Riyaziyyat və poziTİv düŞÜNMƏK 1 Doç. Dr. Məlahət abdullayeva



Yüklə 72,44 Kb.
tarix25.02.2020
ölçüsü72,44 Kb.
#102186

RİYAZİYYAT VƏ POZİTİV DÜŞÜNMƏK 1
Doç. Dr. Məlahət ABDULLAYEVA

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Riyaziyyat və İnformatika fakültəsi, azeriteacher@yahoo.com
ÖZET

Cəmiyyətin inkişafında riyazi elmlərin tətbiqinin böyük rolu var. Məlumdur ki, riyazi elmlərin bünövrəsi ümumtəhsil məktəblərində qoyulur və sonrakı dövrlərdə davam etdirilir. Riyazi təhsil ümumi təhsilin zəruri və mühüm hissəsini təşkil edir. Buna görə də şagirdlərin riyazi hazırlığının gücləndirilməsi ümumtəhsil məktəbləri qarşısında duran ən mühüm vəzifə hesab olunur.

Riyaziyyat fənni ümumtəhsil məktəblərinin hər bir təhsil səviyyəsində geniş proqram üzrə tədris olunur. Amma buna baxmayaraq, bütün şagirdlər tərəfindən eyni şəkildə qavranılmır. Bunun bir neçə səbəbi vardır: ibtidai siniflərdən riyazi anlayışların zəif mənimsənilməsi, genetik təsirlər, şagirdin müstəqil çalışmaması, yaş səviyyəsi, ətraf mühit və s. Nəzərə alsaq ki, riyaziyyatı bilmədən həyatda, cəmiyyətdə uğur qazanmaq mümkün deyil, o halda səbəbi axtarmağa və onu aradan qaldırmağa çalışarıq.

Riyazi məsələlərin həllində şagirdlərdə pozitiv düşüncə yarada biləcək bütün didaktik imkanları müəyyənləşdirmək və tədris prosesində nəzərə almaq lazımdır. Ancaq müsbət düşünəcəyik, müsbət eşidəcəyik, müsbət hərəkət edəcəyik, yalnız bu halda şagirdlərdə idrak fəallığı yaratmaq və təfəkkür əməliyyatlarını inkişaf etdirmək olar.

Qavranılması çətin olan tapşırıqların həllində belə şagirdlərdə özünəgüvən hissi yaratmaqla nəinki güclü şagirdlərin, hətta zəif şagirdlərin də təfəkkürünü inkişaf etdirmək mümkündür. Tanınmış pedaqoq V.A.Suxomlinski deyirdi: “Yeniyetmə bir çiçəkdir, onun gözəlliyi bitkiyə necə qulluq edilməsindən asılıdır.”

Riyaziyyatın tədrisində pozitiv düşünmək verilən tapşırığı yerinə yetirmək üçün çox önəmlidir. Bu bir tərəfdən şagirdin daxilində motivasiya yaradır, bu anda beyin fəallaşır, beyin gücünün təsiri çətinlikləri aradan qaldırmağa yardımçı olur. Diğər tərəfdən, şagird bildiklərini sərbəst şəkildə ifadə etməkdən çəkinmir, yoldaşlarıyla bərabər həll yolları axtarır, müstəqil fikir yürüdür, təhlil edir, proqnoz verir, mühakimə aparır, müqayisə edir və doğru nəticəni almağa çalışır. Ən çətin tapşırığın belə onun yerinə yetirə biləcəyi tapşırıq olduğunu düşünür, özünəgüvən yaranır. Deməli, riyaziyyatın tədrisində pozitiv düşünmək uğur qazanmağın ən yaxşı yoludur.

Açar sözlər: Riyaziyyat, pozitiv düşünmək, şagird

GİRİŞ

Cəmiyyətin inkişafında riyazi elmlərin tətbiqinin böyük rolu var. Məlumdur ki, riyazi elmlərin bünövrəsi ümumtəhsil məktəblərində qoyulur və sonrakı dövrlərdə davam etdirilir.

Riyazi təhsil ümumi təhsilin zəruri və mühüm hissəsini təşkil edir. Buna görə də şagirdlərin riyazi hazırlığının gücləndirilməsi ümumtəhsil məktəbləri qarşısında duran ən mühüm vəzifə hesab olunur. Riyaziyyat təlimi şagirdlərin məntiqi təfəkkürünü, yaddaşını, diqqətini, təxəyyülünü, müşahidəçiliyini, iradəsini, müstəqillik və yaradıcı təşəbbüskarlığını inkişaf etdirir.

Tədris prosesində şagirdlər öyrənirlər ki, riyaziyyatın obyektləri, real aləmin fəza formaları ilə miqdari münasibətləridir və riyazi anlayışlar həyatdan götürülmüşdür. İlk təhsil illərindən başlayaraq, şagirdlərdə konkretlikdən mücərrədliyə keçmə bacarığı yaranır və bununla da mücərrəd təfəkkürün inkişafının əsasını qoyulur. Düzgün ümumiləşdirmələr aparmaq, verilmiş təklifdən məntiqi nəticə çıxarmaq, nəzəri mühakimələrdən alınmış nəticələri praktikaya tətbiq etmək kimi vərdişlər formalaşır. Riyaziyyat dərsləri şagirdlərdə fikir aydınlığı, nitqin dəqiqliyinin əsaslandırılması, lakoniklik kimi keyfiyyətlərin qazanılması üçün böyük imkanlar açır. Bütün bu keyfiyyətlər isə riyazi təlimdə müsbət psixoloji mühit olduğu halda yaranır və formalaşır.



Məlumdur ki, riyaziyyat fənni ümumtəhsil məktəblərində hər bir təhsil səviyyəsində geniş proqram üzrə tədris olunur. Amma buna baxmayaraq, bütün şagirdlər tərəfindən eyni şəkildə qavranılmır. Bunun bir neçə səbəbi vardır: ibtidai siniflərdən riyazi anlayışların zəif mənimsənilməsi, genetik təsirlər, şagirdin müstəqil çalışmaması, yaş səviyyəsi, ətraf mühit və s. Digər tərəfdən isə, ümumtəhsil məktəblərində sinifdən-sinfə keçdikcə tədris olunan fənlərin sayı artır, peşə seçimi və bu istiqamətdəki hazırlıqlar riyaziyyatı öyrənən şagirdlərin sayının azalmasına səbəb olur. Riyaziyyatı bilmədən həyatda, cəmiyyətdə uğur qazanmaq mümkün deyil. Bu tədqiqatın məqsədi ümumtəhsil məktəblərində riyaziyyat dərslərinin gedişi zamanı şagirdlərin düşünmə qabiliyyətini araşdırmaqdır.

ARAŞTIRMA

VII sinifdə 21 şagird təhsil alır. Şagirdlərə belə bir məsələni həll etməyi təklif edirəm.

Çalışma 1: Dörd düz xətt cüt-cüt kəsişir (Şəkil 1).

∠1 + ∠2 + ∠3 + ∠4 = 360° olarsa, alınan dördbucaqlının təpələrindən xaricdə əmələ gələn bütün bucaqların ümumi cəmini tapın.

Məsələnin həll etmək üçün verilən vaxt bitdikdən sonra şagirdlərin cavablarını alıram. Dörd şagird məsələni həll etməkdən imtina etmiş, on üç şagird səhv (yalnış) cavab vermiş, dörd şagird isə doğru həll etmişdir. Məsələni doğru həll etmək üçün şagirdlərə yenidən vaxt verilməsini təklif edirəm. Lakin onlar məsələni həll etməkdən imtina edirlər. Niyə həll etmək istəmirsən? – sualına isə belə cavablar oldu. Çox çətin məsələdir; mən həndəsə məsələsi həll edə bilmirəm; belə məsələ həll etməmişəm, o üzdən bunu da həll edə bilmərəm; məndə riyaziyyat alınmır və s. Səbəb çox sadədir – riyaziyyat dərslərində şagirdlərın əksəriyyəti neqativ düşünməyə köklənir.

“Sən hamıdan güclüsən”, “sən bu tapşırığı həll edə bilərsən”, “nəzəri materialı təkrarlasan asanlıqla həll edəcəksən”, “inanıram ki, sən bacararsan”, “sənin gücün çatacaq tapşırıqdır”, “yoldaşlarınla bərabər həll et”, “şəkil çəkməyi bacarırsan, həll etməyi də bacaracaqsan”, nə qədər bacarırsansa, o qədərini yaz”, “fikirlər söyləməkdən çəkinmə” və s. kimi ifadələr işlətməklə şagirdləri pozitiv düşünməyə yönəltmək mümkündür.

Şagirdlərlə onlarda pozitiv düşüncə yarada biləcək söhbət aparıldıqdan sonra çalışmanı yenidən təkrar həll etməyi qərara aldılar. Riyazi qavraması zəif, orta və güclü şagirdlərdən ibarət qruplar təşkil olundu. Qrup üzvləri əməkdaşlıq şəraitində verilən tapşırıqları həll etdilər. Yoxlamanın nəticəsi əvvəlkindən fərqli oldu. Çalışma hər bir qrupda həll olunmuşdu. Nəticələr dəyişmişdi: doğru həll edənlərin sayı səkkiz, köməkliklə həll edənlərin sayı on, zəif həll edənlərin sayı isə üç idi.

Şagirdlər yeni çalışmalarla özlərini yoxlamaq istəyirdilər. Qruplara işçi vərəqələrdə ikinci tapşırıq təqdim olundu. Çalışmanın həlli üçün vaxt müəyyənləşdirildi.



Çalışma 2:ABC = 72°, ∠ACD = ∠BAD = 36°,

AB = x, BD = y olarsa, AC-ni x y-lə ifadə edin (Şəkil 2).

Çalışma həll olunduğu andan qrupların işini müşahidə edirəm. Şagirdlər nəzakətlə bir-birilərini dinləyir, çalışmanı həll edə bilən şagirdlər ehtiyac hiss edənə kömək edir, çalışmanın həllində çətinlik çəkən şagirdlər isə dəftərlərində qeydlər edir, nəzəri materialı öyrənir, nəyi isə başa düşməyə çalışırlar. Vaxt bitdikdə tapşırığın tam həlli yazılmış iş vərəqələrini hər bir qrup təqdim edir. Şagirdlərin üzündəki sevinc hissi aydın hiss edilir.

Məlumdur ki, verilən tapşırığı 100% hər kəs həll etmədi, amma tapşırığın həllində hər bir şagirdin payı var idi. Qruplarda tapşırığı sərbəst həll edən şagirdlər, kömək edən şagirdlər və həll edə bilməyən və ya çətinliklə həll edən şagirdlərin olduğunu nəzərə alsaq, tapşırığın həllinin bu üç növ şagirdin müsbət emosiyalarından alındığını demək qənaətinə gəlirik.


BULGULAR

Riyazi məsələlərin həllində şagirdlərdə pozitiv düşüncə yarada biləcək bütün didaktik imkanları müəyyənləşdirmək və tədris prosesində nəzərə almaq lazımdır. Ancaq müsbət düşünəcəyik, müsbət eşidəcəyik, müsbət hərəkət edəcəyik, yalnız bu halda şagirdlərdə idrak fəallığı yaratmaq və təfəkkür əməliyyatlarını inkişaf etdirmək olar.

Qavranılması çətin olan tapşırıqların həllində belə şagirdlərdə özünəgüvən hissi yaratmaqla nəinki güclü şagirdlərin, hətta zəif şagirdlərin də təfəkkürünü inkişaf etdirmək mümkündür. Tanınmış pedaqoq V.A.Suxomlinski deyirdi: “Yeniyetmə bir çiçəkdir, onun gözəlliyi bitkiyə necə qulluq edilməsindən asılıdır.”

İnsan beyni ona dediyimizi sorğu-sualsız qəbul edən orqandır. Ona nəyi yükləsək, onu etməyə çalışacaq. Odur ki, beynimizi müsbət düşüncəyə kökləməliyik. Şagirdlərin maraq və meylləri nəzərə alınmalı, uğur qazanmaqları üçün şərait yaratmalıyıq.

Psixoloji xidmət müasir təhsil sisteminin üzvi komponentlərindən biridir. Onun tətbiqi uşaqların intellektual imkanlarının, şəxsiyyətyönümlü potensiallarının, təbii imkan və qabiliyyətlərinin, maraq və meyillərinin vaxtında aşkara çıxarılmasını, təlim və tərbiyə prosesləri vasitəsilə maksimum inkişaf etdirilməsini təmin edir.

Şagirdlərin fəal idraki mövqeyinin lazımi səviyyədə qalması üçün müəllimin hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibət bəsləməsi, sinifdəki mühiti xüsusi həssaslıqla duyması zəruridir. Şagirdə hörmətlə yanaşmaq, ona etibar etmək, onun cavablarını pis qiymətləndirməkdən imtina etmək onda həm özünə inam, həm də müəllimə hörmət və etibar hissini daha da artırır.
SONUÇ

Təcrübə göstərir ki, riyaziyyatın tədrisində pozitiv düşünmək verilən tapşırığı yerinə yetirmək üçün çox önəmlidir. Bu bir tərəfdən şagirdin daxilində motivasiya yaradır, bu anda beyin fəallaşır, beyin gücünün təsiri çətinlikləri aradan qaldırmağa yardımçı olur. Diğər tərəfdən, şagird bildiklərini sərbəst şəkildə ifadə etməkdən çəkinmir, yoldaşlarıyla bərabər həll yolları axtarır, müstəqil fikir yürüdür, təhlil edir, proqnoz verir, mühakimə aparır, müqayisə aparır və doğru nəticəni almağa çalışır. Pozitiv düşünmək şagird ilə riyazi çalışma arasında bir asılılıq, bağlılıq yaradır. Tapşırıq yerinə yetirilməyənə qədər şagird ondan əl çəkmir. Ən çətin tapşırığın belə onun yerinə yetirə biləcəyi tapşırıq olduğunu düşünür, özünəgüvən yaranır. Tapşırığın həlli hədəfə çevrilir. Şagird cəsarətli olur, qərar verir və beləliklə, yaradıcı gücə sahib olur. Düşünəndə ki, öz gücünə doğru nəticə almış, o zaman bu onları daha çox sevincli edir. Xəyallar qurur və xəyallarını gerçəkləşdirir. Belə şagirdlərin pozitiv enerjisi ətrafdakılara da müsbət təsir edir. Riyaziyyatın tədrisində pozitiv düşünmək uğur qazanmağın ən yaxşı yoludur.



KAYNAKLAR
Həmidov, S. (2016). Məktəbin ibtidai siniflərində riyaziyyatın tədrisi metodikası. Bakı, ADNSU.

Əlizadə, Ə. (2006). İdrak prosesləri və hisslər (psixopedaqoji məsələlər). Bakı.

Veysova, Z. (2007). Fəal/interaktiv təlim. UNİSEF.

Məmmədov, A. (1993). Təlimin psixoloji əsasları. Bakı.

İsmayılova, S. (2014). Riyaziyyat – Ümumtəhsil məktəblərin 7-ci sinfi üçün dərslik. Bakı.


1 Bildiri V. Turkcess Eğitim ve Sosyal Bilimler Kongresinde sözlü bildiri olarak sunulmuştur 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin