Multikulturalizm azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Axundi Fidan Səfərova Aygün



Yüklə 19,2 Kb.
tarix01.01.2022
ölçüsü19,2 Kb.
#103317

MULTİKULTURALİZM

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Axundi Fidan

Səfərova Aygün

Multikulturalizm müasir cəmiyyətin etnomilli problemlərinin həllinin mümkün variantı kimi son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm sosial-mədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir. O bir növ mədəni müxtəliflik fenomeninə reaksiya kimi çıxış edir və ümumi bərabərlik prinsipinə istinad edir. Bu prinsipin həm mədəniyyətdə, həm də siyasi həyatda təmin edilməsini mümkün və zəruri hesab edən multikulturalizm müasir dövrün ən maraqlı və birmənalı qəbul edilməyən hadisəsinə çevrilmişdir.

Multikulturalizmə belə tərif verilir: Ayrı-ayrı ölkələrdə və bütövlükdə dünyada mədəni fərqlərin inkişafına və qorunub saxlanılmasına yönəlmiş siyasət və bu siyasəti əsaslandıran nəzəriyyə və ya ideologiya. Fərdi hüquqları əsas götürən siyasi liberalizmdən fərqli olaraq multikulturalizm kollektiv subyektlərin - etnik və mədəni qrupların hüquqlarını qəbul edir. Multikulturalizm bütün mədəniyyətlərin bir mədəniyyətdə birləşməsini nəzərdə tutan "əridici tiyan" konsepsiyasına qarşı qoyulur. Nümunə kimi Kanada və ABŞ-ı göstərmək olar. Onlardan birincisində tətbiq edilən mədəni siyasət multikulturalizmə, digərində isə "əridici tiyan" a üstünlük verir.

Başqa mədəniyyətlərə mənsub insan qruplarının, əsasən də immiqrantların qərb cəmiyyətlərinə adaptasiya və inteqrasiyasının bir neçə təcrübəsi (ABŞ, Fransa, Almaniya, İngiltərə, Avstraliya, Yaponiya və s.) mövcuddur. 60-cı illərdən başlayaraq qərb ölkələrində immiqrantlara münasibətdə iki yanaşmanm mövcudluğunu qeyd etmək lazımdır: diferensiasiya və assimilyasiya. Diferensiasiya siyasəti cəmiyyətdə müxtəlif etnomədəni qruplar arasında səlis sərhədlərin saxlanılması və onlara müstəqil icmalar kimi yanaşılmasını və hörmət edilməsini nəzərdə tutur. İndi bir sıra ərəb ölkələrində xarici işçi və qulluqçulara məhz bu yanaşma tətbiq olunur. İkinci yanaşma isə assimilyasiya adlanır və immiqrantlara yaşadıqları cəmiyyətdəki mövcud sosial-mədəni davranış modellərini qəbul etdirməklə, onların yerli cəmiyyətə inteqrasiyasına nail olmaq məqsədi daşıyır. Bu siyasət xüsusən immiqrantlarm uşaqlarına münasibətdə özünü daha aydın göstərir. Onlar məktəbəqədərki tədris müəssisələrini bitirdikdə yerli cəmiyyətdəki həmyaşıdlarından artıq heç nə ilə fərqlənmirlər. Bu yanaşma özünü ABŞ-da daha aydın təcəssüm etdirir. Assimilyasiya modeli milli-etnik fərqləri, müxtəlifliyi qəbul etmir, o qruplar arasında disbalansı aradan qaldırmaq iqtidarında deyil.

Multikulturalizm terminini ilk dəfə XX əsrin 60-cı illərində Kanadada ölkə əhalisinin etnomədəni, irqi, dini müxtəlifliyi vəziyyətini ifadə etmək üçün irəli sürülmüşdür. Ölkənin o zamankı baş naziri Trüdo ölkənin yerli hindulardan, fransız və ingilis əsilli avropalılardan və son dövrlərdə ölkəyə gəlmiş immiqrantlardan ibarət rəngarəng əhalisinin problemləri və onlar arasında ciddi bərabərsizliyin və narazılığın mövcudluğu ilə əlaqədar bu ideyanı formulə etmişdir. Ölkənin çoxtərkibli əhalisinin mədəniyyətinin homogenləşdirilməsinə yönəlmiş assimilyasiya siyasətinin uğursuzluğu 1971-ci ildə dövlət institutlarının rəsmən multikulturalizm siyasətinə keçməsinə gətirib çıxardı.

Multikulutralizm etnikliyin və mədəniyyətin eyniliyi prinsipindən çıxış edir. Bu ənənəvi cəmiyyətlər üçün müəyyən qədər məqbul olsa da, müasir industrial və postindustrial cəmiyyətlər üçün qəbuledilməzdir. Buna görə də bir sıra qərb tədqiqatçıları multikulturalizm əvəzinə "konstruktiv plüralizm" terminini işlətməyi tövsiyə edirlər. Bu məqsədlə hələ 1999-cu il yanvarın 28-30-ca Parisdə YUNESKO-nun mənzil qərargahında "Konstruktiv plüralizmə doğru" mövzusunda beynəlxalq kollokvium da keçirilmişdir.

Ənənəvi olaraq multikulturalizm bir dövlət, cəmiyyət daxilində çoxmədəniyyətliliyin mövcudluğunu bildirir. Lakin bir çoxları bu terminin dövlətin mədəniyyət siyasəti haqqında köhnəlmiş təsəvvürləri əks etdirən bir termin olduğunu vurğulayırlar. Bu kontekstdən baxıldıqda mədəni müxtəliflik etnik müxtəlifliyin sinonimi kimi də başa düşülür və milli dövlət haqqında ənənəvi təsəvvürlərin iflasını göstərir. Bunun ən bariz nümunəsi kimi Fransada etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların fransız kimi qəbul edilməsi təcrübəsini göstərmək olar.

Multikulturalizmə belə birtərəfli yanaşmanı aradan qaldırmaq üçün "interkulturalizm" termini ortaya çıxmışdır ki, o da müxtəlif etnik birliklərin qarşılıqlı təsirini ifadə edirdi. Lakin bu termin də uzunömürlü olmadı. Onu tədricən "transkulturalizm" konsepsiyası əvəz etməyə başladı. Bu konsepsiyanın mərkəzində təkcə müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri deyil, çoxmədəniyyətlilik şəraitində insanın öz mövcudluğunu təmin etmək, mədəniyyətlər arasında daxili körpü yaratmaq bacarığı durur. Bu isə insanın mədəni identikliyi, özünəməxsusluğu və ya özünüdərketmə problemi ilə sıx əlaqədardır. Bir qisim tədqiqatçılar (və siyasətçilər) düşünürlər ki, hər bir adam doğulduğundan ölənə qədər ancaq bir mədəni birliyin nümayəndəsi, bir mədəniyyətin daşıyıcısıdır. Ona seçim etmək imkanı verilməməlidir. Digərləri, əksinə, əmindirlər ki, insan hansı mədəni cəmiyyətə mənsubluğunu yalnız özü, azad seçim əsasında müəyyənləşdirə bilər. Bu baxımdan Rusiyada keçirilmiş son siyahıyaalınma diqqətəlayiqdir. Bəzi respondentlər milli mənsubiyyət qrafasında özlərini skiflərə, elf və hobbitlərə aid etmişlər. Bununla onlar insanın öz milliyyətini yalnız özünün müəyyənləşdirdiyini, öz valideynlərindən, qanı ilə, irsən almadıqlarını nümayiş etdirmək istəyirdilər.

Multikulturalizmə sosialsubyektlərin,müxtəlif mədəniyyətlərin bərabərhüquqlu inkişafına, ictimai həyatın bütün sahələrində müxtəlif əhali qruplarına münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş ideya və fəaliyyətlərin kompleksi kimi də yanaşırlar. Multikulturalizmə bu cür yanaşma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin oktyabrında Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumdakı çıxışında öz əksini tapmışdır: "Multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin alternativi özünü təcriddir. Mən inanmıram ki, XXI əsrdə qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinlərə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Mən əminəm ki, bu anlayışların sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir" . İlham Əliyevin "biz Azərbaycanda əsrlər boyu multikulturalizm şəraitində yaşamışıq. Həyatımız, xüsusilə, son 20 il ərzində müstəqil ölkə kimi təcrübəmiz göstərir ki, multikulutralizmin gələcəyi vardır" fikirləri multikulturalizmin məhz bu aspektini nəzərdə tutur.

Etnoslar tarixin bütün dövrlərdə mövcud olmuşlarsa, millətlər bəşəriyyətin nisbətən son inkişaf mərhələsinin, yeni və müasir dövrün məhsulu hesab edilir. Qərb etnologiyasında millət sosial siyasi birlik, dövlətin vətəndaşlarının məcmusu, dövlət yaradan xalq anlamında işlədilir. "Milli dövlət", "milli maraqlar", "milli təhlükəsizlik" anlayışlarını da məhz bu mənada qəbul etmək lazımdır. Birləşmiş Millətlər Təşkilatı millətlərin deyil, dövlətlərin birliyi kimi başa düşülür. Çox zaman "siyasi millət" termini də işlədilir.

Millət bir, bir neçə, hətta çoxlu sayda etnik qrupların məcmuyundan da formalaşa bildiyindən milli mədəniyyət də həm mono, həm də polietnik əsasda yaranaraq inkişaf edir. Milli mədəniyyətin formalaşmasının mühüm amillərindən biri də milləti təşkil edən etnoslar arasında dil, din, əqidə, adət-ənənə birliyinin, mədəni ümumiliyin olmasıdır. Eyni zamanda müştərək tarix, ümumi tale və yaddaş da cəmiyyət daxilində ünsiyyət və inteqrasiyanın sürətlənməsinə, vahid mədəni dəyərlər sisteminin yaranmasına şərait yaradır.

Müasir Azərbaycan mədəniyyəti bəzilərinin təsəvvür etdikləri kimi ekletik mədəniyyət deyil. Onun kifayət qədər mükəmməl genetipi vardır. Azərbaycan mədəniyyətinin yalnız məişət etibarilə deyil, eyni zamanda tipologiyası etibarilə ümumtürk mədəniyyətidir. Məzmunu etibarilə bu mədəniyyət Azərbaycan, türk-müsəlman mədəniyyəti olsa da, müxtəlif dövrlərdə dünya mədəniyyətinin təsirinə məruz qalmış, həmin təsirin nəticəsində cilalanmış və dünya mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Azərbaycan xalqının mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edir, ona görə də Azərbaycan mədəniyyətinin əsasında da türk mədəniyyətinin durması fikri təbiidir. Ölkəmizdə yaşayan qeyri-türk mənşəli xalqlar, etnoslar yalnız Azərbaycan türkcəsi əsasında deyil, eyni zamanda Azərbaycan türklərinin tarixi birləşdirici missiyası əsasında ünsiyyətə girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətin təşkil edirlər.

Milli-etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyan hər kəs üçün Azərbaycan doğma vətəndir. Heydər Əliyevin qeyd etdiyi kimi, respublikanın ən başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər zəngin olar. Azərbaycanın polietnikliyi dövlətimizin, xalqımızın tolerantlığının, humanistliyinin əyani sübutudur. Əks təqdirdə bəzilərinin sayı bir neçə min təşkil edən bu azsaylı etnik qruplar və xalqlar çoxdan assimilyasiya olunaraq dünyanın etnik xəritəsindən silinmiş olardı. Onların dilini, mədəniyyətini, etnik varlığını qoruyub saxlayan, milli hüquqlarının təminatında olan, bununla da planetin mozaik etnik mənzərəsini daha da zənginləşdirən məhz Azərbaycan dövlətidir. Əslində Azərbaycanın polietnikliyi, etnomədəni müxtəlifliyi xalqımızın bədxahlarına verilən ən tutarlı cavabdır. Ölkəmiz etno-mədəni münasibətlərin unikallığı baxımından dünyaya əsil örnək ola biləcək təcrübəyə malikdir. Bu gün Azərbaycan Respublikasında bütün xalqların etnik-milli hüquqları ən yüksək səviyyədə qorunur. Millətlərarası münasibətləri tənzimləyən mütərəqqi milli qanunvericilik sistemi, həyata keçirilən milli-mədəni siyasət dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarıını tam təmin etməyə imkan verir.

Ədəbiyyat:



  • "Azərbaycan" qəzeti.

  • Aslanova R. XXI əsr: yeni mədəniyyət məkanına inteqrasiya

  • Əliyev İ. "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Bakı forumunda çıxış, //"Azərbaycan", 2011-ci il, 10 oktyabr

  • Sevda Əhədova Müasir dünyada mədəniyyətlərarası münasibətlər

Yüklə 19,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin