“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün



Yüklə 95,86 Kb.
tarix04.07.2018
ölçüsü95,86 Kb.
#55621

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



 

Azərbaycan Respublikasında ipoteka kreditlərinin maliyyələşdirilməsi mexanizmini yaratmaq məqsədilə qərara alıram:

1. «Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. «Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun strukturunu və ştat cədvəlini 15 gün müddətində təsdiq etsin;

3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun səhmdar cəmiyyətinə çevrilməsi və özəlləşdirilməsi barədə təkliflərini 2006-cı ilin sonunadək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2005-ci il dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun hesabına köçürülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 ay müddətində:

5.1. ipoteka kreditləri üzrə dövlət güzəştlərinin ayrılması mexanizmini müəyyən etsin və bu güzəştlərdən istifadə qaydalarını təsdiq etsin;

5.2. aidiyyəti dövlət orqanları ilə birlikdə ipoteka kreditləri üzrə dövlət güzəştlərindən istifadə etmək hüququ olan sosial kateqoriyaları müəyyən etsin;

5.3. ipoteka kreditləri üzrə dövlət güzəştlərinin ayrılması üçün tələb olunan vəsaitlərin mənbələrini müəyyən etsin;

5.4. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

 



Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

 

 



 

Bakı şəhəri, 22 dekabr 2005-ci il

№ 339

 

Azərbaycan Respublikası Prezidentinin


22 dekabr 2005-ci il tarixli fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında

 

Əsasnamə



 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra—Mərkəzi Bankı) nəzdində Azərbaycan İpoteka Fondu (bundan sonra—AİF) «Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli, 299 nömrəli fərmanına uyğun olaraq yaradılmışdır.



1.2. AİF-in əsas məqsədi Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərməkdən ibarətdir.

1.3. AİF öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. AİF dövlət təsisatıdır, hüquqi şəxsdir, dövlət mülkiyyətində olan ayrıca əmlakı vardır, müstəqil balansa, bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.5. AİF öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq kredit təşkilatları ilə əməkdaşlıq edir.

1.6. AİF öz öhdəlikləri üzrə yalnız öz sərəncamında olan əmlakı ilə məsuliyyət daşıyır. Tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklər istisna olmaqla, AİF dövlətin və Mərkəzi Bankın, dövlət və Milli Bank isə AİF-in öhdəlikləri üzrə məsuliyyət daşımır.

1.7. AİF əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.

1.8. AİF xərclərini öz gəlirləri hesabına maliyyələşdirir. AİF-in xərclərini öz gəlirləri hesabına maliyyələşdirmə imkanları yarananadək həmin xərclər Milli Bank tərəfindən maliyyələşdirilir.

1.9. AİF-in mərkəzi aparatı Bakı şəhərində yerləşir.

 

2. AİF-in əsas funksiyaları

 

2. AİF-in əsas funksiyaları aşağıdakılardır:

2.1. müvəkkil kredit təşkilatları tərəfindən verilmiş ipoteka kreditlərini yenidən maliyyələşdirir;

2.2. yenidən maliyyələşdirilən ipoteka kreditlərinə dair tələbləri müəyyən edir;

2.3. maliyyə vəsaitlərinin cəlb olunması məqsədilə ipoteka ilə təmin olunmuş qiymətli kağızlar emissiya edir;

2.4. öz fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;

2.5. ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması və AİF-ə ucuz maliyyə resurslarının cəlb olunması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər görür.

 

3. AİF-in səlahiyyətləri

 

3. AİF öz məqsəd və funksiyalarını həyata keçirmək üçün aşağıdakı səlahiyyətlərə malikdir:

 

3.1. müvəkkil kredit təşkilatları tərəfindən AİF-in tələblərinə (standartlara) uyğun olaraq verilmiş ipoteka kreditləri üzrə tələb hüquqlarını almaq;



3.2. yenidən maliyyələşdirilən ipoteka kreditləri üzrə təminat qismində çıxış edən ipotekalar barədə qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələri həyata keçirmək;

3.3. öz əmlakı üzərində qanunvericiliyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək;

3.4. Azərbaycan Respublikasının ərazisində filial və nümayəndəliklərini aça bilmək;

3.5. kənar ekspertləri işinə cəlb etmək, əməkdaşlarının peşəkarlıq səviyyəsini artırmaq üçün müvafiq tədbirlər görmək;

3.6. ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya və digər xidmətləri həyata keçirmək, habelə ipoteka krediti sistemində iştirak edən müvəkkil kredit təşkilatları üçün tədris proqramlarını həyata keçirmək;

3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

 

4. AİF-in vəsaitlərinin formalaşması

 

4.1. AİF-in vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:



4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;

4.1.2. AİF fəaliyyətindən əldə olunan daxilolmalar, o cümlədən verilmiş kreditlər üzrə əsas borc və faiz ödənişləri;

4.1.3. AİF tərəfindən emissiya olunan qiymətli kağızların yerləşdirilməsindən əldə olunan vəsaitlər;

4.1.4. AİF-ə verilən xarici kreditlər, yardımlar, qrantlar və s.

4.1.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

 

5. AİF-in vəsaitinin saxlanılması və istifadəsi

5.1. AİF-in milli valyutada pul vəsaiti Milli Bankda açılan bank hesablarında saxlanılır.

5.2. AİF-in vəsaitinin istifadəsi yalnız bu Əsasnamədə nəzərdə tutulmuş məqsəd, funksiya və səlahiyyətlərinin həyata keçirilməsi üçün istifadə olunur.

5.3. AİF-in sərbəst pul vəsaitləri yalnız aşağıdakı istiqamətlərdə yerləşdirilə bilər:

5.3.1. dövlət qiymətli kağızlarında;

5.3.2. yüksək reytinqli banklarda depozitlərdə.

5.4. AİF-in vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və özəl müəssisələrə, idarə və təşkilatlara borc verilə, eləcə də hər hansı üçüncü şəxsin öhdəlikləri üzrə yüklənə bilməz.

 

6. AİF-in fəaliyyətinə nəzarət

 

6.1. AİF-in fəaliyyətinə ümumi nəzarəti Mərkəzi Bankın İdarə Heyəti həyata keçirir.



6.2. Mərkəzi Bankın İdarə Heyəti:

6.2.1. AİF-in təşkilati strukturunu və ştat cədvəlini təsdiq edir;

6.2.2. AİF-in icraçı direktorunu, icraçı direktorun müavinini və baş mühasibini vəzifəyə təyin edir və vəzifədən azad edir;

6.2.3. AİF-in cari fəaliyyətinə nəzarəti təşkil etmək məqsədilə Audit Komitəsini yaradır və üzvlərini təyin edir;

6.2.4. AİF-in illik büdcəsini təsdiq edir;

6.2.5. AİF-in fəaliyyəti ilə bağlı zəruri olan daxili qaydaları, prosedurları və sənədlərin nümunəvi formalarını təsdiq edir;

6.2.6. ipoteka kreditlərinin verilməsində iştirak edəcək kredit təşkilatlarının siyahısını müvafiq meyarlar əsasında müəyyən edir;

6.2.7. AİF-in icraçı direktorunun təklifi əsasında qiymətli kağızların emissiya prospektinin parametrlərini təsdiq edir;

6.2.8. AİF-in maliyyə-təsərrüfat fəaliyyəti haqqında illik hesabatını təsdiq edir;

6.2.9. AİF-in filial və nümayəndəliklərinin açılması barədə qərarlar qəbul edir və onların əsasnamələrini təsdiq edir;

6.2.10. bu Əsasnamədə və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

 

7. AİF-in idarə edilməsi

 

7.1. AİF-in cari fəaliyyətinə icraçı direktor rəhbərlik edir.



7.2. AİF-in icraçı direktoru:

7.2.1. AİF-in struktur bölmələrinin işini təşkil edir, onların əsasnamələrini təsdiq edir;

7.2.2. etibarnamə təqdim etmədən AİF-i üçüncü şəxslərlə münasibətdə təmsil edir;

7.2.3. AİF-in işçiləri arasında vəzifə bölgüsü aparır;

7.2.4. AİF-in işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

7.2.5. səlahiyyəti daxilində AİF-in bütün işçiləri üçün məcburi əmr və sərəncamlar verir;

7.2.6. AİF-in büdcə layihəsini hazırlayır və Mərkəzi Bankın İdarə Heyətinə təqdim edir;

7.2.7. AİF-in fəaliyyətinə dair təkliflər hazırlayır və Mərkəzi Bankın İdarə Heyətinə təqdim edir;

7.2.8. AİF-in fəaliyyətində qanunvericiliyə uyğun olaraq məxfilik rejiminə riayət olunmasını təmin edir;

7.2.9. AİF-in fəaliyyəti barədə hesabatları hazırlayır və Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi müddətlərdə Milli Banka təqdim edir;

7.2.10. bu Əsasnamədə və AİF-in fəaliyyətini tənzimləyən normativ sənədlərdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

 

8. Uçot və hesabat

 

8.1. AİF-in hesabat ili yanvar ayının 1-dən başlanır və dekabr ayının 31-də başa çatır.



8.2. AİF-in maliyyə uçotu və hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılır.

8.3. AİF-in illik maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təyin olunan kənar auditor tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır. Auditorun xidmətləri AİF-in hesabına ödənilir.

8.4. AİF-in ilin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

8.5. AİF-in auditor rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunur.

 

9. AİF-in yenidən təşkili və ləğv edilməsi

 

9. AİF-in yenidən təşkili və ləğv edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.



 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin


22 dekabr 2005-ci il tarixli fərmanı ilə

təsdiq edilmişdir

 

 

 



Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi

 

Qaydaları



 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında», «Banklar haqqında», «İpoteka haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli, 299 nömrəli fərmanına və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu (bundan sonra—AİF) tərəfindən müvəkkil kredit təşkilatlarından ipoteka kreditləri üzrə tələb hüquqlarının əldə olunması şərtlərini, həmçinin AİF-in vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən ipoteka kreditlərinin verilməsi və xidmət göstərilməsi şərtlərini müəyyən edir.



 

2. Əsas anlayışlar

 

Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:



2.1. Müvəkkil kredit təşkilatı—Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və AİF ilə Baş saziş imzalamış bank və ya bank olmayan kredit təşkilatıdır.

2.2. Baş saziş—AİF-in tələblərinə cavab verən ipoteka kreditləri üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən AİF ilə müvəkkil kredit təşkilatı arasında bağlanan razılaşmadır.

2.3. Xidmət müqaviləsi—ipoteka kreditləri üzrə borcalanın ödənişlərinin qəbul edilməsi və AİF-in hesabına köçürülməsi, ipoteka predmetinin vəziyyətinin yoxlanılması və AİF-in müəyyənləşdirdiyi digər xidmətlərin göstərilməsinə dair AİF ilə müvəkkil kredit təşkilatı arasında bağlanan müqavilədir.

2.4. Borcalan—müvəkkil kredit təşkilatından ipoteka krediti almış Azərbaycan Respublikasının vətəndaşıdır.

2.5. İpoteka krediti—yaşayış sahəsinin alınması məqsədilə daşınmaz əmlakla təmin olunmaq şərti ilə müvəkkil kredit təşkilatı tərəfindən verilən borcdur.

2.6. İpoteka krediti üzrə faiz dərəcəsi—müvəkkil kredit təşkilatı tərəfindən borcalana verilən ipoteka krediti üzrə illik faiz dərəcəsidir.

2.7. AİF-in kotirovka dərəcəsi—AİF tərəfindən tələb hüquqları əldə olunan ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsidir.

2.8. Kredit dosyesi (kredit tarixçəsi)—müvəkkil kredit təşkilatı tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən borcalanın kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusudur.

2.9. İpoteka kreditinin alınması—ipoteka kağızının alınması və ya tələbin güzəşti müqaviləsinin bağlanması yolu ilə müvəkkil kredit təşkilatından kredit və ipoteka üzrə kreditorun hüquqlarının əldə olunmasıdır.

 

3. AİF-in vəsaiti hesabına verilən ipoteka kreditlərinin şərtlərinin müəyyən edilməsi



 

3.1. AİF-in vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;

3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

3.1.3. kredit 3 ildən 25 ilədək müddətə verilməlidir;

3.1.4. kreditin məbləği 50.000 manatdan çox olmamalıdır;

3.1.5. kredit üzrə illik faiz dərəcəsi 8%-dən çox olmamalıdır;

3.1.6. kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmamalıdır. İpoteka krediti üzrə öhdəliyin icrasına İpoteka Kreditlərinin Zəmanət Fondu tərəfindən zəmanət verildiyi təqdirdə (ən azı kredit məbləğinin 20%-i həcmində), kreditin məbləği ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 100%-ni təşkil edə bilər;

3.1.7. ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;

3.1.8. kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

3.1.9. kredit daşınmaz əmlakın ipotekası ilə təmin olmalıdır;

3.1.10. ipoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

3.1.11. ipotekasaxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

3.1.12. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilməlidir;

3.1.13. ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

3.1.14. AİF tərəfindən müəyyən olunan digər tələblər.

3.2. AİF müvəkkil kredit təşkilatlarından ipoteka kreditlərini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi AİF-in təklifi əsasında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur və bu haqda AİF müvəkkil kredit təşkilatlarına yazılı olaraq məlumat göndərir, öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində elan edir.

3.3. AİF hər bir müvəkkil kredit təşkilatından alınacaq ipoteka kreditlərinin həcminə limitlər müəyyənləşdirə bilər.

 

4. İpoteka kreditləri üzrə hüquqların əldə olunması

 

4.1. Müvəkkil kredit təşkilatı verdiyi ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi üçün AİF-ə ərizə ilə müraciət edə bilər.



4.2. AİF ərizəni qəbul etdiyi tarixdən 10 iş günü ərzində müvəkkil kredit təşkilatı ilə Baş saziş və xidmət müqaviləsini bağlayır. Baş saziş və xidmət müqaviləsinin standart formaları AİF tərəfindən təsdiq olunur.

4.3. İpoteka krediti üzrə hüquqların AİF tərəfindən əldə olunması üçün müvəkkil kredit təşkilatı ona müraciət edir və kredit dosyesinə daxil olan sənədlərin surətlərini AİF-ə təqdim edir.

4.4. AİF verilmiş ipoteka kreditlərinin bu Qaydalar ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil kredit təşkilatına yazılı qaydada razılığını və ya imtina etdiyini 10 iş günü ərzində bildirir.

4.5. AİF ipoteka kreditləri üzrə hüquqların əldə edilməsinə razılığını bildirdiyi təqdirdə müvəkkil kredit təşkilatı kredit sənədlərinin əsli ilə AİF-in tanış olmasını təmin edir.

4.6. İpoteka kreditinin alınmasının rəsmiləşdirilməsi aşağıdakı üsullardan biri ilə həyata keçirilir:

4.6.1. ipoteka kağızının üzərində qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılaraq AİF-ə ötürülməsi;

4.6.2. tələbin güzəşti müqaviləsinin imzalanması ilə.

4.7. AİF ipoteka kreditini borcalanın müvəkkil kredit təşkilatı qarşısında həmin kredit üzrə əsas borc qalığına bərabər qiymətlə alır və bu məbləğ ipoteka kağızında və ya tələbin güzəşti müqaviləsində göstərilir.

4.8. Alınmış ipoteka kreditlərinin xidmət olunması AİF ilə müvəkkil kredit təşkilatı arasında bağlanmış xidmət müqaviləsi əsasında həyata keçirilir. Ayrı-ayrı hallarda tərəflərin razılığı ilə ipoteka kreditinin verilməsi və ona xidmət olunması müxtəlif müvəkkil kredit təşkilatı tərəfindən həyata keçirilə bilər.

4.9. Müvəkkil kredit təşkilatı AİF tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydaların 5-ci bəndində müəyyənləşdirilmiş qaydada geri almağa öhdəlik götürür.

4.10. İpoteka kreditinin AİF tərəfindən əldə edilməsi haqqında tərəflər arasında müvafiq sənədlər imzalandığı tarixdən 2 iş günü ərzində müvəkkil kredit təşkilatı müvafiq sənədləri ipotekanın əlavə dövlət qeydiyyatının aparılması üçün təqdim edir.

4.11. AİF ilə müvəkkil kredit təşkilatı arasında bağlanılan müqavilələrin təsdiq olunması və ipoteka saxlayanın hüquqlarının əlavə dövlət qeydiyyatına alınması ilə bağlı xərclər müvəkkil kredit təşkilatı tərəfindən ödənilir.

4.12. Tərəflər arasında imzalanmış sənədlər əsasında yaranmış hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra müvəkkil kredit təşkilatı kredit dosyesinə daxil olan aşağıdakı sənədləri təhvil-təslim aktı ilə AİF-ə təhvil verir:

4.12.1. kredit müqaviləsi;

4.12.2. ipoteka müqaviləsi;

4.12.3. ipoteka kağızı;

4.12.4. ipotekanın dövlət qeydiyyatını təsdiq edən sənəd;

4.12.5. borcalan haqqında kredit dosyesinə daxil olan sənədlər;

4.12.6. ipoteka krediti hesabına yaşayış sahəsinin alınmasını təsdiq edən sənəd;

4.12.7. borcalan tərəfindən aparılan ödənişləri təsdiq edən sənədlər;

4.12.8. ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirmə aktı;

4.12.9. sığorta müqavilələri;

4.13. Müvəkkil kredit təşkilatlarının AİF qarşısında öhdəliyi onların borcalanlarla münasibətlərindən asılı deyil. Borcalanların müvəkkil kredit təşkilatları qarşısında öhdəliklərini yerinə yetirməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı AİF qarşısında öz öhdəliklərini yerinə yetirməlidir.

 

5. Müvəkkil kredit təşkilatları tərəfindən ipoteka kreditlərinin geri alınması

 

5.1. AİF aşağıdakı hallardan biri ilə üzləşdikdə ipoteka kreditini verən müvəkkil kredit təşkilatına bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir:



5.1.1. 90 gün ərzində ipoteka krediti üzrə borcalan borcu (əsas borc və faizlər) vaxtında və ya tam həcmdə ödəmədiyi təqdirdə;

5.1.2. qəbul olunmuş sənədlərin bu Qaydalara və AİF-in tələblərinə uyğun olmaması aşkarlandıqda;

5.1.3. bu Qaydaların 4.12-ci bəndində nəzərdə tutulmuş şərtlər yerinə yetirilmədikdə;

5.1.4. ipoteka krediti AİF-in tələblərinə cavab vermədiyi digər hallar yarandıqda.

5.2. Bildirişə geri alınmalı ipoteka kreditlərinin siyahısı əlavə edilir.

5.3. İpoteka kreditlərinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli müvəkkil banka qaytarılır.

5.4. Müvəkkil kredit təşkilatı AİF-dən ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən qiymətlə geri alır.

6. Yekun müddəalar

 

6.1. Bu Qaydalarla həllini tapmamış məsələlər AİF-in digər normativ aktları və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.



 

 

 



ƏLAVƏ

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 23 yanvar tarixli   515 nömrəli   Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi

QAYDALARI

1. ÜMUMİ MÜDDƏA

Bu Qaydalar "Gənclər siyasəti haqqında " Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında " 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli və "Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2005-ci il 22 dekabr tarixli 339 nömrəli fərmanlarına və "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında " 2005-ci il 30 avqust tarixli 982 nömrəli və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında " 2006-cı il 23 yanvar tarixli 1235 nömrəli sərəncamlarına və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və yaşayış sahəsinin alınması məqsədilə verilən ipoteka kreditləri üzrə güzəştlərin tətbiqi qaydalarını müəyyən edir.



2. İPOTEKA KREDİTLƏRİ ÜZRƏ GÜZƏŞTLƏR

2.1.   İpoteka kreditləri üzrə güzəştlər yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (bundan sonra - AİF) tələblərinə uyğun verilən ipoteka kreditlərinə şamil edilir.

2.2.   Güzəştli ipoteka kreditinin maksimal məbləği 35 000 manatdan çox ola bilməz.

2.3.   Güzəştli ipoteka krediti 3 ildən 30 ilədək verilir.

2.4.   Güzəştli ipoteka krediti üzrə illik faiz dərəcəsi 4%-dən çox olmamalıdır.

2.5.   İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

      2.5.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

-   şəhid ailəsinin üzvü (əri /arvadı, övladları);

-   Milli Qəhrəman (özü, əri /arvadı, övladları);

-   məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

-   üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;

-   elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;

-  idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (1 yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

      2.5.2. üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).

2.6.    İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

2.7.    Güzəştli  ipoteka kreditləri  dövlət büdcəsindən  ayrılmış  vəsaitlər hesabına verilir.



3. İPOTEKA KREDİTLƏRİ ÜZRƏ GÜZƏŞTLƏRİN VERİLMƏSİ

3.1.   Güzəştli ipoteka krediti almaq istəyən şəxs (Borcalan) müvəkkil kredit təşkilatına müraciət edir və müəyyən olunmuş ümumi qaydada ilkin qiymətləndirmədən keçir.

3.2.   Müvəkkil kredit təşkilatına müraciət etmiş Borcalan güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənədləri təqdim etməlidir.

3.3.   Müvəkkil kredit təşkilatı AİF-in qayda və tələblərinə uyğun olaraq müraciətə baxır.

3.4.   Müvəkkil kredit təşkilatı güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi haqqında qərar qəbul etdiyi təqdirdə, qanunvericiliyə uyğun qaydada güzəştli ipoteka kreditini verir və yenidən maliyyələşdirmə üçün AİF-ə müraciət edir.

4. YEKUN MÜDDƏA

Bu Qaydalarla həllini tapmamış məsələlər AİF-in qayda və tələbləri ilə, habelə  Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

 

  İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



 

  1. 23 yanvar 2007-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 8)

  2. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə adında və mətnində "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilmişdir.

 

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə"nin adında və mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.



 

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)) ilə "Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları"nın adında və mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

23 yanvar 2007-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 8) ilə 3.1.3-cü bəndində "15" rəqəmi "25" rəqəmi ilə əvəz edilmişdir, 3.1.4-cü bəndində "150.000.000 manatdan (30.000 yeni manatdan)" sözləri "50.000 manatdan" sözləri ilə əvəz edilmişdir, 3.1.5-ci bəndində "12%-dən" sözləri    "8%-dən" sözləri    ilə əvəz edilmişdir, 3.1.6-cı bəndi yeni redaksiyada verilmişdir, 3.1.7-ci bəndində "50%-dən" sözləri    "70%-dən" sözləri ilə əvəz edilmişdir, 3.1.13-cü bəndindən "borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də" sözləri çıxarılmışdır.



 

 23 yanvar 2007-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 8) ilə 4.12.6-cı yarımbəndi yeni redaksiyada  verilmişdir.



 23 yanvar 2007-ci il tarixli 515 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 8) ilə  5.1.1-ci bəndində "60" rəqəmi "90" rəqəmi ilə əvəz edilmişdir.

 
Kataloq: upload -> files

Yüklə 95,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə