Bəxtiyar Tuncay Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın mitinqin tək bayrağna və Hərəkatın simvoluna çevrildiyi gün



Yüklə 206,8 Kb.
tarix17.11.2018
ölçüsü206,8 Kb.
#84082
növüYazı


Bəxtiyar Tuncay
Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın mitinqin tək bayrağna və Hərəkatın simvoluna çevrildiyi gün

İran Xalq Fədailəri Partiyasının rəhbərlərindən olmuş Həmzə Fərahəti Almaniyada nəşr etdirdiyi «O illərdən və başqa illərdən» adlı kitabında Bakıdakı noyabr-dekabr mitinqlərindən yazaraq bu möhtəşəm aksiyanın başında 25 yaşlı Nemət Pənahlının və 20 yaşlı Siyaməkin durduğunu bildirərək çox maraqlı xatirələrini yazır. O bildirir ki, Siyamək sovet rəhbərliyini o qədər narahat eləməyə başlamışdı ki, həmin dövrdə Almaniyada olan Fəratini təcili Bakıya çağırtdırırlar və deyirlər ki, sizin təşkilatın üzvlərindən Siyamək, eləcə də bəzi başqa fədailər araqarışdırmaqla məşğuldurlar və buradakı mitinqlərə dəstək verirlər.

Həmzə Fərahəti Bakıya mitinqin dördüncü günündə yetişmişdi. Kommunist Partiyasından rəhbərliyindən təlimat alar-almaz, meydana yollanır, meydanda mitinqə rəhbərlik edən şəxslərin istirahət etdikləri çadırı tapır və Siyaməkin adını verməklə içəri girə bilir. Siyamək çox təəccüblənir və sevinir. Dərhal dostlarından birini yemək dalınca göndərir. Birlikdə yeyib-içdikdən, hal-əhval tutduqdan sonra Siyamək İranda onun təşkilat rəhbərlərindən olmuş Fərahətidən mitinqlər barədə fikrini soruşur. O da bu mitinqlərin simasında Azərbaycandakı möhtəşəm hərəkatı dinozavra bənzədərək deyir ki, meydan dinozavrın nəhəng bədənini, tribunadakılar, yəni mitinqə rəhbərlik edənlər isə onun həddən balaca başını xatırladır.

Həmzə Fərahətinin yazdıqlarından belə aydın olur ki, o, sovet rəhbərliyindən aldığı təlimata uyğun olaraq, bu mitinqin dağıdılacağını söyləyərək, Siyaməki inandırmağa çalışır ki, nə qədər iş işdən keçməyib, təcili mitinqi dayandırmaq və ölkə rəhbərliyinin verəcəyi imtiyazlardan istifadə etmək lazımdır. Əks təqdirdə sizin aqibətiniz çox pis ola bilər. Siyamək onu diqqətlə dinləsə də, sözlərini qəbul etmir.

Fərahətinin kitabından daha maraqlı bir faktı öyrənmiş oluruq. O bildirir ki, mitinq rus əsgərləri tərəfindən dağıdıldıqdan sonra bütün iştirakçıları maşınlara mindirib həbsxanalara daşıyırmışlar. Siyamək və dostları maşından düşüb qaçmağı bacarırlar (O, İranda eyni qaydada ETTELAAT məmurlarından da qaçmağı bacarmışdı). Bundan sonra o, Xəzər dənizindəki adaların birində gizlənir. Nemət Pənahlını isə həbs edirlər. Siyaməki tapa bilməyən KQB məmurları Həmzə Fərahətidən onun yerini soruşsalar da, o bilmədiyini söyləyir. Ardınca Bakıda elan olunmuş fövqaladə vəziyyətin komendantı Dubinyak çox sayda rus əsgərləri ilə birlikdə onun yanına gəlir, hədə-qorxu yolu ilə Siyaməkin yerini öyrənməyə çalışır. Bir nəticə almayıb, Almaniyadan gəlmiş qonağı təhqir edib gedir.

Vəziyyətin ciddi olduğunu görən Həmzə Fərahəti Azərbaycan KP MK-ya, MK-nın məsullarından olan Axundova xəbər göndərir ki, onun qəbul etsin. Axundovun qəbulunda isə təklif edir ki, Siyaməki tutmasınlar, ona onunla birlikdə Almaniyaya getməyə icazə versinlər. Bu təklif Axundovun ağlına batır və o, dərhal «Qızıl Aypara» Cəmiyyətinin sədri Əhmədova zəng edir ki, sabaha qədər Siyaməkə xarici pasport hazırlansın və onun Almaniyaya gedə bilməsi üçün təcili viza məsələsi həll edilsin.

Həmzə Fərahəti
Pasport bir gecəyə, viza isə bir həftəyə hazır edilir. Uçmaq vaxtı gələndə Siyamək Fərahətiyə utana-utan deyir:

-Siz mənim üçün çox şey etdiniz, sizə təşəkkür edirəm. Amma mən Nemətlə dostam. O isə zindandadır. Onun zindanda olduğu bir dövrdə mən fərarilik edib Almaniyaya gedə və onu tək buraxa bilmərəm.

Fərahəti Almaniyaya tək uçmalı olur. Bir neçə gün sonra isə eşidir ki, Siyaməki həbs ediblər və o artıq KQB-nin zindanındadır (2, s. 499-502).

Noyabr-dekabr mitinqləri göstərdi ki, hərəkata öndərlik edəcək güclü bir təşkilata ehtiyac var idi. Məhəmməd Hatəmi ilə əl-ələ verərək qurduğumuz Azərbaycan Xalq Hərəkatı Cəbhəsi Bakıda iki mitinq təşkil etməyi, noyabr-dekabr mitinqlərini dağılmağa qoymamağı, meydana üç rəngli bayraqları gətirməyi, meydanın arxa hissəsini çadır şəhərciyinə çevirməyi bacarsa da, Hatəminin həddən artıq sərt tutumu, hamını özündən uzaqlaşdırması və hər şeyə təkbaşına qərar vermək istəməsi üzünsən güclü təşkilata çevrilə bilmədi. Hatəminin və mənim həbsimdən sonra isə mövcudiyyətini dayandırdı. Təşkilatın böyük hissəsi həbsdə olan Hatəminin şəxsi göstərişi əsasında Əbülfəz Elçibəyin dalınca getməyə başladı. Onlar 1989-cu ildə qurulacaq Azərbaycan Xalq Cəbhəsinin yaranmasında, güclənməsində çox böyük və olduqca əhəmiyyətli rol oynadılar.

Təqribən 500-ə qədər adam İsfəndiyar Coşğunun ətrafında «Birlik» təşkilatını quraraq bizlərin, yəni həbs olunan istiqlalçı milliyyətçilərin azadlığı uğrunda mübarizə aparmağa başladı. Sonradan bu təşkilatın bazasında Azərbaycan Milli Demokrat «Yeni Müsavat» Partiyası (bugünkü Müsavat Partiyasının sələfi) və Hüseyn Artukoğlunun başçılıq etdiyi Birlik Partiyası quruldu. Təqribən 500 nəfərlik bir qrup da heç kəsə qoşulmadı, Hatəminin həbsdən çıxmasını gözlədi, o, azad edildikdən sonra isə birlikdə Milli Qurtuluş Partiyasını qurdular.

Siyaməkin məhkəməsi zamanı «Birlik» təşkilatının Ali Məhkəmənin önündə keçirdiyi mitinq. 1989-cu il
Meydanda yeni təşkilatın - Azərbaycan Xalq Cəbhəsinin təbliğatı da aparılırdı. Bu işlə daha çox, Zərdüşt Əlizadə, İsa Qəmbər, Sabir Rüstəmxanlı və Bəxtiyar Vahabzadə məşğul idilər. Bəxtiyar Vahabzadə artıq özünü hələ yaranmamış, sadəcə təbliğatı gedən bu təşkilatın lideri də elan etmişdi. Lakin cəbhə qurulanda və sədr seçkiləri keçiriləndə sədrlik postu uğrunda mübarizə aparan iki qrupdan heç biri Bəxtiyar Vahabzadəni heç yada da salmadı.

Qruplardan biri (Zərdüşt Əlizadə, Leyla Yunus, İsa Qəmbər, Pənah Hüseynov, Hikmət Hacızadə, Sabit Bağırov) Yusif Səmədoğlunun namizədliyini dəstəkləyirdilər. Əsasən hərəkatdakı naxçıvanlı və qərbi azərbaycanlılardan ibarət olan digər qrup (onlara Məmməd Əlizadə, Nurəddin İsmayılov və soy adını unutduğum Məhiyyəddin başçılıq edirdilər) isə Elçibəyin namizədliyini madafiə edirdi. Sonda ikincilər qalib gəldilər: «Meydan Hərakatı dövründə Müdafiə Komitəsinin sədri olmuş… Məmməd Əlizadə “Xural” qəzetinin redaksiyasında keçirilən dəyirmi masada, o vaxtkı AXC idarə heyətinin üzvü Pənah Hüseynovla debatda etiraf edib demişdir ki, Azərbaycan Xalq Cəbhəsinin ilk təsis konfransı hazırlananda, yəni iyulun 16-da mən, Nürəddin, Məhyəddin və digər 10-15 nəfər danışdıq ki, AXC-nin artıq konfransı keçirilir. Bülletenlər paylanıb. Həmin vaxt məlumat aldıq ki, Əbülfəz Elçibəy deyil, müəyyən adamların marağı dairəsində Yusif Səmədoğlu Xalq Cəbhəsinin sədri vəzifəsinə seçiləcək. Məmməd Əlizadə bildirir ki, bu məlumatdan sonra mən Müdafiə Komitəsinin müavinlərinə- Nürəddin İsmayılova, Məhyəddinə və digərlərinə dedim ki, 100 nəfərə yaxın yoldaşlardan götürün, nə edirsinizsə edin, elə edin ki, Əbülfəz Elçibəy sədr seçilsin» (3; 1).



Yusif Səmədoğlu
Nadir Ağayevin sözlərinə görə, «Əhəd İbrahimovun “Görkəmli insanların həyatı” kitabının 378-ci səhifəsində bildirilir: "AXC-nin Rəyasət Heyəti 15 nəfərdən ibarət olması barədə razılıq əldə edilmişdir. Özü də Rəyasət Heyətinə Milli Azədlıq Hərəkatının fəalları təyin edilməli idi. Amma… AXC icra orqanı Naxçıvan klanından təşkil olundu» (1).

Məmməd Əlizadə
Sonuncu iddianın nə qədər doğru olub-olmadığını araşdırmaq bu kitabın məqsədləri sırasında olmasa, da artıq noyabr-dekabr mitinqləri zamanı meydanda «əliyevçilərin», yəni Naxçıvan klanının fəal rol oynadığı məlumdur. Bu barədə Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabından müəyyən məlumat almaq mükündür (4, s. 111, 152-155).

Nurəddin İsmayılov
Yenə Nemət Pənahlının yazdıqlarından belə anlaşılır ki, Fuad Musayevin başçılıq etdiyi başqa bir qrup da öz xəttini yeridirdi. 17 noyabr mitinqinin təşkilində bilavasitə əli olan Fuad Musayev eyni zamanda Əlizadə qardaşlarının əli ilə Xalq Cəbhəsini qurmağa girişmişdi.

Ayaz Mütəllibov hakimiyyətə gəldikdən sonra Əlizadə qardaşlarının, xüsusən də Araz Əlizadənin, eləcə də Fuad Musayevin açıq şəkildə onu müdafiə etməsi bu qrupun arxasında həmin dövrdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olan və Vəzirovun hakimiyyətdən gedəcəyi halda onun yerini tutmağa ən çox şansı olan Ayaz Mütəllibovun durduğunu ehtimal etməyə ciddi əsas verir.

Nemət Pənahlı yazır: «…Mitinqin təşkil edilməsi səbəbləri ilə bağlı ortada iki versiya dolaşırdı. Birincisi, guya Vəzirovun ətrafındakı qüvvələr onu inandırmışlar ki, Moskvaya yalnız bu yolla təsir etmək olar. İkincisi, təşkilatçıların məqsədi bu idi ki, mitinq iğtişaşlarla nəticələnsin, Moskvada Vəzirovun ona tapşırılan işin öhdəsindən gəlməməsi barədə rəy formalaşsın və nəticədə o vəzifəsindən uzaqlaşdırılsın. Amma mənim zənnimcə, burada üçüncü versiyada ola bilərdi ki, bütün bu hadisələr bilavasitə Moskvadan idarə olunur (4, s. 158).

Məncə, bu versiyalardan ikincisi daha ağlabatandır. Vəzrirovu Moskvanın gözündən salmaq və aradan götürmək üçün «əliyevçilər» və «mütəllibovçular» eyni dərəcədə fəallıq göstərirdilər. Təsadüfi deyil ki, 20 yanvar hadisəsindən sonra Vəzirov aradan götürülər-götürülməz, bu iki qrup arasında şiddətli qarşıdurma yaranmış, onlar öz aralarında kəllə-kəlləyə gəlmişdilər. Xalq Cəbhəsinə nəzarəti ələ almaq üçün də bu iki qrup arasında ciddi rəqabət gedirdi.

Bütün bunlar aysberqin görünməyən, dərinliklərdə gizlənmiş hissəsi idi. Aysberqin gözlə görünən hissəsini isə Ədalət Tahirzadənin əsərindən öyrənirik. Onun noyabrın 21-də meydanda baş verənlər haqqında yazdıqları bu baxımdan çox maraqlıdır:

«21 NOYABR 1988.

Bu gecə heç kəs yatmayıb. 01.00. Meydanda 50 minə yaxın camaat var. Ertədən meydanın aşağısında böyük çadır qurub içinə işıq da çəkmişlər. Qabaqkı günlərə baxanda bu gecə maşınlar da sıx, fasiləsiz olaraq girir, azuqə, odun gətirir. İri bir samovar qoyulub, çay verilir. Bir tərəfdə maştağalılar ermənilərə qarşı meyxanalar söyləyir, o biri tərəfdə bir uşaq “Qarabağ şikəstəsi” oxuyur.

Aclıq edən (17.XI.88-dən) uşaqların vəziyyəti pisləşmişdi. “Təcili yardım” gəlmişdi. Güllələnmə verilmiş Əhməd Əhmədov haqqında bir neçə yerdə məlumat yazılıb vurulmuşdur.

Tonqalların sayı-hesabı yoxdur. Onlar bütün Lenin meydanına yayılıb. Bir çoxunun yanında milis işçiləri də qızınır. Onlar xalqla çox səmimi olublar. Klarnet və qarmondan ibarət dəstə çalmağa başladı, ancaq qoca bir kişi gəlib dedi ki, musiqi çalmaq ayıbdır. Bu gün matəmdir - sumqayıtlı oğlumuza güllələnmə veriblər, biz isə toy edək? Oğlanın - Əhmədin əl ilə çəkilmiş böyük şəklini baş tribunanın qarşısından asmışlar. Birisi baxıb dedi ki, yazıq, 24 yaşında güllələnmə veriblər. Bir oğlan həmin adama qayıtdı ki, yazıq niyə olur? O, igid oğuldur. Biz onunla fəxr edirik, o da fəxr etsin ki, arxasında bu xalq durub onu müdafiə edir.

32-67 AQS (odun), 50-14 AQS, 44-24 AQP - hərə bir şey gətirib. (Üçü bir yerdə gözümə dəydi. Onsuz da gəlib-gedən maşınların sayı-hesabı yoxdur). Dünən axşam (20.XI) meydanda 6 erməni ifşa etdilər. Birisindən 54 min manat pul tutmuşlar. Nizami mətbəəyə gedib “Kommunist” qəzeti gətirdi.

02.50. APİ və XTİ-nun tələbələri (10 min) gəldilər (bütün şəhəri dolaşıb). “Sum - qa - yıt!”. Boyunda lövhə: “Vazgen kaput!”. Cavanlardan çoxunun qışqırmaqdan səsi batıb.

05.00. Meydanda 30 minə yaxın adam var. Qalib Hidayətovla birgə təbliğat aparırdıq tonqal ətrafında. Arazın (3-üncü sinif şagirdi), 8 yaşlı şagirdin “Rədd olsun ermənilər” plakatını Qalib müəllim göstərdi.

6.35. İlk dəstə (100 nəfərlik) gəldi (tələbələr).

7.20. İkinci dəstə (tələbə qızlar; kooperativ texnikumu) “Qa-ra-bağ” qışqıra-qışqıra gəldi. Hamı fəhlələri intizarla gözləyir. Deyəsən, onlar tələbələrə xəyanət edirlər. Çünki iş vaxtı çoxdan keçib. Yanımızdan ötən avtobusların içi doludur, hamısı da işə gedir.

7.40. Əbülfəz yanımdan keçirdi. Görüşdük. Ayaq üstə çətinliklə dururdu. Üzünü də tük basmışdı. Bu gecə vur-tut bircə saat yatıb. Danışmaqdan səsi tamam tutulub; boğazından gələn fışıltı ilə sözü birtəhər başa salırdı. Ümumiyyətlə, “inqilabçı”ların bir çoxunun səsi batmışdı.

Yeni yazılardan:

“Türk qardaşlarımız həmişə bizimlədir. Azər.Türk”. (Üstündə bir neçə yerdə ay-ulduz).

70 yaşlı Əli “Cabbar” 4 gecədir buradadır. (Qəzəlləri var).

8.05. Bakı dənizçilik məktəbinin kursantları (içlərində ruslar da var) - papaqlarını göyə ata-ata gəlib çatdılar (200 nəfər).

8.10. İlk fəhlə nümayəndələri: Nərimanov adına corab toxuculuq kom-binatı (hamısı qızlar).

8.20. Metro tikintisi fəhlələri.

8.30. İşaat Mühəndisləri İnstitutu.

8.33. 26-lar mətbəəsi işçiləri.

8.35. Montin, Zaqfederasiya zavodu. Stroydetal. Vaqon təmiri zavodu.

8.45. APİ-nin tələbələri.

8.50. Azərittifaqın tikiş kombinatı.

8.55. Ən böyük birləşmiş kollektiv (hər halda, ilk): Əhmədli radio zavodu, Bakı ixtisaslaşdırılmış avtomobillər zavodu, Lenin adına kombinat.

9.00. “Bakı fəhləsi” zavodu (hamısı).

9.03. Şüşə zavodu (bütün kollektiv). Tağıyev kombinatı (bütün kollektiv). L.Şmidt adına zavod (hamısı).

9.12. 5 No-li tikiş fabriki.

9.16. “Neft daşları”. “Ulduz” zavodu (hamısı).

9.25. JBİ-4 (Sənaye Tikintisi Nazirliyi). Azərbaycan nəqliyyat idarəsi. Azərelektroterm. Konserv zavodu. Bakı kondisionerlər zavodu (hamısı). Qlavbakstroy.



9.32. Rabitə Nazirliyinin avtobazası.

9.35. 2-ci taksomotor parkı.

9.37. Şin zavodu. Kamvol kombinatı. BMZ. Elektroştamp.

9.40. Elrktrosentralit

9.41. Birləşmiş qüvvə (nəhəng, təxminən 20-30 min).

9.45. Uzaqdan üstüaçıq “KamAZ” maşınında əllərində bayraq fəhlələr dayanıb, camaat qarışqakimi kabinaya (!) dırmaşıb. Arxada İZDİHAM! (80 minlik). Podşipnik, Əzizbəyov, Kamvol kom., “Ulduz”, BMZ, Elektrotexnika, Soyuducular, Şampan zavodları.

9.57. Kalinin adına zavod.

10.00. Dəmir-beton zavodu.

10.12. Keşlə dəmiryol stansiyası.3-üncü avtobaza.Şəhər nəqliyyatı dayanıb. İşləyənləri də camaat saxlayıb.

10.20. Hövsan NPO.

10.25. 50 minlik izdiham (birləşmiş).

10.35. Maşınqayırma zavodları. (Gələnlər çoxdur. Siyahını yarımçıq saxladım).

10.45. 1 milyonadək adam var. Televiziya işçiləri gəldilər. (2 yerdə kamera qoydular). Sıxlıqdan ürəyi gedənlər oldu.

11.20. Əzizə Mustafazadə Vaşinqtonda müsabiqədə qalib çıxıb (xəbər verildi).

11.35. S. Rüstəmxanlı:

- Tələblərimiz ödənilməsə ümumrespublika tətili elan edəcəyik. Bizə düşmən olan ermənilərin hamısı işdən götürülməlidir. (Xalqımızın faciələrindən danışdı). Xalq Cəbhəsi bundan sonra yaradılacaq. “Yaradılıb” deyilməsi yalandır. İlk növbədə hər şeylə azərbaycanlılar özləri təmin olunmalıdır. Fəhlə bizdəndir, bizə çirkab qalır. Belə getsə Azərbaycan səhraya çevriləcək, balalarımız çirkab içində boğulacaq. Sumqayıtda hər 4 uşaqdan 3-ü xəstədir. Bu muxtariyyət heç kəsə lazım deyil - 2 xalqı düşmən edir. Tonqalların başında qalanların qarşısında baş əyirəm! Asayiş yaradanların da qarşısında baş əyirəm! Analarımız, bacılarımız yemək gətirirlər, qayğımıza qalırlar. Belə millət basılmazdır, ölməzdir.Göy çəkilməyincə, yer yarılmayınca Azərbaycan millətinə ölüm yoxdur!

11.50. Nemət:

- 4.050 erməni təkidi ilə (iclasda 1 nəfər azərbaycanlı olub) Əhmədova ölüm hökmü verilib. Nümayişə görə hökm gizli saxlanılıb. (“A-zad-lıq!” - sürəkli). (Aclıq elan edənlərin keçməsi üçün camaat içində dəhliz yaradıldı). Əhmədovun da faciəsi xalqımızın 200 illik faciəsinin nəticəsidir. Tələblərimiz yerinə yetirilməyincə Azərbaycan ölü olacaq, heç kəs işə çıxmayacaq. (Alqışlar). Milli bayraqdan (Müsavatın bayrağından) başqa bütün bayraqlar götürülsün. 4 gecə-gündüz burada qaldıq, şəhərdə ən adi hadisə baş vermədi. Deməli, sübut etdik ki, xalqımız mədənidir. Sumqayıt da uydurmadır. Şaumyana, yadellilərə heykəl qoyulanda pul tapırlar, ancaq Cavidə, Koroğluya yox. “Qayğı” cəmiyyətini boykot etməyə çağırıram. Bu cəmiyyət bu 4 gündə camaata nə qayğı göstərib? M. Bağırov Stalin dövrünün qurbanıdır, Əliyev Brejnevin göstərişlərinin qurbanıdır, Vəzirov da müstəqil olmasa sabah onun da taleyi belə olacaq. (Alqışlar). Konstitusiyadan kənar bizə heç nə gərək deyil. 70 ildə xalq özü öz övladlarının (balalarının) qəniminə çevrilir. Bunun qarşısını almalıyıq» (Tahirzadə).

Ədalət Tahirzadə meydana milli bayraqların gətirilməsi barədə xüsusi məlumat verməsə də, Nemət Pənahlının son sözlərindən belə aydın ki, artıq bayraqlar meydandadır. Onun «Milli bayraqdan (Müsavatın bayrağından) başqa bütün bayraqlar götürülsün» sözündən sonra mitinqlərdə bir də Azərbaycan SSR-in müstəmləkəçiliyin simvolu olan oraq-çəkicli bayraqları gözə dəymədi, onları müstəqilliyə səsləyən üç rəngli bayraqlar əvəz etdi.

Salnaməçi daha sonra bunları yazıb:

«12.20. Sabir:

- Meydan hələ bu qədər izdiham görməyib. Düzdür, Azərbaycanın rayonlarından gələn maşınların qabağını kəsiblər. Əbəsdir. Xalq öz iradəsini bildirəcək. İdarələrdən ana dilimizi bilməyənlər rədd olsunlar! Ana dili Azərbaycanın bütün idarələrində aparılsın. Azərbaycan məktəblərinə münasibət dəyişməli, ən yaxşı məktəblər onlara verilməlidir.

12.25. Mahmud İsmayılov:

- 10 aydır ki, iztirab içindəyik. SSRİ AS RH qərar çıxardı ki, DQ Azərbaycanın tərkibindədir. Əslində indi o, Azərbaycanın deyil. (Konstitusiya layihəsindən danışdı). Ermənistan Azərbaycanın daxili işlərinə qarışır. Qəti tədbirlər görülməlidir. Hər gün mitinqə yığılmağa ehtiyac yoxdur.

12.36. Yazıçı Nürəddin Babayev:

Yazıçı Nurəddin Babayev
- Beş gün qabaq Şuşadaydım. Cavanlar deyirlər ki, səbriməz tükənib. Bizə nəsihət verməyə gəlmisinizsə, gəlməyin. Topxanada hadisə baş verəndə Volskinin yanına getdim (deputat Abbasov deyir), sərxoş idi. Dedim ki, Moskva nünayəndəsi kimi tətbir görün. Dedi ki, “idite i naydite obşiy yazık s armyanami” (Gedin ermənilərlə dil tapın B. T.). Stepanakertdə Sovet hökuməti yoxdur. Onu bərpa etmək görəkdir.

12.32. Koondisioner zavodunun fəhləsi:

- Fəhlələrin adından deyirəm ki, tələblərimizə əməl edənilməyincə fikrimizdən dönməyəcəyik.

12.38. N. Kəsəmənli:

- Ermənistan SSR-ə gedən qaz, elektrik, neft kəsilsin. (Alqışlar).(“Kə-sil-sin!”).Azərbaycandakı ermənilər getsin Ermənistana! (Sürəkli alqışlar). Reklamlar azərbaycanca olsun, ermənicə verilişlər götürülsün! (Alqışlar).

Şair Nüsrət Kəsəmənli
12.43. Tağı Xalisbəyli: 

- “Müsəlləh əsgərəm mən də bu gündən!”. Eşq olsun birliyimizə! Aclıq elan edənlərə xalq adından təşəkkür edirik. (Alqışlar. “A-zər-bay-can!”).

12.45. Firidun Şuşinski:

- Millət qəhrəmanı olmaq üçün sizi aldadırlar, deyirlər ki, Topxanada iş dayandırılıb. Ancaq orada iş dayandırılmayıb. Məqsədləri pansionat deyil. Onlar şəhər salmaq istəyirlər. Bu məsələ 1929-ci ildə qalxmışdı. Onlar burada Ermənistan SSR-dən 50 min adam gətirib şəhər salmaq istəyirlər. Mən 20 il bundan qabaq yazmışdım ki, Qarabağı almaq cəhdi aradan qaldırılmayıb. Bunun üstündə 8 il məni incitdilər, çap olunmağa qoymadılar. Qarabağı vermək Xan qızı Natəvanın namusunu verməkdir. Azərbaycan xalqının “türk” adı özünə qaytarılmalıdır. Familiyamız qaytarılmalıdır. “Əli” Əlidir, ”-yev” nədir? Stalini Moskvada ifşa edirlər, ancaq onun “velikorus şovinizmi”nə toxunmurlar. Çünki sərf etmir. Dünən Topxanaya 73 maşın gəlib. İş dayanmayıb. Ora 50 min erməni dığası yerləşdirmək istəyirlər.

13.00. İlqar:

- Vertolyotla televiziya çəkiliş aparıb. Bu axşam baxacaqsınız.

13.01. B.Vahabzadə: 

- Alqışlayıram birliyinizi! Əsas tələbimiz budur ki, DQ-da Azərbaycan hökuməti bərpa edilməlidir. Dilimiz hakim dil olmalıdır. Sizə daha böyük vəhdət arzulayıram.

Firudin Şuşalı (Şuşinski)
13.37. Araz Əlizadə:

- DQMV Deputatlar Soveti buraxılsın, MV partiya bürosu buraxılsın. Muxtariyyət ləğv edilsin. 1 həftə ərzində Azərbaycan xalqının rəy sorğusu keçirilsin və Ali Sovetimiz qərar qəbul etsin. Ermənistandan gələn azərbaycanlılar Dağlıq Qarabağda yerləşdirilsin. Konstitusiyanın 119-uncu maddəsi ləğv edilsin.

13.40. Qabil:

- Səhərəcən qalan qızlarımızın solmuş çöhrəsini görəndə ürəyim ağrıyır. Poğosyan,Vazgen, Ağanbeqyan kimilər xalqımıza bu əzabı verib. İdarələrdə dövlət dili Azərbaycan dili olsa öz qadınlarımız da erməni qadınları, başqa qadınlar kimi vəzifə başında oturar. Dəmir deyir ki, səsim ona görə bərk çıxır ki, məni özümkü döyür.

13.45. Məmməd İsmayıl:

- Azərbaycan televiziyasının rəhbərliyi bu yığıncağı xalqa göstərməkdən qorxur. O, efirə verilsin. (Meydandan Azərbaycan bayrağı sancmış “Jiquli”lər keçir). Biz Cənublu, Şimallı, Qarabağlı birik.

13.50. Firidun Abbasov (rəssam):

- Xalq Cəbhəsi xalqın birliyi deməkdir. Xalqla hökuməti birləşdirən qüvvə yoxdur. Pambığı xaricə 25-30 dollara satırıq, bizim qadınlar isə 5 qəpiyə yığır. (13.55-də çisəkləməyə başladı). Gəncədə erməni, rus kilsəsi işləyir, Şah Abbas məscidi isə muzeydir. Ermənistandan nə qədər azərbaycanlı qovulubsa Azərbaycandan da o qədər erməni qovulacaq. (Alqışlar). Xalq Cəbhəsi bunu edəcək.

13.58. Həqiqət Cavadova:

- Qadınlarımız bu gün kişilərimizlə çiyin-çiyinədir. Uşaqları ana dilimizdə oxutmaq gərəkdir. DQMV-də muxtariyyət götürülməlidir.

14.02. Professor Ələsgərov:

- Yeni konstitusiya layihəsində muxtar respublikanın hüquqları məhdudlaşdırılır. Öz sözümüzü deməliyik. Ali Sovet deməlidir ki, DQ-da heç bir idarə forması olmayacaq. Ali Sovet növbədəngənar sessiya çağırıb DQMV-ni ləğv etməlidir. Sumqayıtın əsl mahiyyəti açılmayıb. Niyə 5 nəfəri öldürən Qriqoryan Moskvaya aparılmayıb? Məhkəmə Bakıya qaytarılmalıdır. Xocalı caniləri cəzalandırılmalıdır. Sov.İKP Siyasi Bürosunda türk xalqları təmsil edilsin! (Vaxtilə 3 nəfər vardı).

14.08. Qabil: 

- Ermənicə “Kommunist” qəzeti dayandırılsın. DTK-da, DİN-də, başqa yerlərdə işləyən ermənilər işdən çıxarılsın. Bizi özünə düşmən elan edən ermənilər çox yerdən təmizlənsin. Türkiyə ilə birliyə çalışmalıyıq. (Sürəkli alqışlar).

14.11. Gültəkin ana:

- Təmkinli olun. Millətimə qurban olum! (Sürəkli, sürəkli alqışlar).

14.12. Tələbə Kərimov:

- And için!14.15.

Ermənistandan gələn kişi:

-Ermənistandakı azərbaycanlılar adından sizə minnətdaram.

14.16. Sabir:

- Aramızda yad vardı. Camaat özü ifşa etdi. Şəhərdə hər şey yaxşıdır, şayiələrə inanmayınız.

14.17. Mədinə Güıgün:

- Eşq olsun qeyrətinizə!

Şairə Mədinə Gülgün
14.20. Firuz Mustafayev:

- Nemət Ali Sovetə deputat seçilsin. Laptev deputatlıqdan geri çağırılsın. Azərbaycan müəssisələrindən Semyonov, İvanov kimi familiyasını dəyişmiş ermənilər çıxarılsın» (5).

Mitinqdə Nemət Pənahlının adının deputatlığa namizəd kimi hallandırılması həmin dövrdə onun xalq içərisində qazandığı rəğbətin, ümumxalq sevgisinin ən bariz göstəricisi idi.

Ədalət Tahizadə davam edir:

«14.22. Akademiyadan kimsə:


Firuz Mustafa
- DQMV-dəki qoşunlar ancaq erməniləri azərbaycanlılardan qoruyurlar. Milli suverenliyə nail olmalıyıq. (Danışmağa qoymurlar).

14.27. Vəfa (uşaq). Şer oxuyur (keçən dəfə söylədiyi).

14.30. Nemət:

- Üç nəfər aclıq elan edib. Onların tələbi ödənilməyincə buradan getməyəcəyik. Üç gəncimizin taleyinə çarə axtarılsın. Tələbimiz budur: DQMV-də Azərbaycan SSR hökuməti bərpa edilsin.

14.33. Sabir:

- Təklif var ki, tətilimiz davam etsin. 15 dəqiqədən sonra qətnaməmizi oxuyacağıq. Dövlət nümayyəndəsi də qarşımızda çıxış edəcək. Deyilənə görə Qarabağda maşınların nömrələridə dəyişəb, Ermənistanın nömrəsi qoyulub.

Hökümət evinin çinikləri də nümayişçilərlə dolub. Təkcə 2 cinikdə 1.000-dən çox adam var.

14.58. Süleyman Tatlıyev də tribunada göründü. Camaat onu şiddətli hay-küylə rədd etdi.

Sabir:

- Uşaqların əllərində müxtəlif şüarlar var. Onlar böyük işimizə ləkə gətirə bilər. Gəlin Azərbaycan hökumətinin rəhbəri S. Tatlıyevə qulaq asaq. (Camaat qəti rədd etdi).

15.00. Aydın Məmmədov qətnamə layihəsini oxuyur:

1) Yaranmış təhlükəli şəraitdə DQMV partiya komitəsinin bürosu buraxılsın. Poğosyana layiqli partiya cəzası verilsin.

2) DQMV-də muxtariyyət adı altında SSRİ-nin birliyi təhlükəyə alınır; DQMV ləğv edilsin.

3) DQMV barəsində mərkəzi mətbuatda və televiziyada Azərbaycan xalqının tələb və arzularının işıqlandırılmasını tələb etmək haqqında respublika təşkilatları qarşısında məsələ qoyulsun.

4) Azərbaycan dilinin, Azərbaycan tarixinin, Azərbaycanın mənəvi varlığının təmin edilməsi üçün fəhlə kollektivlərinin, başqa kollektivlərin seçdiyi, Nemətin başçılığı ilə komissiya yaradılsın.

15.07. Aclıq elan edənlərdən Fəraməz Allahverdiyev:

- Beş gündür aclıq etmişəm. Tatlıyev desin, görək, niyə bizim aclığımızın səbəbini xalqa çatdırmırlar? Nəyə görə xalqın tələbi Vəzirovun icazəsi ilə televiziyada göstərilmir? Biz 4 nəfər yox, 7 milyon nəfərik. Biz sizik, siz də bizsiniz.(Alqışlar).Tələblərimiz bütün ölkəyə, dünyaya bildirilsin:

1) Topxanada işlər dayandırılsın.

2) Ermənistan SSR KP, Ali Sovet, NS işlərimizə qarışmağı dayan-dırsınlar.

3) Nə vaxta qədər bizim şəkillər divardan asılacaq? İsmayılov da tutulub. O, 2 il Əfqanistanda da adam öldürüb. Bəs MK-nin hansı rəhbərinin oğlu Əfqanıstanda vuruşub? Nəyə görə məhbuslarımızı Moskvaya məhkəməyə aparsınlar? İsmayılovun 15 ili, Əhmədovun güllələnmə hökmü ləğv edilsin. Onlar xalqı müdafiə məqsədi ilə adam öldürmüşlər. Biz onları alqışlayırıq!

4) Respublika MK, AS, NS xalqın teləblərini yerinə yetirə bilmirlərsə, xalqla dil tapa bilmirlərsə istefa versinlər. Bilirlərsə niyə bu beş gündə bura gəlib xalqdan hal-əhval tutmurlar? Xalqa xalqın bacarıqlı oğulları rəhbərlik etsinlər. (Sürəkli alqışlar).

DQMV-nin ləğvi konstitusiyaya ziddir. Bəs Ermənistan SSR DQMV-ni Ermənistana qatmaq istəyəndə konstitusiyanı pozmadımı? SSRİ AS RH iclasında da konstitusiya pozuldu. Məsələnin müzakirəsi özü konstitusiyanı pozub. Qarşınızda söz verirəm: ölənəcən, DQMV ləğv edilənəcən aclığımı davam etdirəcəyəm. Mən buradakı qızlarımızın, oğullarımızın qeyrətinə, anamın ağ birçəyinə and içmişəm ki, əhdimi pozmayacağam. Bu andı mən poza bilmərəm! (Camaatın çoxu qəhərlənir). Emosiyaya uymayaq. Kiçik işdən böyüyə doğru uğurla addımlayaq. (Sürəkli, lap sürəkli alqışlar). “Eşq olsun!” (sürəkli).

Fərəməz Allahverdiyev
15.25. Nemət:

- Pis vəziyyətdən çıxarmaq üçün hökumət nümayəndəsi Dağlıq Qarabağ MuxtarVilayətinin ləğvi haqqında çıxış etsin. Tatlıyev danışsın. (Etirazlar).

15.28. Kimsə: 

- Cinayət törədənlər Azərbaycan SSR Ali Məhkəməsinə verilsinlər. “Kommunist” qəzetindəki “Torpaqdan pay olmaz, ancaq veriblər” adlı məqaləni oxuduq. Azərbaycan torpağını satanlar cəzalandırılsınlar.

15.30. S. Tağı:

- Xalqın çox gözəl ənənəsi var - ağsaqqallara hörmət ediblər. Sizin bura toplaşmağınız işimizə köməkdir. Bütün məsələlərdə tələblərinizlə rəhbərliyimiz həmrəydir. Məqsədlərimiz uyğun gəlir. Qətnamədə gözəl məsələlər irəli sürülüb. Rəsmi şəkildə bildirirəm ki, bu məsələlər həll olunmasa sonra bizim respublikaya rəhbərlik etməyə mənəvi haqqımız yoxdur. Mən MK Bürosundan gəlirəm...(İki nəfərin qabaq sıralarda ürəyi xarab oldu, fasilə yarandı).

15.41-də davam etdi:

- Dağlıq Qarabağ vilayətinin rəhbərliyi haqqında məsələ qoyulub ki, onlar işdən xaric edilsinlər. 2-cisi, qovulan azərbaycanlı didərginlər Dağlıq Qarabağda yerləşdiriləcək. (Alqışlar). Bizim respublika rəhbərliyinin tələbi ilə Suxarev (SSRİ baş prokuroru) vilayətdədir. 5-6 nəfər tutulub. Topxana da əsgərlərlə əhatə edilib. İş getmir. Qoyulan məsələlər haqlıdır. Qarabağ bizim olub, bizimdir, bizim olacaq. Aramızda araqızışdıranlar var. Onlar istəyir ki, Ermənistandakı hadisələr burada da təkrar olunsun. (“Ya - lan - dır!”).

15.48. Sabir: 

- Moskvaya nümayəndə heyəti aparacaq. Televiziya bizim nümayişimizi xalqa göstərəcək. Gəldiyimiz təmkinlə, səbirlə də dağılışaq. Mübarizə heç vaxt qurtarmır. Bacılarımız, qardaşlarımız əziyyət çəkməsin deyə dağılışaq. Kim istəsə qala bilər. Bununla da mitinq bağlı elan edilir.

15.52. Nemət:

- Gəlin aclıq elan edənlərdən xahiş edək, yalvaraq ki, aclığa son qoysunlar. Bununla da mitinqi bağlayırıq. (Camaat dağılmağa başladı). (“Evə gedən - erməni!”).Şərəf lövhəsinin (Lenin meydanının solunda) üstündə: “...ənlar, rədd olun Azərbaycandan”.(Şaumyan və başqa “yan”ları lövhədən pozublar, içində “Salyan” da gedib). Gündüz mitinq qurtarandan sonra ayaqlarımın yorğunluğunu çıxarmaq üçün evə getdim» (5).

Amma biz, qızlbaşlar dağılışmadıq və mitinqin son bulmasına imkan vermədik…
Qaynaqça


  1. Ağayev N. Əbülfəz Elçibəy (Əliyev) kim olub? (http://profliqa. blogspot.com/2013/11/bulfz-elciby-liyev-kim-olub.html).

  2. Həmzə Fərati. Əz an salha və salhaye digəri. Nəşreyyate «Furuğ», Alman, 2006.

  3. «Xural» qəzeti, 8-14 noyabr, 2009. № 42.

  4. Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  5. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).




Yüklə 206,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin