3.12. Seçmə statistik müayinələrin göstəricilərinin ölkə üzrə
hesablanması üçün tətbiq olunan metodologiyanın beynəlxalq
tələblərə uyğunlaşdırılması və təkmilləşdirilməsi Bazar münasibətlərinin inkişaf etdiyi dövrdə uçot və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması statistika orqanlarının qarşısında duran mühüm vəzifələrdən biridir. Yəni iqtisadi vahidlərin sayı və fəaliyyət dairəsi dinamik olaraq dəyişdiyi üçün bütün statistik vahidlərdən statistik məlumatların toplanması nəinki mümkün olmur, hətta iqtisadi cəhətdən səmərəli deyildir. Ona görə də, statistika təcrübəsində seçmə müayinə metodlarından istifadə edilir.
Başdan-başa müayinə metodundan fərqli olaraq seçmə müayinə metodu ilə aparılan tədqiqat aşağıdakı mərhələləri əhatə edir:
seçmə planının tərtibi;
seçmə əlaməti üzrə seçmə vahidlərinin qruplaşdırılması;
seçmə əlaməti üzrə seçmə vahidlərinin variasiya göstəricilərinin hesablanması;
Seçmə planının tərtibi tədqiqatın hazırlıq mərhələsinə aid olub, siyahıyaalma məlumatlarından, statistik registrdən istifadə etməklə aparılır. Bu zaman seçmə obyektləri, seçmə vahidi və əlaməti dəqiqləşdirilir, göstəricilər aktuallaşdırılır və ölkə üzrə şamil etmək üçün metodlar müəyyənləşdirilir. Ölkə üzrə məlumatların yekunlaşdırılması metodundan asılı olaraq, seçmə əlamətləri müəyyən edilir. Tədqiqat obyektlərinin aktuallaşdırılması hazırlıq mərhələsinin ən vacib işidir (məsələn, ev təsərrüfatlarında gəlirlərin öyrənilməsi üçün ona təsir edən amillər - yaşayanların sayı, işləyənlərin sayı, aktivlərin dəyərindən və s. istifadə edilə bilər). Əgər müşahidə aparılan dövr üçün həmin məlumatlar mövcud deyilsə, onda seçmə tədqiqatının elmi-metodoloji prinsipləri pozulur, aparılmış seçmə reprezentativ olmur. Odur ki, istənilən seçmə müayinənin planının tərtibi və variasiya göstəricilərinin hesablanması, seçmə vahidlərinin statistik registrinin yaradılması qarşıda duran çətin və vacib mərhələdir.