Ədəbiyyatımızın canlı həyat ədibi



Yüklə 20,86 Kb.
tarix30.05.2018
ölçüsü20,86 Kb.
#52109
növüYazı

Ədəbiyyatımızın canlı həyat ədibi
Nəcəf bəy Vəzirovun öz həyatı da bir yaşam dramı, elegial komediya, ələm romanı...

Tale-“müəllif” onu həyat məşəqqətlərinin bütün “mövzu”larında işləmiş, tragikliyin “personaj”lığından tutmuş “baş qəhrəman”lığına qədər - hər dürlü rollara çəkmişdir.

Elə bir az da buna görə bu yazını onun “2 aprel 1854” majorlu olum ünündən “9 iyul 1926” minorlu ölüm gününə saxladım...

Ədəbiyyatşünaslığın üç hissəsindən biri (“ədəbiyyat tarixi”) göstərir ki, Nəcəf bəy Vəzirov Azərbaycan dramaturgiyasının təşəkkül və inkişafında, ədəbiyyat və publisistikamızın ideya-estetik məzmununun, bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşməsində, milli teatrımızın formalaşmasında müstəsna xidmətləri olmuş görkəmli simadır. Əlavə edilir ki, orijinal yaradıcılıq nümunələri və yorulmaz ictimai fəaliyyətilə xalqın təkcə maariflənməsinə, dünya sivilizasiya şəbəkəsinə daha aktiv qovuşmasına deyil, həm də onun milli azadlıq hərəkatına ruhən və əmələn kömək edən bu sənətkar ədəbiyyatımızda faciə janrının əsasını qoymuş, Azərbaycanın canından-qanından çıxmaq bilməyən çəpərçilik, elatçılıq kimi feodal-patriarxal düşüncələrə qarşı maarifçilik hərəkatının öncüllərindən olmuşdur.

Şünaslığımızın nəzəriyyə və ədəbi tənqid hissələrində də N.Vəzirov sənəti və şəxsiyyəti haqda yalnız xoş sözlər, fəxarətli rəylər söylənilir. Bu böyük məzə-məzhəkəli, uğur-buğurlu, qeyrət-namuslu komediyanəvis, dramaturq və ictimai xadimin tale “irsi” isə, dinməzcə-söyləməzcə, bütün bu xoşluqların “əksinə” olaraq, cismani, mənəvi və qəribə səslənsə də, ictimai-mühiti naxoşluqlar ərz edir, bu qadir sələfin qədirbilən tələflərini onun -

Vay şələküm-məlləküm”

əsərinin ad-lad ovqatı üstdə də kökləyir, ədibliyi yalnız məsud məşhurluq, səadət səltənəti, zəngin peşə-iaşə süfrəsi sayanlara bir balaca istiot da dadızdırır...

Gələcəyin böyük ədibi, sovet ədəbiyyatının öz “xoşbaxt” sosializm oxucularına fəqir-füqəra, “valideynlərini erkən itirmə” yarlıqları ilə tanıtmağa çalışdığı əksər sənətkarlardan fərqli olaraq, gözünü açıb ata-anasını sağ görsə də, onlar sağlam olmamışlar. Atası - bütün Şuşada bacarıqsız, “quru bəy” kimi tanınan Fətəli xəstə, anası - yanından yel ötməmiş yorğan-döşəyə düşən Mina xanım isə bu yeganə oğlunu “sağaldıb məktəbə göndərmək” azar-bezarlısı. Ancaq balaca Nəcəfin səhhəti ananın bu arzusunu beş-altı il gözündə qoyur. Onun madar balası on iki yaşının tamamında məktəbə getsə də, yazıb-oxumağı çox tez bir zamanda öyrənə bilsə də, dini təhsilindən ayrılıb Şuşa şəhər mülkiyyət məktəbində oxumağa başlasa da, xəstəhallıq haləsi onu kölgə kimi izləyir. Üstəgəl, mülkiyyə məktəbində bəxtinə düşən müəllimin amansız rəftarı! Nəcəf öz qabiliyyətilə bu rəftarın hədəfinə çevrilməsə də, həmin despot-müəllimin uşaqları yerli-yersiz döyməsi, “jandarmeyera tipində işgəncələr verməsi” onu bu məktəbdən uzaqlaşmağa məcbur edir.

Bunlar həyat-müəllifin qələmə almadığı milyonlarla pyeslərdən bir “şəkil”mi? “Pərdə”lər isə hələ qabaqda...

...Tarixi “səbəblər və nəticələr” aspektindən yanaşsaq, həmin o məktəbdən və sonralar baş verən sovuşma-qaçışmalar, bezmə-dözmələr balaca Nəcəfi, cavan Nəcəf bəyi, ahıl Nəcəf bəy Vəzirovu böyük ədibliyə, “müqtədir maarifçi”liyə, “alicənab ictimai xadim”liyə yaxınlaşdırırmış.

Nəcəf bəy onu yoran yollardan çəkilmir, üzünə gülməyən bəxtdən küsmür, canının daimi “atribut”u olan xəstəliklərdən bezikib, onu ani dincəliş, uzunmüddətli istirahət tələblərinə tabe olmurdu.

Amma hələ usanmalar, hər şeydən çəkinmələr, uzaqlaşmalar...

Xəstəliklərin doğurduğu ruh düşkünlükləri, artıb-azalan səhhət zəifləmələri bu qəlbiqırıq yeniyetməyə imkan vermirdi ki, qanadısınıq könül quşu həyatın vacib budaqlarına qonsun. Onun həmin məktəbdən uzaqlaşmasını ətraf, hətta bəzi yaxın qohumları belə tənbəlliyi, bacarıqsızlığı, çətinlikdən qorxması kimi qiymətləndirirlər. Bununsa, yeniyetmə psixologiyası üçün nə demək olduğunu bilmək üçün o qədər də böyük olmağa ehtiyac yoxdur. Həmin qohumlardan biri kənd-kəsəkdə mirzəlik edib ata-anasını dolandıra bilməsi üçün Nəcəfə rusca yazıb-oxumağı öyrətmək fikrinə də düşür. Lakin içi istedad və qürur hisslərilə dolu bu oğlan bu kimi neçə-neçə sədəqə-qayğıları qəbul etmir, on beşcə yaşındaykən - bütün bu müsibəti-Nəcəfliklərə qalib gəlmək eşqilə - onu “Müsibəti-Fəxrəddin” müəllifliyinə ucaldası paytaxta gəlir.

Şəhərlər... müsibəti-səfərlər...

Şuşa - Bakı - Moskva - Sankt-Peterburq - Yelizavetpol - İrəvan...

Bunlar bütün ömrü uzunu milli-mənəvi qayğı və təəssüb yükü daşımış Nəcəf bəy Vəzirovun “yol vərəqəsi”nə düşmüş şəhərlərin bir qismidir.

Elə buradaca vurğulanmalıdır ki, bu səfərlərin birinci dayanacağı - Bakı - çox maraqlı, xeyli xoştəəssürat, mənən məhsuldar olmuşdur. Əvvəla, burada verdiyi imtahan yüksək qiymətləndirilərək, real gimnaziyanın birbaşa ikinci sinfinə qəbul edilmişdir. Qeyri-adi bilik və bacarığı hesabına sonuncu sinifdəykən, əlaçı şagird-müəllim sifətilə dövlətli uşaqlarına dərs deyib, çörəkpulu qazanmışdır. Gimnaziyada oxuyarkən, təkcə buranın yox, artıq bütöv bir millətin müəllimi kimi tanınmaqda olan, şagirdlərə yalnız sinif dərsi yox, bütöv həyat məktəbi öyrədən Həsən bəy Zərdabi ilə aralarında çox yaxın, milli nüanslarla süslənmiş dostluq münasibətləri yaranır. Zərdabinin söhbətləri, elmi-ictimai, həyati-fəlsəfi görüşləri gənc Nəcəfin təbiət elminə yönəlib-yiyələnməsində təhrikedici məsləhət rolu oynayır. O, rus və dünya yazıçılarının əsərlərini oxuyur, klassik təbiətşünaslıq nəhənglərinin elmi-metodoloji qənaətlərini axtarıb-arayıb, peşəkar bir həvəslə mənimsəyir.

1874-cü ildə real gimnaziyanı bitirən Nəcəf təhsilinə davam üçün Rusiyaya gedir. Əlbəttə, bir il öncə Bakıdakı bir “hadisə”ni də düşüncələrinə əbədi yol yoldaşı etmək şərtilə. Sonralar müəllifin o “hadisə”ni vəsf edən xatirələrindən ikicə cümlə: “1873-cü ildə - altıncı klasda oxuduğum zaman birinci dəfə rus teatrına getdim. O gecə mənə nəhayət dərəcədə təsir etdi...”

Beləliklə, çətin həyat dramından çıxıb, teatral səhnəyə vurulmuş bu gənc dünyanın ictimai-siyasi, sosial-sentimental səhnələrinə üz tutmalı olur. Yığcam Qala-Şuşadan, yarımada-bəlasəda Bakıdan birbaşa imperiya paytaxtına düşən iyirmi yaşlı Nəcəf ilk olaraq “Velikoderjava! Əyalətlərində rəzalət, mərkəzində qüdrət...” kimi təəssüratlara qapılır. Sonralar bərk dostlaşdığı Əsgər ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olmaq istəyir. Lakin bir neçə səbəbdən bu istəyinə nail ola bilmir, yenidən Moskvaya qayıdıb Petrovski-Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasına daxil olur. Tələbəliyi Rusiyada azadlıq hərəkatının genişləndiyi illərə təsadüf edir. Hələ Bakıda ikən H.Zərdabinin milli azadlıq düşüncələrilə yüklənmiş Nəcəf bu ümumbəşəri ideya-mübarizənin Moskva qolundan kənarda qala bilmir. Qızğın inqilabi mühitə düşən bu cənublu tələbə siyasi təkamül fikirli gənclərlə dostlaşır, təhsil aldığı ali məktəb daxilində baş verən ictimai-siyasi çıxışlarda, qeyri-leqal təşkilatlarda iştirak edir. 1878-də Akademiyanı bitirib Qafqaza təyinat alan Nəcəfin elə həmin il Bakıda yaratdığı (H.Zərdabinin təşəbbüs və xeyir-duası ilə) “İmdadiyyə” dərnəyi isə tarixi faktdır ki, bu, onun Moskva inqilabçılığı rüşeymlərindən bəhrələnmişdi. Bu rüşeymlər, siyasilikdən çox mənəvi-mədəni inqilabçılıq həsb-halları N.Vəzirovu bütün ömrü boyu bir nəfəs belə tərk etməmişdir. Həmin milli-mənəvi-fəlsəfi duyğular mübarizə yollarında daim onun müqəddəs arzu-əməl yüklərinin əyilməsinə, bəzən aşınıb-aşmasına səbəb olmuşdur. Bunca böyük çalışma-çarpışmalar, ədəbi-bədii məhsullar müəllifi, hətta mahiyyətcə, “taleyin ironiyası” təsiri bağışlayan meşəbəyi “vəzifə”lərindən xaric olunma (iki dəfə) “şərəf”inə də nail olmuşdur. Elə İrəvan quberniya idarəsində tibb şöbəsinin katibi, Qazaxda “mübahisəli işlər şöbəsi”ndəki kargüzarlıq görəvləri də N.Vəzirovun fizioloji topuğundan, ictimai-sosioloji səviyyə qoltuğundan çox-çox aşağı vəzifələr idi...

...Və yuxarıdakı hal-əhvallardan mövqe və mahiyyətcə çox yuxarı olan -

Aşağıdakı mətləb-məramlar

Özü də hər mənada. Əsasən də bu mənada ki, yuxarıda - çəkdiyi əzab-əziyyətlərin, yaşadığı həyat məşəqqətlərinin bir qisminə toxunulan N.Vəzirovdan həmin bu “aşağıdakı” yarımbaşlıqda yalnız sənət nəhənglərimizdən biri olaraq bəhs ediləcək. Özü də çox qısaca. Çünki onun bütün söz kimsələri üçün işlədilən “həyat və yaradıcılığı” trafaretinin ikinci tərəfi teatrsevər və ədəbiyyatbilər oxucularımıza kifayət qədər bəllidir. Onun orijinal ədəbi üslubu, təkrarsız remarkaları (məs., “əşxaslar gəlir”, “gədələr gedirlər”) dövrünün sosial-material aləmi ilə birgə, psixoloji, regional-leksikoloji rəngarəngliyini də tablo-peyzajvari şəkildə sərgiləyir...

Böyük ədib dünyada əbədi qalası əsərlər üzərində çaba-çalışmalardan vaxt kəsib, qəzet və jurnallarda “gündəlik tələbat” mövzularına da qələm çalırdı. “Həyat”, “İrşad”, “Açıq söz”, “Tazə həyat” və digər qəzetlərin oxucuları “Dərviş” və s. imzalarla çıxış edən Nəcəf bəyin məqalələrini də Həsən bəy, Mirzə Cəlil, Üzeyir bəy, Mirzə Ələkbər yazıları qədər sevgi və maraqla izləyirdilər. Lakin o, sözdən çox göz ovuna aludə olan dövrün səhnəsi üçün daha artıq işləməyə səy edirdi. O, müstəbid-müsibətli zəmanə “Pəhləvanani-zəmanə”liyə, “Müsibəti-Fəxrəddin”liyə, “Yağışdan çıxdıq, yağmura düşdük”lüyə daha çox aşiq idi və bir tərəfdən də bütün bu mənəvi mübarizələri cismani xəstəliklərlə müşayiət olunan ömrün sonları idi...

...1926-cı ilin yayı. Tələbələrini təcrübə məşğələləri üçün həmişəki eşqlə Şamaxıya - Çuxuryurda aparmış N.Vəzirov iyulun 9-da, saat 19-da ürək partlamasından vəfat edir.



...Səksən altı ildir ruhuna rəhmət oxuyanlara qoşulanlardan biri də bəndəniz: -


Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 6 iyul.- S. 12.
Yüklə 20,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin