PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI
İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yol göstərməkdən, vəhy alıb camaata çatdırmaqdan əlavə, insanların təkamülündə digər mühüm təsirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır:
1.İnsan əqli çox mətləbləri dərk edə bilər. Lakin bunun üçün zamanın keçməsinə və çoxlu təcrübə əldə etməyə ehtiyac var. Bir yandan da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə çalması nəticəsində qəflət və unutqanlığa düçar olmaq və yaxud da düzgün olmayan təlimlər və pis təbliğatlar sayəsində bu mətləblər xalq kütlələrindən gizlin qalır. Belə mətləblər peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, düzgün və məntiqi təlimlərlə pis təlimatlara və çaşdırıcı fikirlərə sipər çəkilir.
Buradan da peyğəmbərlərin müzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qurani-kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mühüm səbəbi aydınlaşır.
Əli (ə) peyğəmbərlərin besətinin hikməti barəsində belə buyurur: “Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, öz fitri əhdi-peymanlarına vəfa etməyi camaatdan istəsin, unudulmuş nemətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə höccəti onlara tamam etsin.”
2.İnsanın təlim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün olmasıdır. Bunun əhəmiyyəti psixologiya elmində sübut edilmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif təlimatlardan əlavə, insanların ruhən təlim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə səy edirlər. Bildiyimiz kimi, Qurani-kərim təlim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bəzi hallarda təzkiyə təlimdən qabaqda gəlir.
3.Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mühakimə nəzərindən rəhbərliyini öz öhdələrinə alsınlar. Aydındır ki, məsum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük nemətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunur.
Dostları ilə paylaş: |