Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanununa müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektləri arasında səlahiyyət bölgüsünün aparılması məqsədi ilə qərara alıram:
I. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının milli təhlükəsizlik, daxili işlər, ədliyyə (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), vergilər, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu orqanların səlahiyyətləri daxilində, əməliyyat-axtarış subyektlərinin tələbatları və aşağıdakı məhdudiyyətlər nəzərə alınmaqla tətbiq edilsin:
poçt, teleqraf və digər göndərişlərin yoxlanılmasını , texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, beynəlxalq göndərişlərin yoxlanılmasını isə həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi , barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;
telefon danışıqlarına qulaqasmanı, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər;
İnsanların güdülməsini, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər.
iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
məhkumların məktublarının yoxlanılmasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;
hərbi hissələrdə və hərbi idarələrdə əməliyyat-axtarış tədbirlərinin tətbiqini təhlükəsizlik orqanları üçün müəyyən edilmiş həcmdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
mühafizə edilən şəxslərin və obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir;
korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirir;
öz təhlükəsizliyini təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir.
II. Əməliyyat-axtarış fəaliyyəti prosesində hüquqi şəxsin yaradılması Azərbaycan Respublikasının milli təhlükəsizlik, daxili işlər və vergilər nazirliklərinə , Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilir.
III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Fərmanın 1-ci bəndi ilə tətbiqi məhdudlaşdırılmış əməliyyat-axtarış tədbirlərini qanunvericiliklə müəyyən edilmiş qaydada onların icrası həvalə edilmiş orqanlara sorğu göndərməklə həyata keçirirlər.
IV. Rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. Rabitə şəbəkələrində aparılan əməliyyat-axtarış tədbirləri üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rabitə şəbəkələrinə qoşulması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
V. (Çıxarılıb)
VI. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 iyun 2001-ci il
№ 507
Dostları ilə paylaş: |