Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndirmək lazımdır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların istehsal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadanlıqlardan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, renta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmalarının bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəssisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdikdə həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – ingiliscə variable costs). Dəyişən xərclərə xammal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əlaqədar olan xərcləri misal göstərmək olar.
Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ gətirir. Deməli, istər sabit, istərsə də dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur.
Qiymətlər bir qayda olaraq orta istehsal xərcləri ilə müqayisə edilir. Orta istehsal xərclərini üç yerə bölmək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən orta istehsal xərcləri; 3) Ümumi orta istehsal xərcləri.
Dostları ilə paylaş: |