BƏŞƏR ELMİNİN ÇATIŞMAZLIĞI VƏ KİFAYƏT ETMƏMƏSİ
Düzgün həyat yolunun özünün bütün yönlərində aydın olması üçün insanın varlığının başlanğıcı və sonu, başqa varlıqlarla olan bağlılığı, öz insan növləri və sair varlıqlar arasında bərqərar etdiyi rabitə, müxtəlif rabitələrin onun xoşbəxt və ya bədbəxt olmasında göstərə biləcəyi təsirlər aydın olmalıdır. Həmçinin, müxtəlif fayda və qazanclar, məsləhətlər və zərərlər arasında hesab-kitab ayırd edilməli və dəyərləndirilməlidir ki, müxtəlif ruhi və fiziki xüsusiyyətlərə malik olan, müxtəlif təbii və ictimai şəraitlərdə yaşayan milyardlarla insanın vəzifəsi müəyyən olunsun. Lakin bu işlərin hamısının öhdəsindən gəlmək nəinki bir və ya bir neçə nəfər üçün müyəssər deyildir, hətta minlərlə mütəxəssis belə, insanla əlaqədar, onların fərdi və ictimai, maddi və mənəvi, dünya və axirət mənafeyinə zəmanət verə biləcək, müxtəlif mənfəət və zərərlər arasında yaranan qarşıdurmalarda daha mühüm olan məsləhəti təyin edəcək elm sahələrinin mürəkkəb formullarını kəşf edərək dəqiq qayda-qanunlar şəklində bəyan edə bilməzlər.
Tarix boyu bəşəriyyətdə baş verən qanuni və hüquqi dəyişikliklərin inkişafı göstərir ki, minlərlə mütəxəssis və alimin yorulmaz tədqiqatları və səyləri min illərlə davam etsə də, hərtərəfli, kamil və hüquqi bir sistem yarada bilməmiş, dünyanın bütün hüquqi və qanunçu təşkilatları özlərinin yaratdıqları qanunların yetərli olmadığını dərk etmiş, müəyyən müddəaları əlavə etməklə, yaxud qüvvədən salmaqla təkmilləşdirib islah etmişlər.
Unutmaq olmaz ki, bu qanunların yaradılmasında belə ilahi hüquq sistemlərindən və asimani şəraitlərdən çox istifadə etmişlər. Diqqət yetirməliyik ki, bütün hüquqçuların və qanunçuların səy və himmətlərinin hamısı ictimai və dünyəvi məsləhətlərin təmin olunmasına sərf olunur. Onlar insanların axirət məsləhətlərinin təmin olunmasına, maddi və dünyəvi məsləhətlərinin axirət ilə uyğunlaşdırılmasına heç vaxt səy göstərməmişlər və bu cür ən mühüm cəhətə riayət etmək istəsələr belə, heç vaxt qəti bir nəticəyə çata bilməzlər. Çünki maddi və dünyəvi məsləhətləri elmi təcrübələrlə müəyyən qədər ayırd etmək olar, amma mənəvi və axirət məsləhətləri təcrübə ilə hiss olunmağa qabil deyildir və onları dəqiq şəkildə dəyərləndirmək, maddi və dünyəvi məsləhətlərlə qarşıdurma yarandığı şəraitdə onlardan hər birinin əhəmiyyətinin dəyərini təyin etmək olmaz.
Bəşər qanunlarının mövcud vəziyyətinə diqqət yetirməklə insanların elminin min, yaxud yüz minlərlə il qabaq nə qədər yararlı olmasını təxmini ehtimal vermək və belə bir qəti nəticəyə çatmaq olar ki, ibtidai insanlar həyatın düzgün yolunu ayırd etməkdə müasir insanlardan çox-çox aciz imişlər. Müasir dövrdəki insanların min illik təcrübələrdən istifadə edərək düzgün, kamil və hərtərəfli bir sistemə çatdığını və belə bir sistemin əbədi və axirət səadətinə də zəmanət verməsini fərz etsək, yenə belə bir sual yaranır ki, tarix boyu milyardlarla insanı boşlayıb onları cəhalətdə qoymaq ilahi hikmət və insanların yaradılmasında olan məqsədlə necə uyğun gələ bilər?!
Bir sözlə, insanların əvvəldən axıra qədərki yaradılışında hədəf o zaman gerçəkləşə bilər ki, hiss və əqldən başqa həyat həqiqətlərini, fərdi və ictimai vəzifələrin ayırd edilməsində digər bir yol mövcud olsun və o, vəhy yolundan başqa bir şey olmayacaqdır.
Həmçinin, aydın olur ki, bu bürhana əsasən ilk insan Allah peyğəmbəri olmalıdır ki, düzgün həyat yolunu vəhy vasitəsilə tanısın, yaradılışın hədəfi onun barəsində həyata keçsin və sonra başqa insanlar onun vasitəsilə hidayət olunsunlar.
Dostları ilə paylaş: |