ALLAHIN YEGANƏ OLMASININ DƏLİLİ
Dünyanın iki, yaxud daha artıq yaradanı olmasını fərz etdikdə bir neçə hal təsəvvür olunur: Ya dünya varlıqlarından hər biri onların hamısının məxluqu və məlulu fərz olunur, ya onlardan bir qrupu fərz olunan məbudlardan birinin məlulu hesab olunur, yaxud da hamılıqla bir məbudun yaradılanı hesab olunur, yerdə qalan məbudlar isə dünya işlərinin idarə olunmasını öhdəsinə alır.
Hər bir varlığın bir neçə yaradanı olması fərziyyəsi qeyri-mümkündür. Çünki iki, yaxud daha artıq yaradanın (dəqiq desək, varlıq bağışlayan səbəbin) hər hansı bir varlığı yaratmasının mənası budur ki, onlardan hər biri ona bir vücud versin. Nəticədə bir neçə vücud yaranır. Halbuki hər bir varlığın yalnız bir vücudu vardır və əks halda vahid mövcud olmayacaqdır.
Onlardan hər birinin məxluqlardan birinin, yaxud məxluqatın xüsusi bir məcmuəsinin yaradanı fərz olunsa, onda hər bir məxluqun öz yaradanı vasitəsilə vücuda gəlməsi və başqa bir varlığa ehtiyac duymaması lazım gələr. Yalnız o ehtiyaclar istisnadır ki, axırda onu yaradana gəlib çatsın və belə bir ehtiyac yalnız həmin varlığı yaradana olan ehtiyac olacaqdır.
Başqa sözlə desək, aləm üçün bir neçə məbudun fərz olunması bir-birindən ayrı olan çoxlu nizamların varlığını tələb edir. Halbuki aləmdə vahid bir nizam hökm sürür. Eyni zamanda mövcud olan varlıqların bir-biri ilə qarşılıqlı əlaqəsi var. Onlar bir-birinə təsir edir və bir-birinə ehtiyac duyurlar. Həm keçmişdəki, həm hazırkı, həm də gələcəkdəki varlıqların arasında rabitə bərqərardır və əvvəlki varlığın hər biri sonrakı varlığın yaranması üçün lazım olan şəraiti hazırlayır. Deməli, bir-biri ilə sıx bağlı, əlaqəli olan vahid nizam və sistemin hökm sürdüyü belə aləm bir neçə varlıq bağışlayan illətin məlulu ola bilməz.
Bütün yaradanları yaradanın vahid olduğu, başqalarının isə dünyanın idarə və tədbirini öhdəsinə alması fərz olunsa, bu fərziyyə də düzgün olmayacaqdır, çünki hər bir nəticə özünün bütün varlıq işləri ilə birgə olaraq varlıq bağışlayan səbəbin vasitəsilə vücuda gəlir və heç bir başqa müstəqil mövcudun onda təsərrüf etməsinə yol yoxdur. Yalnız bir səbəbin nəticələri arasında təsiretmə və təsir qəbuletmə hasil olur. Hamısı da varlıq bağışlayan failin qüdrəti dairəsində qərar tutaraq onun təkvini icazəsi ilə yerinə yetir. Bu halda onlardan heç biri həqiqətdə rəbb olmayacaqdır. Çünki rəbbin həqiqi mənası budur ki, o, tərbiyə etdiyi şeydə müstəqil şəkildə təsərrüf edir, halbuki fərzimizə görə bu cür təsərrüflər və təsirlər müstəqil olmayıb hamısı yaradanın rübubiyyəti dairəsində və onun verdiyi qüvvə əsasında yerinə yetirilir. Belə ərbabların və işçilərin fərz olunması rübubiyyətdə tövhidlə zidd deyildir. Allahın izni ilə olduğu surətdə onların xaliqiyyətlərinin xaliqiyyətdəki tövhidlə ziddiyyəti olmayacaqdır. Quran ayələri və şərif rəvayətlərdə bəzi Allah bəndələri üçün bu cür xəlqetmə, müstəqil olmayan və Allah tərəfindən lütf sayılan tədbirlər və xəlqetmələr gözə dəyir. Belə ki, həzrət İsanın (ə) barəsində buyurulur:
“Və (yada sal) o zamanı ki, palçıqdan quş surəti yaradır, Mənim iznimlə ona ruh üfürürdün, o da quş olurdu.”1
Başqa bir ayədə buyurulur:
“And olsun işləri tədbir edənlərə”2
Deməli, dünya üçün bir neçə məbudun olması fərziyyəsi Allahın maddi vasitə və səbəblərlə müqayisəsindən irəli gəlir ki, vahid nəticə üçün onların sayının çox olmasının eybi yoxdur. Halbuki varlıq bağışlayan səbəbi bu cür illətlərə oxşatmaq, hər hansı bir nəticə üçün bir neçə varlıq bağışlayan səbəb, yaxud bir neçə rəbb, yaxud bir neçə müstəqil tədbirçi fərz etmək olmaz.
Buna əsasən bu yanlış fikri dəf etmək üçün bir tərəfdən varlıq bağışlayan səbəbin mənası və bu cür səbəbiyyət növünün xüsusiyyətlərində diqqət etmək, dərindən düşünmək lazımdır ki, vahid nəticə üçün bir neçə səbəbin olmasının qeyri-mümkün olmaması nəticə olsun. Digər tərəfdən dünyanın sıx qanunauyğunluqları və bağlılıqları barəsində düşünmək lazımdır ki, belə bir sıx bağlı sistemin bir neçə Allah tərəfindən yaradıla bilməməsi, yaxud bir neçə müstəqil rəbbin tədbiri altında ola bilməməsi məlum olsun.
Deməli, Allahın bəzi layiqli bəndələri üçün təkvini vilayətin varlığına inanmaq, müstəqil rübubiyyət və xaliqiyyət mənasında olmadıqda tövhidlə zidd olmayacaqdır. Eləcə də Peyğəmbəri-Əkrəmin (s) və Məsum imamların (ə) təşrii vilayəti Allahın təşrii rübubiyyəti ilə zidd deyildir. Çünki Allah tərəfindən və Onun iznilədir.
Dostları ilə paylaş: |