BU BÖLMƏNİN BƏHSİNDƏ HƏDƏF
Bu bölmədəki bəhsin ilkin hədəfi varlığın həqiqətlərini və həyatın düzgün yolunu tanımaqda hiss və əqldən başqa, xəta və səhvin yol verilmədiyi bir yolun da mövcud olduğunu isbat etməkdir. O da ilahi təlimdən ibarət olan vəhydir ki, Allahın seçilmiş bəndələrindən bəzilərinə məxsusdur. Ümumcamaat o həqiqətdən agah deyildir, çünki onun nümunələrini özlərində görmürlər. Amma müəyyən əsər və əlamətlərdən onun varlığını dərk edib, peyğəmbərlərin (ə) ilahi vəhyi almaqla əlaqədar olan iddialarını təsdiq edə bilərlər. Təbiidir ki, vəhyin nazil olması bir şəxsə sübut olunsa və onun xəbəri başqalarına çatsa onlar da bunu qəbul edib onun əsasında əməl etməyə vəzifəlidirlər, heç kəs onunla müxalifət etməkdə üzürlü sayıla bilməz. Yalnız xüsusi şəxsə, yaxud qrupa aid olan, yaxud müəyyən bir zamanla əlaqədar olan müəyyən xəbərlər istisna olunur.
Buna əsasən bu bölmənin əsas məsələləri aşağıdakılardan ibarətdir:
Peyğəmbərlərin göndərilməsinin zərurəti, vəhyin camaata çatdığı vaxta qədər qəsdən, yaxud səhvən olan hər növ dəyişilmədən amanda olması, başqa sözlə desək, peyğəmbərlərin ilahi kəlamı alıb camaata çatdırmaqda ismətli, günahsız olmaları, eləcə də onların nübüvvətinin başqalarına isbat olunması üçün bir yolun mövcud olmasının zəruriliyi.
Vəhy və nübüvvətin əsas məsələləri əqli dəlil vasitəsilə bəyan olunduqdan sonra peyğəmbərlərin, asimani kitabların və şəriətlərin sayı, axırıncı peyğəmbərin təyin olunması, axırıncı asimani kitabın göndərilməsi, eləcə də axırıncı peyğəmbərin canişinlərinin təyin olunması kimi digər məsələlər araşdırılmalıdır.
Bu məsələlərin hamısının əqli bürhan vasitəsilə isbat olunması müyəssər deyildir, çox hallarda nəqli dəlillərdən bəhrələnmək lazımdır.
Dostları ilə paylaş: |