2. Hesabatın “HÜQUQİ VƏ FİSKAL REJİM” bölməsi
3. Hesabatın “Hasilat Sənayesinə Baxış” bölməsi
4. Hesabatın “HSŞ HESABATINDA ƏHATƏ OLUNACAQ VERGI VƏ GƏLIRLƏR” bölməsi
5. Hesabatın “Hasilat Sənayesi gəlirlərinin və xərclərinin bölgüsü” bölməsi
6. Hesabatın “Azərbaycan İqtisadiyyatına hasilat sənayesinin töhfəsi” bölməsi
7. Hesabatın “Üzləşdirmə” bölməsi
8. Hesabatın “XÜSUSİ YOXLAMA PROSEDURLARI” bölməsi
9. Hesabatın “TÖVSİYƏLƏR VƏ NƏTİCƏLƏR” bölməsi
10. AHT Platformasının yekun rəyi və tövsiyələri
11. AHT Platforması haqqında
ÖN SÖZ
Bu Rəy Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Strateji Fэaliyyэt Planına uyğun olaraq «Konstitusiya» Araşdırmalar Fondunun həyata keçiridiyi “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının monitorinqi” layihəsi çərçivəsində hazırlanmışdır. Rəyin ünvanlandığı Hasilat Sənayesində Şəffaflıq üzrə 2016-cı il İllik Hesabatı Moore Stephens Azerbaijan şirkəti tərəfindən tərtib edilib.
Məlum olduğu kimi, öncəki 2003-2016 illərində, Azərbaycan beynəlxalq Hasilat Sənayesində Şəffalıq Təşəbbüsünün iştirakçısı olmuşdur və bu Təşəbbüsdə iştirakı tənzimləyən beynəlxalq Standarta uyğun öz hesabatlıq fəaliyyətini həyata keçirirdi. 2017-ci ilin aprelində Azərbaycan bu Təşəbbüsü tərk etmiş, lakin hasilat sənayesində şəffaflıq və hesabatlılığı davam etdirmək niyyətini Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı1 ilə bəyan etmişdir. Fərmanda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilsin:
Təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir;
Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitədir;
Dövlət orqanlarının fəaliyyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffаflıq və hеsаbаtlılıq stаndаrtlаrı təşviq edilməlidir;
Dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir;
Şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır;
Hasilat sənаyesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffаflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;
Ölkənin maliyyə şəffaflıq standartları hasilat sənаyеsində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;
Bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir.
Hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə yuxarıda qeyd edilən Fərmanla Azərbaycan Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya (bundan sonra – KOMİSSİYA) yaradılmışdır.
Hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı 2017-ci ilin aşağıdakı mühüm hadisələri qeyd edilə bilər:
18.05.2017 tarixdə Komissiyanın Qarşılıqlı Əməkdaşlıq iclası;
HSŞ proseslərində iştirak etmək niyyətində olan QHT-lərin akkreditasiyası;
Auditor tərəfindən hazırlanan HSŞ İllik Hesabatının ilkin variantının təhlili üçün İşçi Qrupun yaradılması (4 nəfər QHT nümayəndəsi: İnqilab Əhmədov, Azər Mehtiyev, İlham Şaban, Sabit Bağırov);
HSŞ İllik Hesabatının ilkin variantını İşçi Qrupun iclaslarında nəzərdən keçirilməsi və tövsiyələrin verilməsi;
HSŞ İllik Hesabatının Hökumət Komissiyasının 8 dekabr 2017-ci il iclasında təsdiq edilməsi (Şirkətlər Qrupu və QHT-lər Qrupunun iştirakı ilə);
Hökumət Komissiyasının 8 dekabr 2017-ci il iclasında HSŞ 2018-ci il üzrə Fəaliyyət Planının müzakirəsi;
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının böyük məbləğ ayıraraq (200 min AZN) HSŞ ilə əlaqədar xüsusi Qrant müsabiqəsinin elan edilməsi.
Baxmayaraq ki, Azərbaycan Beynəlxal Təşəbbüsü tərk etmiş, Komissiyanın qərarına əsasən İllik Hesabatın hazırlanmasında maksimum dərəcədə 2016-cı Beynəlaxlq Standartın tələblərinə riayət edilməli idi. Qərarın yerinə yetirilməsi səviyyəsinin qiymətləndirilməsi bu Rəyin əsas məqsədi olmuşdur. Qiymətləndirmə zamanı 2016-cı il Beynəlxalq MHŞT Standartından istifadə edilib.
İllik Hesabatın AHT Platforması ekspertləri tərəfindən təhlili aşağıdakı Rəyə əsas vermişdir:
“2016-cı il üzrə İllik Hesabat Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanında qoyulan tələblərə cavab verir. İllik Hesabat MHŞT Standartının da əsas tələblərinə cavab verir. Bununla yanaşı, İllik Hesabatların gələcək illərdə dərinləşməsi imkanları var və bu istiqamətdə müvafiq addımlar atılmalıdır”.
Bu Rəyin əsaslandırılması aşağıdakı paraqraflarda təfərrüatı ilə təqdim edilir.
Dostları ilə paylaş: |