Mövzu: DƏMİr döVRÜNÜn maddi MƏDƏNİYYƏTİ



Yüklə 23,77 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü23,77 Kb.
#112927
  1   2
dəmir dovrü maddi mədəniyyəti

Mövzu: DƏMİR DÖVRÜNÜN MADDİ MƏDƏNİYYƏTİ
Dəmir dövrü bəşər tarixində texnoloji makroepoxaların daş və tunc dövrlərdən sonra gələn üçüncü dövrüdür. “Erkən dəmir dövrü” istilahı dəmir dövrünün ilkin mərhələsini əks etdirir. Məlum olduğu kimi, bəşər tarixinin istehsal-texnoloji əsas üzrə üç dövrə bölünməsi, daş və tunc dövrlərindən sonra dəmir dövrünün başlanması elmi konsepsiyası X.Y.Tomsen tərəfindən əsaslandırılmışdı (1836). Bundan sonra dəmir dövrünün xronoloji çərçivəsi və daxili bölgüsü üzrə XIX əsrdə uzun müddət diskussiyalar aparıldı. Tipoloji metodun əsasını qoyan Oskar Monteliusun mövqeyi üstünlük qazandı. O. Montelius göstərir ki, dəmir dövrünün başlanğıcı oykumenanın bütün bölgələrində eyni zamanda baş verməyib. Hər bir regionda dəmir dövrünün başlaması onun əmək alətlərinin və silahların hazırlanmasında başlıca materiala, xammala çevrilməsi ilə başlayır. Erkən dəmir dövrünün başlanğıcı müxtəlif ölkələrdə fərqlidir.

Bəşər övladının dəmirlə ilk tanışlığı hələ eneolit və tunc dövrlərində baş vermiş, meteorit dəmirdən bəzi bəzək əşyaları və bəsit əmək alətləri, silahlar hazırlanmışdı. Meteorit dəmir metallurgiya dəmirindən, yəni filizdən alınan dəmirdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Birincisi meteorit dəmirdə pasa yoxdur. Ikincisi meteorit dəmirin tərkibində nikelin faizi yüksək olur və bu onun daha möhkəm olmasını şərtləndirir. Meteorit dəmir əsasən soyuqdöymə üsulu ilə emal olunurdu. Amma, bəzi meteorit dəmir məmulatında isti döymə texnikasının tətbiqinin izləri qeydə alınıb.

Dəmirdən hazırlanmış ən qədim məmulat e.ə.VI minilliyə aid edilir və Mesopatamiyada Samirə mədəniyyətinə aid qəbirdən məlumdur. Buradan 14 kiçik muncuq və ya kürəcik (meteorit dəmirdən), eləcə də filizdən alınan dəmirdən dördtilli dəmir alət tapılıb. Tunc dövründə istehsal edilmiş dəmir məmulat kəmiyyət etibarı ilə xeyli artır. Ur şəhərinin hökmdar sərdabələrindən (e.ə.III minilliyin ortaları) xəncər, I Troyadan (e.ə.2600-2400) toppuz başlığı, Alaca Hüyukdan qızıl başlıqlı sancaqlar, asmalar və digər məmulat (e.ə.2400-2100), Tutanxamonun sərdabəsindən (e.ə.1375) aşkarlanmış çoxsaylı məmulat qeyd oluna bilər. Meteorit dəmirdən hazırlanmış, erkən tunc dövrünə aid nizə ucluğu Qarabağ bölgəsindən də məlumdur.

Yazılı mənbə məlumatı və arxeoloji faktik materiallar geniş şəkildə filizdən dəmir alınmasının e.ə.II minilliyin ikinci yarısında Anadoluda, Het şahlığında baş verdiyini təsdiqləyir. Çiy püləmə üsulu ilə filizdən istehsal edilmiş dəmir haqqında het mixi yazılarında məlumata rast gılinir. Misir fironu II Ramzesə (e.ə. XIV əsrin sonu – XIII əsrin əvvəlləri) ünvanlanmış məktubda dəmir ilə doldurulmuş gəminin göndərilməsi haqqında məlumat verilir.

Qonşu regionlarda çiy püləmə üsulu ilə filizdən dəmirin alınması texnologiyasının tətbiqi Anadolunun təsiri altında təxminən e.ə.II və I minilliklərin qovşağında baş verir. Polad məmulatının istehsalı Anadolu və Şərqi Aralıq dəniz bölgəsində e.ə.II miniliyin son rübündən məlumdur. Təsadüfi deyildir ki, e.ə.XIII əsrdə xett şahlığından Aşşur hökmdarına göndərilən məktubda polad “yaxşı dəmir” termini ilə qeyd edilib. Fələstində e.ə. XII əsrdən polad alətlərin hazırlanmsı şübhə doğurmur.

Anadolu və Şərqi Aralıq dənizi bölgəsinin təsiri altında e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Mesopatamiya və İranda dəmir dövrü başlayır. Maraqlıdır ki, Xorsabadda assur hökmdarı II Sarqonun sarayının arxeoloji qazıntılarından (e.ə.VIII əsrin son rübü) 160 tona yaxın dəmir xəlitə aşkarlanıb.

Irandan dəmir istehsalı təcrübəsi e.ə.I minilliyin əvvəlləri Hindistana, e.ə.VIII əsrdə Mərkəzi Asiyaya keçdi.

Avropada qara metallurgiyanın öncül mövqe tutması, yunan sivilizasiyası istisna olmaqla e.ə.VIII-VII əsrlərə aid edilir. Yunanıstan və Egey adalarında isə dəmir dövrü e.ə.X əsrdə başlayır.

Yeni, daha möhkəm və bərk metalın meydana çıxması və yayılması kənd təsərrüfatında, sənətkarlıq və hərbi işdə texnoloji tərəqqini sürətləndirdi.

Dəmirin filizdən alınması üsulunda iki mühüm mərhələ fərqləndirilir: a) dəmrin filizdən çiy püləmə üsulu ilə alınmasının kəşfi və bu üsulun təkmilləşməsi. b) Poladın alınması üsulunun kəşfi.

Filizdən dəmirin alınması xüsusi kürələrdə həyata keçirilirdi. Kürəyə xüsusi qayda ilə filiz və ağac kömürü yığılırdı. Zəruri hərarəti əldə etmək üçün kürəyə körük vasitəsi adi (çiy) hava vurulurdu. Dəmirin tam əriyərək filizdən ayrılması üçün 1528-1535 dərəcə lazımdır. Çiy püləmə üsulu ilə həmin hərarəti almaq mümkün deyil, yalnız maksimum 1200 dərəcəyədək hərarət əldə olunurdu. Həmin hərarətdə əmələ gələn xəmirəbənzər xəlitənin tərkibində çoxlu metal pasa olurdu. Kerədən çıxarılan xəlitə istidöymə üsulu ilə metal pasadan təmizlənirdi. Döyülərək metal pasadan təmizlənən xəlitə məmulatı hazırlamaq üçün standart ölçüdə, kütlədə kündə, bipiramida, yastı və s. formaya salınırdı.

Çiy püləmə üsulu ilə filizdən dəmirin alınması Anadoluda baş vermişdir. Alaca Hüyuk sərdabəsindən tapılan, e.ə.2400- 2100 –cü illərə aid edilən dəmir tiyənin əvvəllər meteorit dəmirdən hazırlandığı ehtimal olunurdu. Amma, spektral analiz onun tərkibində nikelin faizinin çox az olduğunu göstərdi. Hazırda ehtimal olunur ki, həmin tiyə dəmir filizindın və yaxud təbii qarışmış meteorit və filiz qarışığından istehsal olunub.

Çiy püləmə üsulu ilə filizdən alınan dəmirdən hazırlanmış məmulatın keyfiyyəti o qədər də yüksək deyildi. Bu mənada poladın istehsalının mənimsənilməsi mühüm texnoloji hadisə idi.

Dəmirin kəşfi məhsuldar qüvvələrin yüksəlmasını, kənd təsərrüfatının və sənətkarlığın inkişafına güclü təsir etdi, politegenez prosesləri daha da sürətləndi.


Dövrün ən mühüm əlaməti dəmirin kəşfi, əmək alətlərinin və silahların ondan hazırlanmasındadır. Başlıca şum aləti dəmir xış, başlıca biçin aləti dəmir oraq idi.

Bu dövrdə silahlar tunc və dəmirdən hazırlanırdı. Müdafiə silahlarından dəbilqələr iki tiplə təmsil olunub: şiş və daraqlı dəbilqələr.Şiş, konusvari dəbilqələr aşşur qoşunu üçün səciyyəvi idi. Daraqlı dəbilqələr yerli tip hesab olunur. Mərlikdə tapılmış dəbilqə, ehtimal ki, hər hansı bir hökmdara məxsus olub. Dəbilqənin əsası tuncdandır. Üzərinə qızıl və gümüş quramalar bərkidilib. Dəbilqənin arxasında lələkləri və ya tükdən daraqları sancmaq üçün lüləcik vardır.

Dəmirin kəşfi məhsuldar qüvvələrin yüksəlmasını, kənd təsərrüfatının və sənətkarlığın inkişafına güclü təsir etdi, politegenez prosesləri daha da sürətləndi. Manna dövlətinin yaranması Azərbaycanda urbanizasiya proseslərinə təkan verdi, çoxlu şəhərlər salındı, qalalar ucadıldı. Dövrün şəhərləri haqqında təsəvvürləri Həsənli yaşayış yerində aparılmış arxeoloji qazıntılar formalaşdırır. Şəhərin özü və narınqalası möhtəşəm qala divarları ilə qorunurdu. Şəhər düşünülmüş plan quruluşuna malik idi. Küçələr boyunca 2-3 mərtəbəli evlər inşa olunmuşdu. Binaların bünövrəsi daşdan, divarları çiy kərpicdən hörülmüşdü.

Arxeoloji qazıntılarla tədqiq olunmuş saray kompleksinın qalıqları möhtəşəmliyi ilə fərqlənir. Burada üzə çıxarılan sütunların qalıqlarının hündürlüyü 7 metrə çatır. Qalıqlar nəhəng sütunlu salonun möhtəşəmliyini və təmtərağını nümayiş etdirir. Sütunlu salona bitişik “saray kənizləri”nin otağı yerləşirdi. Saray kompleksində nəhəng salonlarla yanaşı hərbçilərin və xidmətçilərin də otaqları vardı. Təsərrüfat ehtiyaclarını təmin etmək məqsədi ilə saray kompleksinə xeyli yardımçı tikililər mövcud idi. Arxeoloji qazıntılar zamanı bunların bəzilərində taxıl və şərab saxlanılan iri tutumlu küplər aşkarlanmışdır. Həsənli saray kompleksindən tapılmış torevtika nümunələri arasında “qızıl cam” və “Gümüş qədəh” məşhurdur.

IV təbəqədə binalardan bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində "Kadaşman-Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşurballitin sarayı" və daş qab üzərində "Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı" yazılmışdır. Y.Qrantsovski ehtimal edir ki, İdi adı Həsənlinin qədim adıdır.

Şəhər sakinlərin böyük bir hissəsini sənətkarlar təşkil edirdi. Onlar sənətkarlıq məmulatına olan tələbatı ödəyir, müxtəlif təyinatlı əmək alətləri, silahlar, məişət avadanlığı, geyim və bəzək əşyaları istehsal edirdilər. Şəhər ətrafında yerləşən kiçik, kənd tipli məskənlərin əhalisi əkinçilik və maldarlıqla məşğul olur, şəhərin ərzağa olan ehtiyacını ödəyidilər.

R.Daysonun fikrincə IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağıdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur. Arxeoloji qazıntılar şəhərin gözlənilməz hücum nəticəsində dağıdıldığını, şəhərin yandırıldığını, sakinlərin əksəriyyətinin həlak olduğunu düşünməyə əsas verir. Bu dəhşətli hadisədən sonra şəhər bir əsr xarabalıq halında qalmışdı.

IV dövrün mədəniyyətində saxsı məmulatı nəfis və kobud olmaqla iki bölməyə ayrılır. Bu dövrdə ritonlar geniş yayılır. Onlar əsasən heyvan başı formasında hazırlanıb.

III dövr - "Triangle Ware Phase" mədəni təbəqəsi şəhər bir əsr xaraba qaldıqdan sonra yenidən bu ərazidə məskunlaşmanın nəticəsi olaraq meydana gəlmişdir. Bu dövr erkən III B (e.ə. 700-600-cü illər) və son III A (e.ə.600-400-cü illər) olmaqla iki mərhələyə bölünür. Yeni məskunlar təpədəki tikililərdən bəzilərini bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışlar.

E.ə. I minilliyin birinci yarısına aid şəhər-qala Naxçıvan MR Şərur rayonu ərazisində də tədqiq edilib. 1988-1989-cu illərdə, xüsusilə 2008-2011-ci illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, 50 hektar sahəyə malik Qaratəpə dağı üzərində yerləşən Oğlanqala erkən dəmir dövründə Cənubi Qafqazda böyük qalalar biri olmuş, yerli, müstəqi dövlətin mərkəzi, paytaxtı olmuşdur. Görünür, burada məskunlaşma e.ə.1000- ci ildən başlanmış, e.ə. 800-cü ildə burada geniş quruculuq işləri aparılmış, Narınqala divarları, saray kompleksi ucaldılmış və Oğlanqala şəhər-qalaya çevrilmişdi. Amerika-Azərbaycan birgə arxeoloji ekspedisiyası apardığı arxeoloji qazıntılar nəticəsində Oğlanqala abidəsində e.ə. 800-600 cü illərə aid edilən IV mədəni təbəqədə gözətçi qülləsinin, qədim sarayın, digər tikintilərin qalıqları, xeyli miqda əmək alətləri və silahlar, müxtəlif təyinatlı saxsı qablar və mixi yazı nümunələri aşkarlayıb. Saray kompleksi narınqalanın şimalında təxminən 4700 kv.m. sahəni əhatə etmişdi. Arxeoloji qazıntılarla saray kompleksin bir hissəsi - 1800 kv.m.-dən artıq sahə tədqiq olunub. Təxminən 600-cü ildə Oğlanqala tərk olunmuş, iki əsr ərzində burada həyat olmamışdı. Yalnız e.ə.400-cü ildən burada həyat yenidən canlanmışdı və Abidənin III mədəni təbəqəsi e.ə.400-250-ci illəri əks etdirir.

Elmi ədəbiyyatda siklop tikililəri adlandırılan, Kiçik Qafqaz bölgəsində, xüsusilə Daşkəsən, Gədəbəy və Şəmkir rayonlarında cəmləşmiş qala tipli abidələri yerli əhali qalaça, qala adlandırır. Onların fərqləndirici xüsusiyyəti daşqura üsulu ilə böyük daş bloklardan inşa olunmasıdır. Siklop tikililərinin sahəsi, plan quruluşu, konstruktiv xüsusiyyətləri fərqlidir. Eləcədə onların təyinatı fərqli olmuşdur: yaşayış məskəni, istehkam tikilisi və heyvanların qorunması üçün qalaça. Nisbətən yaxşı tədqiq olunmuş siklop tikintilərindən Daşkəsən rayonunda Nağaradağ, Çobandaşı siklopları, Gədəbəydə Pir qalaçası, Böyük qalaçası qeyd oluna bilər.

Dəmir dövrü həm də onunla əlamətdardır ki, bu dövrdə nəhəng saray kompleksləri inşa olunur. Onlardan ilk aşkar olunan Sarıtəpədə aşkarlanan əhəmənilərə məxsus saray kompleksinin qalıqlarıdır.

Lakin Qafqazda ən nəhəng saray kompleksi hazırda Şəmkirdə tətqiq olunur. İlk olaraq, tədqiqatlar İdealtəpədə aparılıb. 2006-2007-ci illərdə aparılan tədqiqatlarla müəyyən olunub ki, burada saray kompleksinin propleyası yerləşir. Saray isə İdealtəpədən təxminən 200 m.şərqdə yerləşmişdir.

Propleya 22x23 m. ölçülərindədir. Ona giriş şərq tərəfdən olmuşdur. Propleyanın şərq tərəfində 2 sütunu olan portiki, onun arxasında 4 sütunlu zalı, qərb tərəfdə də 4 sütunlu portiki, onlardan şimal və cənub tərəflərdə digər otaqları olmuşdur. Probleyadan şimal və cənub tərəfə 1 m. enində divar uzanır. Bu divarlar propleyadan qərbdə yerləşən saraya qədər uzanaraq ona birləşir.

Saray yerləşən yer bir hektara yaxın sahəni əhatə edir və bu sahə çoxda hündür olmayan təpə şəklində qalmışdır. Qurbantəpə adlandırdığımız bu sahədə 2008-2011-ci illərdə qazıntı aparılmış, orada doğurdan da böyük sarayın qalıqlarının olduğu müəyyənləşdirilmişdir. Hələlik bu sarayın çox az hissəsi qazılmışdır. Sarayın təxmini ölçüləri 63 m (şərq-qərb) x80 m (şimal-cənub) olmaqla ümumi sahəsi 5040 kv.m-dən çoxdur. Onun mərkəzi hissəsində çiy kərpic divarları 1, 6 m. hündürlüyə qədər qalmışdır. Binanın böyük zalları, uzun koridorları və şərqdə portiki olmuşdur. Zallarda və portikdə iki tipdə monolit sütunaltlıqları qoyulmuşdur. Hələlik iki zalda zəngvari, yanları palma yarpaqları şəkilli relyef naxışlı sütunaltlıqları qoyulduğu müəyyən edilmişdir.

Portikdə və digər zallarda dördkünc, pilləli, üstündə dairəvi balışvari hissəsi olan sütunaltlıqları qoyulmuşdur.

Zəngvari sütunaltlıqları Əhəmənilərin Əhəmənilərin şahənşahları I Dara və onun oğlu Kserksin e.ə. V əsrin əvvəllərində Persepolda tikdirdikləri sarayın, dördbucaqlı pilləli sütunaltlıqları isə Əhəmənilər dövlətinin 1-ci padşahı II Kuruşun Pasaqqadakı sarayının sütunaltlıqları kimidir. Qaracəmirlidə bu saray e.ə.V əsrin 1-ci yarısında tikilmişdir.

Portikin eni 8, uzunu 25 m. olmuşdur. Oraya iki sarayda 12 sütun qoyulmuşdur. Portikin arxasında 25x27 m., ölçülərində ümumi sahəsi 675 m² olan audensiya zalı yerləşmişdir. Hələlik onların kiçik sahələri qazılmışdır. Sarayın qərb tərəfində 4 ədəd zəngvari sütunaltlıqları olan bir zal tam təmizlənmişdir. Onun ümumi sahəsi 121, 8 m²-dir. Bu zala cənub və şimal tərəfdən başqa zallar birləşir. Qapılar ortasında dairəvi oyuq olan dabandaşıların üstündə olmuşdur.

Binanın bəzi zallarında yanğın izləri, yanıb kömürlənmiş dam örtüyünün ağacları qalmışdır. Bu böyük sarayın hələlik az hissəsi təmizlənmişdir.

Ekspedisiya bu saraydan 1 km. cənubi-şərqdə Rizvantəpə adlandırdığımız yerdə də böyük bir binanın qalıqlarını aşkar etmişdir. Bu binanın goirişində üç pilləli daş pilləkəni, böyük və nisbətən kiçik otaqları olmuşdur. Qurbantəpədən 1 km. şimal-şərqdə Dərəyatağı adlı sahədə də qazıntı apararaq bəzi tikinti, digər maddi-mədəniyyət qalıqları üzə çıxarılmışdır.

Tapıntılar içərisində Əhəmənilər dövrü üçün səciyyəvi olan müxtəlif gil qablar üstünlük təşkil edir.

İndiyə kimi Əhəmənilər imperiyasının İran ərazisində yerləşən mərkəzi şəhərlərindən kənarda bu böyüklükdə saray qalıqları aşkar edilməmişdir.

Güman edilir ki, hazırki Qaracəmirli kəndinin yanında e.ə.550-ci ildən 330-cu ilə qədər mövcud olan Əhəmənilər İmperiyasının cənubi Qafqazda inzibati mərkəzi də öz əhəmiyyətini itirmişdir. Bu hadisədən sonra Şimali Azərbaycanda paytaxt şəhəri Qəbələ olan müstəqil Qafqaz Albaniyası dövləti yaranmışdır.


Yüklə 23,77 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə