Elektron hökumət



Yüklə 44,79 Kb.
tarix22.10.2017
ölçüsü44,79 Kb.
#9816

Azərbaycanda e-hökumət müəmması; Bürokratik əngəl, yoxsa məsuliyyətsizlik?
Azərbaycanın “elektron hökumət”ə keçməsindən illər ötsə də, bir çoxunun bu xidmətin varlığından xəbəri yoxdur.Halbuki insanların dövlətlə arasındakı məsafəni qısaltması naminə dövlət milyonlarla vəsait xərcləyir.Elə isə səbəb nədir ki, mövcud olan və günü-gündən fəaliyyəti daha da genişlənən xidmət forması bütün ölkə əhalisini əhatə edə bilmir?Bu istiqamətdə bir müddətdir ki, geniş araşdırma aparan AzNews.az-da müəyyən qənaət formalaşıb.Həmin qənaət isə ondan ibarətdir ki, insanlara daha asan və şəffaf xidmətləri təqdim etməyi öhdəsinə götürən “Elektron hökumət” bu gün özü bürokratik əngəllərlə üz-üzədir.Qeyd edək ki, hazırda 45 dövlət orqanı portal vasitəsi ilə özünün 253 elektron xidmətini istifadəçilərin ixtiyarına verib.İstifadəçilər də böyük zəhmət hesabına başa gələn bu layihəyə biganə qalmayıb.Belə ki, indiyədək portala 200 minə qədər istifadəçi daxil olub.Ekspertlərin fikrincə, bu rəqəm kifayət qədər yüksək göstərici hesab olunur.Elə şərait də “Elektron hökumət” portalına qoşulmaq və orada elektron xidmətlər təşkil etməyə tam imkan verir. Amma...
Nazirliklərin “siyasəti”
www.e-gov.az-da əksini tapan rəqəmlərə görə, indiyədək 426 təsdiq olunmuş elektron xidmətdən portala cəmi 146-sı inteqrasiya olunub. Rəsmi saytlarında elektron xidmətlərin sayı 406-ya çatsa da, portalda cəmi 253 elektron xidmət var. Bəs səbəb nədir? Səbəbi təklif olunan xidmətlərdən istifadə zamanı aydın olur: Nazirliklərin “düşünülmüş siyasəti”. Məsələn, Daxili İşlər Nazirliyinin həm rəsmi saytında, həm də elektron hökumət portalında təklif etdiyi elektron xidmətlərdən istifadəyə cəhd edək.Nazirliyin rəsmi saytındakı “elektron xidmətlər” bölümündə 24 növdə xidmət görünür.Bu xidmətlərdən istifadəyə ilk cəhd zamanı məlum olur ki, əslində hər hansı elektron xidmətdən söhbət gedə bilməz.Məsələn, “Ümumvətəndaş pasportunun dəyişdirilməsi” bölümünə daxil olursan.Orada “Xidmətin inzibati reqlamenti”ndən başqa bir şey yoxdur və analoji hal bütün xidmətlərdə eynidir. Elektron xidmət olaraq yeganə nümunə ola biləcək interaktiv sual-cavab bölümü isə hələ hazır deyil.
DİN “Sürücülük vəsiqələrinin verilməsi üçün e-müraciət” xidmətini portala yerləşdirə bilərdi, amma...
www.e-gov.az portalına gəlincə, qurumun burada 2 - “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” və “PİN-ə görə fərdi məlumatların axtarışı” xidmətləri yerləşdirilib. Halbuki, DİN ayırdığı vəsaitlə “Sürücülük vəsiqələrinin verilməsi üçün e-müraciət” xidmətini portala yerləşdirə bilərdi.Bəs, niyə yerləşdirməyib? Ekspert Osman Gündüz hesab edir ki, bu, məqsədyönlü şəkildə edilir: “Hər hansı Nazirliyin çox az istifadəçisi olan, hətta lazımsız xidmətləri www. e-gov.az saytına yerləşdirilib, ən çox istifadə edilən xidmətlərin isə nəinki elektron hökumət portalında, hətta öz saytlarında da olmaması diqqətdən yayınmır: “Böyük vəsait xərcləyib istifadə olunmayan bir xidməti elektrona çevirirlər. Halbuki mərkəzi icra hakimiyyəti orqanları həmin vəsaiti ən çox istifadə olunan xidmətlərə də qoya bilərlər.Ancaq bunu etmir.Çünki onlara lazım deyil”.
“Elektron hökumət”in “qara siyahısı”
“Elektron hökumət”ə qoşulma prosesinə baxınca, ortaya qəribə mənzərə çıxır: bəziləri heç bir əhəmiyyəti olmayan xidmətə görə vəsait qoyur, başqaları isə öz xidmətinin e-gov.az-a inteqrasiyasına vəsait tapmır. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə “elektron xidmətlər” siyahısında adı olsa da, sözü olmayan 5 qurum, hər birinin də “Elektron hökumət”dən kənarda qalmasının öz səbəbi var. Məsələn, ARDNŞ prosesdən kənarda qalmasını bu siyahıda adının olmadığını iddia etməklə əsaslandırıb. Digər 3 qurum - Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mülki Aviasiya Akademiyası bunu, əsasən, vəsait çatışmazlığı ilə izah edib. Mədəniyyət və Turizm Nazirliyinin Analitik Təhlil və Proqram Təminatı şöbəsinin müdiri Qabil Abbasov AzNews.az-a açıqlamasında vəsait problemi ilə yanaşı ləngiməyə səbəb kimi elektron xidmətlərin reqlamentinin Ədliyyə Nazirliyində təsdiqinin gecikməsini göstərib.
Ləngimələrin obyektiv səbəbləri: Qanun bizə nə diktə edir?
Göründüyü kimi, elektron xidmətlərin təşkilində problemlər hələ çözülməyib.Elektron xidmət göstərənin bir, göstərə bilməyənin də başqa problemi var. Problemlərin haradan və nədən qaynaqlandığına gəlincə, ekspertlər bunu qanunlardakı boşluqlarla əsaslandırır.Onların fikrincə, qanunvericilikdə dəyişikliklər etməklə ciddi nəticələr əldə etmək olar. Ekspert Osman Gündüz AzNews.az-a açıqlamasında bu boşluqları problemin mənbəyi kimi göstərib: “Problemlər bəzən bir işin bir neçə quruma verilməsində özünü göstərir. Nəticədə isə bu, prosesin ləngiməsinə səbəb olur. Çünki, yaxşı iş olanda qurumlar “mənə tapşırılıb” – deyir. Nəticədə səlahiyyət davası məqsəddən yayınmaya səbəb olur.Pis iş olanda isə məsuliyyəti bir-birinin üstünə atırlar. Ortada qalan isə həll olunmamış problemlər olur”.Elektron müraciətə cavab üçün 30 gün?Başqa bir problem isə müddət problemidir.AzNews.az-ın araşdırması göstərib ki, əslində vətəndaşın mərkəzi icra hakimiyyəti orqanlarına müraciət formasının dəyişməsi, müraciətlərin cavablandırılması müddətinə təsir göstərməyib.Məsələn, Mədəniyyət və Turizm Nazirliyi rəsmi saytında elektron müraciətlərin cavablandırılması üçün təyin olunan müddət poçtla reallaşdırılan müraciətlərdən fərqlənmir.Qeyd edək ki, AzNews.az-ın fərdi identifikasiya nömrəsinin tətbiqinin təmin edilməsi ilə bağlı bütün mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladığı elektron sorğunu qurumların böyük əksəriyyəti hələ cavablandırmayıb.O.Gündüzün fikrincə, bu problem də qanunlardan qaynaqlanır.Qurumlar qanunun müvafiq maddəsini götürüb ona əsaslanırlar. Çünki qanunda müraciətə baxmaq müddəti 30 gün müəyyənləşdirilib: “Deməli qanunvericilik dəyişməlidir. Biz iş görməyə qanunlardan başlamalıyıq”. Qeyd edək ki, bu müddət qanunda 30 gün nəzərdə tutulsa da, ayrı-ayrı qurumlara elektron sorğu ünvanlayarkən fərqli müddət göstərildiyinin şahidi olduq.Bəzi qurumların rəsmi internet səhifəsində istifadəçiyə 30 günədək, bəziləri 5-15 günədək, bəziləri isə tezliklə əlaqə saxlanılacağı vəd edilir.Deməli, dəyişməyə qanunvericilikdən başlamaq lazımdır ki, nəticə də tez olsun.Lakin qanunvericilikdə boşluqlar heç də yeganə səbəb deyil.AzNews.az-ın araşdırması göstərib ki, bəzən mövcud qanunlara məhəl qoyulmur.
Ləngimələrin subyektiv səbəbləri: bəlkə biz qanunlara diktə edirik?
Məsələn, elektron xidmətin təşkilində bir çox amillər müəyyən ləngimələrə səbəb olur.Bu amillərin daha çox subyektiv olduğu isə danılmaz faktdır.Bu qənaətə gəlmək üçün isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri adlı bölməni araşdırmaq kifayət edir. Xatırladaq ki, bölmədə 18 qurumun - Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirlikləri, Gömrük, Statistika, Qiymətli Kağızlar, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri, Ali Məhkəmə, Dövlət Dəniz Adminstrasiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyası, Dövlət Sosial Müdafiə Fondu, “Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Neft Şirkətinin müxtəlif sahələr üzrə informasiya ehtiyatı yerləşdirilib. Beləliklə, bütün qurumlar üzrə cəmi 115 dövlət informasiya ehtiyatları toplanıb.Onlardan 35-i dövlət, 80-i isə fərdi məlumatların informasiya sistemləridir.

Labirint - “İnformasiya ehtiyatı”, “Verilənlər bazası”, “Məlumat bazası”, “İnformasiya bazası”, yoxsa “İnformasiya resursu”?


Qeydiyyata alınan informasiya ehtiyatları ilə tanışlıq məqsədi ilə bölümə daxil oluruq.Cədvəldə RİTN-in 4 sahə - müəssisə telefonları üzrə, Poçt şöbələri üzrə, küçələr üzrə, şəhərlərarası, beynəlxalq və lokal çıxış-giriş danışıqları üzrə informasiya ehtiyatları toplanıb. Gömrük Komitəsi Gömrük Xidmətinin İnformasiya Ehtiyatını, Statistika Komitəsinin Baş Hesablama Mərkəzi Müəssisə və təşkilatların ilkin statistik məlumat bazasını, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ətraf mühit və təbii sərvətlər üzrə informasiya ehtiyatı”nı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “ODLAR.Geoloji Mədən Verilənləri”, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abonentlərin informasiya bazası”nı və s təqdim edib. Tanışlıq zamanı ilk anlaşılmazlıq təqdimatdakı müxtəliflik olur. Məsələn, bir qurum “informasiya ehtiyatı”, başqa bir yerdə “verilənlər bazası”, üçüncü qurum “məlumat bazası”, “informasiya bazası”, ya da “informasiya resursu” kimi ifadələrdən istifadə edilib. Əslində isə istifadə olunan ifadələrdən asılı olmayaraq, burada söhbət bir şeydən - informasiya ehtiyatlarından gedir.İfadə seçimindəki müxtəliflik məsələyə münasibətdə də özünü göstərir.Belə ki, e-hökumət portalının istifadəçilərinə 45 dövlət orqanı elektron xidmət göstərsə də, informasiya ehtiyatları sistemini cəmi 18 qurum təqdim edib.Cavabsız sual - İnformasiya ehtiyatları sistemini niyə cəmi 18 qurum təqdim edib?Maraqlıdır, niyə?Sual bu dəfə də cavabsız qalır.Axı, informasiya sistemlərinin təqdim edilməsi üçün Maliyyə Nazirliyinin ayıracağı vəsaitə, Ədliyyə Nazirliyində gecikən hər hansı təsdiq sənədinə, ya da Nazirlər Kabinetindən çıxacaq qərara ehtiyac yoxdur.Bu ancaq mərkəzi icra hakimiyyəti orqanlarının məsələyə yanaşmaları ilə əlaqələndirilə bilər.Hazırkı durumda bunun başqa izahı yoxdur.Ancaq bu prosesin tezliklə sürətlənəcəyi şübhə doğurmur.Belə ki, RİTN qəti addımlar atmağa qərar verib.Qurumun mətbuat xidmətindən AZNEWS.AZ-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanlarından, habelə onların strukturuna daxil olan və ya tabeliyində olan struktur bölmələrdən və qanunvericiliklə dövlət reyestrlərində qeydiyyata alınması tələb olunan dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması məqsədilə RİTN-in Məlumat-Hesablama Mərkəzinə müraciət etməyənləri cəza gözləyir.Onların İnzibati Xətalar Məcəlləsinin 181.4-cü maddəsinə əsasən cəzalanacağı bildirilir.Belə ki, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300-500 manat məbləğində cərimə tətbiq ediləcək.Sərt tədbirlər bundan sonra mərkəzi icra hakimiyyəti orqanları siyahısında daha çox qurumun adını görəcəyimizə işarədir.Yeri gəlmişkən, Kütləvi İnformasiya Vasitələrinin informasiya ehtiyatları sisteminin də bu siyahıda əksini tapması maraqlı olardı.Hər halda, həmin sistem ən qısa zamanda sözügedən cədvəldə ən çox istifadə olunanlardan birinə çevrilərdi.
Fərdi İdentifikasiya nömrəsi - onu niyə veririlər?
Elektron hökumətin təşkilində ən vacib məsələlərdən biri də fərdi identifikasiya nömrəsinin tətbiqidir.Ondan başlayaq ki, fərdi identifikasiya nömrəsi əhali barəsində qanunvericiliklə müəyyən edilmiş məlumat bazasının formalaşdırılması, əhalinin Dövlət Reyestrinin digər informasiya resursları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsi məqsədilə verilir.Fərdi identifikasiya nömrəsi - Dövlət Reyestrinə barəsində məlumat daxil edilən ölkə vətəndaşı, habelə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində informasiyanı birmənalı tanıdan təkrarolunmaz və dəyişilməz koddur.Həmin kod insanın ölməsindən, ya da yaşayış yerini dəyişməsindən asılı olmayaraq, dəyişmir və ya təkrar istifadəyə verilmir.Ən əsası, kod eyni şəxs barədə informasiyanın birmənalı fərqləndirilməsini və onun ayrı-ayrı verilənlər bazalarında yerləşən hissələrinin əlaqələndirilməsini təmin edir.
Bu sütun əslində bir sıra problemlərin açarı ola bilər
Beləliklə, Dövlət Reyestri ilə şəxs barəsində məlumat olan müxtəlif informasiya resursları arasında qarşılıqlı fəaliyyəti təmin etmək üçün həmin informasiya sistemlərində əlaqələndirici elektron cədvəl yaradılır.Eyni şəxsin fərdi identifikasiya nömrəsi və həmin sistemlərdəki daxili nömrəsi bu cədvəllərin həmin şəxsə aid sətrinin müvafiq sütunlarında saxlanılır. Düşünürük ki, bu sütun əslində bir sıra problemlərin açarı ola bilər. Məsələn, www.e-gov.az portalında qeydiyyatdan keçmək asanlaşar.Apardığımız kiçik sorğunun nəticələri də göstərir ki, portalda qeydiyyatdan keçmək istəyənlər adlarına qeydiyyatda olan sürücülük vəsiqəsi və mobil telefon nömrələrinin uyğun gəlməməsindən şikayətlənir. Məsələn, Oqtay Qılıncoğlunun sözlərinə görə, sürücülük vəsiqəsi və adına bir neçə mobil telefon nömrəsi olmasına baxmayaraq portalda qeydiyyatdan keçə bilməyib: “Sürücülük vəsiqəm yenidir. Daha doğrusu, bir neçə aydır ki, dəyişdirmişəm.Qeydiyyat zamanı sürücülük vəsiqəmin olduğu görünür.Ancaq daxil etdiyim nömrə qəbul olunmur.Mən də köhnənin nömrəsini bilmirəm.Bundan başqa, adıma bir neçə mobil telefon nömrəsi var. Ayrı-ayrı operatorlara aid nömrələrim olduğu halda, qeydiyyat zamanı səhv olduğu göstərilir”.

Araz Hüseynov adlı şəxs isə bir il əvvəl sürücülük vəsiqəsi aldığı halda, qeydiyyat zamanı “sürücülük vəsiqəsi yoxdur” kimi göstərilir. Ekspertlər bu səhvi sənədlər tərtib olunarkən yol verilən yanlışlıqlarla izah edirlər.Fikrimizcə, fərdi identifikasiya kodunun tətbiqi qeydiyyat zamanı problemlərin ortaya çıxma ehtimalını daha da azaldacaq. Fərmandan 7 ay sonra “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında mərkəzi icra hakimiyyəti orqanlarına fərdi identifikasiya kodunun tətbiq edilməsi tapşırılıb. Onlara konkret müddət göstərilməklə müvafiq tapşırıqlar verilib.


“Tapşırıq yerinə yetirildi, cənab Prezident” deyə biləcək çox az sayda qurum var

Fərmanın imzalanmasından 7 ay keçsə də, ortada “Tapşırıq yerinə yetirildi, cənab Prezident” deyə biləcək çox az sayda qurum var. Ekspertlər bunu prosesin çətinliyi ilə izah edirlər. Burada bir bölmənin əlavə edilməsi aylarla vaxt aparar.Qurumlar da hər halda işin çətinliyindən qorxur.Məsələnin kökünü araşdıranda məlum olur ki, problem həm də qanunların icrası vəziyyətində özünü göstərir.Çoxları bunu qanunlarda çox vaxt icra mexanizminin olmaması ilə əsaslandırsalar da, əslində burada daha çox qurumların məcbur olmadıqca mövcud vəziyyəti dəyişməyə istəksizliyi özünü göstərir.


Kim yatmış, kim oyaq?

Hansı qurum bu prosesin önündədir?Bunu öyrənmək, Fərmana uyğun olaraq müvafiq bölməni yaradan mərkəzi icra hakimiyyəti orqanlıarının siyahısını hazırlamaq istədik.Bu məqsədlə bütün mərkəzi icra hakimiyyəti orqanlarına sorğu ünvanladıq.Təəssüf ki, AzNews.az sorğusuna, bir neçə qurum istisna olmaqla, cavab ala bilmədi.Cavab aldıqlarımızın arasında isə konkret söz deyən də var, cavabından heç nə anlaşılmayan da.Məsələn, öz elektron xidmətlərini portala köçürə bilməyən nazirliklərdən olan Mədəniyyət və Turizm Nazirliyi bu məsələdə bir çoxlarından qabağa düşüb.Nazirlik “Elektron hökumət”ə qoşulmağa məhz burdan başlayıb.Artıq müvafiq sistemlər (lisenziyaların verilməsi) arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə fərdi identifikasiya kodu tətbiq edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ümumi bir cavab aldıq: “Elektron hökumət”ə qoşulma istiqamətində yazışmalar gedir. Bu məqsədlə, tələb olunan hər şey qaydalara uyğun reallaşdırılacaq.

Milli Arxiv İdarəsinin cavabından da müvafiq fərmanın arxivə atıldığı, yoxsa icra olunduğunu anlamaq olmur: “Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq, hər bir dövlət qurumunda olduğu kimi, Milli Arxiv Idarəsində də elektronlaşma sahəsində addımlar atılmaqdadır. Hal-hazırda bu istiqamətdə islər davam etdirilir”.

Qeyd edək ki, Statistika Komitəsi və İqtisadi İnkişaf Nazirliyindən gələn zənglərdən sorğumuza cavab hazırlandığını öyrəndik.Ancaq cavabların nədən ibarət olduğu bizə məlum deyil.Bir sözlə, “E-hökumət”ə qoşulmada müşahidə olunan vəziyyət fərdi identifikasiya kodunun tətbiqində də eynilə özünü göstərməkdədir.Kodu tətbiq edənlər də var, etməyənlər də.Necə ki, “E-hökumət”ə qoşulanlarla yanaşı, qoşulmayanlar da mövcuddur.


Daha bir səbəb – kadr azlığı
Ekspertlərin fikrincə, “Elektron hökumət”ə keçiddən danışarkən kadr hazırlığı məsələsini unutmaq olmaz. YUNESKO-nun “Təhsildə İnformasiya Texnologiyaları” İnstitutunun eksperti İlham Əhmədov AzNews.az-a açıqlamasında kadr azlığını “Elektron hökumət”ə keçid prosesinin ləngiməsinin əsas səbəbi olduğunu bildirib: “Elektron hökumətlərin formalaşması iqtisadiyyatı sabit olan ölkələrdə daha sürətlə getdi. Azərbaycan isə keçid dövrü yaşadı və bu prosesdə iqtisadiyyatı çox ciddi ziyan çəkdi.Sonradan isə həm problemləri həll etmək, eyni vaxtda sürətlə dəyişən dünyanın yeni tələblərini ödəmək çətin oldu.Fikir verirsinizsə, elmi potensialı zəif olan ölkələrdə oxşar problemlər yarandı.Odur ki, bir sıra problemlərin həlli ilə yanaşı informasiya cəmiyyətini formalaşdırmağa çalışdılar”. Ekspert hesab edir ki, çətinliklərə baxmayaraq, “Elektron hökumət” insanların işini yüngülləşdirməklə ictimai nüfuz qazandı: “Korrupsiyanın qarşısını alması, süründürməçiliyi məhdudlaşdırması vətəndaşa göstərdi ki, dövlət öz vətəndaşı ilə arasında məsafə istəmir”. Ekspert dünyanın çağırışlarına cavab olaraq Azərbaycanda tətbiq edilən yeniliklərin uğurunun həm də gənclərin onlara münasibətindən asılı olduğunu düşünür: “İnternet informasiya okeanıdır. Oradan düzgün istifadə etmək lazımdır.Gənclərin internetdən istifadə mədəniyyəti formalaşmayıb.Odur ki, həm də gənclər siyasətində müəyyən addımlar atılmalıdır”.Bu sahədə kadr çatışmazlığı ləngimənin səbəblərindən biri olduğu kimi, həm də vəziyyətdən çıxış yoludur. Kadrların hazırlığına isə uşaqlardan başlanmalıdır: “Yeni nəsil “rəqəmli” uşaqlardır. Yeni texnologiyaları asanlıqla mənimsəyirlər.Odur ki, onları çox asan bir şəkildə elektron xidmətlərdən istifadəyə alışdırmaq olar.Sadə bir misal çəkim.Evdə hər bir yeni texnikanın dilini uşaq valideynindən daha tez tapır.Odur ki, Azərbaycanda da Avropa ölkələrinin təcrübəsi tətbiq edilməlidir.Yəni uşaq həm kompüter, həm də ondan istifadə etməklə digər fənnləri mənimsəməlidir”.

“Elektron hökumət”ə keçidin sürətləndirilməsinə gəlincə, ekspertin qənaəti belədir ki, bu prosesi kadr hazırlığı ilə aradan qaldırmaq mümkündür: “Bu sahənin mütəxəssisləri olmadığına görə Azərbaycan prosesi uğurla başa çatdıra bilmədi. Ancaq İnformasiya Texnologiyaları Universiteti bu boşluğu dolduracaq.Düzdür, bunun üçün öz kadrlarımız kifayət etməyəcək, xaricdən mütəxəssis cəlb etmək lazım gələcək.Buna baxmayaraq, müəyyən nəticə əldə etmək mümkün olacaq”. Ekspertin qənaətinə görə, gənclərin internetdən istifadə bacarıqlarından və internetə baxışından da çox şey asılıdır: “Gənclər internetdə oyun oynayacaq, yoxsa xarici universitetlərin onlayn dərslərini dinləyəcək? Düşünürəm ki, internetdə əyləncə deyil, savad axtarsalar, ayrı-ayrı universitetlərin professorlarının mühazirələrini dinləsələr, hər biri layiqli kadr kimi yetişə biləcəklər.Universitetin tələbələri onlayn kurslar da keçə bilərlər.Dünyanın ən məşhur 10 universiteti pulsuz kurslar keçir.Məsələn, Amerikanın Massaçuset Texnoloji Universiteti 80 min təhsil modulunu pulsuz internetdə yerləşdirib.Tələbələr bu cür imkanlardan yararlanmalıdır”.



İ.Əhmədov bildirib ki, bu sahə o qədər sürətlə inkişaf edir ki, dünyada da kadr azlığı hiss olunur.Məsələn, Rusiyada elə sahələr var ki, İKT mütəxəssisləri ilə tələbatın cəmi10 faizi təmin olunur. Rusiyada əmək bazarında İKT mütəxəssislərinə az əmək haqqı verdikləri üçün ən yaxşı mütəxəssislər uzaq məsafədən xarici şirkətlər üçün çalışır: “Öyrənmək istəyən adam üçün bütün qapılar açıqdır. Cənubi Koreyada belə bir təcrübə var. Amerika və Avropanın ən yaxşı alimləri çox yüksək maaşla - ayda 100 min dollar əmək haqqı ilə Koreya universitetlərinə dəvət olunurlar”.
Elektron xidmət – adı var, bəs özü?
Azərbaycanda isə, əksinə, yeniyetmə və gənclərin elektron xidmətlərdən istifadəsi məhdudlaşdırılır.Məsələn, yeniyetmə və gənclər elektron xidmətlərdən istifadə vərdişinə elektron mənbələrdən kitablar tapıb oxumaqla yiyələnməlidir.Dövlət səviyyəsində elektron kitabxananın yaradılmasına isə illər əvvəl başlanıb. M.F. Axundov adına Milli Kitabxana 10 ildir ki, elektron kitabxana yaradır. Əvvəllər kitabları açıb oxumaq mümkün idisə, son illər bu nəinki məhdudlaşdırılıb, hətta tamamilə əngəllənib.Səbəb olaraq isə müəllif hüquqlarının qorunması göstərilib.İstənilən kitabı açıb oxumaq deyil, kataloq nömrəsini öyrənmək olar.Beləliklə, elektron kitabxananın adı var, özü yox.Burada hətta dünyasını dəyişmiş böyük sənətkarlardan da elektron nümunələr yoxdur. Ekspert İ.Əhmədovun fikrincə, bütün qurumlar öz mənafelərinə uyğun davranır: “Lazım gələndə, müəlliuf hüquqları pozulur, lazım gələndə isə vətəndaşın məlumat almaq hüququ. Ancaq unutmamalıyıq ki, elektron hökumətə keçiddə yeni nəslin məhz bu xidmətlərdən istifadə vərdişinin formalaşmasıı çox vacibdir.Bunu da onlara elektron kitabxanadan istifadə etməyi öyrətməklə aşılamaq olar. Bütün xidmətləri elektronlaşdırılmış bir hökumət üçün daha neçə il lazımdır? Beləliklə, görünənlərdən belə məlum olur ki, bürokratik əngəlləri aradan qaldıraraq insanlara daha asan və şəffaf xidmətləri təqdim etməyi öhdəsinə götürən “Elektron hökumət” bu gün özü bürokratik əngəllərlə üz-üzədir. Bu əngəlləri yara-yara “ildırımlı yollar”dan keçən “Elektron hökumət”də Nazirlər Kabinetinin təsdiqlədiyi bütün xidmətləri elektronlaşdırlmış görmək üçün, görəsən, daha neçə il tələb olunacaq?
Ruhiyyə DAŞSALAHLI

AzNews.az
Yüklə 44,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin