“Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İnformasiyanın əldə edilməsi, məlumata çıxışın təmin olunması müasir cəmiyyətimizdə ən vacib və mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Digər tərəfdən, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsri olan XXI əsrdə müasir texnologiyalar həyatımızın bütün sahələrinə sürətlə daxil olduğundan və İKT cəmiyyətin inkişafına təsir göstərən amillərdən biri sayıldığından müasir dövrdə innovativ inkişafa nail olmaq üçün İKT-nin tətbiqi başlıca şərtlərdəndir. Bu baxımdan, müasir informasiya texnologiyalarından istifadə etməklə, «Elektron hökumət»in formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» əsasında işlənib hazırlanmış «E-hökumət» layihəsi dövlət qurumlarının ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlər göstərməsi, e-xidmətlərin göstərilməsi üçün vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması, informasiya tələbatının dolğun ödənilməsi, əlavə xərcin və vaxt itkisinin aradan qaldırılması və sair məqsədlərə xidmət edir. Başqa sözlə, «E-hökumət» layihəsi Azərbaycan hökuməti üçün müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artmasına, büdcə vəsaitlərinə qənaət edilməsinə, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalmasına, dövlət orqanlarının vahid informasiya fəzasının formalaşmasına və təhlükəsizliyinin təmin olunmasına, həmçinin, effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olmasına şərait yaradır. «E-hökumət» layihəsinin vətəndaşlar üçün faydasına gəlincə, bu layihə vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsinə, vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə, informasiya tələbatının dolğun ödənilməsində rahatlığın təmin olunmasına, məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsinə yaxından köməklik göstərir. «E-hökumət» layihəsi biznes sektoru üçün çox böyük əhəmiyyətə malikdir. Belə ki, bu layihənin köməkliyi ilə biznes qurmanın dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması, iqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması mümkünləşir. Xatırladaq ki, ölkəmizdə «E-hökumət» quruculuğuna hələ 2004-cü ildən start verilmişdi. Belə ki, həmin ildən başlayaraq ölkədə «Elektron Azərbaycan»ın qurulması istiqamətində xeyli irəliləyişlər əldə edildi. İlk olaraq dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) birinci mərhələsi təsdiq olundu və ölkədə qabaqcıl texnologiyalara əsaslanan telekommunikasiya infrastrukturu müasir dövrün tələblərinə cavab verməyə başladı. Həmçinin, sistemin şəffaflığını təmin etmək məqsədilə prezident tərəfindən bir sıra digər fərman və sərəncamlar imzalanaraq, onun hüquqi bazası möhkəmləndirilmişdi. Layihənin birinci mərhələsində də ilk olaraq yaradılacaq sistem üçün qəbul edilmiş qanun və qanunvericilik aktları öyrənilmiş və ayrı-ayrı təşkilatlar tərəfindən vətəndaşlara təqdim olunan müxtəlif elektron xidmətlərin, vətəndaşlarla dövlət strukturları arasındakı münasibətlərin və sair analizi aparılmışdı. Həmin analiz nəticəsində də layihənin planı tutularaq yaradılacaq sistemin ümumi strukturu hazırlanmışdı. Həmin struktura uyğun olaraq sistemin adı: “Elektron Hökumət Dövlət İnformasiya Sistemi” kimi müəyyənləşdirilmiş və həmin sistemi yaradıb quraşdırmaq üçün iştirakçı təşkilatlar kimi “BEST Solitions”, “ACTORS IT”, “Cybernetica” və “SayberNet” seçilmişdi. 23 may 2011-ci il tarixdə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı və həmin fərmanın icrasından irəli gələn tələblər əsasında ilkin mərhələdə «Elektron Hökumət» şlüzünə qoşulacaq bəzi təşkilatlarla şəbəkədaxili fiziki əlaqə yaradılaraq, onlar tərəfdən vətəndaşlara göstəriləcək elektron xidmətlər üçün servis proqramları hazırlanmışdı. Üçüncü, yəni sonuncu mərhələdə isə «Elektron hökumət» şlüzünün istismarı prosesinə başlanılmışdı. Belə ki, 25 aprel 2012-ci il tarixdə «Elektron hökumət»in istismarının birinci fazası istifadə üçün açıq elan edilmişdi.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin bir məkanda cəmləşdirildiyi «Elektron hökumət» portalı "bir pəncərə” prinsipi əsasında yaradılır. Bu baxımdan dövlət başçısının «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar yaradılmış «E-hökumət» portalı (www.e-gov.az) artıq daim dinamik inkişaf edən bir resursa çevrilib. Azərbaycanda “Elektron hökumət” quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. Xatırladaq ki, dövlət orqanları ilə onların yerli şöbələri arasında elektron məlumat mübadiləsini təmin edən korporativ şəbəkənin qurulması, sözügedən dövlət orqanlarının fəaliyyətinin avtomatlaşdırılması istiqamətində görülən işlər, vətəndaşlardan kağız formasında daxil olmuş müraciətlərin elektron formata keçirilməsi yolu ilə vətəndaşların müraciətləri üzrə dövlət orqanları və onların yerli şöbələri arasındakı kağız formada poçt və ya faks vasitəsilə həyata keçirilən kargüzarlığın aradan qaldırılması və həmin müraciətlərin daha operativ qaydada cavablandırılması, biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, mühüm və əhəmiyyətli sahələr üzrə tam elektronlaşdırılmanın aparılması və sair proseslər vətəndaşlarla dövlət orqanları arasında münasibətlərin sadələşdirilməsi, kağız daşıyıcılarından istifadənin, həmçinin əlavə xərcin və vaxt itkisinin aradan qaldırılması, şəffaflığın təmin olunması və bu şəffaflığın daha da artırılması ilə nəticələnib. Bu baxımdan da dövlət orqanlarının www.e-gov.az-a təqdim etdikləri e-xidmətlərin və bu portaldan istifadə edənlərin sayı aybay artır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, bu ilin oktyabrın 1-dək www.e-gov.az-a 48 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən
«E-hökumət» portalına inteqrasiya olunanların sayı 296-ya çatıb. 122 min 701 istifadəçidən 114 min 211 nəfəri onlayn qeydiyyatdan keçib, 8490 nəfər qeydiyyat mərkəzlərindən kod-parol alıb. Dövlət qurumlarına 15 min 310 ədəd, fiziki şəxslərə 5493 ədəd, hüquqi şəxslərə isə 3583 ədəd olmaqla 24386 e-imza sertifikatı verilib. Statistik uçotun aparıldığı 2012-ci ilin dekabrından 2014-cü ilin sentyabr ayının 30-a qədər www.e-gov.az-a müraciət edən 935 min 230 nəfər 2 milyon 645 min 769 dəfə bu portala baxıb və 5 milyon 64 min 756 e-xidmətə müraciət ediblər. Həmin şəxslər 10 milyon 441 min 45 dəfə müxtəlif səhifələrə keçid ediblər. Bundan əlavə, «E-hökumət»in gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində e-xidmətlərə bütün rayonlardan çıxışın təmin edilməsi, «ASAN mərkəz»in təqdim etdiyi xidmətlərin genişləndirilməsi nəticəsində Azərbaycan BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin «E-hökumət»in inkişaf səviyyəsinə görə hazırladığı «United Nations E-Government Survey 2014: E-Government for the Future We Want» reytinqində 28 pillə irəliləyərək 193 ölkə arasında 68-ci yeri tutub.
Ancaq bu gün bəzi qurumların «E-hökumət»in formalaşması və təkmilləşməsi istiqamətindəki fəaliyyəti qənaətbəxş deyil. Məsələn, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq olunmuş elektron xidmətlərin portala inteqrasiyası barədə məlumat»a əsasən, e-xidmətlərin www.e-gov.az-a inteqrasiyası üzrə xidmət təchizatçıları arasında fəal və qeyri-fəal qurumlar var. Araşdırmalarımıza görə, bu ilin oktyabrın 1-dək www.e-gov.az-a 48 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən 374-u vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunub. Lakin Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA) portala qoşulan təchizatçılar arasında qeyri-fəallıq göstərən əsas dövlət qurumları olublar. Belə ki, adları çəkilən qurumların təsdiq olunmuş bir neçə e-xidməti olsa da, bu xidmətlərdən www.e-gov.az-da olanların və adıçəkilən portalda yerləşdirilmiş e-xidmətlərinin ümumi sayı o-dır. DMAA həmçinin www.e-gov.az-a inteqrasiyada qeyri-fəal xidmət təchizatçıları sırasına daxil olan sonuncu qurumdur. Onun təsdiq olunmuş e-xidmətlərinin sayı 3, DMAA-ın saytında «Qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı» üzrə 3 və «Təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı» üzrə isə 3 xidmət yerləşdirilib. Bəzi qurumlar özlərinin təsdiq olunmuş e-xidmətlərinin sayının azlığına görə də diqqəti cəlb edir. Məsələn, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Respublika Baş Prokurorluğu kimi dövlət qurumlarının hər birinin yalnız 1 təsdiq olunmuş e-xidməti var. Vahid portala inteqrasiyada fəallıq göstərən qurumların siyahısına Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Dəniz Administrasiyası daxildir. Yerdə qalan qurumlar isə təsdiq olunmuş e-xidmətlərinin müəyyən hissəsini www.e-gov.az-a inteqrasiya edən təchizatçılar sırasında yer alıblar.
Təbii ki, «E-hökumət»in populyarlığının artırılması, «E-hökumət»in mahiyyətinin və dövlət orqanlarının təqdim etdiyi e-xidmətlərin geniş kütləyə çatdırılması üçün dövlət qurumlarından aktivlik nümayiş etdirmələri tələb olunmalıdır.
İnanırıq ki, həm Bakı şəhərində, həm də təbliğat və təşviqat işlərinin yüksək səviyyədə aparılması, dövlət qurumlarının aktivliyi hesabına Azərbaycan yaxın gələcəkdə «E-hökumət» quruculuğu sayəsində daha yüksək nəticələr əldə edəcək və dünyanın inkişaf etmiş və demoktarik ölkələrindən birinə çevriləcək.
Sevinc Osmanova
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin «Mənim Elektron Hökumətim» mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir