Tofiq Qarayev Kimdir Dünyaya Gəlməyimi



Yüklə 15,15 Kb.
tarix24.05.2018
ölçüsü15,15 Kb.
#51281

Tofiq Qarayev Kimdir
Dünyaya Gəlməyimi,

Düz Eləmədim.

O Da

Öz Əlimdə Deyildi





Quzanlıda, Ağdam Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan əməkdar artist Tofiq Qarayev bir qrup “Facebook” istifadəçisinin suallarını cavablandırıb.

...Çiyinlərini qoltuq ağaclarına dayaq verə-verə xəstəxananın ikinci mərtəbəsinə qalxdı. Pilləkənlərdə elə fasilə verirdi ki, vaxtilə, öz təbirincə desək, səhnədən tamaşaçısına qızılquş kimi baxan Tofiq Qarayevin yorulduğunu gizlətmək istədiyi açıq hiss olunurdu.

Yatdığı palataya yetişdik. Oturan kimi söz xarici dil bilməyindən düşdü. Dərhal da alman şairi Henrix Heynenin “Lorelay” (Su pərisi) şeirini söylədi... Sonra Vahid Qazinin “Facebook” komandasının suallarını ona təqdim etdim.

Elnarə Ramiz: Tofiq Qarayevin ilk rolu hansı olub və onda aktyorluğa həvəs nə vaxtdan, neçə yaşlarından yaranıb?

- Elnarə, qızım, hər kəs anadan olanda onun qanında gələcəkdə seçəcəyi peşənin kodları da dünyaya gəlir. Mən də qanımda aktyorluq kodu doğulmuşam...

Cavan oğlan idim. Çilingər işləyirdim, “QAZ-21” ustasıydım... Bir dəfə rəhmətlik Ədil İsgəndərovla Leyla Bədirbəyli Ağdama gəlmişdilər, Səməd Vurğunun “Vaqif” dramını oynayırdılar... İlahi, onlar necə oynadılar o əsəri! Bax, ondan sonra qərar verdim ki, mən də aktyor olacam. Bu da belə, düz bura qədər gəlib çıxdım...

Rey Kərimoğlu: Ağdamda ən çox nədən ötrü  və ya kimin üçün darıxmısan?

- Ağdamda mənim üçün “Nə” anlayışı yoxdur, “Kim” var. Hamıdan ötrü darıxmışam. Ən çox qəbirlər üçün darıxmışam. Atamın, anamın, nənəmin, şəhidlərimizin qəbirləri üçün darıxmışam...

Solmaz Quliyeva: 1970-ci illərdəki tamaşaçı alqışlarını xatırlayırmı Tofiq müəllim? O anlarda hansı hissləri keçirir?

- Xatırlayıram! Yaxşı xatırlayıram. O alqışlar ən gözəl alqışlar idi... İndiki alqışlar kimi bayağı deyildi. Hansı hissləri keçirəcəm ki? Deyəsən, indi keçirməyə hiss də qalmayıb...

Vasif Qurbanzadə: Bildiyimiz qədər səhnə insanın şəxsi azadlığının məhdudlaşdığı yerdir. Əcaba, həyatda insan tam azad ola bilərmi?

- Səhnə insanın azadlığının alındığı yox, insanın yaşadığı yerdir. Səhnə insanın azadlığını yox, hər şeyini əlindən alır. Gəncliyini, qüvvəsini, hətta ailəsini belə... Dünyada heç bir insan tam mənada azad deyil.

Yusif Rzayev: 1991-ci ildə Yaşarın eyni adlı hekayəsi əsasında çəkilmiş “Divar” filmindən sonra sizə kinoda rast gəlmədik. Kinoya maraq olmadı, ya başqa səbəblər var?

- Niyə ki, mən Mətanət İsgəndərli haqda çəkilən “Əlvida” filmində Mətanətin atası rolunu oynamışam. Əslində mənim üçün teatr daha doğmadır, səhnə daha əzizdir...

Vüqar Haqverdiyev: 60 illik yubileyiniz yaxınlaşır. Bəri başdan təbrik edirəm! Yubileyinizi necə keçirmək istərdiniz, dövlətdən və tamaşaçılardan hansı hədiyyəni gözləyirsiniz? 

- Nə yubiley? 60 yaş? Həəə! Tofiq Qarayev, necə keçirəcəksən yubileyini? Sağ bud çanaq sümüyün protezlənməsi əməliyyatını aparmaq üçün 5 min manat lazımdır. Sağ olsun, rayonun icra başçısı Nizami Sadıqov bunun bir hissəsini verib. Qalan hissəni Ağdamın bir ovucluq qalan ərazisində idarə-idarə düşüb axtarıram. Az qala hamıya ağız açmışam... Təsəvvür edin, neçə gündür mən burda xəstəxanada yatıram, bir nəfərin də yadına düşmür ki, Tofiq burda ölür...

Sağ olsun bu xəstəxananın kollektivi, baş həkimi sağ olsun! Onlar mənim səhər, günorta, axşam yeməyimi də hazırlayıb gətirirlər. Yoxdur ey, Tofiq Qarayevin, bax, bu xəstəxana döşəyindən, yataq üzündən özgə heç nəyi yoxdur. Neçə ildir kirayələrdə yaşayıram. Yenə əvvəllər teatrdan aldığımı verə bilirdim kirayə haqqına, indi nə o var, nə də gedəcəyim kirayə ünvanı... Ayağım sağalsın, yenə səhnəyə qayıdacam, yenə əvvəlki Tofiq Qarayev olacam...

Novruz Novruzov: Tofiq bəy, “Ruhlar şəhəri”nin sakinləri bir gün yığışıb “Biz yaşayırıq” adlı virtual tamaşa yaratsalar və sizi də bu tamaşaya dəvət etsələr, hansı rolu götürərdiniz?

- Əzrail rolunu götürərdim və o obrazı sevə-sevə canlandırardım... Deməyə sözüm çoxdur!

Günay Yelmarqızı: “Dünya bir səhnə, insanlarsa aktyordur” deyirlər. Hər kəs taleyinə yazılan rolu oynayır. Siz səhnədə müxtəlif obrazlar yaratmısınız. Hansı daha çətindir – səhnədə rola girmək, yoxsa həyatdakı rolunuz? Taleyinizə düşən rolu dəyişməyi arzulamısızmı heç?

- “Dünya bir səhnə, insanlarsa aktyordur”... Bunu demirlər, a bala, a qızım, bunu Şekspir deyib. Mən səhnədə rola girmirəm, yaşayıram, ağladıram, güldürürəm, düşündürürəm. Həyatda isə rolum olmayıb. Mən Tofiq Qarayev həyatı yaşamışam... Tofiq Qarayev! İkinci belə şansım olsaydı, dünyaya təzədən gəlsəydim, yenə də Tofiq Qarayev ömrü yaşayacaqdım... Taleyimə düşən rolu dəyişməyə gəlincə, mən həyatımın Oqtay Eloğlusuyam.... Həmişə də belə olacaq!

Qabil Hüseynov: Neçə-neçə şəhərdə tamaşalarınız olub. Ağdamlı tamaşaçılar digər şəhər tamaşaçılarından nə ilə fərqlənirdi?

- Əslində, mənim üçün tamaşaçılarımın hamısı əzizdir, hamısı doğmadır. Ağdamlı tamaşaçılar bir onunla fərqlənirlər ki, biz bir-birimizi əvvəldən tanıyırdıq. Həm də mənim səhnədə canlandırdığım obrazların çoxu onlara tanışdır. Ağdamlılar bilirdilər ki, o obrazda “oda tutulan” kimdir.

Vahid Qazi: Tofiq Qarayev bu günün tamaşaçılarını teatra cəlb etməyin konkret reseptini bilirmi?

- Vahid, qardaşım, tamaşaçıları teatra cəlb etməyin yeganə resepti sanballı əsərlərin səhnələşdirilməsidir. Nə qədər ki, düşük, səviyyəsiz aktyorfasonlar və onların “əsərləri” efirlərdədir, səhnələrdədir, səhnələrimiz xarabazara bənzəyəcək.

Sənan Əsədov: Ağdam səhnəsində son rolunuz hansı idi?

- Son rolum elə 23 iyul 1993-cü il idi... Bu tarix mənim özümün həyat səhnəmdə məğlubiyyət dolu bir obraz oldu... O məni elə Ağdamdaca öldürdü.

İlqar Rəsul: Həyatda nəyi düz eləmədiniz?



- Dünyaya gəlməyimi düz eləmədim. O da öz əlimdə deyildi...
Yüklə 15,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin