İYİRMİ BİRİNCİ DƏRS NÜBÜVVƏT MƏSƏLƏSİNƏ MÜQƏDDİMƏ
–Müqəddimə
–Bu bölmənin bəhslərində hədəf
–Kəlam elmində təhqiqin tarixi
MÜQƏDDİMƏ
Öyrəndik ki, hər kəsin insan həyatının əqlə uyğun formasından bəhrələnməsi üçün həll etməli olduğu əsas məsələlər aşağıdakılardan ibarətdir:
1.Dünyanın və insanın varlığı kimin tərəfindəndir? Onların idarə olunması kimin öhdəsinədir?
2.İnsan həyatının sonu nədir və yekun məqsəd hara doğrudur?
3.Hər insanın düzgün həyat yolunu tanıması və onu ötməklə həqiqi səadətə və istənilən kamala çatması üçün zəmanət verilmiş vasitə vardırmı? Və bu kimin və kimlərin ixtiyarındadır?
Bu sualların cavabı bütün asimani dinlərin əsas əqidələri hesab olunan üçlük əqidə prinsipidir (tövhid, məad və nübüvvət).
Kitabın birinci bölməsində Allaha mərifət məsələlərini araşdırdıq. Belə nəticə alındı ki, bütün yaradılanlar öz varlığını yeganə Allahdan əldə edirlər və hamılıqla Onun hikmətli tədbiri altındadır. Onların heç biri, heç bir işdə, heç bir zaman və məkanda Ondan ehtiyacsız deyillər.
Biz sözügedən mətləbləri əqli bürhanlarla isbat edərkən1 qeyd etdik ki, bu kimi məsələləri yalnız əql yolu ilə isbat etmək olar. Çünki Allahın kəlamına istinad edərək təəbbüdi yolla olan istidlal o zaman düzgün ola bilər ki, Allahın varlığı, Onun sözü və o sözün etibarı əvvəlcədən əqli dəlillərlə sübut olunmuş olsun. Belə ki, peyğəmbərin və imamın sözünə istinad edilməsi də onların nübüvvət və imamətinin isbat olunmasına və sözlərinin höccət olmasının sübuta yetməsinə bağlıdır. Deməli, nübüvvətin özünü də vəhy yolu ilə isbat etmək lazımdır. Məadın özü isə həm əqli, həm də nəqli dəlillərlə isbat oluna bilər.
Buna əsasən nübüvvət və məad məsələlərini bəyan etmək üçün ilk növbədə bu məsələləri həmin iki əsas əqli dəlillə isbat etmək lazımdır. Peyğəmbəri-Əkrəmin (s) nübüvvəti və Qurani-kərimin haqq olması sübuta yetdikdən sonra hər iki bölmənin məsələlərinin təfsilatı kitab və sünnət əsasında bəyan edilməlidir. Amma bu iki bölmənin məsələlərinin bir-birindən ayrılması təlim üçün daha münasib və ürəyəyatan olduğundan biz də klassik metoda uyğun olaraq əvvəlcə nübüvvət məsələlərini bəyan edir, sonra da məad məsələlərini araşdırırıq. Bəzi hallarda, sonralar isbat olunmalı müəyyən mətləblərə ehtiyac duyulduqda o mətləbi yerində isbat olunmasından ötrü əsas mövzu kimi qəbul edirik.
Dostları ilə paylaş: |