NÜBÜVVƏTİN TAMAMLANMASININ SİRRİ
Yuxarıda qeyd olunduğu kimi, peyğəmbərlərin sayının çoxluğu və onların bir-birinin ardınca gəlməsinin səbəbi budur ki, bir tərəfdən keçmiş zamanlarda ilahi risalətin yer kürəsinin hər yerində və bütün ümmətlər arasında təkcə bir şəxsin vasitəsilə təbliğ olunması müyəssər deyildi, digər tərəfdən də yeni ictimai hadisə və münasibətlərin yaranması, əlaqələrin mürəkkəbləşməsi və genişlənməsi əvvəlki qanunların dəyişilməsini tələb edirdi. Həmçinin, zamanın keçməsi, şəxslərin cəhalət və qərəz əsasında olan dəxalətləri vasitəsilə yaranan təhriflər və dəyişikliklər digər peyğəmbər vasitəsilə ilahi təlimlərə düzəliş verilməsini gərəkli edirdi.
Deməli, ilahi risalətin dünya səviyyəsində bir peyğəmbər və onun köməkçilərinin vasitəsilə təbliğ olunması müyəssər olduğu təqdirdə, bir şəriətin qanunlarının cəmiyyətin hazırkı və gələcəkdəki ehtiyaclarını təmin edəcəyi və qarşıya çıxan yeni məsələlər barəsində nəzər verə biləcəyi şəraitdə, eləcə də onun təhriflərdən uzaq qalıb davam etməsinə zəmanət verildikdə, yeni bir peyğəmbər göndərilməsinə lüzum qalmaz.
İnsanların adi elmləri belə şəraitləri ayırd edə bilmədiyindən Mütəal Allah Özünün sonsuz elm və qüdrəti ilə bu şəraitin yaranma zamanını bilir. Nübüvvətin də xətm olunmasını yalnız O, elan edə bilər. Belə ki, bu işi Özünün sonuncu səmavi kitabında bəyan etmişdir.
Bunu da qeyd edək ki, nübüvvətin xətm olunması Allah ilə bəndələr arasında hidayət əlaqələrinin tamamilə kəsilməsi demək deyildir. Əksinə, Mütəal Allah hər vaxt məsləhət görsə Özünün layiqli bəndələrinə qeyb elmini, hətta, nübüvvət vəhyi surətində olmasa belə əta edər. Belə ki, şiələrin inancına görə, Allah belə elmləri məsum imamlara əta etmişdir. Allahın istəyi ilə bu məsələni imamət ilə əlaqədar bölmələrdə araşdıracağıq.
Dostları ilə paylaş: |