Namazali kəHRİZİ



Yüklə 17,71 Kb.
tarix27.12.2017
ölçüsü17,71 Kb.

NAMAZALI KƏHRİZİ

Namazalı kəhrizi – kəndin ortasında, Əziz kişinin bərəsindən kəndin içərisinə gedən yolla, Aralıq yolun birləşdiyi yolayrıcın­dadır.

Bu kəhrizi XVIII-əsrin sonlarında Horadiz kəndində qədim Namazalılar tayfalardan olan, Kəndxuda Namazalı babamızın səxsi vəsaiti hesabına başa gəldiyi üçün “Namazalı kəhrizi” adlandırılıb. Namazalı kəhrizinin quyuların başlanğıcı Calal dərəsindən başlayaraq, Namazalıların, Kərbala İsmayılların, Fərzalı uşağının, Soltanovların və Eyvazovların həyətindən keçərək, Bəylərov Abbasqulunun evinin arxasında yer səthinə çıxır. Kəhrizin ətrafı sal daşlarla hörülmüşdür və üç yerdən su ovuca oxşar yonulmuş daşlardan tökülürdü. Kəhrizdə su götürənləri, qab-qacaq yuyanları, paltarları təmiz suya çəkənləri qızmar gündən qorunmaq üçün – üstünü dəmir örtüklə bağlamışdılar.

Namazalı kəhrizinin buz kimi suyu vardı. Bu su labaratoriyadan keçərək ən saf su kimi təsdiqini tapmışdır. Yay vaxtı kəhrizin yanından ötən hər şəxs, buz kimi sudan içməmiş getməzdi. Səhər-axşam kəhrizin başı qız-gəlinlərlə dolu olardı. Səhəngdə su aparan qızlar, qab-qacaq yuyan gəlinlər bir-birilə xısın-xısın söhbət edərdilər. Bəzən də cavanlar öz sevgililərini görməyə kəhriz başına gələrdilər. Neçə-neçə qızların bu kəhrizdən qaçırılmasının şahidi olmuşam və onlar xoşbəxt ailə qurmuşlar.





Namazalı kəhrizi
Namazalı kəhrizi ilə əlaqədər bir hadisəni Fatma Rza qızı Mehdiyeva xatırlayaraq deyərdi: “Günlərin birində, kəhriz başına qız-gəlinlərin toplaşan zamanı, bir neçə atlı yaxınlaşaraq qızlardan bir içim su istəyirlər. Başında papaq, çiynində tüfəng, belində kəmər olan igid, qızlardan yenə su istəyir. İsmətli, həyalı kənd qızları ondan çəkinərək, su vermirlər. Bunu hiss edən igid atdan düşür, qızlar qorxmasın deyə papağını başından götürür və saçı tökülür çiyninə. At belində olan igid gözəl xanım imiş. Sudan doyunca içdikdən sonra o, gözəl Qaçaq Nəbinin Həcəri olduğunu söyləmişdir”.

Horadiz kənd zəhmətkeşlərinə pambıq və üzüm sahələrində çalışanlara istifadə üçün, qabaqlar çəlləklərə doldurub öküz araba­sı ilə, sonralar, yəni 1955-ci illərdən sonra kolxozun 2 ədəd xüsusi su daşıyan avtomobillərində daşıyardılar.

Sürücülərdən: Əmir Aslan oğlu Orucov və Əvdil Əbil oğlu Ələkbərov həmişə kənd zəhmətkeşlərini içməli su ilə təmin edər­dilər.

İsti yay günündə pambıq və üzüm sahələrində çalışan zəhmətkeşlər sərin sudan içdikcə, bu suyu gətirənlərin ölənlərinə rəhmət və yezidə lənət deyərdilər.

Horadiz kənd sakinləri neçə illərdir ki, köçkünlük dövrü, Namazalı kəhrizin suyu üçün qəribsəyirlər.

İnşallah! Allah o suyu yenə bizlərə qismət edər! Amin!..
RZALILAR KƏHRİZİ

Rzalılar kəhrizi – Horadız kəndinin yuxarı şimal hissəsində, Füzuli – Horadiz şosse yolundan 50 metr aşağıda Rzalılar məhəl­ləsində yerləşir. Bu kəhrizin inşa edilməsində birbaşa təşəbbüsü və kankan kimi iştirakı ilə başa çatdırıldığına görə Rza kişinin (İs­mayılov Qəmbərin atası) şərəfinə“Rzalılar kəhrizi” adı verilmişlər.

Azərbaycanda müxtəlif tayfalara mənsub olan nəsil və tirə adları özündə əks etdirən coğrafi toponim obyektlərinə tez-tez rast gəlmək olur.

Bu kəhriz öz mənbəyini Hüngütlü dağ sılsıləsindən başlayaraq şaquli quyular və üfiqi lağımlar vasitəsilə keçərək yer üzünə bu məhəllədə çıxır.

Rzalılar kəhrizinin suyu soyuq və şəffafdır. Kəhrizdən aşağıda yerləşən Rzalılar və Namazalılar məhəlləsinin bağlarını habelə Zaqun dərəsinin bağlarının suvarılmasında istifadə edilirdi.
SIZQA BULAQ

Sızqa bulaq – Horadiz kəndinin aşağı hissəsində, Taxta kör­pünün yanında, Füzuli – Horadiz şosse yolunun qərb tərəfində qeydə alınan hidronimlərdən biridir. Bu bulağın suyu kölxoz bağına axır. Bulağın adı ilə bağlı “sızqa” sözü, yəni az-az axan, süzülərək axan bulaq olduğuna görə belə adlandırmışlar.

Suyu sərin və şəffafdır.
TEŞNƏK BULAĞI

Teşnək bulağı – Horadiz kəndinin şimal-qərbində olan dəmyə əkin sahəsində yerləşir. Həmin əkin sahəsinin başlanğıcında, Dəli çayın üst tərəfində “Teşnək bulağı” var.

Deyilənlərə görə, teşnək sözü qismən təhrifə uğramışdır; əslində söz “teşnə” şəkildə yazılmalıdır. Teşnə sözü “susamış, susuz”, “bir şeyi çox istəyən” və sairə anlamında işlədilir. Bulaq yerin altından qaynayıb çıxan su mənbəyidir. Teşnək əkin sahəsində işləyənlər üçün bu bulağın böyük əhəmiyyəti vardır.
TƏPƏ KƏHRİZİ

Təpə kəhrizi – kəndimizin cənub-qərb qutaracağında, Abışlı bağın başlanğıcında, Qarağan təpənin 200 metr aşağısında, Dəli çayın sol tərəfində olan kənd kəhrizlərimizdən biridir.

Bu kəhriz Qarağan təpənin yaxınlığında olduğu üçün bu kəhrizə “Təpə kəhrizi” adı vermişlər. Təpə kəhrizin o biri kəhrizlərə nisbətən bol suyu vardı və kənd bağları əsasən bu su ilə suvarılırdı. Bu kəhrizin çıxışında balaca gölməçə olduğundan, həm də ora qız-gəlinlər az-az gəldiyindən, yay aylarında orada uşaqlar və cavanlar çımərlik kimi istifadə edirdilər. Suyu çox soyuq olduğundan bu suda bir dəqiqə dayanmağı mərcləşərdik.
YENİCƏ KƏHRİZİ

Yenicə kəhrizi – yatağını Dəyirman boynundam başlayan, Qurdlu bulaq ilə kənd orta məktəbinin köhnə binası arasında qeydə alınan coğrafi adlardan biridir.

Yenicə kəhrizin hidronimin tərkibindəki “yenicə” sözü yeni qazılmış kəhriz mənasındadır, çünki yaşlı ağsaqqalların dediyinə görə, bu kəhriz o biri kəhrizlərə nisbətən yenidir və əvvəllər bu ad verilsə də sonralar yerli adamların dilində “Yııca kəhrizi”adına çevrilmişdir. Məktəbyanı məhəllə və Qurdlu bulaq məhəlləsi həyətyanı bağları Yenicə kəhrizin suyu ilə suvarılır.

Yenicə kəhrizin suyu soyuq və şəffafdır.



SU ARTEZİAN QUYULARI

Su artezian quyuları – texniki yolla yer üzərinə süni çıxarılan qurğudur. Bizim kəndin ərazisində 5 ədəd su artezian quyusu daimə fəaliyyətdə idi. Biri kəndin cənub hissəsində Vəliyev Zülfüqarın “Bulaq” kababxanasının yanında, ikisi kolxoz bağında və dördüncü Dördçinar kəndin üzüm sahələrin şimalında, beşinci isə Hüngütlü kəndin üzüm sahələrin başında vardı. Bunlardan əkin sahələrinin suvarılmsında istifadə edilirdi.



HASANLI ARX

Hasanlı arx - öz mənbəyini Araz çayından götürərək, Cəbrayıl rayonunun, Karxulu kəndinin yanından başlayıb, Araz arxından şimala tərəf, Cocuq Mərcanlı kəndinin torpağından keçib, Horadiz və Əhmədalılar kəndlərinin üzüm sahələrini su ilə təmin edirdi.



Hasanlı arx – 1970-ci ildə istifadəyə verilmişdir.

Yüklə 17,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə