Xülasə Məqalə Naxçıvan Muxtar Respublikada infrastrukturların son illər inkişafı istiqamətinə həsr edilmişdir. Göstərilir ki, son illərdə muxtar respublika ərazisində
H.Ə.Məmmədov NDU hasan_1961@mail.ru NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İNFRASTRUKTURLARIN İNKİŞAFI Xülasə Məqalə Naxçıvan Muxtar Respublikada infrastrukturların son illər inkişafı istiqamətinə həsr edilmişdir. Göstərilir ki, son illərdə muxtar respublika ərazisində yerləşən yaşayış məntəqələrində dünya standartlarının tələblərinə cavab verən magistral və respublikanın yerli əhəmiyyət kəsb edən müasir yolları təmir edilib və ya yenidən tikilib bərpa edilərək, əhalinin istifadəsinə verilmişdir. Eyni zamanda göstərilir ki, son dövrlərdə muxtar respublikada sosial və bazar infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Göstərilir ki, həm mərkəzi şəhərlərdə, həm də regionlarda sosial və inzibati binaların təmiri və yenidən qurulması, şəhər və kənd yaşayış məntəqələrində quruculuq və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi işlərinə əzmlə başlanmış və bu gün də davam etdirilməkdədir. Qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında infrastrukturların inkişafı davamlı inkişafın təmin olunması üçün əlverişli şərait yaratmışdır. Sonda infrastrukturların inkişafı ilə bağlı lazımı təkliflər irəli sürülür.
Açar sözlər:İnfrastruktur,kommunikasiya,yollar, asfalt-beton,tikinti, rabitə. Naxçıvan Muxtar Respublikası ərazisində son illərdə istehsal infrastrukturları şəbəkəsinin genişlənməsi və modernləşməsi, xüsusilə, enerji sisteminin yaradılması, muxtar respublikanın başdan-başa qazlaşdırılması, Naxçıvan şəhərində və regionlarda soyuducu anbar təsərrüfatlarının yaradılması, yolların müasir standartların tələbinə müvafiq təmirinin həyata keçirilməsi, köhnə kanalizasiya sistemlərinin yenidən bərpası, su təchizatının yaxşılaşdırılması muxtar respublikada istehsal sahələrinin genişlənməsinə və məhsul istehsalının həcminin artmasına gətirib çıxarmışdır. Sənayenin inkişafı bu sahələrə investisiya axınını artırmış, sahibkarlığın istehsal yönümlü inkişafını gücləndirmişdir. Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlər, təsərrüftçılıqda müstəqil təşəbbüskarlığa şərait yaradılması muxtar respublikada davamlı iqtisadi inkişafa dönməz xarakter vermiş, iqtisadiyyatın dayanıqlığını xeyli artırmışdır.
2020-2022-ci illərdə sənayenin infrastruktura olan tələbatının yaxşılaşdırılması hesabına muxtar respublikada rəqabətə davamlı iri sənaye müəssisələrinin yaradılması sənayenin yüksək templə inkişafına şərait yaratmışdır. Sənayedə istehsal edilən zəruri istehlak mallarının üstünlük təşkil etməsi və tələbata uyğun malların satış həcminin artması iqtisadiyyatın digər sahələri ilə müqayisədə sənaye istehsalının həcminin artmasına səbəb olmuşdur. Bu ilin səkkiz ayı ərzində muxtar respublika üzrə ümumi daxili məhsulda sənayenin faizlə nisbətinin artımı iqtisadiyyatda maddi istehsalın payını xeyli yüksəltmişdir.
Muxtar respublikada nəqliyyat infrastrukturunun inkişafı dövlətin iqtisadi siyasətinin tərkib hissəsi hesab edilir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikanın tikinti təmir işlərinin mühüm hissəsini əhatə edir. Son dövrdə muxtar respublika ərazisində yerləşən yaşayış məntəqələrində dünya standartlarının tələblərinə cavab verən magistral və respublikanın yerli əhəmiyyət kəsb edən müasir yolları təmir edilib və ya yenidən tikilib bərpa edilərək, əhalinin istifadəsinə verilmişdir.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarına müvafiq olaraq muxtar respublika ərazisində son illərdə 88,8 kilometr uzunluğu olan Naxçıvan-Şahbuz-Batabat, 87 kilometr Naxçıvan-Sədərək və 34 kilometr məsafəni əhatə edən Naxçıvan-Culfa magistral şose yolları, həmçinin Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Hacıvar-Vayxır-Sirab, Çeşməbasar-Boyəhməd, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd avtomobil yolları, eləcə də bir çox kənd yolları yenidən bərpa edilərək istifadəyə verilmişdir. Avtomobil yollarının bərpası və yenidən qurulması, kənd yerlərində istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətli daşınması zamanı və nəqliyyat vasitələrinin uzun müddət istisimara yararlı qalmasına şərait yaradır ki, bu da məhsuldarlığın artmasına, işçilərin məsrəflərinin azalmasına gətirib çıxarır. Bununla bərabər regionlar arası əlaqələrin sürətlənməsinə və iqtisadi münasibətlərin yaxşılaşmasına şərait yaradır.
Regionlarda yaradılan yüksək keyfiyyətli asfalt beton örtüyünün yaradılması və mükəmməl nəqliyyat yollarının qurulması muxtar respublika ərazisində fəaliyyətə başlamış asfalt–beton zavodu, qum-çınqıl və şeben karxanaları, bitum ehtiyatına malik anbarların mövcudluğu ilə xarakterizə edilir. Bu istiqamətdə qarşıya qoyulan strateji məqsədlər və həyata keçirilən məqsədyönlü tədbirlər müasir tələblərə cavab verəcək yolların tikilməsinə və istehsal infrastrukturunun səmərəli təşkilinə şərait yaradıb.
Yolların müasir tələblərə uyğun yenidən qurulması sərnişin və yükdaşımaların keyfiyyətcə yaxşılaşmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın inkişafını təmin edir, muxtar respublikanın turizm potensialından səmərəli istifadəni sürətləndirir. Bu istiqamətdə həyata keçirilən proqramların başlıca məqsədi muxtar respublikada davamlı iqtisadi və sosial inkişafa nail olmaqdır.
Naxçıvan şəhəri daxilində şose yollarının bərpası “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” əsasında həyata keçirilir.
Son dövrlərdə muxtar respublikada sosial və bazar infrastrukturlarının təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, həm mərkəzi şəhərlərdə, həm də regionlarda sosial və inzibati binaların təmiri və yenidən qurulması, şəhər və kənd yaşayış məntəqələrində quruculuq və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi işlərinə əzmlə başlanmış və bu gün də davam etdirilməkdədir. Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yeni istirahət parkları tikilmiş, yeni sosial infrastruktur obyektləri, o cümlədən, müasir tələblərə cavab verən uşaq bağçaları, modern tipli məktəblər, innovativ texnologiyaya əsaslanan tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə obyektləri, idman meydançaları, idman zalları qurulmuş, icra nümayəndəlikləri və bələdiyyələr üçün milli koloriti özündə ehtiva edən inzibati binalar tikilib vətəndaşların istifadəsinə təqdim edilmişdir. Sosial-inzibati binalar kommunikasiya xidmətləri ilə, xüsusi ilə internet şəbəkəsi ilə təmin edilmişdir.
Naxçıvan MR-də 232 elm və təhsil müəssisəsi, 362 mədəniyyət, 251 səhiyyə və 29 idman obyektləri, 61 nasos stansiyası yaradılmış, 328 subartezian quyusu vurulmuş, 109 körpü salınmış, 1346 istehsal və xidmət sahəsi yaradılmış, 352 inzibati bina istifadəyə verilmiş, 3918,3 kilometr şosse yolları yenidən bərpa edilmişdir. Gürülən işlər məşğulluğun təmin olunmasına şərait yaratmışdır, nəticədə əlavə olaraq 98 min 775 iş yeri yaranmışdır[6].
Ölkədə baş verən iqtisadi islahatların əsasında sosial infrastrukturunun tərkib hissəsi kimi təhsil infrastrukturunun yeniləşdirilməsi durur. Elm və təhsildə əldə olunan nailiyyətlər sosial-iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi hesab edilir. Keçən illərdə müasir avadanlıqlarla təchiz edilmiş 200-dən çox məktəb binası tikilib müəllim və şagirdlərin istifadəsinə təqdim edilmişdir. Eyni zamanda ali təhsil və orta ixtisas müəssisələri üçün yeni tədris korpusları yaradılmış, peşə və peşə-texniki məktəblər tikilmişdir.
İnamla demək olar ki, bu gün şəhər məktəblərində olduğu kimi, muxtar respublikanın ucqar dağ kəndlərində də müəllim və şagirdlər kompüter, elektron lövhə və müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalardan faydalı istifadə edə bilirlər.
Muxtar Respublikada aparılan quruculuq-abadlıq işləri, muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktura, otellər şəbəkəsi və siyasi sabitlik bölgəni turizm üçün cəlbedici məkana çevirmişdir. Təkcə ötən il Naxçıvanın ərazisinə 500000 nəfərə yaxın turistin səyahəti reallaşmışdır[6].
Muxtar respublikada son illər qazanılan mühüm nailiyyətlərdən biri və ən əsası istehsal infrastrukturu kimi enerji lahiyyələrinin səmərəli başa çatdırılması olmuşdur. Bu layihələrin uğurlu icra olunması hesabına elektrik enerjisini mütəmadi idxal edən muxtar respublika, artıq enerji ixracına başlamışdır. Burada 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, 32 meqavatlıq Günəş Elektrik Stansiyaları, 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası innovativ texnologiyalar əsasında tikilib istifadəyə verilmişdir. Ordubad rayonunda isə əlavə olaraq, turbinin gücü 36 meqavat, derivasiya tipli SES-in tikintisi başa çatmaq üzrədir [4].
Araşdırmalar göstərir ki, 20 il bundan öncə muxtar respublikada 1 elektrik stansiyası tərəfindən enerji verilirdisə, artıq bu ildə 11 elektrik stansiyası fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, muxtar respublikada elektrik enerjisinə istehlak tələbin 60-70 faizindən çoxu təmiz alternativ enerji stansiyaları tərəfindən istehsal edilir.
Mühasirə şəraitində olma məcmu resurslara əlçatanlığın aşağı səviyyədə olması ilə nəticələnmişdir. Nəticədə yerli müəssisələr mövcud yerli resurlardan istifadə etmə imkanlarını da məhdudlaşdırmışdır. Lakin ötən müddət ərzində bu məsələlər nəzərə alınmış, əsaslı kapital qoyuluşu hesabına infrastrukturlar inkişaf etdirilmiş, enerji resurslarına yönəlmə imkanları yaxşılaşdırılmışdır. Bu isə gözlənilən enerji təhlükəsizliyini çox ciddiliklə aradan qaldırmışdır.
Muxtar respublika sənaye ölkəsi olmaqla yanaşı burada kənd təsərrüfatı məhsulları istehsalı da üstünlük təşkil edir. Kənd təsərrüfatı, aqrar sektor muxtar respublikanın aparıcı makroiqtisadi sahəsi hesab edilir. Bu baxımdan ölkədə kənd təsərrüfatını inkişaf etdirmək üçün su təchizatı infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Son illər bu sahənin inkişafı üçün xeyli kapital qoyuluşu həyata keçirilmişdir. Görüklmüş məqsədyönlü tədbirlər nəticəsində geniş yayılmış ərazilərdə əkinçilik və heyvandarlıq sahələri yaradılmış, əkin sahələrinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması məqsədilə meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsi həyata keçirilmişdir. Əkinəyararlı sahələrin su təchizatınıtəmin etmək məqsədilə 100 milyon kubmetr tutumu olan Heydər Əliyev Su Anbarı, Uzunoba Su Anbarı və Arpaçay Su Anbarı təmir edilərək təsərrüfatların istifadəsinə verilmişdir. Su anbarlarının istifadəyə verilməsi hesabına Naxçıvan Muxtar Respublikasında əlavə olaraq min hektarlarla yeni əkinə yararlı torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.
Enerji sektorunda mövcud inkişaf, ölkənin sənaye sahəsində inkişafın yüksək sürətlə inkişafına zəmin yaratmışdır. Təkcə onu demək kifayətdir ki, müstəqilliyə qovuşduqdan sonra muxtar respublikada yüzlərlə sənaye müəssisələri yaradılmış, sənaye sahəsində inkişaf güclü təkanla irəliləmişdir. Nəticədə, sənaye məhsullarının istehsal həcmi təqribən 120 dəfəyə yaxın artmışdır.
Beləliklə, Naxçıvan Muxtar Respublikası aqrar ölkədən aqro-sənaye ölkəsinə çevrilmişdir. Sənaye sektorunda və onun diversifikasiyalı inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu istiqamətdə yeni-yeni uğurların qazanılmasına gətirib çıxarmışdır. Belə ki, müəyyən səbəblər üzündə fəaliyyətinə xitam verilmiş sənaye müəssisələri fəaliyyətə başlamış, bazarda mövqeyini itirmiş sənaye müəssisələrinin fəaliyyəti bərpa edilmiş, bazar tələbatına uyğun yeni təsərrüfat subyektləri yaradılmışdır. Bu isə müxtəlif çeşidli sənaye məhsullarının yaradılması hesabına, kənardan gətirilən malların qarşısını alaraq, tələbatı yerli istehsal hesabına ödəyərək ölkənin maliyyə imkanlarını genişləndirir.
Tikinti-quraşdırma işlərinin artırılması muxtar respublikanın iqtisadi inkişafını xarakterizə edən əsas göstəricilərdən biridir. Muxtar respublikada tikinti sektorunda keyfiyyətin artırılması, çalışan hər bir inşaatçının sağlamlığının qorunması həmişə diqqətdə saxlanılır.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına doğru istiqamətlənən infrastruktur siyasətindən başlıcası, bina və sosial obyektlərin tikilib istifadəyə verilməsi, müasir tipli asfalt yolların qurulması və digər sosial obyektlərin yaradılmasıdır. Muxtar respublikada 2021-ci il ərzində 355 vahid sosial- inzibati obyekt yenidən qurularaq vətəndaşların istifadəsinə verilmiş, 149 belə obyektdə isə tikinti və yenidənqurma işləri davam etdirilmişdir[9].
Rabitə və yeni innovativ texnologiyalar sahəsində də mühüm nailiyyətlər qazanılmışdır. Bu gün muxtar respublikada müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri fəaliyyət göstərir.
Hazırda muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 90 faizindən çoxu yeni nəsil texnologiyalara əsaslanır. Muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi quraşdırılmışdır. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı var, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb.
Beləliklə, Naxçıvan Muxtar Respublikasında infrastrukturların inkişafı davamlı inkişafın təmin olunması üçün əlverişli şərait yaratmışdır.
Aparılan tədqiqatları ümumiləşdirərək belə demək olar ki, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafı hökumətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Nəticədə kiçik və orta sahibkarlıq subyektlərində sənaye və kənd təsərrüfatı sahələrində maddi nemətlərin istehsalı dinamik olaraq artmış, əhalinin maddi və mənəvi rifah halı əvvəlki illərə nisbətən daha da yaxşılaşdırılmışdır. Bu sahədə istehsal, bazar və sosial infrastrukturların inkişafı xüsusilə əhəmiyyətli olmuşdur. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının qəbul edilməsi və bu sahədə həyata keçirilən layihələr infrastrukturların inkişafına səbəb olmaqla yanaşı, ölkədə sənaye, kənd təsərrüfatı, ticarət, rabitə və sair sahələrin inkişafına da təkan vermişdir.
Naxçıvan Muxtar Respublikasında davamlı inkişafın təmin olunması məqsədi ilə infrastrukturların inkişafı istiqamətində aşağıdakı məqsədyönlü tədbirlərin görülməsi məqsədə müvafiq ola bilər:
1.İstehsal, sosial, bazar və innovasiya infrastrukturlarını inkişaf etdirmək məqsədi ilə dövlətlə sahibkar subyektlər arasında əməkdaşlıq münasibətlərini qurmaq, sahibkarları infrastrukturların gücündən səmərəli istifadəyə cəlb etmək;
2.Müəssisələrin innovasiya yönümlü fəaliyyətini təmin etmək məqsədi ilə onları elmi tədqiqatlar istiqamətinə yönəltmək, innovativ məhsulların hazırlanması və satışının təşkili istiqamətində sahibkar subyektləri innovasiya infrastrukturları ilə təmin etmək üçün lazımı dövlət dəstəyi göstərmək;
3.Muxtar Respublika sahibkarlarının istehsal etdikləri məhsulların diversifikasiya istiqamətində ixracını stimullaşdıran məqsədyönlü tədbirlər görmək.
İstifadə olunan ədəbiyyatlar: 1.Hacıyev İ.Davamlı və dinamik inkişaf. Respublika, 2020, 26 yanvar, №16,s.6
2.Hacıyev İ.Naxçıvan MR-in ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər). Naxçıvan, “Əcəmi” nəşriyyatı poliqrafiya birliyi.s 272.
3.Qasımov E.Naxçıvan MR iqtisadiyyatının ərazi təşkili və inkişafının coğrafiyası.Bakı, “Təhsil”,-2011, s.192.
4.İsmayılov K. Naxçıvanda böyük enerji potensialı yaradılıb. Respublika,-2021, 10 iyun №119, s.17
5.Əhmədov N. Daim inkişafda olan Naxçıvan sənayesi. Bakı. Xəbər. 2020, 11iyun, №92, s.14.
6. www.statistika.nmr.az.
7.https://azertag.az
8.az.wikipedia.org
9.economy.gov.az
10.in.nakhchivan.az
Г.А.Мамедов НГУ hasan_1961@mail.ru