Məhəmmədəli Fərzanə
XALQ YARADICILIĞININ CƏFAKEŞ TƏDQİQATÇISI
Məhəmmədəli Əkbər oğlu Fərzanə (fərzanə çox bilikli, məlumatlı, savadlı deməkdir-E.F.) belə ağır bir zamanda – 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində, çoxuşaqlı əməkçi ailəsində dünyaya gəlib... O, ilk təhsilini fars dilində alıb. Mədrəsədə oxuduğu illərdə ana dilində oxumağa və yazmağa da həvəs göstərib. Xüsusən, XVII yüzillikdə yaşamış Əlican Qövsi Təbrizinin yaradıcılığına böyük maraq göstərib. Gənclik illərində hətta “Qövsi” təxəllüsü ilə şeirlər də yazmağa başlayıb. Daha sonra Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Lap gənc yaşlarından həyatda və sənətdə tutduğu çox önəmli mövqeyilə təsdiqləyib ki, onun simasında öz səsi, nəfəsi, sözü ilə sənət dünyasındakı qələmdaşları arasında seçilən, dönməz əqidəyə malik daha bir Azərbaycan türkü dünyaya göz açıb. Və ulu yaradan tərəfindən seçilən bu gənc elə gəncəcik yaşlarından həmvətənlərinin dözülməz təqib və zindanlarla müşayiət olunan məhbəs həyatı yaşamasının şahidi olub. Ana dilində çap olunmuş kitab, jurnal və qəzetlərin tonqallarda yandırıldığını, məktəblərdə, iş yerlərində, küçələrdə, meydanlarda, məclislərdə və s. ictimai yerlərdə Azərbaycan türkcəsində danışmağın belə yasaqlandığını, dillərə qıfıl vurulduğunu görüb... Bütün bu məhrumiyyətlər, milli aşağılanmalar, basqılar onun həyat, yaşamaq, millətinə, xalqına yararlı olmaq, gərəkli xidmətlər göstərmək eşqilə tutuşub yanan ürəyində doğma torpağına, ana dilinə və bu dildə ulularımızın yaratdığı möhtəşəm bir ədəbiyyata, böyük söz xəzinəsinə dərin sevgi ocağı çatıb. Ancaq doğma dilində məktəb təhsili ala bilməsə də, ata ocağı, Çobanilər nəslindən olan sinədəftər anasının layla və oxşamaları, əfsanə, nağıl və dastanları onun ilk məktəbi, yaradıcılığının ilham qaynağı olub. Özünün söylədiyinə görə, anası elm və təhsildən, məktəb və kitablardan uzaq bir kənd qızı olduğu halda, sinəsi sanki zəngin xəzinə idi. Xalq dastanlarını, əfsanə və nağılları, xalq mahnılarını, lətifə və tapmacaları ürəyəyatan, tutumlu səslə, avazla övladlarına söyləyən bu cəfakeş insan heç özü də bilmədən onların dünyagörüşünü formalaşdırır, ana dili, folklor və şifahi xalq inciləri ruhunda kökləyirdi... Mənəvi dünyasının zənginliyinə və bu zənginliyin açdığı cığırla gedərək həyatda, ədəbi aləmdə önəmli mövqe tutmasına görə anasına son nəfəsinədək minnətdar olan Məhəmmədəli Fərzanə bu fədakar insanı şükranlıq duyğusu ilə xatırlayaraq yazırdı: –Anam ağır yaşayışımızdan, çətin gün-güzərandan bəzən bezikərdi. Bu üzüntüləri oxuduğu bayatı, ağı, xalq mahnılarına da çökərdi... Biz onun kədərli səslə oxuduğu belə nəğmə və bayatıları kənddə yaşayan qohum-əqrəbasından, ailə üzvlərindən gözlənilməz, qəfil xəbərlər alanda da eşidərdik. Bəzən ondan soruşardım ki, bu qədər sözü-söhbəti sən haradan, kimdən öyrənmisən? Mənalı-mənalı baxar və deyərdi:
Açdım, açdım gül oldum,
Boy atdım sünbül oldum.
Bir dilbilməz quş idim,
Oxudum bülbül oldum.
Bəli, bütün təhsilimi fars dilində aldığım halda, anamdan öyrəndiyim folklor inciləri məndə lap kiçik yaşlarımdan ana dilimizə dərin sevgi və maraq oyatdı.1
Bu sevgi sonrakı illərdə Fərzanənin təhsil aldığı pedaqoji mədrəsədə, camaat arasında, əmək müəssisələrində, karxanalarda öyrəndiyi yeni-yeni atmaca, tampaca, lətifə və xalq mahnıları ilə daha da dərinləşib, bütün ruhunu çulğayıb. Özünü dərk edəndən məhz İranda Azərbaycan milli mənliyini yaşadan, var qüvvəsini qədim ədəbiyyat və mədəniyyətimizin, milli-mənəvi köklərimizin öyrənilməsi və təbliği işinə sərf edən söz sənəti və əqidə mücahidlərindən biri kimi özünü təsdiqləyən müdrik ziyalı bu yolda atası Əkbər kişinin də böyük rolunu unutmurdu: «Ana Vətənimə, doğma dilimə olan məhəbbətimin, dünyagörüşümün formalaşmasında həyatın ağır sınaqlarından çıxmış, Məşrutə inqilabında bir mücahid kimi iştirak etmiş atamın da rolu az olmayıb. Hərtərəfli dünyagörüşünə, zəngin təcrübəyə malik olan atam «Hophopnamə»nin bir çox şeirlərini əzbərdən oxuyar, bununla da həyata, hadisələrə və insanlara münasibətini bildirərdi». Qeyd edək ki, Əkbər kişi Güney Azərbaycanda 1905-1911-ci illərdə baş vermiş məşhur Məşrutə hərəkatının iştirakçısı olub. O, oğlunun milli ruhda böyüməsi, vətənsevər bir şəxsiyyət kimi yetişməsi üçün çox çalışıb. Təsadüfi deyil ki, məhz milli ruha, soykökünə, xalqın keşməkeşli taleyinə ürəkdən bağlanması Fərzanəni 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaranmış Milli Hökumətin ideoloqlarından biri olmasına gətirib çıxarıb və bir ideoloq kimi o, xalq hərəkatı nəticəsində qazanılmış qələbənin, müstəqilliyin əbədi yaşaması üçün gecə-gündüz çalışıb. Güney Azərbaycanda yasaq və qadağaların hökm sürdüyü bir mühitdə yetişən, bu üzdən də orta təhsilini və qiyabi pedaqoji mədrəsəni fars dilində bitirən Məhəmmədəli Fərzanə ilk əmək fəaliyyətinə 1942-ci ildə, 19 yaşında ikən «Təbriz milli kitabxanası”nda başlayıb. Eyni zamanda, oxuduğu mədrəsədə müəllim kimi qalıb işləmək təklifi alıb. Kitabxanada gələcəyin qeyrətli folklorşünas alimi bir sıra anadilli kitabları oxumaq, bədii ədəbiyyatla daha yaxın təmasda olmaq imkanı qazanıb və şəxsi mütaliəsi sayəsində bilik səviyyəsini, dünyagörüşünü, elmi səviyyəsini inkişaf etdirib. «Təbriz milli kitabxanası”nda sonsuz maraq və həvəslə Azərbaycan türkcəsində yaradılmış söz xəzinəsi incilərini-türkdilli abidə kitabları, divan, təzkirə və əlyazmaları öyrənməyə başlayıb. Təsadüfən əlinə keçən və üstündə «Batil (məhv olacaq) kitablar» yazılmış bağlama isə ona sanki dünyanı bağışlayıb. İndiyədək açılmamış sirli bir aləmlə tanış olan Fərzanənin bağlamada XX əsrin 15-20-ci illərində nəşr olunmuş, millətsevər alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı və bəlkə də bütün İranda yeganə nüsxə olan «Kitabi Dədə Qorqud» dastanı və Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” kitabı daha çox diqqətini çəkir. İlk yazılı türk abidəsi, türkdilli ədəbiyyatın, türk təfəkkürü-nün ana kitabı olan «Dədə Qorqud» dastanını dərindən oxuyub mənimsə-dikdən sonra, o, yaşamının istiqamətini müəyyənləşdirir, artıq özünü, mənalı ömrünü büsbütün qədim Azərbaycan mədəniyyətinin öyrənilməsinə və xalqa çatdırılmasına, bətnindən qopduğu xalqına onun necə böyük, möhtəşəm bir ədəbiyyata sahib olduğunu göstərməyə həsr edir. Bu, müqəddəs iş həyatının mənasına, omrünün məzmununa çevrilir. Fədakar gənc tədqiqatçı dastanla bağlı ciddi araşdırmalara başlayır. O, dastanın tarixi köklərini araşdırıb və mənbə olaraq Azərbaycan, Türkiyə və Avropada, həmçinin Orta Asiyada «Dədə Qorqud» dastanı haq-qında yazılmış məqalə və kitabları götürür.
1945-46-ci illərdə Güney Azərbaycanda yeni inqilab dalğası kükrəyir və 21 Azər - 12 dekabr hərəkatı baş verir. İnqilab qalibiyyətlə nəticələnir. Güney Azərbaycanda Milli hökumət qurulur. Milli hökumətin qurulması, demokratik mətbuatın güclənməsi Əli Kəmali, Məhəmmədəli Fərzanə, M.Ə.Qövsi, M.B.Niknam kimi dil, yurd, vətən təəssübkeşlərini də ana dilində sürətlə, vaxt itirmədən yazıb-yaratmağa, zəngin klassik irsimizi araşdırmağa, folklor nümunələrini toplamağa və xalqa çatdırmağa ruhlandırır. Bu dövrdə M.Fərza-nə «Kitabi-Dədə Qorqud» dastanının boylarını, topladığı el bayatılarını «Azərbaycan» qəzetində dərc etdirir, eyni zamanda, qəzetin səhifələrindən oxuculara müraciət edərək onları, həm də qəzetin əməkdaşlarını folklor incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa çağırır. Təəssübkeş tədqiqatçı çap etdirdiyi folklor nümunələrinin dil xüsusiyyətlərini, özəlliklərini olduğu kimi saxlayırdı. Bu isə xalqın marağına səbəb olur, Azərbaycan milli varlığına-özünə qayıdışı, milli özünüdərki sürətləndirirdi. Kəskin qadağalar şəraitində farsca yazmaq məcburiyyətində qalan M.Fərzanə 21 Azər hərəkatı – 1945-46-cı illər inqilabının qələbə çalmasından və İranda Rza Şah diktaturası devril-dikdən sonra, böyük coşğunluqla Azərbaycan türkcəsində yazıb-yaratmağa başlayır. Doğma dildə ilk yazıları – «Füzuliyə yeni bir baxış», və «Divani-lüğət-it-türk»də olan atalar sözləri və məsəllər» «Vətən yolunda» qəzetində dərc olunur.
Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor məsələləri üzərində yorulmadan, ardıcıl tədqiqatlar aparan ədib «Azərbaycan milli dastanları» adı ilə silsilə məqalələr yazaraq “Vətən yolunda” qəzetinin 1945-ci il saylarında nəşr etdirir. Xalq yaradıcılığının cəfakeş tədqiqatçısı bu məqalələrində təbii ki, əsasən “Kitabi-Dədə Qorqud”, sonra isə “Koroğlu”, “Qaçaq Nəbi”, “Aşıq Qərib” dastanları haqqında məlumat verir, onların süjet xəttini, mövzu dairəsini, baş qəhrəmanlarının xarakterik xüsusiyyətlərini geniş təhlil edir. Bu istiqamət artıq onun həyatının mənasına, məqsədinə çevrilir. Ədibin milli məfkurəyə, milli düşüncəyə, xalq ruhuna sıx tellərlə bağlılığı, xalq yaradıcı-lığına dərindən bələdliyi aydın görünən bu sanballı məqalələr yüksək elmi məziyyətlərinə görə onu səriştəli folklorşünas alim kimi tanıdır. Azərbaycan türkcəsində təhsilin qadağan olunduğu bir məmləkətdə dilimizə qarşı bu səviyyədə qərəzli münasibətə dözməyən Fərzanə doğma türkcənin ən fəal müdafiəçisinə çevrilir. Həm 40-cı illərdə, həm də inqilabın yatırılması, milli hökumətin süquta uğradılmasından sonra başlanan irtica illərində, eləcə də 1978-79-cu illər İran İslam İnqilabı dövründə Güney Azərbaycanda ana dilinə, milli ədəbiyyata olan münasibət Məhəmmədəli Fərzanənin bütün yaradıcılığı boyu izlədiyi və ardıcıl olaraq problemlərinə toxunduğu əsas məsələlərdən olmuşdur. Ancaq 40-cı illərdə, 1978-79-cu illər İran İslam İnqilabından sonrakı dövrdə alimin Azərbaycan milli varlığının və ana dilinin təsdiqi istiqamətindəki çabaları elmi-ədəbi, naşirlik və mətnşünaslıq fəaliyyətində daha intensiv və ardıcıl şəkildə olmuşdur. “Ana dilimiz və milli varlığımız uğrunda” adı altında silsilə məqalələr yazır və “Vətən yolunda” qəzetində çapına nail olur. Alim məhz 1945-46-cı illərdə Cüney Azərbaycanda ana dilində müxtəlif elm sahələrini əhatə edən dərsliklərin yazılıb çapa hazırlanmasında fəal iştirak edir. Qeyd etdiyimiz kimi, o, öz yazılarında intibah abidəmiz “Kitabi-Dədə Qorqud”dan geniş bəhs edir və dastan boylarından ardıcıl olaraq seçmə nümunələr verirdi. Fədakar alim müsahibələrinin birində deyirdi: “Heç şübhəsiz, bu nümunələri oxuyanlar arasında sevinənlər də vardı, rahatlığı pozulanlar da. Artıq ədəbiyyatşünaslıqda Dədə Qorqud mübahisəli məsələyə çevrilmişdi. Dədə Qorqud boyları üzərində ədəbiyyatşünaslıqda mübahisələrin davam etdiyi günlərin birində sinəsi sözlü-söhbətli anama “Buğac boyu”nu oxudum və dedim ki, sözlərə diqqətlə qulaq ver, anlaşılmaz sözlər varsa, söylə. Anam axıradək dinləyərək cavab verdi: Oğlum, burda anlaşılmaz nə var ki, boy da bizimdir, soy da bizimdir, söz də bizimdir, qan da bizim...”3
Məhəmmədəli Fərzanə əsl tədqiqatçı, həqiqi alim kimi fars dilində çıxan ədəbiyyatı, həm də dünya ədəbiyyatını paralel olaraq oxuyub öyrənir, araşdırmalarında farsdilli İran mənbələrindən və dünya ədəbiyyatı nümunələ-rindən ustalıqla istifadə edirdi. O, Quzey Azərbaycanda kiril əlifbasında yayımlanan ədəbiyyatı da unutmur, özəlliklə buradakı elmi-ədəbi və bədii ədəbiyyatı diqqətlə oxuyub mənimsəyir və fars dilinə çevirirdi. Bu yöndə Məhəmmədəli Fərzanə hələ ki, ilk addımlarını atır, güney ədəbiyyatında yeni bir cığır açırdı. Beləliklə də fədakar tədqiqatçı V.Q.Belinskinin Güneyin ümid qapısı olan Bakıda kiril əlifbasında çıxmış “Seçilmiş əsərləri” əsasında altı məqalə yazaraq bir-birinin ardınca “Ümidi-İran” adlı fars dillində yayımlanan dərgidə dərc etdirir. Daha sonra A.P.Çexovun və M.Qorkinin bəzi hekayələrini, həmçinin F.Kafka və R.Rollan kimi Avropa klassiklərinin yaradıcılığından seçmə nümunələri yenə də Bakı nəşrləri əsasında fars dilinə çevirir və nəşrinə nail olur (60-cı illər). Ədib qardaş Türkiyə ədəbiyyatını da diqqətdən kənarda qoymur. Eyni məqsəd və amalla görkəmli türk satirik yazıçısı Əziz Nesinin “Belə gəlib, belə getməz” adlı hekayələr kitabından yeddi hekayəni fars dilinə mükəmməl şəkildə tərcümə edərək İran oxucularına çatdırır. “Türkiyə mühitindəki bürokratizmin, yaltaqlığın, saxta ziyalıcığazlığın tənqidi və bədii ifşasından ibarət olan Əziz Nesin nəsri tipik Şərq monarxiya ölkəsi olan İran üçün də mənalı və aktual idi. Fərzanənin müasir Türkiyə ədəbiyyatına müraciəti təsadüfi xarakter daşımırdı və onun ədəbi fəaliyyətinin ümumi fikri və estetik istiqamətini tamamlayırdı”4 Lakin Cüney Azərbaycanda 1945-46-cı illərdə baş vermiş və Fərzanə kimi ziyalıların böyük ruh yüksəkliyilə çalışıb ana Vətənə xidmət etmələri üçün münbit şərait yaratmış milli istiqlal uğrunda hərəkat məğlubiyyətə uğradılır. S.C.Pişəvərinin rəhbərliyilə geniş vüsət almış və xalqın qələbəsi ilə nəticələnmiş böyük inqilab qan dənizində boğulduqdan sonra başlanan kütləvi qırğın, həbs və təzyiqlərdən canını qurtaran bir çox aydın ölkədən mühacirət edir. Şahın səlahiyyətli məmurları Milli hökumətin bütün yaradıcılıq sahələrində izini silmək üçün onunla bağlı hər şeyi məhv edirdilər. Azərbaycan türkcəsində yazılmış kitablar, qəzet və jurnallar, sənədlər, qiymətli əlyazmalar tonqallarda yandırılır, ziyalılar ciddi təqib olunur, kütləvi şəkildə işdən çıxarılır, sorğu-sualsız zindanlara atılırçox vaxtlarda isə öldürülürdü. Məhəmmədəli Fərzanə də kitabхanadakı işindən çıxarılır. Fərzanənin əqidə və məslək dostlarının bir çoxu öldürülmüş, zindanlara atılmış, ən yaxşı halda isə Sovet Azərbaycanına mühacirət etmək məcburiyyətində qalmışdılar. O isə həyatının təhlükədə olduğunu bildiyi halda, ölümü gözə alır və Vətəni tərk etmir. Gizli fəaliyyətə keçir və elmi-ədəbi istiqamətdə həyata keçirdiyi işlərini davam etdirir. Öncə “Təbriz” qəzetində ədəbi-tənqidi yazılarla çıxış edir. Bu yazılarında o, (məsələn, Təbriz Universitetinin əsərləri haqqında yazdğı məqalədə) klassik ədəbiyyatın özəlliklərini, xüsusilə bədii xüsusiyyətlərini diqqət mərkəzinə gətirir. Quzey Azərbaycanda yayımlanmış və elmi prinsiplər əsasında sovet dövrü Azərbaycan ədəbiyyatı tarixini sistemləşdirmək istiqamətində ilk təşəbbüslərdən olan “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabı ilə də həmin illərdə tanış olan tədqiqatçı nəşr haqqında müxtəsər məlumat xarakterli rəy yazır. Həmin rəyi 1947-ci ildə “Şəfəq” dərgisində dərc etdirən Fərzanə Cüney Azərbaycanda yetişmiş bir ziyalı-tədqiqatçı mövqeyindən yanaşaraq qədim və zəngin ədəbiyyatımızın müqtədir nümayəndələrindən bəhs edilmiş bu nəşrin tanıtım xarakterinə görə də əhəmiyyətini xüsusi vurğulayır, klassik ədəbiyyatımızın korifey sənətkarlarından – Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli və başqalarından fərəhlə, böyük sevgilə söz açır. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabından sonrakı ədəbi yazılarında da bəhrələnir. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabında Nizami və Füzuli haqda verilmiş oçerklər ilkin mənbə kimi çox köməyinə gəlir və ədib dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılı-ğına dair sanballı elmi məqalələr yazır. Nizami Gəncəvinin yaradıcılığından fars dilinə çevirdiyi qəzəllərdən ibarət «Nizamidən 30 qəzəl» adlı kitab da hazırlayır və “Nizami yaradıcılığına bir baxış” müqəddiməsini yazaraq nəşr etdirir. O, bu istiqamətdəki bütün yazıları, əvəzsiz çabaları ilə Cüney Azərbaycanda yaşayan soydaşlarına klassik və çağdaş Azərbaycan ədəbiyyatını tanıdır, onları bu qutsal yolla tarixi yaddaşına, milli kimliyinə qovuşdururdu. Məhəmməd Füzulinin zəngin bədii irsinə dərin məhəbbətlə qələmə aldığı «Füzuliyə yeni bir nəzər» adlı elmi məqaləsində Məhəmmədəli Fərzanə Güney oxucularını ölməz şairin həyat və yaradıcılığının bəzi məqamları ilə tanış edir. Azərbaycan xalqının hiss və həyəcanlarını, duyğu və düşüncələrini tərənnüm edən Füzulini dünyaya səs salan cahanşümul bir şair kimi qiymətləndirir və «Şikayətnamə»yə xüsusi həssaslıqla yanaşır: «Bu əsər şairin müsaib zamanlarda söylədiyi şikayətlərin bədii, şairanə nümayişidir. Füzuli bəzi açıq danışan adamlar kimi, sözün ixtiyarını əldən verməmiş, bəlkə də həyatının bütün acılarına, həqarətlərə qarşı bir ədib gülüşü ilə amadə etmişdir». Fərzanə «Vətən yolunda» qəzeti oxucularının, eləcə də xalqının nəzərinə çatdırır ki, dahi Füzuli Azərbaycan ədəbiyyatı tarixində ilk qüvvətli mərsiyələr yazan şairdir, onun təkrarsız nəsri isə səlis və rəvandır». Lakin Füzulinin dövründə yazılan əsərlərin çoxu «sərfəlbiyat və təəssüf doğurduğundan indiyədək məşhur olmamışdır. Ancaq dahi Füzulinin əsərləri, əşarı qədimdən bəri böyük bir iştəva (məhəbbət) və rəğbətə qabil olduğundan dəfələrlə tabe və təmsil (nəşr) edilmiş, dilimizə aşina olan xalqlar tərəfindən də oxunmuş və sevilmişdir». Ölməz şairin ədəbi dairəsinə, ədəbiyyat tarixində tutduğu mövqeyinə, əsərlərinin sevilə-sevilə oxunaraq göz üstündə saxlandığına, yaşadığı dövrün, mənsub olduğu «qövmün gördüyü və eşitdiyi vəqain ayinəsi» olduğuna diqqəti yönəldən Fərzanə Füzulini ədəbi məktəb yaradan sənətkarlardan sayır.
Tədqiqatçının fikrincə, şairin və şeirin, sözün ucuz tutulduğu, qiymətlən-dirilmədiyi bir zamanda, onu Rumi Bağdadiyə Bir dövrdə gəldik bu fani aləmə biz kim, Asari-Kərəm var nə bəşərdə, nə mələkdə, - beytini yazmağa vadar edən bir dövrdə Füzuli ədəbiyyat, söz sənəti və Azərbaycan xalqı qarşısında «mühüm vəzifələrini anlaya-anlaya, sevə-sevə öz prinsiplərinə kəsalət gətirmədi, kimsədən rəğbət və məhəbbət görmədiyi halda, tutduğu yoldan dönmədi. Tutduğu yolun doğruluğuna əminliklə yazdı ki:
Dövran istər ki, xar nəzm,
Biizzəti etibar ola nəzm,
Mən möntəzərəm, berəm rəvacin
Bimar isə eyləyəm əlacin. 5
M.Fərzanə vurğulayır ki, dahi söz ustası öz şeirlərini «rüsxəti-ədəb» olması arzusu ilə qələmə almışdır. Çünki Füzuli şeir yazmağa başlamazdan əvvəl mükəmməl təhsil almağa çalışıb. Əlində, könlündə olan ağıllı və nağıllı elmləri öyrənib. “Həm alim olub, həm şair, çünki o, elmsiz şairi əsası yox divar sanıb, əsassız divar isə bietibar». Alimin qənaətinə görə, Füzulinin 15 yaşından şeirə həvəs göstərməsi onun təbiətinin cilasını bildirir: “Füzulinin şeiriyyət səbəbi üsulu-bənddən əvvəl şairanə həzin əfkarıdır. Öz əsərlərini doğma Azərbaycan dilində yazan bu dahi sənətkar tazə Azərbaycan ədəbi dilinin əsasını qoymuşdur.6
Güney Azərbaycanda baş verən ictimai-siyasi hadisələr burulğanının düz mərkəzində olan Fərzanənin də qismətinə məhbəs həyatı yaşamaq düşür. Lakin istedadlı alim məhbəsdə yaşadığı əzablı 5 ildə də fəaliyyətini dayandırmır və məhkumlar arasında «Ana dilini öyrənənlər qrupu» yaradaraq dəmir barmaqlıqlar arasında doğma ana dilini təbliğ və tədris edir. Həbsdən azad olunduqdan sonra da davam edən təqiblər üzündən o, 1953-cü ildə doğma Təbrızdən Tehrana köçməli olur.
Çünki 1953-cü ildə İranda yeni hakimiyyət dəyişikliyi nəticəsində irtica yenidən tüğyan eləməyə başladı. Hər tərəfə yenidən zülmət çökdü, dillərə qıfıl vuruldu. Belə mürəkkəb, çətin zamanda Təbrizdə sanki bir işıq parladı və
donmuş ürəkləri, buz bağlamış beyinləri aydınlatdı, bağlı dillərin qıfıllarını açdı. Bu işığı ədəbi aləmdə Azərbaycanın dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» mənzuməsinin ərsəyə gəlməsi yandırmışdı. Əsərin əlyazması Təbrizdən Tehrana da gətirib çıxarılır və poema Tehranda da böyük ruh yüksəkliyi və həyəcanla qarşılanır. 1992-ci ildə “Şəhriyar” qəzetinə verdiyi müsahibəsində xəyalən o illərə qayıdan Fərzanə əsərin əlyazmasının surətini («Heydərbabaya salam» mənzuməsi hələ kütləvi tirajla çap olunmamışdan öncə, 1951-ci ildən əlyazmasının üzü çıxarılaraq yayılmağa başlanmışdı) ona Hüseynqulu Coşğun Katibinin gizlicə Təbrizə gedərək oradan gətirdiyini və sonsuz sevinclə cibindən çıxarıb verdiyini söyləyir. O zaman Təbrizə yolu bağlanmış, Tehranda yaşamaq məcburiyyətində qalmış Fərzanə əsəri göz yaşları içərisində oxuyur və sevincini çox sevdiyi, yaradıcılığı haqqında ciddi tədqiqat apardığı Bulud Qaraçorlu Səhəndlə bölüşür. Əsəri oxuduqdan sonra Səhənd də eyni hissləri yaşayır və sevinclə kədər qarışıq hissdən doğan göz yaşları içərisində dostunun boynuna sarılır. Fərzanə o gündən sonra Səhəndin nisbi dincliyinin pozulduğunu, hətta hakim rejim tərəfindən həbsə atılarkən belə, zindanda da bu barədə düşündüyünü, “Araz” və “Xatirə”, həbsdən sonra isə “Sazımın sözü” poemalarını da məhz «Heydərbabaya salam» poemasından ilham alaraq yazdığını vurğulayır: ”Səhənddə bir ruh yüksəkliyi yaranır. Gecələr yatmır, siqaret çəkir və yazır. “Sazı-mın sözü”nün I cildi yaranmağa başlayır.” 7
Fərzanə bu əsəri möcüzə səviyyəsində dəyərləndirdiyindən «Heydərbabaya salam» poemasına həsr olunmuş nəzirələri, şairə ünvanlanmış məktubla-rı bir kitabda toplayır və «Heydərbabaya salam» mənzuməsinin özünəməx-susluğu, bədii dil xüsusiyyətləri, yüksək şeiriyyəti və orijinallığından bəhs edən müqəddimə yazaraq 1969-cu ildə «Şəhriyar və Heydərbaba (farsca)» adı ilə nəşr etdirir.
O, əsl vətəndaş ziyalı kimi müxtəlif dövrlərdə baş vermiş önəmli hadisələri, milli azadlıq uğrunda mubarizələri, xalq təfəkkür və mədəniyyətinin təkamül yollarının, inkişaf istiqamətlərinin tədqiqində şifahi xalq ədəbiyyatı nümunələrinin böyük elmi, bədii və tarixi əhəmiyyətə malik olduğunu dərindən dərk edirdi. Ardıcıl olaraq apardığı folklor araşdırmalarında məhz Azərbaycan xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatımız arasında sıx əlaqənin, qarşılıqlı təsirin tarixən mövcud olduğunu bu əlaqənin mövcudluğunda aşıqların mühüm rol oynadığını diqqət mərkəzinə çəkirdi. Fərzanə yazırdı: “Azərbaycan xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatı arasında sıx əlaqə, qarışılıqlı təsir və biri–birinə nüfuz göstərmə xüsusiyyəti vardır. Yazıçı və şairlərin şifahi ədəbiyyatın məzmun, fikir, vəzn və ifadə vasitələrindən faydalandıqlari kimi, xalq ədəbiyyatının ifaçısı olan aşıqlar və habelə xalq kütlələri özləri də bu sənətkarların əsərlərindən istifadə etmiş və şifahi xalq ədəbiyyatı xəzinəsini zənginləşdirmişlər.”8
Bütün həyatı, çoxşaxəli fəaliyyəti boyu Güney Azərbaycanda yaranmış şifahi xalq yaradıcılığı, folklor nümunələrini, zəngin şifahi söz sənəti incilərini ardıcıl olaraq toplayıb nəşr etdirən və inadkar alim qətiyyəti ilə araşdıran, bununla da Güney Azərbaycan folklorşünaslığının təməlini qoyan ədibi Şəhriyarın anadilli şeir dili ilə xalqın folklor təfəkkürü arasındakı güclü bağlılıq, sıx əlaqə, üslubundakı orijinallıq heyran edir. Ona görə də fədakar tədqiqatçı qələmə aldığı «Heydərbabanın bədii xüsusiyyətləri» adlı məqaləsində «Heydərbabaya salam» mənzuməsinin bədii dil xüsusiyyətlərinin, poetikasının təhlilinə geniş yer verir. Şəhriyarın anadilli şeir dili ilə folklor təfəkkürünün əlaqələrini konkret misallar əsasında təhlil edir, dil və üslub məsələlərini araşdırır. Fərzanənin Şəhriyarın anadilli şeir dili ilə bağlı gəldiyi qənaət olduqca maraqlıdır. O, Şəhriyar
dilinin qeyri-adiliyinin və bütün türk elləri ədəbiyyatına böyük ədəbi təsirinin sirrini onun folklor və yazılı poeziya dili zəminində pərvəriş tapması ilə əlaqələndirməklə kifayətlənmir, şairin qeyri-adi şeir dilini əfsanəvi bir dil, möcüzə sayır: “Bu dil ana dili Azərbaycan dili olan fars dilli bir dahi şairin ucalığıdır, istedadının möcüzəsidir.”9
Ustad Şəhriyar da Fərzanənin misilsiz xidmətlərini unutmamış, “Dərya elədim” qəzəlində şəxsiyyətini və böyük əməllərini təqdir edərək onun haqqında aşağıdakı beyti yazmışdır:
Bax ki, Tehranda nə Fərzanələr olmuş Valeh,
Bax ki, Təbrizdə nə şairləri Şeyda elədim.
“Zəbani dəstur zəbane Azərbaycan (farsca)”, “Gozidehayi əz Təranehaye (farsca tərcumə)”, “Çenin bud əmma çenin nəxahəd bud (farsca tərcumə)”, “Guşehayi əz Xaterat və çənd dastan əz-Cəlil Məmmədquluzadə (farsca)”, “Şəhriyar və Heydər Baba (farsca)”, “Azərbaycan dilinin qirameri (qrammatikası)”, “Vajenameye Avazi (Azərbaycan dili barəsində, farsca)”, “Rəsul Rzanın şerlərinin farsca tərcüməsi (farsca)”, “Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası, farsca)”, “Fərhənge Loğate Azərbaycan (farsca)” kimi əsərləri fars dilinə tərcümə edərək çap etdirən və bundan böyük qürur hissi yaşayan Məhəmmədəli Fərzanə həmin nəşrlər vasitəsilə milli varlığımızı, milli mənsub-luğumuzu, kimliyimizi üzə çıxarmaq, başqa xalqlara möhtəşəm Azərbaycan ədəbiyyatını, böyük mədəniyyət abidələrimizi tanıtmaq missiyasını həyata keçirir, eyni zamanda, doğma türkcəmizin yasaqlandığı bir mühitdə onu fars dilində elə farsların özünə qürurla təbliğ edirdi. Xalqının işıqlı sabahını düşünən və bu işıqlı sabahın qurucuları olacaq uşaqların milli ruhda, vətənsevər böyümələri üçün uşaq folkloru nümunələrinin son dərəcə mühüm əhəmiyyət daşıdığını qeyrətli, vicdanlı alim kimi dərindən dərk edirdi. Buna görə, həm də incə bir sənət kimi dəyərləndirdiyi uşaq folkloru nümunələrini səylə toplayır və nəşr etdirirdi. “Uşaq folkloru nümunələrini necə toplamalı” adlı məqaləsində ürək yanğısı ilə uşaq folkloru nümunələrini toplamağın yollarını həmkarlarına, bu müqəddəs işə maraq göstərənlərə başa salır, gərəkliliyinə diqqəti yönəldirdi: “Sabah artıq çox gec olacaq, biz bu gün və elə bu gün körpələrimizin mənəvi tərbiyəsi xatirinə, mənliyimizi və kimliyimizi uşaqlara aşılamaq xatirinə laylalarımıza, nazlamalarımıza, nağıllarımıza qayıtmalı və bunları böyük milli-mənəvi bir miras kimi qorumalıyıq. Uşaq folklorumuz bütün əlvanlıqları, pedaqoji və psixoloji dəyərləri ilə bərabər ümumi folklor və xalq ədəbiyyatımızın ayrılmaz bir hissəsi sayılır.”10
«Heydərbabaya salam» mənzuməsi məhz Azərbaycan dilində Təbriz şivəsinin şirinliyində qələmə alındığından, Azərbaycan milli koloritini, milli psixologiyasının özəlliklərini, xalqın duyğu və düşüncələrinin bədii-poetik əksi olduğuna görə qısa müddətdə bütün İranda və türk xalqları yaşayan ərazilərdə, Türküstan ellərində geniş şəkildə yayılır. Tehranda tezliklə «Heydərbaba» dərnəyi yaranır. O zaman «Heydərbaba» dərnəyinin üzvlərindən Səhənd, M.Fərzanə, C.Baxçaban, Doktor Hüseynqulu Katibi-Coşqun, Məhəmmədəli Azəri, Gəncəli Səbahi, Mirmehdi Etimad, N.F.Atəşbak, Əli Təbrizi, Doktor Salamullah Cavid və b. keçirdikləri iclaslarda yeni şeir və nəsr nümunələrini oxumaqla bərabər yeni kitablar yazmaq barədə də düşünürdülər. N.F.Atəşbakın «Yade əz-Heydər baba», Doktor Cavad Heyətin “Folklor nümunələri”, Səhəndin «Sazımın sözü», Fərzanənin «Azərbaycan dilinin qrammatikası», «Bayatılar məcəlləsi» və s. kitabların təməl daşları bu dərnəkdə qoyulmuşdur.
Sonradan Həbib Sahir, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi Sönməz, Doktor Həmid Nitqi və başqaları da «Heydərbaba» dərnəyinə üzv oldular. Dərnək ən ağır şəraitdə belə öz varlığını saxlayır, fəaliyyətini davam etdirirdi. Folklor, şifahi ədəbiyyat qaynaqlarına ruhən və mənən bağlanan M.Fərzanə bu müddətdə öz dəyərli tədqiqatlarını daha da dərinləşdirirdi. Ədibin 5 illik həbsxana həyatını yaşadığı dövrdə qələmə aldığı dəyərli elmi əsəri Güneydə Azərbaycan dilinin qrammatikasına aid ilk nəşr olan «Azərbaycan dilinin qrammatikası» kitabı (2 cilddə) dörd dəfə çap olunmuş, uzun illər Azərbaycan dilini böyük bir xalqın sərbəst, müstəqil dili deyil, ləhcə, şivə kimi təfəkkürlərə zorla yeridən fars şovinistlərinin apardıqları ayrı-seçkilik, türk dilini unutdurma siyasətinə tutarlı elmi cavab oldu. Elə bu cəhətinə görə də kitab mövcud rejim tərəfindən qadağan olunmuş, yayılmasının qarşısı alınmışdır. Lakin bu qadağalara rəğmən, «Azərbaycan dilinin qrammatikası» kitabının sorağı Quzey Azərbaycan, Türkiyə və Avropaya da gedib çatdı. Azərbaycan Milli Elmlər Akademiyasının da müsbət rəy verdiyi "Azərbaycan türkcəsinin qrammatikasının əsasları" kitabı Avropanın qabaqcıl təhsil ocaqlarında mühün elmi hadisə kimi qiymətləndirildi. «Almaniyada Köln Universitetinin professoru, məşhur şərqşünas alim Drofer bu kitabla tanışlıqdan sonra ona müsbət rəy verərək almancaya çevirdi. Bu gün həmin kitab Köln Universitetinin şərqşünaslıq fakültəsində dərs vəsaiti kimi işlənir. Həcmcə çox da böyük olmayan bu iki cildlik kitabın dəyəri onun özündən sonra Azərbaycan dilçiliyinə aid onlarla elmi kitabların yazılmasına örnək ola bilməsindədir».11
1977-ci ildə M.Fərzanə qardaşı Yusif bəylə birlikdə «Fərzanə yayım evi»ni yaradaraq bir çox kitabların ana dilində nəşrini həyata keçirmişdir. Burada təkcə 10 il ərzində 50-dən artıq dərslik, ədəbiyyat və tarix kitabları çap olunmuşdur. Özünün Milli Hökumət dövründə yazdığı “Ədəbi qiraət” adlı dərslik kitabı, S.C.Pişəvərinin məqalə və nitqləri, M.Ə.Sabirin “Hophopnamə”si, III cildlik “Klassik şeirlərdən seçmələr”, “Səməd Vurğun”, Ə.Babayevanın “Haradasan dost, harada”, N.Axundovun “Azərbayacan satirik ruznamələri” bu dəyərli kitabların sırasındadır. O, İran İslam İnqilabını “folklor araşdırma-ları tarixində mərhələ sayır və göstərir ki, yeni inqilabi İran Konstitusiyası
Bütün xalqların hüquq bərabərliyini və öz dil və mədəniyyətlərini inkişaf
etdirmək hüququnu təsdiq etmiş oldu.”12 Lakin bu təsdiqin öz xalqına,
Azərbaycan türklərinə şamil edilməməsi, türkdilli xalqların yaşadığı geniş ərazilərdə “nə bu dildə dərs keçmək, nə universitetlərdə bu dilin özü və ədəbiyyatı üçün fakültə yaratmaq, nə də radio və televiziya kimi ümumi vasitələrdə bu dil və onun zəngin folkloru barədə sağlam və öyədici proqramlar yerləşdirmək sahəsində məsul orqanlar tərəfindən heç bir işin görülməməsi” və belə halların get-gedə güclü assimilyasiya siyasətinə çevrilməsi təəssübkeş ziyalının mənliyinə toxunurdu. O, çıxış yolunu doğma dilə və bu dildə yaradılmış möhtəşəm mili-mədəni irsə, folklor xəzinəsinə sahib çıxmaqda, Güney folklorunu bütünlüklə toplayıb nəşr etməkdə, elmi tədqiqata cəlb olunmasında görürdü...
Azərbaycan söz sənətinin həqiqi aşiqi olan alimin İranda folklorla bağlı dərc olunmuş əsərlər arasında tirajına görə 1-ci yeri tutan «Bayatılar məcəlləsi» 1979-cu il İslam İnqilabından sonra 8 dəfə nəşr olunmuşdur. Daha sonra «Dədə Qorqud boyları» (müqəddimə və mətn), «Heydərbaba və Şəhriyar (nəzirələr və məktublar)», «Molla Nəsrəddin lətifələri» (müqəddimə və mətn), «Azərbaycan folklor antologiyası», «Azərbaycan klassik şeirindən müasir şeirinə qədər», «Azərbaycan xalq mahnıları», «İran xalq mahnıları Azərbaycan dilinə şeir tərcümələri ilə», «Nizamidən 30 qəzəl», «Azərbaycan folklor dəftərləri, atalar sözləri və məsəlləri», «Azərbaycan dilinin fonetik lüğəti», «Azərbaycan dilindən fars dilinə tərcümələr», «Azərbaycan söz inciləri» (3 cilddə) və b. kitabları tərtib etmiş, ön söz, elmi məqalə və müqəddimələrlə, şərh və izahlarla çap etdirmişdir.
Azərbaycan ədəbiyyatının, şifahi söz sənətinin fədakar bilicisi və mübariz keşikçisi olan M.Fərzanənin görkəmli yazıçı və şairlər, həmçinin Azərbaycan dili və tarixi haqqında 100-dən çox elmi məqaləsi, «Ana dilimiz və milli varlığımız haqqında xatirələr» silsiləsindən 25 yazısı 1979-cu ildən Tehranda nəşrə başlayan «Varlıq» məcəlləsində dərc olunmuşdur. Məhəm-mədəli Fərzanə “Varlıq” jurnalında həm naşir, həm də dilçi alim kimi ciddi fəaliyyət göstərirdi.
«Varlıq» məcəlləsində dərc edilmiş bu məqalələrdə vətəndaş yazıçı Azərbaycan xalqının tarixən üzləşdiyi haqsızlıq, milli zülm və ədalətsizliklər, ana dilinin qadağan olunması ucbatından çəkdiyi əzabları təhqiramiz həyatı, ziyalı təbəqənin milli dil, elm, təhsil uğrunda apardığı ölüm-dirim mübarizəsini xatirələrinin işığında qələmə almışdır. Azərbaycan dili və ədəbiyyatının, zəngin mədəni irsimizin cəfakeş tədqiqatçısının səylə fars və ərəb qrafikasında tərtib etdiyi “Azərbaycan dilinin səsli fonetika lüğəti”, “Mahnılar” kimi kitabları, eləcə də digər əsərləri arxivində çap olunmamış qalır və öz xeyirxah naşirini, Fərzanə kimi Vətən, millət və mədəniyyətimizin yeni fədaisini gözləyir. Tədqiqatçı Aqşin Ağkəmərli Fərzanənin çoxşaxəli fəaliyyətinin, hərtərəfli yaradıcılığının səbəblərini konkret olaraq belə əsaslandırır və dəqiq dəyərlən-dirmələr aparır: "Güneyli ziyalıların durumu ilə Quzeyli ziyalıların durumu arasın-da fərq çoxdur. Quzey Azərbaycanda hər kəs konkret öz işi ilə məşğuldur. Məsələn, tarixçi daha çox öz peşəsi ilə məşğuldur, nadir hallarda ədəbiyyatçılıqla məşğul ola bilər. Ancaq Güneydə şair tarixçi, ədəbiyyatçı, tədqiqatçı, folklorçu olmalı, hətta daxili və xarici siyasəti gözəl bilməlidir. O, prinsipcə buna məcbur-dur. Çünki Güneydə məsələ başqa cür formalaşıb. Burada nə iş görsən, ilk növbədə siyasi anlama, kimlik məsələsinə dayanır. Bizim məqsədimiz odur ki, millətimiz öz kimliyinə, tarixi taleyinə sahib dursun. Millət öz kimliyini tanımadığı dərəcədə başqalarının köləsi olacaq. Millət özünü tanıdığı dərəcədə böyük, yüksək olur. Millətimizin kimliyi bu gün onun dilində, folklorunda, Dədə Qorqudluğunda, Babəkliyində, Koroğluluğundadır. Millətin yetişməsi üçün bu və başqa mənəvi sərvətlərə sahib durmağımız lazımdır. Millətimizin azadlığı, haqq savaşı uğrunda döyüşmək vicdan işimizdir, milli borcumuzdur. Millətimizin bizə etibar etdiyi ruh yaddaşını, adət-ənənəni, folklorunu qoruyub-saxlamalı, sabaha çatdırmalıyıq. Güney Azərbaycanda millətimizin milli kimliyinin, mənəvi sərvətlərinin tanıdılmasında Fərzanənin mühüm xidmətləri var".13 Azərbaycançılığın, milli şüurun, milli məfkurənin, milli ruhun mübariz keşikçisi, tədqiqatçısı və alovlu təbliğatçısı olan M.Fərzanə səhhətində, daha doğrusu illərlə doğma yurdunun, dilinin və xalqının əsir taleyinin dərd yükünü daşıyan ürəyində yaranmış problemlərin aradan qaldırılması və xəstəliyinin müalicəsi ilə əlaqədar olaraq bir müddət Almaniyada, sonra isə İsveçin Höteburq şəhərində yaşamışdır. İxtiyar yaşlarında yenidən qürbət həyatı yaşamalı olan nisgilli ədib burada da ədəbi-elmi fəaliyyətini davam etdirmişdir. Ürək xəstəliyindən əziyyət çəkən görkəmli ziyalı 2006-ci il yanvar ayının 17-də vəfat etmişdir.
Nəşr olunmuş kitabları:
“Bayatılar”, “Dədəmin kitabı”, “Mirzə Baqir Hacizadədən çap olunmuş xatirələr”, “Azərbaycan el mahnıları”, “Azərbaycan uşaq folkloru”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycan el sözlərı”, “Təmsillər və məsəllər”, “Azərbaycan aşıqları antologiyası”, “Məqalələr”, “Ana dilimiz və milli varlığımız haqqında xatirələr”.
Fars dilinə tərcümələri
“Zəbani dəstur zəbane Azərbaycan (farsca)”, “Gozidehayi əz Təranehaye (farsca tərcumə)”, “Çenin bud əmma çenin nəxahəd bud (farsca tərcumə)”, “Guşehayi əz Xaterat və çənd dastan əz-Cəlil Məmmədquluzadə (farsca)”, “Şəhriyar və Heydər Baba (farsca)”, “Azərbaycan dilinin qirameri (qram-matikası)”, “Vajenameye Avazi (Azərbaycan dili barəsində, farsca), Rəsul Rzanın şerlərinin farsca tərcüməsi”, “Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası, farsca), “Fərhənge Loğate Azərbaycan (farsca)”
İstifadə olunmuş ədəbiyyat
. «İlk müəllimim anam olub», «Respublika» qəzeti, 27 noyabr 1999-cu il.
2. Yenə orada.
3. Yenə də orada.
4. R.Əliyev. Taleyin sözü, “MBM” nəşriyyatı, 2008, s.323.
5. «Vətən yolunda» qəzeti, Təbriz, № 1946.
6. «Vətən yolunda» qəzeti, Təbriz, № 1946.
7.“Şəhriyar” qəzeti, “Heydərbabanın izi ilə”, 22 oktyabr 1992-ci il.
8. Fərzanə Məhəmmədəli, Məqalələr, Riza Həmraz, 1384(2005)-cü il, s.193-194.
9.“Şəhriyar” qəzeti, “Heydərbabanın izi ilə”, 22 oktyabr 1992-ci il.
10. “Varlıq” jurnalının 1994-cü il 2-ci sayı, s. 31.
11. Ş.Tağıyeva, Ə.Rəhimli. Güney Azərbaycan, Bakı, 2000, s.397.
12. R.Əliyev. Taleyin sözü, “MBM” nəşriyyatı, 2008, s.329.
13.“Ulu Türk yurdu Borçalı, Noyabr 2008-ci il.
Dostları ilə paylaş: |