Respublikada “elektron hökuməT”İn mövcudluğunun hüquqi aspektləRİ



Yüklə 14,31 Kb.
tarix22.10.2017
ölçüsü14,31 Kb.
#10251

RESPUBLİKADA ELEKTRON HÖKUMƏT”İN MÖVCUDLUĞUNUN

HÜQUQİ ASPEKTLƏRİ

Məqalənin əsas məqsədi Respublikada elektron hökumətin yaradılması və inkişafı yolunda səlahiyyətli qurumların apardığı islahatların hüquqi aspektlərini araşdırmaqdır. Bildiyimiz kimi elektron hökumət hər hansı bir ölkənin dövlət hakimiyyət strukturları haqqında məlumatların həmin ölkənin vətəndaşları üçün, ölkə ərazisində yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün, eləcə də həmin ölkənin ərazisində fəaliyyət göstərən hüquqi şəxslər üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir fiziki və ya hüquqi şəxs hər hansı bir nazirlik və komitədən tutmuş məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər.

Bəs ölkəmizdə elektron hökumət necə qurulmuşdur? Elektron hökumət yaradılana qədər hansı tarixi inkişaf yolunu keçmişdir? – İlk öncə onu qeyd etmək lazımdır ki, ölkəmizdə elektron hökumətin qurulması beynəlxalq qanunvericiliyə və təcrübəyə əsaslanır. Yəni Azərbaycan Respublikası elektron hökuməti təsis edən zaman inkişaf etmiş ölkələrin qanunvericiliyini, praktikasını və beynəlxalq hüquq normalarını rəhbər tutmuşdur. Tarixi inkişaf yoluna gəldikdə isə Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Respublikada “elektron hökumət”in formalaşdırılmasına ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə başlanılmışdır. Sonralar Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir.

 Hazırda “elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulmuşdur. Bunlara Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər strukturları aid etmək olar. Bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur. Lakin hüquqi xidmətlərin göstərilməsi baxımından Ədliyyə Nazirliyini, Daxili İşlər Nazirliyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Dövlət Sosial Müdafiə Fondunu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini fərqləndirə bilərik.

Məsələn, Ədliyyə Nazirliyinin vətəndaşlara göstərdiyi nikah qeydiyyatı üçün elektron müraciət, mənim fikrimcə, ən aktual hüquqi xidmətdir. Çünki digər xidmətlərdən fərqli olaraq nikah qeydiyyatının aparılması elektron xidmətinə demək olar ki, bütün vətəndaşlar müraciət edirlər. Eləcə də pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, müavinətlərin və ünvanlı sosial yardımların verilməsi, sığortaedən və sığortaolunan arasında münasibətlərin tənzimlənməsi, yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələr və cərimə balları haqqında məlumatların verilməsi və bu kimi digər hüquqi xidmətlər digər xidmətlərə nisbətdə daha aparıcı mövqedədirlər.

30 noyabr 2011-ci il tarixindən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ölkələrarası övladlığa götürmə üçün müraciət və sənədlərin qəbulu” xidmətini elektron formada vətəndaşların istifadəsinə vermişdir. Həmin vaxtdan Respublikada ölkələrarası övladlığa götürmə prosedurası ilə bağlı müraciətlər elektron şəkildə həyata keçirilir. Bu elektron xidmətdən istifadə etmək istəyən şəxslər bölməyə daxil olaraq adını, soyadını, atasının adını, doğum tarixini və yerini, vətəndaşlığını, ünvanını, əlaqə telefonlarını, elektron poçt ünvanını, cinsini, təhsilini, ailə vəziyyəti ilə bağlı məlumatları daxil etməlidirlər. Həmin bölmədə Azərbaycanda ölkələrarası övladlığa götürmə ilə əlaqədar prosedur, övladlığa götürmək üçün tələb olunan sənədlər, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı və bu sahədə qəbul edilmiş Konvensiyalar yerləşdirilib. Bununla yanaşı, övladlığa götürmənin səbəbi və arzu edilən uşağın əlamətləri qeyd olunmalı, sonra isə təhlükəsizlik kodu daxil edilməlidir. Daha sonra komitənin əməkdaşları həmin sorğunu təhlil edib cavab göndərirlər.

Göründüyü kimi təkcə bir elektron xidmətin mövcudluğu vətəndaşların və səlahiyyətli qurumların işini xeyli dərəcədə yüngülləşdirir, onların vaxtlarına qənaət edir. Ona görə də mümkün olduğu qədər elektron xidmətlərin sayını artırmaq və vətəndaşlara daha çox xidmət göstərilməsini təmin etmək lazımdır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 5 fevral 2013-cü il tarixində «“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərman» da imzalamışdır.

Bütün yazılanları yekunlaşdıraraq belə bir qənaətə gəlmək olar ki, informasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə vətəndaşlara göstərilən xidmətlər elektronlaşdırılır və elektron hökumət portalında daha çox xidmət istifadəyə verilir. Bununla da “elektron hökumət”in hüdudları genişlənir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi daima “elektron hökumət”in inkişafı üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. Artıq dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur da qurulmuşdur. 2013-cü ilin “İnformasiya Kommunikasiya Texnologiyaları İli” elan edilməsi bütün bunlara əyani sübutdur.



Aydan Talıbova BDU, Hüquq fakültəsinin magistri və işçisi //

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “E-hökumət”lə bağlı elan etdiyi yazı müsabiqəsi üçün – www.e-gov.az
Yüklə 14,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin