SUALLAR
1.Dialektik və mexaniki materializm arasındakı fərqi bəyan edin.
2.Əkslikliyi şərh edin, onun iradlarını və çatışmayan cəhətlərini deyin.
3.Keyfiyyət prinsipi və onun iradlarını bəyan edin.
4.İnkarı inkar prinsipini bəyan və onu tənqid edin.
5.Bu prinsiplərin düzlüyünü və ümumi olmasını qəbul etdikdə belə, dünyanın Yaradandan ehtiyacsız olmasını isbat edirmi? Niyə?
ON ALTINCI DƏRS ALLAHIN YEGANƏLİYİ
–Müqəddimə
–Allahın yeganəliyinə dair bürhan
MÜQƏDDİMƏ
Keçən dərslərdən dünya üçün bir Yaradanın – dünyanı vücuda gətirən, onu hikmət əsasında idarə edən qüdrətli və elmli Allahın varlığının zəruri olması sübuta yetdi. Sonuncu dərslərdə maddi dünyagörüşü araşdırdıq. Bu kimi müxtəlif növ dünyagörüşlərin irad və çatışmaz cəhətləri bəyan edilməklə aydın oldu ki, Allahsız bir dünyanın varlığının fərz olunması əqlə uyğun deyil və bu müddəaya dair gətirilən izahlar əsla qəbuledilməzdir. İndi isə tövhid məsələsini araşdırmağın və müşriklərin düşüncələrinin düzgün olmamasını isbat etməyin vaxtı gəlib çatmışdır.
İnsanlar arasında şirklə qarışıq əqidələrin necə yaranması, hansı mərhələləri keçməsi haqqında sosioloqlar tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Lakin onların heç biri qəbul olunub etimad ediləcək bir nəzəriyyə, aydın bir dəlil deyildir.
Bəlkə də bunu demək olar ki, şirkə və çox məbudluğa yönəlmənin ilkin səbəbi yerdə və səmada müxtəlif hadisə və varlıqların müşahidə olunmasıdır ki, onlardan hər birinin xüsusi bir ilahənin fərmanı altında olduğunu təsəvvür etmişlər. O cümlədən, bəziləri yaxşılıqların xeyir ilahəsinə, pisliklərin isə şər ilahəsinə istinad edildiyini təsəvvür etmiş, nəticədə dünya üçün iki mənşəyin varlığına inanmışlar.
Günəş, Ay və ulduzlar yerdəki hadisələrdə müəyyən təsirlər qoyduğundan, onların yerdəki varlıqlar üzərində bir növ rəbblik məqamında bulunduğunu güman edənlər də olmuşdur.
Digər tərəfdən də fərz olunan məbudlar üçün heykəllər və simvolik əlamətlər düzəltmələrinə səbəb olmuş və onlara pərəstiş etməyə başlamışlar. Yavaş-yavaş bütlərin özü dar düşüncəli kütlələr arasında əsas əqidəyə çevrilmiş, hər bir millət, hətta qəbilə belə öz xəyalları əsasında bütlərə pərəstiş etmək üçün müəyyən ayinlər təşkil etmişlər ki, bununla bir tərəfdən Allaha pərəstişin fitri meyllərini təmin etsinlər, digər tərəfdən də özlərinin heyvani meyllərinə və həvəslərinə müqəddəslik donu geyindirərək onları dini mərasimlər qəlibinə salsınlar. Hələ də bütpərəstlərin arasında rəqs, şərab və şəhvətbazlıqla yanaşı olan bayramlar, dini mərasimlər mövcuddur.
Bütün bunlardan əlavə zalımlar və qüdrət sahibləri camaatın sadə, saf əqidə və fikirlərindən sui-istifadə etmələrinə səbəb olan şəxsi mənafeləri və qərəzləri nəticəsində öz qüdrət və istilaçılıqlarını genişləndirmək üçün şirklə qarışıq olan fikirləri təlqin edib yayırdılar. Özləri də bir növ rübubiyyətə inanır və tağutlara pərəstiş etməyi dini mərasimlərin bir hissəsi kimi qələmə verirdilər. Bu kimi qərəzlərin və məqsədlərin aydın nümunələrini Çin, Hindistan, İran, Misir və başqa ölkələrdə tapmaq olar.
Hər bir halda şirklə qarışıq olan ayinlər müxtəlif amil və səbəblərdən təsirlənərək insanlar arasında formalaşıb yayılmış, onların ilahi din və tövhid sayəsində həqiqi təkamülə çatıb inkişaf etməsinə mane olmuşdur. Buna görə də ilahi peyğəmbərlərin fəaliyyətinin böyük bir qismi şirklə və müşriklərlə mübarizəyə sərf olunurdu. (Onların başlarına gələn hadisələr Quranda dəfələrlə bəyan edilmişdir.)
Deməli, şirklə qarışıq əqidənin əsasını Mütəal Allahın deyil, Ondan başqa digər varlıqların rübubiyyət məqamına malik olduğuna inam təşkil edir. Hətta müşriklərdən bəziləri dünyanın yeganə yaradanına etiqad bəsləməklə həqiqətdə xaliqiyyətdə tövhidi qəbul etmişlər, lakin bunun özü də son dərəcə zəif mərtəbədə idi. Onlar öz gümanlarına əsasən dünyanın idarə olunmasını müstəqil şəkildə öhdələrinə alan ikinci dərəcəli məbudlara inanır, yaradan Allahı da həmin məbudların başçısı və Rəbbül-ərbab adlandırırdılar.
Bəziləri belə güman edirdilər ki, iş görən bu məbudlar mələklərdir, (müşrik ərəblər onları “Allahın qızları” kimi təsəvvür edirdilər), bəzilərinin inancına görə isə bunlar cinlər və pərilər, başqa bir qrupun inancına görə ulduzların, yaxud qədim insanların ruhları, yaxud gözəgörünməz varlıqların xüsusi növüdür.
Onuncu dərsdə qeyd olundu ki, həqiqi xaliqiyyət və rübubiyyət bir-birindən ayrılmazdır, Allahın xaliq olmasına etiqad başqasının rübubiyyətinə etiqadla uyğun gəlmir. Bir-birinə zidd olan belə etiqad sahibləri bunların arasındakı ziddiyyətə diqqət yetirməmişlər. Onların əqidələrinin puç olmasını göstərmək üçün bu ziddiyyəti aşkar etmək kifayətdir.
Mütəal Allahın yeganə olmasını isbat etmək üçün müxtəlif fəlsəfə və kəlam kitablarında çoxlu dəlillər gətirilmişdir. Biz burada birbaşa rübubiyyətdə tövhidi isbat edən və müşriklərin əqidələrini rədd edən dəlili bəyan edirik.
Dostları ilə paylaş: |