərəvəzi və ət məhsullarını, çörək və un məhsullarını, balığı göstərmək olar. Bu tip məhsullar üçün xüsusi qablaşdırma, yükləmə-boşaltma və saxlanma metodları tələb olunur.

Fiziki xassələri ilə yanaşı məhsullar kimyəvi xüsusiyyətlərə də malikdir ki, bu da onların saxlanması və e'malı prosesinə birbaşa tə'sir göstərir. Bə'zi növ məhsulların bu fiziki və kimyəvi xassələrini nəzərə alaraq onların bir yerdə saxlanılması və nəqli məqsədəuyğun hesab edilmir. Məsələn, etil spirtinə həssas olan bananı, özündən etil spirtini ayıran alma və ya yemişlə bir yerdə bir neçə saat saxlamaq olmaz.

Müəyyən şəraitdə praktiki olaraq hər bir məhsul özünün malik olduğu ətraf mühit üçün arzuedilməz olan təhlükəli xassələrini aşkar edə, meydana çıxara da bilər, eyni zamanda onu əhatə edən mühitdən neqativ tə'sirlər ala da bilər. Bu nöqteyi – nəzərdən ilkin tə'yinat məntəqəsindən son istehlak yerlərinə qədər məhsulların malik olduğu fiziki – kimyəvi və texniki – istismar xüsusiyyətlərinə uyğun olaraq çatdırılması üçün qablaşdırma, yenidən qablaşdırma, etiket və markaların yapışdırılması kimi əməliyatlar həyata keçirilməlidir.

Tara - istehsal olunmuş hazır məhsulların normal saxlanması və son təyinat məntəqəsinə qədər daşınmasını asanlaşdırmaq, ətraf mühitin neqativ təsirlərindən qorumaq və habelə istehlakçılarda alış motivləri yaratmaq məqsədilə məhsulların müvəqqəti qablaşdırıldığı sənaye mə'mulatıdır. Başqa sözlə, «tara» məhsulun qabla birlikdə ümumi çəkisi (brutto) ilə xalis çəkisi (netto) arasında fərqi ifadə edir. Taralara – müxtəlif materiallardan hazırlanmış yeşiklər, boçkalar, bidonlar, flakonlar, bankalar, kisələr, barabanlar, qəfəsələr, qutular, qablaşdırma toxumaları və s. aid edilir. Tara növlərinin çoxluğu, müxtəlifliyi onlarda qablaşdırılan məhsulların fiziki-kimyəvi xassələrinin müxtəlif olması və məhsulların logistik sistem daxilində yerdəyişməsi şərtləri və şəraiti ilə əlaqədardır.

Logistik nöqteyi-nəzərdən qablaşdırma məhsulların fiziki bölüşdürülməsi və nəqletmə, anbarlaşdırma, yüklərin e'malı kimi logistik əməliyyatların yerinə yetirilməsi prosesində zədələnmədən, itgilərdən qorunub saxlanması zamanı Uçot Müqavilə Vahidlərinin (UMV) ahəngdarlığını təmin edən kompleks vasitədir. Bununla əlaqədar olaraq taralar öz təyinatlarına uyğun konkret texniki, iqtisadi və estetik tələblərə cavab verməlidir.

Texniki tələblərə tara materiallarının məhsulların fərdi xassələri və xüsusiyyətlərinə uyğunluğu, onun konstruksiyasının məhsulların ölçülərinə müvafiqliyi, möhkəmliyi, yüngüllüyü, yükləmə-boşaltma əməliyyatlarının yerinə-yetirilməsi zamanı daha əlverişli olması, ölçülərinin məqsədəuyğunluğu və s. aiddir. Məhsulların satışı zamanı mütərəqi üsullardan geniş istifadə olunması, logistik servis mədəniyyətinin yüksəldilməsi, istehlakçı tələbini zəruri çeşiddə və lazımı həcmdə ödənilməsi hər şeydən əvvəl məhsulların fiziki bölüşdürülməsini həyata keçirən logistik şəbəkələrdə qabaqcadan çəkilib, (ölçülüb) qablaşdırmasından asılıdır. Buna görə də taranın ölçüsü elə olmalıdır ki, qablaşdırılan məhsul həcm və yaxud da çəki e'tibarı ilə alıcıların cari və potensial tələbini ödəyə bilsin.

Taranın konstruksiyası və onun mürəkkəblik dərəcəsi məhsulun keyfiyyəti və itgilərin həcminə bilavasitə təsir göstərir. Tara yüngül və sahmanlı olduqda əmək məhsuldarlığı yüksəlir, yükləmə-boşaltma işləri asanlaşır.

İqtisadi tələblər isə mahiyyət etibarı ilə taranın ucuz başa gəlməsi, təkrar təsərrüfat dövriyyəsinə cəlb edilməsi imkanlarına malik olması, məhsulları son təyinat məntəqəsinə və istehlak anına qədər qorunub saxlaması qabiliyyəti, logistik sistem daxilində bir neçə dəfə dövr etməsi və s-dən ibarətdir. Digər tələblərlə müqayisədə iqtisadi tələb mahiyyət e'tibarı ilə xüsusi əhəmiyyət daşıyır. Bu əsasən bir sıra amillərlə bağlıdır. İlk öncə praktik təcrübə bir daha təsdiq edir ki, qablaşdırılmayan məhsulların daşınması, saxlanması və logistik sistem daxilində nəqletməsi zamanı yaranan itgilərin həcminin normadan kəmiyyətcə yüksək olması sistemin hər bir iştirakçısı qarşısında müvafiq tədbirlərin – qablaşdırmanın həyata keçirilməsi zəruriyyətini qoyur. İkincisi, yüksək, tələb olunan standartlar səviyyəsində hazırlanan taraların təsərrüfat dövriyyəsində təkrar-təkrar istifadə olunması üstünlüyü onlara imkan verir ki, yeni taraların hazırlanması üçün istifadəsi nəzərdə tutulan maddi və maliyyə vəsaitlərinə qənaət etməklə bu vəsaitlərdən yalnız cüzi bir qismi taraların tədarükatı prosesinə yönəldilsin. Üçüncüsü, istehlakçı zövqünü oxşayan, zahiri formasına görə diqqəti cəlb edən qablaşdırıcı taralar hesabına məhsul satışının həcmi artır və istehsalçı firma və müəssisələr özlərinin bazar paylarının artırılmasına nail olurlar.

Taranın zahiri gözəlliyi, istehlakçı zövqünü oxşaması və onların diqqəti cəlb etmə dərəcəsi, tərtibatı, orjinallığı, məhsulları bu və ya digər dərəcədə reklam etmə səviyyəsi, satışın həvəsləndirilməsi və s. estetik tələbləri təşkil edir. Zahiri görünüşü ilə alıcıların diqqətini cəlb edən taralar özlərinin formaları və tərtibat üsulları (rəngi, naxışları, yazıları) ilə məhsulları cazibəli və orjinal şəkilə salmalı; məhsulların reklam edilməsinə yardım göstərməli, məhsulların xassələri və istifadə üsulları haqqında alıcılara yığcam - lokanik məlumat verməlidir.

Taraların qarşısında qoyulan texniki, iqtisadi və estetik tələblər qarşılıqlı surətdə bir-birini tamamlamalıdır. Respublikanın ayrı-ayrı sənaye sahələri tərəfindən istehsal olunan məhsulların qablaşdırılması Standartlaşdırma və Sertifikasiya Komitəsinin hazırladığı texniki şərtlərə müvafiq qaydada aparılır. Taralar bu tələblərə müvafiq buraxılır. Daha doğrusu, taranın adı (yeşik, qutu, bidon, boçka, kisə və s.), taranın bu və ya digər növünün təyinatı, konstruksiya xüsusiyyətləri, (boçkanın forması, yeşiyin tipi, kisənin böyük və ya kiçikli və s.) hazırlandığı materialın növü, istifadə xüsusiyyətləri və s. şərtlər nəzərdə tutulur.

Bazar iqtisadiyyatının milli iqtisadiyyatımız üçün yeni və mütərəqqi inkişaf yolları və perspektivlər vəd etməsinə baxmayaraq respublikamız tara istehsalının artım surətinə, habelə qablaşdırmanın forma və üsullarına görə inkişaf etmiş kapitalist dövlətlərindən çox geri qalır. Bunun, eləcə də milli məhsullara tələb və təklifin qeyri qənaət bəxşedici səviyyədə olmasının əsas səbəblərindən biri qablaşdırmanın dünya standartlarına cavab verməməsi ilə bağlıdır. İstər inzibati amirlik dövründə, istərsə də ondan əvvəlki illərdə bu sahənin inkişafına respublikamızda kifayət qədər fikir verilməmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1996-cı ildə Amerikada tara istehsalı və qablaşdırma ilə intensiv məşğul olan firmaların illik dövriyyəsi 90 milyard dollar təşkil etmişdir.

Doğrudur, ayrı-ayrı sənaye sahələrinin və ya ticarət-vasitəçilik missiyasını yerinə yetirən strukturların müxtəlif növlü taralarla tələb olunan səviyyədə təmin edilməməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən iqtisadi ziyanların kəmiyyətini müəyyənləşdirmək üçün dəqiq və etibarlı statistik məlumatlar mövcud olmasada bu rəqəmin heç də az olmaması bizdə şübhə yaratmır. Mövcud reallıq ondan ibarətdir ki, bir tərəfdən tara və qablaşdırmaya çəkilən məsrəflər hazır məhsulun dəyəri ilə təzad təşkil edir, digər tərəfdən isə müasir tara - qablaşdırma avadanlıqlarının istehsalı və qablaşdırma üçün istifadə olunan materiallarla əlaqədar olan işlər lazımı səviyyədə deyil, bu sahəyə aid olunan əsas istehsal fondları yüksək aşınmaya məruz qalmışlar. Vəziyyətdən çıxış yolu məhz problemin dövlət səviyyəsində həll edilməsi üçün digər MDB ölkələrində olduğu kimi «Respublikamızda əmtəə bazarının infrastrukturunun inkişafı haqqında» kompleks proqram qəbul edilməlidir. Bu kompleks proqramda tara qablaşdırıcı sahənin inkişaf istiqamətləri aydın göstərilməklə qablaşdırma üçün lazım olan materialların keyfiyyətinin yüksəldilməsi, müasir utilizasiya texnologiyalarının tətbiqi və taraların təkrar istifadə məqsədilə təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün bir sıra tədbirlər planlaşdırılmalıdır. Təbii ki, bu sahədə həyata keçirilən tədbirlər dünya standartlarına cavab verən tara - qablaşdırıcı materialların istehsalı nəticəsində milli məhsulların müxtəlif səviyyəli bazarlarda (beynəlxalq və milli) anoloji məhsullarla rəqabət aparmaq imkanlarını genişləndirəcək və bunun üçün normal mühitin formalaşmasını təmin edəcəkdir.

Qərb dövlətlərində qablaşdırma ilə bağlı çox müfəssəl və işlək qanunvericilik aktları qəbul edilmişdir. Bununla yanaşı ictimai təşkilatlar və cəmiyyətlərlə razılaşdırılmış formada qablaşdırmaya qarşı cari və potensial tələbləri nəzərə alan norma və normativlər işlənib hazırlanır. Məsələn, qablaşdırmanın optimallaşdırılması üzrə Almaniyada fəaliyyət göstərən cəmiyyət mədəni-məişət təyinatlı məhsulların qablaşırılması üçün aşağıda qeyd olunan tələblər baxımından normalar hazırlamışdır:



    • qablaşdırmanın mətni və əyani təsviri (illüstrasiyası) dəqiq və bir mənalı olmalı, məhsulun təyinatına cavab verməli;

    • qablaşdırılan məhsulların kəmiyyəti və keyfiyyəti haqqında alıcılarda qeyri səlist rəy formalaşdırmamalı;

    • qablaşdırılan materialın çəkisi, həcmi və kəmiyyəti haqqında məlumatlar imkan daxilində iriləşdirilmiş formada (məslən 500 q, 1000 kub.m) göstərilməli;

    • qablaşdırmada qeyd olunan qiymət dəqiq və yaxşı görünən olmalı;

    • məhsulun istehsal müddəti və köhnəlməsi (istifadəyə yarasız olduğu) müddətinə nəzarət məqsədilə xüsusi göstərişlər qablaşdırma materialının üzərində əks olunmalıdır.

Lakin qeyd olunan bu normalarla yanaşı iqtisadiyyatın ayrı-ayrı sahələrində qablaşdırmaya aid edilən bir sıra dövlət və beynəlxalq normalar mövcuddur. Məsələn, toxuculuq sənayesində təmiz yun parçalardan hazırlanan məhsullar onların hansı temperaturda yuyulması və ya təmizlənməsi, habelə ütülənməsini göstərən xüsusi marka və etiketlərə malik olurlar.

Məhsullar taralarda qablaşdırıldıqdan sonra bu məhsulları ətraf mühitin neqativ tə'sirlərindən qorumaq və taralarda saxlanılan məhsulların logistik kanallar üzrə hərəkəti zamanı tanınması üçün marka hazırlanmalı və onların üzərinə etiket yapışdırılmalıdır. Bu məqsədlə məhsulların təbiətindən, nəqletmə və saxlanma zamanı oğurlanması, dağılması ehtimallarından asılı olaraq sözlərdən və ya kod nömrələrindən istifadə olunur. Bununla yanaşı optik skaynerin köməkliyilə oxunan etiketlərdən də praktikada geniş istifadə olunur. Bir çox məhsullara, xüsusilə ərzaq məhsulları və dərman pereparatları qablaşdırılmış taraların üzərinə partiyanın nömrəsi də qeyd edilir. Bu hər şeydən əvvəl onların logistik kanallar üzrə fiziki hərəkətlərinə operativ nəzarət etmək imkanı verir.

Etiketlərdən istifadəni tənzimləyən çoxlu sayda qaydalar mövcuddur. Bunların içərisində əməl edilməsi vacib hesab olunan qablaşdırılan məhsulun kütləsi haqqında informasiyanın mövcudluğudur. Hal-hazırda belə tip etiketlər böyük ölçülü taraların üz səthinə vurulur. Çünki, əksər məhsullar yeşiklərlə, korobkalarla satıldığından alıcı və ya nəqliyyat departamentləri əsasən diqqətlərini məhz bu informasiyaya yönəldir.

Adətən məhsullar istehsal yerləri və ya sahələrində konveyerin axırında qablaşdırılır. Məhsulların qablaşdırıldığı yerdə də onların üzərinə etiket yapışdırılır. Konveyerin axırında istehsal olunmuş məhsulların uçotu aparılır. Konveyerdən sonra qablaşdırılmış məhsullar hazır məhsul ehtiyatına çevrilir və firmanın satış üzrə logistik sisteminə daxil olur.

Yuxarıda qeyd edilənləri nəzər alaraq qablaşdırma əsasən aşağıdakı funksiyaları yerinə yetirir:


    • məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;

    • məhsulun və ya qablaşdırıcı materialların reklamı;

    • məhsulların istehlak xassələrində və xüsusiyyətlərində dəyişikliklərin baş verməməsi və onların kəmiyyətcə mühafizə edilməsinin təmin olunması;

    • anbar logistik və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin formalaşdırılması;

    • məhsulların satışı üçün optimal vahidlərin (həcm və çəki) yaradılması;

    • bazar seqmentlərinə və satış kanallarına intensiv təsir edilməsi;

    • yeni məhsul və onun obrazının yaradılmasına təsir edilməsi;

    • logistik servis mədəniyyətinin yüksəldilməsinə təsir göstərilməsi;

    • saxlanma və daşınma zamanı məhsul itkilərinin qarşısının alınması;

    • əmtəə dövriyyəsinin artması və əmək məhsuldarlığının yüksəldilməsinə birbaşa təsir göstərməsi.

Qablaşdırmanın funksiyaları qablaşdırılacaq məhsulların layihələşdiril­məsi və istehsalı mərhələsindən formalaşmağa başlayır və logistik dövrənin ilkin mərhələsindən (istehsalçı) son mərhələsinə (istehlakçı) qədər, (çox­dövriy­yəli taralar üçün isə qapalı sistem formasını alır, yəni axırdan əvvələ, əvvəldən axıra) fəaliyyət göstərir. Taralar öz funksiyalarını yalnız xidmət etdiyi məhsulu təyinat məntəqəsinə çatdırdıqdan və bu məhsuldan azad olub, bir daha təkrar istifadə üçün yararsız olduğu ana qədər yerinə yetirir.

Taraların reklam və mühafizə funksiyaları praktiki olaraq bir-birilə konf­liktə girir. Pərakəndəsatış ticarəti nöqteyi nəzərindən hər bir qablaşdırıcı taranın üzərində cəlbedici reklam yazılarının olması məqsədəuyğundur. Bölüşdürmə mərkəzlərinə ötürülmək üçün əmtəəlik anbarlarda saxlanılan bu taralar, məhz qeyd edilən reklam yazılarına görə hansı tarada qiymətli məhsulun yerləşdiyini müəyyənləşdirməyə imkan verir.

Bəzən marketoloqlar belə hesab edirlər ki, tara lazım olduğundan daha çox iri təsvirləri yerləşdirməyə imkan verən üz səthinə malik olmalıdır. Buna əyani nümunə kimi audioməhsullarını göstərmək olar: plastinka üçün nəzərdə tutulan konvertlərdə mənt və təsvirlərin verilməsinə maqnitofon kassetləri və ya kompakt-disklərilə müqaisədə böyük yer ayrılır. Odur ki, konvertlərdə daha dəqiq informasiyaya malik mətn və təsvirlər yerləşdirilir. Kütləvi satış zamanı mağaza işçiləri adətən alıcılara ticarət zalında olan bu və ya digər məhsulların seçilməsi ilə bağlı məsləhət verirlər. Buna görə də geniş çeşidli məhsullara malik belə ticarət zonalarında alıcılar bağlı taralar üzərində müvafiq informasiyalarla kifayətlənirlər.

Elm və texnikanın inkişafı, kimya sahəsində istehsalın genişləndirilməsi tara təsərrüfatını təkmilləşdirməyə, habelə tara hazırlamaq üçün yeni, yüngül, davamlı və müəyyən estetik xüsusiyyətləri ilə fərqlənən müasir materiallardan istifadə etməyə imkan verir. Bu isə öz növbəsində taranın texniki, iqtisadi və estetik göstəricilərinin yaxşılaşdırılmasına kömək edir. Bunun üçün qablaşdırma qarşısında texniki, iqtisadi və estetik tələblərlə yanaşı bir sıra logistik tələblər də qoyulur:



    • Forması, ölçüsü və rəngi. Qablaşdırılan məhsulların taraları özlərinin formaları, ölçüləri və rənginə görə elə olmalıdır ki, müxtəlif bazar seqmentlərinə aid edilən alıcıları stimullaşdıra bilsin. Odur ki, bu kondeksdən çıxış edən məhsul istehsalçıları onlar üçün tara istehsal edən firma və ya müəssisə qarşısında bu tələbdən irəli gələn vəzifələri müəyyənləşdirir, hazır məhsul və onun texniki iqtisadi göstəriciləri, anoloji məhsullarla müqayisədə üsütünlükləri haqqında onlara qısa məlumat verir. İnkişaf etmiş kapitalist dövlətlərinin təcrübəsinə istinadən qeyd etmək olar ki, məhsul istehsal edən firmalar məhsulun özündən çox onun qablaşdırıldığı taranın forması, rəngi və ölçülərinə xüsusi diqqət yetirir və bunu üçün məhsulun hazırlanmasına çəkilən istehsal xərclərindən bir qədər də artıq vəsait sərf edirlər. Beləliklə, qablaşdırma hər şeydən əvvəl mövcud məhsulların rəqib firmanın məhsullarından fərqləndirən cəhətlərə malik olmalıdır.

    • Məhsul haqqında istehlakçılarda xoş niyyətin yaradılması. İlk baxışda məhsulun alınmasına bir o qədər də meyl göstərməyən alıcılar qablaşdırmanın forması, ölçüsü və ya rəngi onlar üçün cəlbedici olduğundan bu məhsulun əldə edilməsi üçün bir növ stimulyator rolunu oynayır və məhsulun alınması üçün marketinq qərarlarının hazırlanması və reallaşdırılmasına şərait yaradır.

    • Məhsul ilə öz rəngi arasında zəruri əlamətlərin formalaşdırılması. Köhnə və yeni satış bazarlarına çıxarılan məhsullar və onların texniki-iqtisadi göstəriciləri, məhsulun istismar xüsusiyyətləri haqqında dəqiq məlumatlara malik olmayan potensial alıcılarda bu məhsul barədə fikir formalaşdırmaq üçün istehsalçı firma və ya müəssisələr məhsulun rəngi, ölçüləri ilə qablaşdırılan taranın rəngi və ölçüləri arasında ahəngdarlığın əldə olunmasına çalışırlar.

    • Məhsul haqqında kifayət qədər məlumata malik olması. Qablaşdırmanın ən mühüm funksiyası qəbul etdiyi məhsul haqqında müxtəlif qrup satıcılara, istehlakçılara, ticarət-vasitəçilik missiyasını yerinə yetirən strukturlara logistik dövrənin bütün mərhələlərində yığcam informasiya verməkdən ibarətdir. Qablaşdırılan məhsulun tarasının üzərinə onun daşınması zamanı nəqliyyat vasitələrində necə yerləşdirilməsi, yükləmə-boşaltma əməliyyatlarının yerinə yetirilməsi ardıcıllığı və onun qarşısına qoyulan tələblər, anbarlaşdırma xüsusiyyətləri, istismar qaydaları, netto və brutto çəkisi, temperatur dəyişikliklərinə həssaslığı (məhsulların istifadə olunduğu regionların iqlim şəraiti), məhsulların kövrəkliyi, zərifliyi kimi informasiyalar əks olunur. Bu informasiyalar əsasən qablaşdırılan məhsulun tarasının üzərində qeyd olunan yazılar, etiketlər, ştrix - kodlar, markalar və s. formada verilir. Buna praktikada əsasən qablaşdırmanın testləşdirilməsi də deyilir. Burada məqsəd logistik dövrənin hər bir iştirakçısını məhsulların logistik kanallar üzrə aşınması, ticarət - vasitəsi strukturlarda anbarlaşdırılması və son təyinat məntəqələrində istismarı zamanı meydana çıxa biləcək çətinliklərdən azad etmək və sadalanan logistik əməliyyatların yerinə yetirilməsini sadələşdirməkdən ibarətdir. Çünki, tədarükat bazarlarında və ya topdansatış ticarətini həyata keçirən yarmarka və əmtəə birjalarında iştirak edən alıcılar məhsul haqqında verilən yazılı və ya şifahi təsvirlərdən, məlumatlardan daha çox bu məhsulun qablaşdırıldığı taranın üzrində əks olunan informasiyalara üstünlük verir və onun e'tibarlığına inanırlar. Müxtəlif təyinatlı taralarda testləşdirmə əməliyyatlarının aparılması üçün xüsusi kompyüter proqramlarından istifadə olunur. Məsələn, bir proqram təminatı istifadəçiyə taxta taraların hazırlanması üçün lazım olan mütəlif meşə materialları və mismarların hansı kefiyyətdə və ya ölçüdə seçilməsini modelləşdirməyə imkan verir. Yeni taranın testləşdirilməsi ilə yanaşı məhsul və taraların zədələnməsi və itgisi üzrə bütün irad və rə'ylərin də uçotu – qeydiyyatı aparılır. Statistik sınaqlar metodundan istifadə etməklə baş verən zədələnmələrin təsadüfi olub olmamasını müəyyənləşdirmək mümkündür. Əgər bu hal təsadüfi xarakter daşımırsa, onda taranın bu zəif yeri üçün əlavə mühafizəedici tədbirlər görülür.

ABŞ-da qəbul edilmiş qanuna görə yeni tətbiq edilən qablaşdırıcı materialların poçt xidmətinin müştəriləri tərəfindən rabitə qovşaqlarında testləşdirilməsi həyata keçirilir. Bu zaman müştərilər sınaq taraları regionda yerləşən müxtəlif poçt-rabitə qovşaqlarına göndərirlər. Poçt əməkdaşları testləşdirmə üçün qəbul edilən yeni tara növü haqqında yekun rəylərini hesabat formasında ilkin təyinat məntəqəsinə təqdim edirlər.

Bununla da məhsul istehsalçıları testləşdirilən yeni taralar haqqında müxtəlif rəylərin təhlili yolu ilə gələcək dövr üçün bütün sosial qruplar və cəmiyyət tərəfindən tam qəbul edilən vahid-unifikasiya edilmiş taralar hazırlayırlar. Bununla yanaşı əksər hallarda taraların testləşdirilməsi zamanı onların nəqletmə prosesində faktiki təsirlərə məruz qalması halları müşahidə edilir. Odur ki, bu məqsədlə karton karobkaların içərisinə daşınan məhsulla bərabər qeydiyyat qurğusu qoyulur. Bu qurğu həm temperatur dəyişikliklərini qeyd etmək üçün sadə xəstəxana termometri, həm də nəzərdə tutulan fiziki təzyiqlərdən daha artıq təsirlərlə dağılan yay formasında olur. Şəkildə karton taranın böyür tərəfində təsirlərin qeyd edilməsi üçün belə bir qurğunun əyani təsviri verilmişdir. Digər bir nümunədə isə (şəkil) taranın sudan, nəmdən qorunması təsvir edilmişdir. Bunun üçün KAISER ALUMINUM firmasının gülüş ifadəsi əks olunmuş kiçik yapışqanından istifadə edilib. Şəkildə iki göz çəkilmiş və bunlardan biri suyun, nəmin təsirindən yayılıb dağıla bilən xüsusi rənglə boyanmışdır. Məhsulu alan logistik dövrənin hər bir iştirakçısı belə bir halla rastlaşdıqda və ya onu müşahidə etdikdə məhsulun keyfiyyətcə qəbul edilməsinə diqqəti daha da artırır. Beləliklə, taralar logistik informasiya axınlarının ötürülməsi və qabaqcadan işlənməsi vasitəsi kimi çıxış edir.



    • Alıcılar üçün məhsulların tez seçilməsinin təmin edilməsi. Müxtəlif çeşidli və konfiqurasiyalı taralarda saxlanılan məhsulların ayrı-ayrı alıcı kateqoriyalarına satışını asanlaşdırmaq üçün əvvəl qeyd olunduğu kimi taraların formaları, rəngləri və ölçülərinə xüsusi diqqət yetirilir. Eyni formaya və ya rəngə malik taralara öyrənən, alışan alıcılar üçün zəruri məhsulların seçim prosesi tezləşir və bunula bağlı vaxt itgisinə yol verilmir. Eyni zamanda nəzərə almaq lazımdır ki, belə bir tələbin qorunub saxlanılması anbar məhsul buraxılışının da operativ surətdə həyata keçirilməsinə geniş imkanlar yaradır.

    • Müxtəlif qablaşdırma formaları məhsulları tanınmaz etdiyi üçün onların tez-tez dəyişdirilməsi hallarına yol verilməməsi. Konkret məhsul üçün təklif olunan qablaşdırmanın hansı rol oynamasını müəyyənləşdirmək üçün qablaşdırmanın konsepsiyasını yaratmaq lazımdır. Konsepsiyada qablaşdırmanın qrup, məcmu, standart, texniki, vizual və diler xarakter daşıması kimi amillər mütləq mənada nəzərə alınmalıdır. Bundan sonra, qablaşdırmanı təşkil edən digər konstruktiv elementlər: ölçü, rəng, qablaşdırmada istifadə olunan materialların özünün rəngi, forması və ölçüsü; mətnlərin tərtibatı, ticarət (marka, firma) nişanları, etiketin (markanın, ştrix kodun) yeri, məzmunu və ölçüsü; məhsulun mütləq və nisbi dəyəri; məhsulun rəqabət üstünlükləri; beynəlxalq bazarlarda tanınan standartlardan istifadə olunması haqqında qərarlar qəbul edilir. Qəbul edilən qərarlar əsasında hazırlanan qablaşdırma materialları bir neçə formada ardıcıl olaraq sınaqdan çıxarılır. Aparılan texniki sınaqlarda hazırlanmış qablaşdırma materiallarının-taraların «normal» istismar şərtlərinin tələblərinə cavab verməsi, qablaşdırmanın ticarət - logistik vasitəçilər üçün əlverişli olması, yükləmə-boşaltma və nəqletmə işlərinin yerinə yetirilməsi zamanı göstərilən fiziki təzyiqlərə məruz qalma dərəcəsi və nəhayət istehlakçıların bu tip qablaşdırma formalarına münasibəti və onları təmin etmə səviyyəsi kimi məsələlər diqqət mərkəzində saxlanılır.

Qeyd olunduğu kimi material resursları təkə istehsalçılarda, topdan satış şəbəkələrində və pərakəndə ticarət mağazalarında deyil, həmçinin nəqliyyat departamentlərində, ekspeditorlarda və istehlakçıların özlərində də anbarlaşdırılır. Buna görə də əlverişli qablaşdırma vasitələrini seçən zaman məhsulların saxlanması ilə əlaqədar olan bütün şərait və ya şərtlər hər tərəfli öyrənilir.

Başqa sözlə, qablaşdırma layihələrinin hazırlanması prosesinə istehsalçı firmanın marketinq strategiyası, logistik menecmentin tələbləri, nəqliyyat və anbarlaşdırma amilləri, maliyyə imkanları və ekoloji amillər təsir göstərir.




(şəkil).


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin