Ayətullah Sədr İslam dünyasının dərin bilikli, savadlı alimlərindəndir. O, dəyərli əsərlər yazmaqla İslam əndişələrinin çiçəklənməsində sözün əsl mənasında təqdirəlayiq xidmətlər etmişdir.
Elm və biliyin genişləndirilməsi məsələsi ustadın diqqət mərkəzində olması çoxlu islami elmlər sahəsində yeni fikirlər, dəyərli təhqiqatlar irəli sürməsinə səbəb olmuşdur.
İslam fiqhində, üsul elmində ustadın nəzərl və əsərləri o qədər dərin idi ki, şəhid edilməmişdən əvvəl şiə aləminin böyük mərcələrindən və adlı-sanlı müctehidlərindən sayılırdı.
Qərb və şərq fəlsəfəsi, kapitalizm və kommunizm iqtisadiyyatı, təbii elmlər, əqaid və üsuliddin, İslam cəmiyyətinin vilayət və rəhbərliyi və digər sahələrdə yazdığı əsərlər son dərəcə dəqiq və əsrarəngizdir.
Belə ki, onların hər biri bu günkü dünyaya hakim olan müxtəlif ideologiyaların mübarizəsində insanın fikrini aydınlaşdırıb ona düzgün yol göstərə bilər.
Ustadın əksəriyyəti yeni nəzəriyyələr olan əsərləri həqiqi İslam təlimləri ilə tam mənada uyğundur. Ustadın bəzi əsərlərini qeyd edirik:
Əlfətavəl-vazihə;
Buhusun fil-urvətul vüsqa (dörd hissəsi çap olunubdur);
Buhusun fi elmil-üsul (1-ci cildi əddəliylul ləfziyyə adı ilə çap olunmuşdur);
Əl-üsəsul məntiqiyyəti minəl-istiqra;
Əlbənkur-rəbəviyyu fil İslam;
İqtisaduna;
Fəlsəfətuna;
Əl-məalimul-cədiydətu fil-üsul;
Bühusun hovləl-vilayəh;
Bühusun hovləl-Məhdi; (ə)
Həzrəti İmam Zəman əleyhissalamın barəsində yazılan bu kitab Ayətullah Seyyid Baqir Sədrin şagirdlərindən birinin Bəhsun hovləl Məhdi (əleyhissalam) adlı kitabına yazılmış müqəddimədir və hal-hazırda ayrıca çap olunmaqdadır. Ümidvarıq ki, bu iş Allah nurunun əbədi inqilabi hərəkat yaradanı Həzrəti Məhdi əleyhissalamın, eləcə də onun şiələrinin razılığını cəlb etsin. İnşallah.
Zülmətli bir gecənin öz qara pərdələrini bir neçə əsr islam ümmətinin üzərinə saldığı və müsəlman millətlərini tarix boyu gerilikdə, tənəzzüldə və donuşluqda saxladığı uzun bir dövrdən sonra, iyirminci əsrin ortalarında yavaş-yavaş islam ümmətinin səmasında yeni həyat zümzümələri eşidilməyə başladı və bu, islam ümmətinin uzun illər boyu zalımların, istismar-çıların və inadkarların qandalları altında inləyən heysiyyəti yavaş-yavaş bərpa olunmağa başladı. İranda İmam Xomeyninin rəhbərliyi altında baş verən İslam İnqilabının qələbəsi ilə bu oyanış daha qüdrətli və yenilməz oldu, istismarçı qara qüvvələrin asayişini əllərindən aldı və onların xam xəyallarını puça çıxartdı.
Bu gün islam ümməti, özünün yeni həyatında İmam Xomeyninin əməli proqramlarına borclu olduğu kimi, şübhəsiz, Şəhid Sədrin əndişə və təfəkkürünə də borcludur. Çünki Şəhid Sədr, yeni islam hərəkatının rəqibsiz bayraqdarı və dahi mütəfəkkiri idi. Onun hərtərəfli, yeni, eləcə də hər bir yönə əhatəli və dərin məfhumlu olan ideyaları islam ümmətinin irəliləməsi üçün lazımi şəraiti hazırlaya bilmiş və onun hərəkət yolunu, xarici məktəb və ideologiyalar arasında ən əhatəli və zəngin olan islam mədəni hərəkatına yönəltmişdi. Hansı ki, həmin xarici ideyalar islam cəmiyyətlərinin mədəni-ideoloqi mərkəzlə-rini ələ alaraq islam mütəfəkkirləri və onların mədəni övladlarının düşünən beyinlərini istila altına almaq istəyirdi.
Şəhid İmam Seyyid Məhəmmədbaqir Sədr (rəhmətullahi əleyh) özünün misilsiz ləyaqəti və islam barəsində olan yeni ideya və təfəkkürləri ilə, yeni materialist mədəniyyətinin mütəfək-kirləri və alimləri ilə mübarizəyə qalxdı, dinsizlik ideyasının cəmiyyəti idarə etməkdə son dərəcə bacarıqsız olduğunu, eləcə də materi-alizmin ideoloqi bünövrələrinin dağılacağını kor-koranə təqlid etmək fikrində olmayanlar üçün aşkar etdi. Həmçinin, dini təfəkkürün, müasir dünyamızda cəmiyyətin qarşılaşdığı problemlərin həll olunmasını öhdəsinə almaqdakı və yeni həyatı idarə edərək cəmiyyətin rifah, firavanlıq və səadətini təmin etməkdəki misilsiz və qüdrətli təsirini isbat etdi.
Şəhid Sədrin məktəbindəki yeniliklər sadəcə bir mehvərdə və bir istiqamətdə bitmirdi. Əksinə, onun ciddi səyləri nəticəsində islami təfəkkür və ideologiya həyatın bütün sahələrində, xüsusilə islam iqtisadiyyatı, müqarin fəlsəfə və müasir məntiq kimi yeni səhnələrdə özünün yüksək zirvəsinə çatdı, hətta fiqh, üsul, fəlsəfə, məntiq, kəlam, təfsir və tarix kimi klassik elmlərə də nüfuz etdi. Nəticədə bu elmlərin hər bir şaxəsində inqilabi dəyişikliklər yaratdı, bu ideoloqi inqilab hər bir şaxənin elmi məsələlərini, üslub və məzmun baxımından keçmiş mərhələlər ilə müəyyən əsaslı fərqlərə malik olan yeni bir mərhələyə çatdırdı.
İmam Şəhid Sədrin şəhid olmasından təxminən iyirmi il keçməsinə baxmayaraq, hələ də elmi-təhqiqat mərkəzləri onun ideyalarından və elmindən ilham alır. Biz, müxtəlif elmi məsələlərdə onun elmi əsərləri və yaratdığı yeniliklər barədə axtarış aparmağa ehtiyac duyuruq.
Buna görə də Ayətullah Sədrin şəhid olmasının iyirmi illiyi münasibəti ilə ümumdünya səviyyəsində keçirilən konfrans onun elmi-mədəni mirasını, dəyərli elmi əsərlərinə münasib olan bir səviyyədə dirçəltməyi öhdəsinə almışdır.
Nəzərə almaq lazımdır ki, bu elmi mirasın böyük bir hissəsi ərəb və fars dillərində çap olunmuşdur. Buna görə də bu konfransın böyük vəzifəsi iki istiqamətdə izlənilir:
1) Şəhid Sədrin əsərlərinin külliyyatını, diqqətli olub əmanətdarlığa mümkün qədər riayət etmək şərti ilə, dünyanın müxtəlif dillərinə tərcümə etmək.
2) Şəhid Sədrin əlyazmalarını bir yerə toplamaq məqsədi ilə əsərlərinə yenidən nəzər salmaq. Bu iş də ona görə icra olunur ki, bəzən təkrar çaplar nəticəsində, onun əsərlərində (çap işini öhdələrinə alanların diqqətsizliyi ucbatından) yaranmış bütün səhvlərə düzəliş verilsin və məhz bundan sonra daha yüksək keyfiyyətdə çap olunsun.
Şəhid Sədrin dünyanın müxtəlif dillərinə tərcümə olunması nəzərdə tutulan dəyərli əsərlərindən biri də müəllifin özünün fiqhi fətvalarını əhatə edən Əl-fətavəl-vazihə kitabına yazdığı Əl-Mursilu, ər-Rəsulu, ər-risalət adlı müqəddimədir.
Mərhum Şəhid Sədr bu kitabın müqəddiməsində şiə fəqihlərinin keçmiş üslublarına uyğun olaraq kamil bir dini etiqadiyyatı qısa, lakin eyni zamanda dəlil-sübut əsasında yazmışdır. Bu müqəddimənin mövzusunun malik olduğu əhəmiyyəti, eləcə də ondakı etiqadiyyat barəsində olan elmi araşdırmaların tam yeni üslubda olduğunu nəzərə alaraq bu müqəddimə dəfələrlə ayrıca kitab şəklində çap olunmuşdur.
Məhz buna görə də həmin müqəddiməni Azərbaycan dilinə tərcümə edib əziz azəri müsəlman bacı-qardaşlarımızın istifadəsinə veririk.
Ümidvarıq ki, bu kitab Əhli-beyt (ə)-ın dolğun maarifinin yayılması istiqamətində layiqli bir tədbir olacaq. İnşallah!
(Bu kitab, cənab Mahmud Abidinin farscaya tərcüməsindən istifadə edilərək Azərbaycan dilinə tərcümə olunmuşdur. Kitabın vərəqaltı haşiyəsində Mahmud Abidinin yazdığı mətləblər (M) şəklində qeyd edilmişdir. Yerdə qalan sair vərəqaltı haşiyələr isə müəllifin özünündür.)
Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin konfransının elmi heyətinin dəftərxanası
Böyük alim və tələbələrdən bir çoxu keçmiş alimlərimizin yolunu davam etdirib, gündən-günə mühüm əhəmiyyət kəsb edən mövzu (ilahiyyat) haqqında kitab yazmağımı xahiş etmişdilər. Keçmiş alimlər, öz adətləri üzrə, əməliyyə risalələrinin müqəddiməsində Allahın sübut olunması yolları və dinin əsasları kimi məsələləri bəzən qısa, bəzən də geniş şəkildə qeyd edirdilər. Çünki əməliyyə risaləsi (şəri hökmlər) bir növ ictihad əsəri olub müctehidin, Allah-taalanın bütün aləmlərə rəhmət olaraq göndərdiyi Xatəmul-ənbiya həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in şəriətindən çıxarışlar sayılır. Bu risalənin əsasını Allaha, Peyğəmbərə və onun gətirdiyi şəriətə iman gətirmək təşkil edir.
Bundan əlavə, Allaha, Onun Peyğəmbərinə və gətirdiyi şəriətə iman gətirmək hər bir elmi risalədə mötəbər bir dəlil sayılır və onun möhtəvası üçün ilkin bir qayda hesab olunur.
Allah-taalanın bu işdən razı olduğunu dərk edib bu risaləni yazmağa razılıq verdim. Həm də bu kimi risalələrə nə qədər böyük ehtiyac duyulduğunu nəzərə alaraq Əl-fətavəl-vazihə risaləsi kimi, onu da izahlı və nisbətən sadə şəkildə yazdım ki, şəriət hökmlərini anlayan hər bir şəxs onu da dərk edib başa düşsün. Sonra Əl-fətavəl-vazihə kitabı ilə bu müqəddimənin arasında bir qədər fərq olduğu üçün başqa yol seçməyi lazım bildim. (Çünki fətvalar sadəcə ictihad üzündən çıxarılmış hökmlərdir və onun dəlil-sübutu həmin risalələrdə qeyd olunmur. Bu müqəddimənin isə kifayət qədər elmi araşdırmaya və dəlil-sübuta ehtiyacı vardır.)
Bəşər övladı tam azad düşüncəli olsaydı, vicdanı, ilkin fitrəti korlanmasaydı, Allahı dərk etmək üçün ən sadə bir dəlil belə, ona kifayət edər və Fatir surəsinin 35-ci ayəsinə iman gətirərdi:
Onlar başqa bir şeydənmi yaran-mışlar, yoxsa onlar özləri yaradandırlar?
Amma yeni nəsildən olan idrak sahibləri belə deyildir. Son iki əsrdən başlayaraq insanlarda sağlam fitrət və azad vicdan qalmamışdır. Buna görə də, xüsusilə yeni mühitə uyğunlaşıb yeni təhqiqat yollarına adət edən cavan nəsil üçün dəlil-sübut gətiril-məsinə ehtiyac duyulur. Çünki bu dəlillər onlara daha yaxşı təsir qoyur.
Mənim qarşımda iki yol var idi: bu kitabı bütün yeni fikir cərəyanlarından uzaqda yaşayan azad vicdanlı insanlar üçün yazıb sadə dəlillərlə kifayətlənmək; (belə olacağı təqdirdə risalə yalnız Əl-fətavəl-vazihə kitabının oxucuları üçün aydın və dərk ediləsi olacaqdı) və ya dünyaya yeni fikir və nəzərlərlə baxaraq həmin fikir çərçivəsində təhqiqat aparmaq. Başqa sözlə, bu kitabı ilahiyyat elmləri ilə müəyyən qədər tanışlığı olanlar üçün yazam. Bu iki yoldan ikincisini daha münasib bildim.
Bu kitab dini hövzələrdə və universi-tetlərdə təhsil alan tələbələr üçün yazılmasına baxmayaraq, bacardığım qədər hamı üçün düşünülüb aydın olmasına çalışdım, imkan dairəsində çətin riyazi terminlərdən az istifadə etdim, müəmmalı ifadələri ixtisara salıb oxucular üçün əsas etibarı ilə mənanı dərk etmələrini nəzərdə tutdum. Bəzən də ağır elmi-fəlsəfi məsələləri qısa və müxtəsər şəkildə qeyd etdim, təfsilatını başa düşmək üçün isə Üsəsul-məntiqiyyəti lil-istiqra kimi kitablarıma müraciət etməyi məsləhət bildim. Kitabın, savadı az olan oxucular üçün də ən azı anlaşılan fikir və qənaətbəxş dəlil olmasını nəzərə aldım. Yaradanı sübut etmək üçün, ilk növbədə elmi dəlil və öz-özlüyündə kafi və aydın dəlil sayılan bu müqəddimə hər bir oxucu üçün ilkin mərhələ hesab olunur.
Qarşınızdakı kitabda əvvəlcə Mürsil (xəbər verən, yəni Allah), sonra Rəsul (xəbər gətirən) və sonra risalət (peyğəmbərlərin vəzifəsi, sözü) haqqında söhbət edəcəyik. Müvəffəqiyyət yalnız Allahdandır. Yalnız Ona təvəkkül edir və Ona üz tuturam.
* Elmi dəlillərlə Allahın sübut edilməsi
* Fəlsəfi dəlil
* Allahın sifətləri
Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman gətirmiş, Ona ibadət edib qəlbən məhəbbət bəsləmiş və Onunla qırılmaz rabitədə olmuşlar. Eləcə də bu dərin bağlılıqlarını bütün varlıqları ilə duyub hiss etmişlər.
Bu iman və etiqad nə sinfi təzadların məhsulu, nə zalım və istismarçıların əllərində kimlərisə istismar etmək üçün bir vasitə və nə də istismar olunanların asayişə çatıb rahat nəfəs almaları üçün özlərindən yaratdıqları bir şey deyil. Çünki, bu inam, qeyd olunan sinfi təzadlardan və keşmə-keşlərdən çox-çox qabaq bəşəriyyət tarixində mövcud olmuşdur.
İnsanlardakı bu iman təbii fəlakətlər qarşısında yaranan qorxunun da nəticəsi ola bilməzdi. Əks halda (yəni iman qorxu hissindən doğan bir şey olsaydı), onda tarix boyu ən dindar şəxslər təbii hadisələr qarşısında ən qorxaq, ən dözümsüz və aciz şəxslər olmalı idi. Halbuki, tarix din başçılarının əsrlər boyu qorxmaz və hamıdan şücaətli insanlar olduğuna şahiddir.
Deməli, belə bir qənaətə gəlmək olar ki, imanın mənşəyi insanın öz Xaliqinə olan batini cazibəsindən və dərin köklərə malik olan şüurundan irəli gəlir. O, bunun vasitəsi ilə Rəbbinə olan qırılmaz bağlılığı öz fitrəti ilə dərk edir.
Zamanın keçməsi ilə insan fəlsəfə ilə tanış olduqdan sonra ətrafındakı əşyalardan ümumi məfhum və anlayışlar çıxartmışdır. Məsələn, varlıq və yoxluq, vücub (varlığın zəruriliyi,) imtina (yoxluğun zəruriliyi), mümkünlük (varlıq və yoxluğun heç birinin zəruri olmaması), vəhdət (təklik) və kəsrət (çoxluq), mürəkkəb və sadə, külli və cüzi, müqəddəm (ilkin) və müəxxər (sonradan gələn), səbəb və nəticə və s. kimi. O, əksər hallarda bu anlayışlardan istifadə etməyə çalışmış və daha sonra onlardan Allaha olan imanını möhkəmlətmək üçün dəlil-sübut kimi işlətmişdir. Yəni öz inancının səbəbini fəlsəfə qalibində açıqlayaraq bəyan etmişdir.
Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin sirli qanunlarını kəşf etməyin mümkün olmadığını dərk edib bu qənaətə gəldilər ki, hiss və elmi müşahidələr kainat-dakı qanun və sirlərin kəşf olunmasının yeganə əsas və mühüm amilidir.
Ümumi halda insanın kainat barəsində olan mərifət və məfkurəsinin tamamilə dəyişilib inkişaf etməsi və daha da genişlənməsində elmi təhqiqatlarda təcrübə və hissiyyata təmayül metodu nəzərə çarpacaq dərəcədə faydalı oldu.
Amma tədricən bu ideya öz inkişaf yolunda irəlilədikcə, onun tərəfdarları belə dedilər: Hiss və təcrübi müşahidə metodu insanların həm özü və həm də ətrafında olan ümumi sistem və qanunların kəşf edilməsində əql və mərifət üçün bir vasitədir. İnsanın əqli kainatın sirləri və onun külli sistemi haqqında mərifət qazanıb məlumat əldə etməkdə bu iki şeyə (hiss və təcrübəyə) ehtiyac duyur. Yəni Aristotel (Ərəstu) kimi qapalı bir evin güncündə oturub, fəza cisimləri ilə onları hərəkətə gətirən qüvvə arasındakı qarşılıqlı əlaqənin necəliyi haqqında fikirləşib müəyyən qərara gəlməsi və hərəkətdə olan hər bir cisim onu hərəkətə gətirən qüvvənin tükənməsi ilə hərəkətdən düşüb sükunətdə qalır demək əvəzinə, Qaliley birbaşa elmi müşahidələrdən və təcrübədən istifadə edərək hərəkətdə olan cisimlər barəsində çoxlu tədqiqat apardıqdan sonra onların arasında başqa bir asılılıq nəzəriyyəsini irəli sürür və deyir: Əgər bir cisim, hərəkət verici bir qüvvənin təsiri altına düşərsə, hərəkətə gəlir və onu hərəkətdən saxlaya biləcək başqa bir qüvvə ilə qarşılaşana qədər öz hərəkətini davam etdirir.
Hissiyyata təmayül, tədqiqatçıları təbii hadisələr və kainata hakim olan qanunlar barəsində təhqiqat aparmağa təşviq etmişdir. Onlar öz təhqiqatlarında aşağıda qeyd olunan iki mərhələni keçmişlər.
Birincisi: Hiss və təcrübə yolu ilə alınan nəticələri bir yerə toplamaq mərhələsi.
İkincisi: Əqli mərhələ, yəni ümumi və məqbul bir nəticə çıxarmaq üçün əldə olunan nəticələri bir-biri ilə uyğunlaşdıraraq tənzim etmək.
Amma alimlərin bu barədə çox çalışmasına baxmayaraq, təcrübə və hissiyyatın əql qüvvəsindən ehtiyacsız olması müddəasını yenə də doğrulda bilmədi.
Təbii hadisələr üzərində tədqiqat aparan alimlər təbiətin sirlərini və qanunlarını yalnız o zaman kəşf edə bildilər ki, birinci mərhələdə təfəkkür olmadan, sadəcə hiss və eksperimental müşahidələr yolu ilə əldə etdiklərini bir yerə topladıqdan sonra, ikinci mərhələdə əql qüvvəsinin köməyi ilə onların arasındakı asılılığı tapıb elmi nəticələr aldılar. İndiyə qədər heç bir elmi ixtira və kəşf ikinci mərhələ olmadan elə birinci mərhələdə kəşf olunmamışdır. Çünki birinci mərhələnin məlumatları həmişə hiss olunan hadisələrdir. İkinci mərhələnin məsələləri isə əqlin dərk edərək nəticə aldığı işlərdir. Bunları yalnız əql dərk edir və birbaşa hiss üzvləri ilə dərk oluna bilməz.
Misal üçün ümumdünya cazibə qanununu göstərmək olar. Nyuton cisimlər arasında qarşılıqlı cazibə olduğunu birbaşa hiss etməmişdi. O, (bu qanunu kəşf etməzdən qabaq) bu qüvvənin cisimlərin arasındakı məsafənin kvadratı ilə tərs mütənasib, həmçinin bu cisimlərin kütlələrinin hasili ilə düz mütənasib olduğunu bilmirdi. Sadəcə olaraq o, yerə doğru şaquli istiqamətdə hərəkətdə olan bir daşın düşməsini müşahidə etmişdi. Yaxud Ayın Yerin ətrafında, planetlərin Günəş ətrafında fırlanmasını görüb düşünməyə başlamış, sonra vaxtaşırı bu hərəkətləri izah edib ümumi bir nəticəyə gəlməyə çalışmışdı. Bu məqsədlə Qalileyin yerə düşən cisimlərin sərbəstdüşmə təcilinin sabit və dəyişməz olması, dairəvi hərəkətdə isə dəyişən təcil barəsindəki nəzəriyyəsini araşdırdı. O, Keplerin planetlərin hərəkəti barədə dediyi hər bir planetin Günəş ətrafına fırlanma zamanının kvadratı, aralarındakı məsafənin kubu ilə mütənasibdir qanunundan istifadə edərək cazibə qanununu kəşf etmişdir.
O, bu fərziyyəni irəli sürdükdən sonra sübut etdi ki, iki cisim arasındakı cazibə qüvvəsi onların kütlələri düz, aralarındakı məsafə ilə tərs mütənasibdir və özlərinin kütlə, həcm və aralarındakı məsafədən asılı olaraq bir-birinə təsir edirlər.
Hiss və eksperimental təcrübə üslubunun kainatın sistematik qanunlarını araşdırıb onda olan qanunauyğunluğu və Allahın varlığına dəlalət edən hikmətli dəlilləri aşkar etməsi Ona iman gətirmək üçün ən yaxşı və yeni bir dayaq olardı. Amma yalnız təbii elmlərdə tədqiqat aparan alimlər bu məsələyə əhəmiyyət verməyib onun işıqlan-dırılması yolunda ciddi səy göstərmədilər. Hələ də bu alimlər, bəşərin təbii elmlər barəsindəki mövcud təsniflərinə görə fəlsəfi sayılan bu məsələyə diqqət yetirməmişlər. Amma çox keçmədən fəlsəfə aləmində, elm və onun predmetlərindən daha geniş miqyasda olan yeni fəlsəfi-məntiqi cərəyanlar meydana gəldi və bu üslubun (eksperimental üslubun) fəlsəfi və məntiqi metod kimi təqdim olunmasına çalışdılar. Onlar bu qərara gəldilər ki, idrak və mərifətin yeganə yolu hissdir və insanın idrakı onun hiss və duyğularının hüdudlarından o tərəfə aşa bilmir. Hər hansı bir şey hiss olunan və təcrübi olaraq dərk edilən olmasa, insan onun varlığını isbat edə bilməz.
Bununla da, hissi və eksperimental təcrübəyə kəskin təmayül Allahı inkar etmək üçün bir vasitə oldu. Onlar öz müddəalarını belə əsaslandırırdılar: Allah gözlə görünüb hiss olunan varlıq deyilsə, deməli Onun sübut olunması üçün heç bir yol yoxdur.
Amma bu metod, təcrübi yolla müvəffə-qiyyətlər qazanan alimlərin getdiyi yol deyildi; əksinə, o, özünün xüsusi məntiq və fəlsəfi nəzəriyyələri ilə bu üslubu düzgün olmayan şəkildə yozan filosofların əlində bir bəhanə idi.
Bu ifratçı nəzəriyyələr tədricən və bir neçə cəhətdən paradoksla qarşılaşdı:
1-Fəlsəfi cəhətdən
Bu nəzəriyyə mövcud reallığı inkar etmək məcburiyyətində qaldı, yəni real olaraq yaşadığımız həyatı həm ümumi, həm də konkret şəkildə inkar etdi. Çünki, bu nəzəriyyəyə əsasən biz hər hansı bir şeyi dərk etmək üçün hissiyyatımızdan başqa heç nəyə malik deyilik və hissiyyatımız da şeyləri bizə real həqiqətdə olduğu kimi deyil, yalnız zahirdə gördüyümüz kimi tanıtdırır. Buna əsasən, biz hər hansı bir şeyi hiss etdiyimiz zaman yalnız bunu deyə bilərik ki, həmin şey bizim hiss və duyğu aləmimizdədir, onun vücudu isə bizim hissiyyat-dan kənardadır, dərrakəmizdən xaricdə real və müstəqil şəkildə vardır və təsəvvürümüzdən öncə mövcuddur. Deməli, onun isbat olunması üçün heç bir yol yoxdur.
Məsələn, insan ayı səmada gördüyü zaman yalnız buna inana bilər ki, onu həmin anda müşahidə və hiss edir. Amma belə bir sual qarşıya çıxır ki, görəsən doğrudanmı ay səmada mövcuddur? Və ya insan gözünü açıb baxmamışdan əvvəl də mövcud idimi? Həmin nəzəriyyənin tərəfdarları, qarşıya çıxan bu suallara cavab verməkdə aciz qalmışlar. Bu, eynilə çəpgöz adamın məsəlinə oxşayır: O, elə əşyaları görüb dərk edir ki, onların real vücudları yoxdur. Həmin şəxs o əşyaların varlığını isbat edə bilərmi?
Bununla da, hiss və təcrübəyə təmayül nəzəriyyəsi axırda özünü hissiyyat dairəsində məhdudlaşdırdı, onu idrak və mərifət üçün bir vasitə götürmək əvəzinə, hissi ən son hədd və mərtəbə kimi qəbul etdi. Nəticədə əşyaların varlığı, bizim idrak və anlayışı-mızdan xaricdə müstəqil şəkildə varlığı qəbul olunmadan, hisslə idrak olunmaqla şərt-ləndirildi.
2-Məntiqi cəhətdən
Məntiqi baxımdan isə hissi və eksperi-mental nəzəriyyə tam yeni bir cərəyan yaratdı. Bu nəzəriyyənin əsas şüarı budur:
Məfhumu təcrübə və eksperiment yolu ilə isbat olunmayan cümlə mənasız kəlamdır. Bu cümlənin rolu, pərakəndə vəziyyətdə heç bir hədəf və məqsəd olmadan bir-birinin yanına düzülən hərflərin rolu kimidir. Amma məzmunun doğru və ya yalan olmasının isbat edilməsi mümkün olan cümlənin mənası vardır. Əgər insan belə cümlənin məzmununu reallıqla uyğun olmasını təsdiq etsə, deməli, düzgün və doğru bir cümlədir, əks halda isə yalan cümlə sayılır.
Məsələn: Qışda yağış yağır cümləsi həm məna, həm də məzmun baxımından doğru cümlədir. Lakin yayda yağış yağır cümləsi mənalı olmasına baxmayaraq, məzmununa görə yalan cümlə sayılır. Amma əgər Qədr gecəsində asimandan hiss olunmayan, gözlə görünməyən bir şey nazil olur deyilsə, doğru və ya yalan olmasını nəzərə almasaq da belə, mənasız bir cümlədir. Çünki, eksperiment və hiss vasitəsi ilə onun məzmununun isbat olunması, doğru və ya yalan olmasını bəyan etmək qeyri-mümkündür. Deyz Qədr gecəsində nazil olmuşdur, cümləsi mənasız olduğu kimi, bundan əvvəlki cümlənin də mənası yoxdur. Eləcə də, deyz vardır cümləsinin mənası olmadığı üçün, Allah vardır cümləsi də mənasız sayılır, çünki, Allahın varlığı hiss və eksperiment yolu ilə dərk olunmur.
Bu kimi məntiq də, onda olan ümumilik səbəbi ilə paradoksla (tənaqüzlə) qarşılaşdı. Çünki, bu qaydanın özünü də birbaşa hiss yolu ilə isbat etmək olmur və bəyan etdiyi məfhumun hökmünə görə mənası olmayan bir sözdür. Çünki, bu məntiqin bəyan etdiyi hər cümlənin məfhumu hiss və təcrübə yolu ilə sübuta yetməzsə, o, mənasızdır kəlamı ümumi bir qanunu bəyan edir. Digər tərəfdən, hiss özü də cüzi və məhdud bir çərçivədə olan vəziyyət və halətlərə şamil olduğundan, heç bir külli və ümumi hökm hiss çərçivəsində həsr olunmamalıdır.
Beləliklə, bu məntiqi hərəkat da axırda öz-özlüyündə paradoksal nəticə ilə qarşılaşır (və öz mahiyyətini itirmiş sayılır). Bu həm də, alimlərin varlıqları izah etmək istədikləri bütün ümumi qanunlarla da ziddiyyət təşkil edir. Çünki, hansı növdən olmasından asılı olmayaraq, ümumilik məsələsi birbaşa hiss olunmur, yalnız məhdud və müəyyən varlıqların əlamət və əsərlərindən ümumi bir nəticə kimi alınır.
Xoşbəxtlikdən, elm özünün kəsilməz təkamülü yolunda bu qəbildən olan fikir cərəyanlarından və təmayüllərdən təsirlən-məmiş və kainatın sirlərini kəşf etməkdə özünün həmişəki metodunu davam etdirmişdir. Elm öz işini həmişə eksperimental təcrübədən başlayır, lakin özünü məntiqi və fəlsəfi cərəyanların yaratdığı bu məhdud və şərti keçidlərdə saxlamır. O, təbii hadisələri izah etməkdə əqlin fəaliyyətindən bəhrələnir, onları ümumi bir qanun çərçivəsində qərar verərək, varlıqların arasında olan qarşılıqlı asılılıq və əlaqələri kəşf edir.
Qeyd etdiyimiz ifratçı məntiq və fəlsəfə cərəyanlarının hətta maddi fəlsəfə sahələrin-dəki nüfuzu belə, zəifləməyə başlamışdır. Yeni maddi fəlsəfə məktəblərinin özləri də (əsas etibarı ilə dialektik materialistlər) bu qəbildən olan təmayülləri rədd edirlər. Beləliklə də çağdaş maddi fəlsəfə hiss və təcrübənin hüdudlarını (hər bir alim öz təhqiqatını bundan başlayır) aşmaqda özünə haqq qazandırır, hətta (alimlərin təhqiqatının sona yetdiyi) ikinci mərhələni də keçməyi məqbul sayır ki, ayrı-ayrı elmlərdən əldə etdiyi nailiyyətləri bir-biri ilə müqayisə edib onun üçün ümumi elmi bir yozum bəyan etsin və bu nailiyyət və nəticələrin arasındakı bağlı-lığın ən çox ağla sığanlarını məlum etsin.
Gördüyümüz kimi, maddi təfəkkürün müasir təmsilçiləri olan sofistik maddəçilər (yəni dialektik materialistlər) zamanın keçməsi ilə kainatı dialektik əsasda ümumi və külli şəkildə izah etdikləri vaxt o ifrat nəzəriy-yələr baxımından qeybə əsaslanan fəlsəfəyə meyl etmişlər.
Belə olanda hər iki fəlsəfə - həm maddi (materializm), həm də ilahi (teizm) fəlsəfə birlikdə radikal (ifratçı) materialist cərəyanlarının insanı bir növ hasara salmaq istədiyi hiss və təcrübə sərhədlərini keçməkdə yekdil fikrə gəldilər. Bu zaman mərifət iki mərhələyə malik oldu: Birincisi - hissi və təcrübi nailiyyətləri toplamaq, ikincisi isə onları əqli nəzəriyyələr əsasında izah etmək. İlahiyyat ilə materializm arasında olan ixtilaf yalnız ikinci mərhələdəki müxtəlif elmi nailiyyətlərdən çıxarılan əqli nəticə-lərin necə izah olunmasındadır. Materializm bu məsələləri Yaradanı inkar etməklə izah edir, ilahiyyat məktəbi isə bu elmi nailiyyətlərin izahını yalnız o vaxt məqbul və qanətbəxş sayır ki, hikmətli Yaradanın vücuduna etiraf etmiş olsun.
Dostları ilə paylaş: |