Mövzu: Azərbaycan tarixi kursunun əhəmiyyəti. Qaynaqlar.
P L AN :
1.Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat.
2.“Albaniya tarixi”və “Kitabi-Dədə Qorqud” un mənbəşünaslıq baxımından təhlili.
Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Bu səbəbdən Azərbaycan tarixi kursunun mövzüsu çox genişdir. Burada ölkəmizin ən qədim dövrundən bu günümüzədək mövcud olan ictimai-iqtisadi, siyasi, etnik, mədəni tarixi şərh edilir.
Azərbaycan tarixi müxtəlif qaynaqlar əsasında tədqiq olunur və həmin qaynaqlar iki hissəyə bölünür: 1) Arxeoloji abidələr, 2)Yazılı abidələr.
Qədim yazılı mənbələrə aiddir: 1. Şumer-Akkad, Assur və Urartu mixi yazıları (e.ə.III-I min.). 2. Antik mənbələr (e.ə. V- e.III əsrləri).
Erkən orta əsr yazılı mənbələrinə aiddir ( IV-X əsrlər) Bizans qaynaqları, qədim alban mənbələri, ərəb mənbələri, epiqrafik abidələr.
Orta əsr yazılı mənbələri (XI- XVIII).
Kapitalizm və imperalizm dövrünün mənbələri.
Arxeoloji abidələr qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbirlərdən, qədim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətlərindən, sadə silah növlərindən, məişət və bəzək əşyalarından, dini təsəvvürləri özündə əks etdirən heykəlciklərdən ibarətdir. Son zamanlar Asərbaycan ərazisində aşkara çıxarılmış numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyk əhəmiyyətə malikdir. Onlar ölkəmizin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, həm də mədəni səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir.
Tariximizin öyrənilməsində yazılı qaynaqlar mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə yazı sinifli cəmiyyətin məhsulu sayılır. İlk yazı növü piktoqrafik (piktos-şəkil, qrafo-yazı) olmuşdur. Bu yazı növünə Qobustan, Kəlbəcər, Naxcıvan ərazilərində rast gəlinir. Sonralar mixi yazı növü Şumerlər tərəfindən icad olunur. Qədim Azərbaycanın öz yazılı qaynaqlarının olmaması və yaxud bizə gəlib çatmaması üzündən onun tarixi barədə az-çox məlumatlar mixi yazılarında əks olunmuşdur. Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar verən ən qədim qaynaqlar Şumer – Akkad mətnləridir. Bu kitabələr e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının Zaqros dağları zonasına yürüşlərinə, habelə Kuti hakimlərinin cənubi Mesopotamiyadakı bir əsrlik hökmranlığına borcludur. Ən ilkin qaynaqlar sırasında Lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də göstərmək lazımdır.
Şumer-Akkad qaynaqları içərisindən Kuti hakimlərinin siyahısının, Omina (əlamətlər və nişanələr) adlanan bəzi mətnləri, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu küti hökmdarı Tirikanla müharibəsinin təsviri verilmiş mətnləri, Zaqros bölgəsinə yürüşlər etmiş Şumer-akkad hökmdarlarının kitabələrini və s. sadalamaq olar. Elam və Aşşur qaynaq və kitabələri çox zəifdir. Azərbaycan haqqında məlumatlar Urartu kitabələrində mövcud olan məlumatlarla daha da zənginləşir. Urmiya ətrafı vilayətlərə Urarfu müdaxiləsi haqqında e.ə. IX əsrin sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Argişti, II Sarduri, II Argişti bu rayonlara öz yürüşləri barəsində xəbərlər verirlər.
Babil qaynaqları içərisindən e.ə. VII əsrin son rübünün hadisələrini işıqlan-dıran “Gedd xronikası” nın adını göstərmək olar. “Bibliya”da da Cənubi Azərbaycan haqqında məlumatlar vardır.
“Avesta” mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini-fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən çox olan uzun bir dövr ərzində yayılmışdır. İran şahı I Daranın Həmədan ərazisində qaya üzərində üç dildə yazılmış Bisutun kitabəsi də bizim üçün qiymətli mənbə sayılır.
Azərbaycan tarixinin öyrənilməsində qədim Antik ədəbiyyatın böyük əhəmiyyəti vardır. Miletli Hekatey e.ə. VI-V əsrlərdə “Yerin təsviri” əsərində Cənubi Azərbaycanda yaşamış matienlər, Arazboyu müklər, Kaspi dənizi sahillərində katann tayfalarının yaşamaları haqqında məlumat verir. O dövrün müəllifləri Xaron, Ksanf, Hellanik və b. Azərbaycan haqqında məlumatlar verirlər. Azərbaycan ərazisi və əhalisi haqqında nisbətən geniş məlumat “Tarixin atası” sayılan Herodotun “Tarix” əsərində verilmişdir. Onun Madalılar və Mada (midiya) skiflər (iskitlər: iskuzlar), Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər, kaspilər və başqa tayfalar haqqında məlumatları çox qiymətlidirlər. Qədim Yunan və Roma tarixçi və coğrafiyaşünaslardan Amasiyalı Strabon (e.ə.63-b.e.23), Ptolomey, Plinin Ktesi, Tit Livi, Tatsit, Ammian Marselin, Yuli Solin və b. Şərq aləminə həsr etdikləri əsərlərdə Azərbaycanın əhalisi, coğrafiyası, siyasi hadisələr, əhalinin etnik tərkibi və məşğuliyyətləri haqqında çox qiymətli məlumatlar vermişlər.
Strabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəz olunmaz mənbədir. Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində Albanlar haqqında “Coğrafiya” əsərində verilənlər qədər geniş məlumat yoxdur. Onun Atropat Madası və ya Atropatenanın Böyük Midyanın bir hissəsi olması, bu ölkənin öz adını sərkərdə Atropatın adından götürməsi kimi məllumatları çox qiymətlidir. Strabon Qafqaz Albaniyası, onun vilayətləri, 26 dildə danışan tayfalar haqqında geniş məlumatlar verir.
Məşhur Roma tarixçisi, 35 kitabı qorunub saxlanmış “Roma tarixi” əsərinin müəllifi Tit Livi (e.ə 59-b.e. 1) Roma hücumları dövrü albanları haqqında, modollar və kadusilər haqqında məlumat verir.
Böyük Plininin (23-79) “Təbii tarixi” bizim üçün mühüm əhəmiyyətə malikdir. O, 350 yunan və 150 Roma müəlliflərin əsərlərindən istifadə edərək yazılmış bu əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında bir sıra çox qiymətli məlumatlar verir.
“Səlnamələr” və “Tarix”lər kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, Romalı tarixçisi Korneli Tasit (55-117 illər) də bizə bir sıra qiymətli məlumatlar çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o cümlədən Albaniya, Parfiya ilə münasibətlərindən bəhs edilən səhifələri müstəsna əhəmiyyətə malik mühüm qaynaqdır.
IV əsrdən sonrakı Azərbaycan hadisələri, xüsusilə hun və türk tayfalarının Ön Qafqaza axını barədə, onların qədim etnik adları barədə Bizans qaynaqları (Menandr, Prokopi, Aqafi, Lordon və b.) müxtəlif məlumatlar saxlamışlar.
Orta əsrlər dövrünün öyrənilməsində fars, ərəb və erməni mənbələrinin böyük rolu olmuşdur. Pəhləvi dilində daş, qala divarı üzərində həkk olunan bir sıra epiqrafik yazılarda Azərbaycanın ölkə adları öz əksini tapmışdır. Daş və saxsı üzərində yazılmış, cəmi yeddi-səkkiz cümlədən ibarət alban epiqrafik yazılarının oxunuşu və anlayışı çətindir.
Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycan hadisələrinə diqqət yetirmiş və nisbətən müfəssəl məlumatlar saxlamışlar. Onlardan Bəlazuri, İbn Xordadbeh, İbn Havkəl, İbn əl-Əsir, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və b. Azərbaycanda mövcud olan dillər, ölkənin adı, siyasi hadisələri və s. haqqında məlumatlar vermişlər. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud olan mülahizələri saxlamış, burada türklərin ta qədimdən yaşadıqlarını qeyd etmişlər.
Orta əsr yazılı mənbələri bizim üçün çox zəngin məlumatlar verir. XI –XVIII əsrləri əhatə edən bu yazılı mənbələr müxtəlif dillərdə, o cümlədən ərəb, fars və türk dillərində yazılmışdır.
Ərəb müəllifi İbn əl-Əsir sələflərinin əsərlərindən istifadə edərək Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumtları qeydə alınmışdır. Görkəmli tarixçi Həmdullah Qəzvini də əsasən Azərbaycanın coğrafiyası-şəhər, dağ, çay və təbii sərvətləri, əhalisinin etnik tərkibi barədə məlumat verir. Monqol tarixçisi Fəzlullah Rəşidəddin əsərlərində Azərbaycanda monqol hakimiyyəti dövrünü və həmin dövrün siyasi iqtisadi və etnik məsələlərini işıqlandırmışdır. Səlcuqların hakimiyyəti haqqında Sədrəddin Hüseyninin çox qiymətli məlumatları vardır. Digər orta əsr müəlliflərindən Ən-Nəsəvi, Əl-Bakuvi, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Xondəmir, İsgəndər Munşi, Əylisli Zəkəriyyə, Övliya Çələbi və b.-nın məlumatları orta əsr Azərbaycan tarixinin öyrənilməsi üçün qiymətli mənbələr sayılırlar.
Azərbaycana gələn Avropa səyyahları Adam Olearı, Devallı, Jan Şarden, Kempfer, Tomas Herbert və b.Azərbaycanın iqtisadi, siyasi, mədəni və etnik tarixinə dair geniş məlumatlar vermişlər.
Azərbaycan tarixinin öyrənilməsində Moisey Kalanknatuklunun “Albaniya tarixi” adlı əsərinin çox böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz tarixi yol keçmiş əsərlərdən biridir. Onun hansı xalqın tarixi olması barədə qızğın mübahisələrin arası kəsilmir. Ancaq onu mənimsəmək istəyən, onu başqa xalqın adına çıxmaq istəyənlərə əsərin öz yazısı, öz ruhu, heç bir şeyə uyuşub qarışmayan öz “dəst-xətti” göstərir ki, o yalnız bir xalqın tarixinin malıdır. Yalnız bir xalqın 600-700 il çərçivəsində yaşadığı ağ günlərə sevinən, ağrılı-acılı, qanlı-qadalı günlərə isə göynəyib ağrıyan bir əsərdir. Bu xalq Şərqi Zaqfqaziyada yaşamış, indiki azərbaycanlıların soykökündə dayanan albanlar olmuşlar. “Albaniya tarixi “ kitabi bizə qədər erməni (qrabar) dilində gəlib çatsa da, ona sahib sayıla biləcək yeganə tarixi varlıq yalnız albanların özüdür. Tarixdə bu və ya başqa dillərdə yaranmış əsərlər çoxdur. Məsələn: İbn Sina, Əl-Biruni, Fərabi və başqaları ərəb dilində yazıb yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-tarixi ünvanı üçün göstərici deyildir. Azərbaycan tarixşünaslığında yalnız bir fikir vardır. Bu əsərin erməni-qrabar dilinə çevirilməsi VIII əsrdə Ərəb xilafətinin köməyi ilə erməni- qriqoriyan kilsəsinin Albaniyanı öz nüfuzuna tabe etməsi ilə bağlıdır.
“Albaniya tarixi” kitabi 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda çap olunmuşdur. Tərcüməsi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə onu aradan qaldıra bilməmiş və hətta bəzi türk sözlərini olduğu kimi saxlamışdır. Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif olunmuşdur ki, erməni tədqiqatçıları birinci tərcüməni yararsız saymışlar.
Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan ibarətdir. Kitabın birinci və ikinci kitablarını, görünür bir müəllif yazmışdır. Çünki VII əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu müəllif öz gözlıəri ilə görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır. Moisey Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın başqa müəllif tərəfindən yazıldığı inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab əslində bitmiş bir əsərə sonralar qatılmışdır.
Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı olaraq , bu dövrdə “Albaniya tarixi” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir əsərə çevrilmişdir.
Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması dövründən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə yayılmasına Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.
Albaniyanın XI-XII əsrlər tarixi haqqında Gəncəli tarixçi Mxitar Qoş da səlnamə yazmışdır. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq baxımından çox qiymətli bir əsərdir.
“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-də bəlli olmuşdur.
Alman şərqşünası H.F. Dits Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını ilk dəfə aşkara çıxarmışdır. Hətta “Basatin Təpəgözü öldurdüyü boyu alman dilinə çevirərək nəşr etdirmişdir.
Drezden nüsxəsi 154 səhifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır,12 boydan ibarətdir. Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109 səhifəlik başqa bir nüsxəsi də vardır. Drezden nüsxəsi açıq-aşkar Azərbaycan dilində yazılmışdır. Vatikan nüsxəsi isə cəmi altı boydan ibarət olub, XVI əsr türkcəsinə daha yaxındır. İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca mövzularının çox-çox uzaqlara, hələ ibtidai–icma qurluşunun dağıldığı və “hərbi demokratiya” hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.
Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərində də “Oğuznamə” adı altında çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə, yəni Qafqaz mühitində Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir. Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalar da, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələdə “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.
“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini–mifoloji təsəvvür və adət ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir. İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların əsas təsərrüfatı qoyunçuluq–maldarlıq, atcılıq və dəvə sürülərindən ibarətdir. İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.
At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlardan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.
Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə çəkilməsidir.
“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə uzlaşdırılan epizodlar vardır.
Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik. Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına dolduqda və igidlik göstərib “ərlik isdədikdə”ad alırdılar. Bu adlar islamdan çox-çox qabaq Oğuz dədə-lərin yaşatdığı türk adları idi.
Oğuzların qadınları, qız-gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər. Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi, inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.
Beləliklə, göstərmək olar k, “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz mənbə rolunu oynayır.
Dostları ilə paylaş: |